"SABAH"ın "Otello"su
Martın 2-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
SABAH qruplarının, dosent
Fikrət Məlikovun kursunun tələbələrinin
ifasında Şekspirin
"Otello" əsərinin
tamaşası nümayiş
olundu.
Həmin gün ADMİU-nun Tədris
Teatrında yenə də izdiham vardı. Tamaşaya hələ çox
qalsa da, artıq dəhliz insanla dolu idi.
Onları buraya gətirən
bir səbəb Şekspirin "Otello"sunun
cazibəsi idisə, digəri bu əsərin məhz tanınmış rejissor,
Səda Tədris Teatrının direktoru Gümrah Ömər tərəfindən hazırlanması
idi. Hamımız onun gözü
ilə Şekspiri görməyə tələsirdik.
Artıq bir neçə quruluş verdiyi tamaşanı izlədiyim
rejissor sirlərlə,
gözlənilməzliklərlə doludur. Hələ tamaşadan öncə
onun "Otello"ya da fərqli baxacağından heç
şübhəm yox idi. Bilirdim ki, o, Şekspiri
bizim gördüyümüz
kimi görmür, onun daha dərinliklərinə
nüfuz etməyi düşünür. Bu tamaşada da Şekspir mətni ilə Gümrah Ömər dinamikası vəhdətdə təqdim
olunmuşdu.
***
Mistik ballada janrında hazırlanan tamaşada SABAH
qrupları III kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya
Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər, Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış edirdilər.
Oyun dörd ana xarakter
ətrafında dönür:
Venesiya ordusunun müsəlman generalı Otello, onun sevimli
həyat yoldaşı
Dezdemona, sadiq leytenantı Kassio və hiyləgər giziri Yaqo. İrqçilik,
eşq, qısqanclıq,
xəyanət və
s. kimi həmişə
aktuallığını qoruyan
mövzulara toxunması
sayəsində günümüzə
qədər sevilən
və oxunan əsər həmin gün Tədris Teatrı səhnəsində
yeni yozum qazanmışdı.
Z.Ağanın canlandırdığı Otello
öyrəşdiyimiz döyüşkən,
qaba mavrdan daha çox, həssas, romantik aşiqdir. O, Dezdemonanı sevir, ona inanır,
etibar edir. Ona söylənən yalanları
hər vəchlə beynindən çıxartmağa
çalışır, sevdiyi
qadına yaraşdırmır.
Ancaq düşmən çox hiyləgər, Otello isə safdır. Onun sevgisi o qədər güclüdür ki, paralel olaraq qısqanclığı da
özündə ehtiva
edir. Otello qısqanclığını basdırmağa, içində
öldürməyə çalışsa
da, eşqi, sevdiyi qadını itirmək qorxusu və eyni zamanda
kişilik qüruru ona imkan vermir.
Nəticədə düşmən "qələbə" qazanır.
Amma bu qələbə zahiri qələbə idi. Çünki həqiqi eşq
heç zaman ölmür. Otelloyla Dezdemonanın
faciəsi kimi öncə əsərlərə,
sonra səhnələrə
mövzu olur, yüzilliklər boyunca yaşayır, qəhrəmanlarını
yaşadır.
***
Səhnə əsərinin bir uğuru da musiqi
seçimi idi. Musiqilər situasiya
ilə tam uyğunluq yaradır, obrazların
hiss, həyəcanlarını notların dililə açıb göstərməkdə
vasitə rolunun öhdəsindən uğurla
gəlirdi.
Hələ XVII əsr Venesiyasında Otellonun (və digər obrazların) "Əsgərin ariyası"nı ("Arşın mal alan") oxumağı isə eksperimentlərlə dolu tamaşada bir inqilab təsiri bağışlayırdı. Gümrah Ömərin tamaşalarında rast gəldiyimiz priyomdur bu. Rejissor sanki əsərin bir yerində aktyorlara dincəlmək üçün zaman ayırır. Amma bu istirahət boşluq, pauza xarakteri daşımır. Onun özü də məna yüklüdür. Məsələn, həmin ariyanı oxuyan obrazların bir-birlərilə əyləndikləri səhnə adi oyun təsiri bağışlasa da, əslində, daha dərin mənalara sahib idi. "İnsan şüurlu heyvandır" deyirlər. Əgər şüurunu itirsə, heyvandan heç bir fərqi qalmaz. Burada da obrazlar bir-birlərinə müxtəlif heyvanları təqlid etdirirdilər. Öz güclərilə hər kəsə meydan oxuyan qəhrəmanları həyat yoldaşları bir dovşana, pişiyə döndərir.
Sonra isə hər şey yenidən başlayır. Gözümüzün qabağındakı qəhrəmanlar insan cildində tülkülüklər, canavarlıqlar, çaqqallıqlar, dovşanlıqlar etməyə başlayırlar. Əgər bayaqkı pauzada gördüklərimiz adi oyun idisə, sonrakılar insanların heyvani sifətləri idi. Sonda yalanlar, hiylələr Otellonu vəhşi yırtıcıya çevirir və o yırtıcı öncə sevgisini, sonra isə özünü məhv edir.
Əgər teatrdan çıxarkənki əhvalın oraya gedərkənki əhvalla eynidirsə, deməli, tamaşa alınmayıb. Biz isə həmin gün maraqla, həvəslə getdiyimiz "Otello"dan məyus, düşüncəli, amma beynimizi didib-parçalayan suallara rəğmən məmnun ayrıldıq. Elə təkcə buna görə də bütün kollektivə təşəkkür və təbrik düşür!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 5 mart.- S.7