Füzuli irsinə sonsuz məhəbbətlə...
TƏDQİQATÇI
ZƏKULLA BAYRAMLININ YENİ KİTABI HAQQINDA QEYDLƏR
Füzuli şeiriyyətindən ilhamlanan, öz elmi
axtarışlarını bu əsasda quran tanınmış ədəbiyyatşünas,
fədakar tədqiqatçı Zəkulla Bayramlının
böyük şairin yaradıcılığı ilə
bağlı ikinci kitabı işıq üzü
görüb.
Müəllifin bu yaxınlarda nəşr edilmiş
"Füzuli... və ..." kitabı, fikrimizcə,
Füzuli yaradıcılığı üzrə aparılan
son araşdırmalar içərisində ən qiymətli əsərlərdən
biridir. Onu ələ
alınca Füzuli işiğını hiss etməyə
bilmirsən. Kitabı vərəqlədikcə
Z.Bayramlının "Füzuli əsərləriylə
tanış olduqdan sonra kimi oxudumsa, istər-istəməz
onunla tutuşdurdum, onunla müqayisə etdim və bu
dünyada Füzuli varkən başqa bir şairdən nəsə
ciddi bir şey yazmağı heç vaxt ağlıma
sığışdıra bilmədim", - fikirlərinin səmimiliyinə
inanmamaq olmur. Füzuli sevgisinin şair təbiətli
Z.Bayramlının qəlbini necə ovsunlaması onun
Füzuliyə həsr etdiyi bu məqalələrin hər
birində özünü göstərir. Müəllif
Füzuli ilə bağlı apardığı tədqiqatlara həm məsuliyyətlə,
həm də sevərək yanaşmış və Füzuli
haqqında ən yaxşı sözü deməyi, onun
adına layiq tədqiqatlar aparmağı özünə borc
bilmiş, həm də bu borcu böyük sevgi və şərəflə
yerinə yetirməyə çalışmışdır. Fikrimizcə, müəllif öz istəyinə nail
olmuşdur. Bu, onun Füzuli
yaradıcılığı ilə bağlı illərlə
apardığı tədqiqatların nəticəsi olsa da, hələ
son deyildir.
Əsəri oxuduqca müəllifin Füzuliyə olan
sevgisindən doğan məsuliyyətlə yanaşı, gərgin
əməyi və qələminin gücü xüsusilə nəzərə
çarpır. Bu gərgin əmək isə qeyd etdiyimiz
kimi, sevgi ilə qovuşuq şəkildə özünü
göstərir. Kitaba alimin Füzulinin həyat və
yaradıcılığı, yaradıcılıq yolu, sənətkarlığı,
poetikası və s.-dən bəhs edən "Bağdaddan
doğan günəş", "Axundzadə və
Füzuli", "Nigari lirikasına Füzuli təsiri",
"Məcnun - tanrı sevgisi", "Füzuli
"Divan"larının dibaçəsi nəsr örnəkləri
kimi" və s. mövzularla bağlı bir sıra tədqiqatları
daxildir. Bu günəşin şüası tədqiqatçının
qəlbini isitmiş və bu hərarətin təsiri müəllifin
qələminə də sirayət etmiş, sanki Füzuli
haqqında deyilməmiş ən gözəl sözləri
axtarıb tapmağı qarşısına məqsəd
qoymuşdur. Füzulini bir günəşə
bənzədən Z.Bayramlının bu prinsipi, demək olar
ki, onun bütün məqalələrində, bütün
yaradıcılığı boyu gözlənilmişdir.
Kitaba eyni
zamanda, müəllifin klassik ədəbiyyatla bağlı
apardığı "Şah İsmayıl Xətai",
"Sürurinin bir qəzəli haqqında", "Orta
yüzillər mühacir şairimiz Hamidi
"Divan"ının yeganə avtoqraf nüsxəsi" kimi
bir sıra sanballı tədqiqatları da daxildir.
Lakin tədqiqatçı alimin Füzuli
yaradıcılığı ilə bağlı məqalələri,
fikrimizcə, kitaba daxil edilən və Füzuli zirvəsini ən
yaxşı tədqiq edən əsərlərdəndir. Müəllif
şairin yaradıcılığını müxtəlif
rakurslardan tədqiq etmiş və bir çox maraqlı məsələlərə
toxunmuşdur. Bu mövqedən yanaşsaq, kitabdakı tədqiqatları
aşağıdakı kimi qruplaşdırmaq
mümkündür:
1.
Şairin həyatı, doğum tarixi;
2.
Yaradıcılığı, lirikası;
3.
"Leyli və Məcnun" poeması haqqında;
4.
Şairin xələfləri və sələfləri;
5.
M.F.Axundzadə və Firudin bəy Köçərlinin
Füzuli yaradıcılığı ilə bağlı tədqiqatlarına
münasibət və s.;
Burada xüsusilə qeyd etmək istərdik ki, tədqiqatçının
Füzulinin doğum tarixi və eləcə də Axundzadənin
Füzuliyə münasibətilə bağlı qaldırdığı
problemlər daha aktual və əhəmiyyətlidir.
Məlumdur ki, klassik dövr sənətkarları ilə
bağlı bir sıra önəmli tarixlərin
dövrümüzə gəlib çatmaması, müəyyən
sənədlərin itib-batması nəticəsində bəzən
onların həyatları ilə bağlı dəqiq tarix
söyləmək mümkün olmur və çox zaman
çaşqınlıq yaranır. Ona görə də tədqiqatçılar
bu tarixləri dəqiqləşdirmək üçün ya
ikinci dərəcəli mənbələrə, ya da yalnız
sənətkarın öz əsərlərinə müraciət
etmək məcburiyyətində qalırlar. Bu isə fərqli fikirlərin meydana
çıxmasına səbəb olur. Füzulinin
doğum tarixi haqqında da müxtəlif fikir və
mülahizələr mövcuddur. Füzulişünas
alim Z.Bayramlı da "Bağdaddan doğan günəş"
və "Füzulinin doğum tarixi doğru deyildir..." məqalələrində
Füzulinin doğum tarixinə aydınlıq gətirməyə
çalışmış, maraqlı faktlarla
çıxış edərək oxucuları bu məsələ
ətrafında bir daha düşünməyə sövq
etmişdir. Belə ki, tədqiqatçı alim
Füzulinin doğum tarixini dəqiqləşdirərkən
onun əsərlərindən gətirdiyi bəzi beytlərə
və Füzulinin öz ifadələrinə əsaslanmağı
daha doğru hesab etmişdir. Bu kimi faktları diqqətlə
araşdıran müəllif sonda gəldiyi nəticəni belə
ümumiləşdirir: "Füzulinin təxminən
1480-85-ci illər arasında Kərbəla şəhərində
doğulduğu daha ağlabatandır". Özü də tədqiqatçı
bu fikirləri sözgəlişi demir, mülahizələrinin
təsdiqi üçün Füzuli
yaradıcılığından gətirdiyi bir neçə
qitə, qəzəl və b. əsərlərindən bu kimi
misallar təqdim edir:
Ruzi yeyənik
ali-rəsulun qapısında,
Bir ömrdür olmuş bizə bu ruzi müqərrər.
...
Dünyada qənaətlə bizik kim, bəyənildik
Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.
Alim
Füzulinin Nəcəfdə öz arzusu ilə qulluq etməsi
məsələsinə də diqqəti yönəldir, onun
burada heç kimin fərqinə varmadığı bir zaman kəsimində
- əlli il qulluq etdiyini göstərir. Bu baxımdan yanaşdıqda, həqiqətən də,
Füzulinin doğum tarixinin daha əvvəllərə gedib
çıxması inandırıcı görünür.
Müəllif bu fikrini də Füzulinin əsərləri
əsasında söylədiyini nəzərə
çatdırır, bir qəsidəsindən verdiyi
aşağıdakı beytlərlə bunu sübut etməyə
çalışır. Belə ki, Hindistan hakimi Nizamülmülk
Nəcəf türbəsini ziyarətə gələrkən
Füzuli ona bir qəsidə təqdim edir və həmin qəsidədə
açıqca deyilir:
Ey sərvər,
müddətdir ki,
övliya
şahının məddahıyam,
Mənaqibdə
əlli il söz sərf etmişəm.
Tağ
kimi bu ulu dərgahda mənim sabitliyimə
bir
şahid yoxsa da,
"Dal" hərfi kimi ikiqat olmuş qəddim bəs
edər.
Müəllif
də məhz şairimizin bu kimi avtobioqrafik qeydlərinə
arxalanaraq Füzulinin lap qoca-ahıl yaşlarına qədər
yaşaması qənaətinə gəlir: "Nəcəf
türbəsində əlli il qulluq edən, hətta belinin
"dal" hərfi kimi ikiqat olduğunu deyən şairin bəzi
tədqiqatçılar tərəfindən süni olaraq
"gəncləşdirilməsinin" əksinə olaraq,
uzun illər ömür sürdüyü, qoca
yaşlarında dünyasını dəyişdiyi məlum
olur".
Maraqlıdır ki, tədqiqatçı alim
Z.Bayramlı bu deyilənlərlə kifayətlənməyib,
axtarışlarını davam etdirib. Füzulinin
"Türk Divanı"ndan gətirdiyi beytlər də
fikrimizin doğruluğunu bir daha təsdiq edir. Belə ki, bu beytlər də yuxarıda
xatırlatdığımız qəsidə ilə eyni
mövzudadır və bu beytlərdə də Füzulinin
qocalığından bəhs olunur. Bütün bu
faktlardan sonra tədqiqatçı Füzulinin doğum
tarixinin 1494-cü il yox, məhz 1480-85-ci
illər götürülməsini daha məqsədəuyğun
və doğru variant hesab edir. Fikrimizcə,
başqa füzulişünas alimlərimiz də bu məsələ
haqqında bir daha dərindən düşünməlidirlər.
Bu monoqrafik əsərin ən gözəl cəhətlərindən
biri də budur ki, müəllif bir sıra tanınmış
tədqiqatçıların, görkəmli alimlərin
Füzuliyə münasibəti məsələsini xüsusi
olaraq qabartmışdır. Bu sırada M.F.Axundzadənin,
F.Köçərlinin, Ə.Səfərli və b.
adlarını qeyd edə bilərik. Tədqiqatçı
Axundovun Füzuliyə münasibətini xüsusilə ön
sıraya çəkmiş və daha geniş təhlil
etmişdir. Bu da səbəbsiz deyildir.
Çünki başqalarından fərqli olaraq,
Axundzadə Füzuliyə ədalətsiz münasibət
göstərmişdir. Füzuliyə
böyük sevgi və məhəbbətlə yanaşan
Z.Bayramlı isə Axundzadənin fikirlərini daha obyektiv təhlil
etməyi sanki şairin narahat ruhu qarşısında yerinə
yetirə biləcəyi bir borc hesab edir və bu borcu ləyaqətlə
yerinə yetirməyə çalışır. Təbii ki, bu işdə Füzuli sevgisi onun
üçün tükənməz bir ilham qaynağı
olmuşdur.
Qeyd etmək istərdik ki, Füzulinin öz
dövründən bu günə qədər bir çox tədqiqatçı
alimlər Füzuli şeiriyyəti haqqında danışarkən
daha çox ona öz heyranlıqlarını ifadə
etmişlər. Bunların içərisində
M.F.Axundzadənin Füzuliyə münasibəti isə,
deyildiyi kimi, çox fərqli, daha doğrusu, ədalətsiz
olmuşdur. Belə ki, M.F.Axundzadə
"Nəzm və nəsr" adlı məqaləsində
Füzuliyə yersiz hücumlar edib, daha doğrusu, onu şair
saymadığını açıqca bildirib. Bu məqalə,
şübhəsiz ki, bir çox ədəbiyyatşünasların
diqqətini cəlb edib, bəlkə bu məqalə ilə tanış olmayan tədqiqatçı alimə
rast gəlmək də çətindir. Lakin məqalədəki
fikirlərə münasibət bildirmək, Füzuliyə
vurulan bu zərbəni mənən aradan qaldırmaq
haqqında çoxları düşünməmiş,
düşünmüşsə də, əməli iş
görməmişlər. Təbii ki, Füzuli
haqqında deyilən sözlər, bəlkə də, adi bir tədqiqatçı
tərəfindən deyilsəydi, başa düşmək
olardı. Lakin əgər bu sözlər
Azərbaycan dramaturgiyasının banisi, geniş
dünyagörüşə və təhsilə malik bir şəxs
tərəfindən söylənilirsə, o zaman bunun əsl səbəblərini
araşdırmaq və həqiqəti ortaya çıxarmaq gərəkdir
ki, bu işi də füzulişünas alim Z.Bayramlı
layiqincə görüb. İndiyədək
bəzi tədqiqatçılar Axundzadənin məlum məqaləsiylə
bağlı fikir söyləsələr də, Axundzadəyə
toxunmamağa çalışmış, daha çox "nə
şiş yansın, nə kabab" prizmasından
çıxış ediblər. Çünki
yuxarıda qeyd etdiyimiz kimi, Axundzadə sıradan biri deyildi.
Görünür, elə bu məsələdə
uzun müddət çoxlarını susmağa vadar
etmişdi.
Z.Bayramlı isə Axundzadə və Füzuli probleminə
toxunarkən (fikrimizcə, burada məhz "problem"
sözü yerinə düşür.) Axundzadənin
şairə haqsız münasibətinin əsl səbəblərini
arayıb axtarır və olduqca maraqlı nəticələrə
gəlib çıxır.
Bəs görəsən, əsrlərdir qəzəlləri dillərdən düşməyən, hamı tərəfindən sevilən və qəlbi bütün insanlığa sevgi ilə dolu olan dahi şairimizə Axundzadənin bu cür ədalətsiz münasibətinə səbəb nə idi? Nə idi onu Füzulini bu cür gözdən salmaq istəyən ifadələr işlətməyə vadar edən? Bu sözlər hər hansı məqsəd üçün deyilmişdir, ya Axundov həqiqətən belə düşünürdü? Bütün bu suallar Z.Bayramlının "Axundzadə və Füzuli" məqaləsində geniş şərhlərlə və tam aydınlığı ilə öz həllini tapıb və deyərdim ki, çox güman, ulu Füzulinin ruhu bu yazıdan sonra çox sevinib.
Bir daha qeyd etməyi vacib bilirik ki, Z.Bayramlının həm bu məqaləsi, həm də elmi-nəzəri əsaslara söykənən digər yazıları Füzuli sevgisindən qaynaqlanıb, bu tükənməz sevgidən güc alıb.
Səltənət ƏLİYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi
525-ci qəzet.-
2019.- 5 mart.- S.6.