Qarabağın rəsmi...
Böyük türk şairi Nazım Hikmət şeirlərindən birində dostu, rəssam Abidin Dinoya müraciətlə “Sən mutluluğun rəsmini çəkə bilərmisən Abidin?!” - yazırdı. Abidin Dinonun cavabı qeyri-müəyyəndi... Məncə, “xoşbəxtlik” anlayışı özü aydın deyil ona görə. Xoşbəxtlik andı - deyirlər, ya da arzuların gerçəkləşməsidi. Nə qədər insan varsa, nə qədər xarakter varsa, o qədər də xoşbəxtlik növü var. Ona görə dəqiq şərh etmək, resept vermək mümkün deyil. Amma bədbəxtliyi izah eləmək daha asandı... İtki, ağrı, müharibə, göz yaşı, kədər - bütün bunlar bədbəxtliyin elementləridi. Bir də haqsızlıq, üstəgəl, yalan.
Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - Tarixin səhifələri” adlı sərgisini rəsm-rəsm addımladıqca bu qəribə, həm də izahsız suallar, mövzular bir-birini əvəz edir beynimdə... İndi yazdıqca səbəbi daha yaxşı anlayıram. Bizim nəslin Qarabağı görmək xoşbəxtliyi olmayıb. Onun abad halını, azad mənzərələrini seyr etməmişik, havasını udmamışıq. Özümüzü, evimizi, valideynimizi, yaşadığımız ölkəni və ona aid hər şeyi xatırlayandan Qarabağ dərd, ağrı, itki sayılıb bizim üçün. Məktəb illərinin unudulmaz xatirələri içərisində 20 yanvar, Xocalı faciələrinə aid tədbirlərin öz yeri var. O qəmli musiqilər, üsyankar şeirlər, kədərli mahnılar bu günəcən yaddaşımdadı. Amma böyüdükcə başa düşdük ki, Qarabağ mövzusu ancaq kədərli məqamlardan ibarət deyil. İlyas Əfəndiyevin “Geriyə baxma qoca”sındakı mərd, ağayana Qarabağı, Əbdürrəhim bəy Haqverdiyevin hekayələrindəki sözlü - məzəli Qarabağı, Üzeyir bəy Hacıbəyli musiqisindəki sehrli Qarabağı başa düşmək üçün zaman - bu sənətkarların yaradıcılığını anlamaq, duymaq yaşına qədər böyümək lazım oldu. İndi də Arif Hüseynovun qrafik rəsmlərinə, qravüra janrında çəkdiyi Qarabağa tamaşa etdikcə böyük ideyanı anlamağa çalışıram. Qarabağ deyiləndə ancaq müharibə düşünmək olmaz, amma bu böyük itkini də yeni nəsillərə çatdırmaq, sənət dilində anlatmaq lazımdır. Və bu rəsmlər müxtəlif sənətlərin sintezinin necə böyük təsir qüvvəsinə malik olduğunu göstərir. Tarix, coğrafiya, ədəbiyyatın əksi ilə yanaşı, həm də ayrı-ayrı xarakterlərin ifadəsi son dərəcə mühümdür.
Rəssamlıq sənətimizdə sənətkarların xalqın faciəsinə, ağrısına reaksiyası, bunu əks etdirməsi, rənglərin diliylə çatdırması daha çox Bəhruz Kəngərlinin adıyla bağlıdı. XX əsrin əvvəllərində Ermənistandan qaçqın düşən həmvətənlərin ağrısına biganə qala bilməyən rəssam “Qaçqınlar” silsiləsini çəkmişdi, amma deyilənə görə bununla da ürəyi soyumamışdı, evsiz-eşiksizlərə maddi yardım da etməyə çalışmışdı. Bu faktları oxuyanda və silsiləyə daxil olan “Qaçqın oğlan”, “Qaçqın xanım”, “Qaçqın uşaqlar”, “Naxçıvan xərabələri” kimi rəsmlərə baxanda sənətkarın ağrısını elə dəqiq hiss edirsən ki... Görünür, məqsəd elə bu olub, o faciəni bizlərə ötürmək. İndi də Xocalı faciəsinin 27-ci ildönümündə, elliklə yürüş edib abidəni ziyarət edəndən sonra bu “Qarabağnamə - Tarixin səhifələri” tarixin dərinliyinə getməyə çağırır hər birimizi. Rəssam Arif Hüseynov bu mövzuda çəkməyi vətəndaşlıq borcu hesab edib və özünə sosial sifariş verib, Qarabağnamə silsiləsini beş il müddətində işləyib.
Ümumiyyətlə, qrafik rəssamlığın, illüstrasiyaların, miniatürlərin maarifçilik gücünü xüsusi qeyd etmək istərdim. Hələ XX əsrin əvvəlində “Molla Nəsrəddin” dərgisinin düzümündə, dizaynında miniatürlərdən istifadənin səbəbi çoxluğun hərf tanımaması, oxuya bilməməsi idisə, bu gün rəssamlığın bu növü yeni bir mərhələyə yüksəlib. O dövrlərdə hadisənin birbaşa əksi üstünlük təşkil edirdisə, Arif müəllimin yaradıcılığında daha çox təəssüratın, yaxud ideyanın təsvirini görə bilirik. Və bu gün azad, sivil, demokratik ölkənin intellektual gəncləri bu cür sərgilərdən daha çox faydalana bilirlər. Bir sözlə, “Qarabağnamə” silsiləsi bütöv bir ensiklopediyadır, təkcə bir bölgənin yox, bütöv xalqımızın tarixini, incəsənətini, dəyərlərini göstərən salnamədir. Bu rəsmlərin daha bir üstünlüyü müasirliyidir. Tarixi hadisələr, qəliz məlumatlar qısa, lakonik, dinamik və çağdaş insan üçün anlaşıqlı şəkildə təqdim olunur. Azərbaycanın ikiyə bölünməsi, I Pyotrun ermənilərə aid ali qanunu və bəlalarımızın başlanğıcı, ermənilərin təkcə ərazimizə yox, həm də tariximizə aid iddiaları, Qarabağ müharibəsi, Xocalı faciəsi rəssamın təqdimatında son dərəcə təsirli, həm də yaddaqalandır. Rəsmlərin kənarlarındakı qısa şərhlər, sözlər də onları daha yaxşı anlamaq imkanı verir, yozum üçün açar rolunu oynayır. Bədiiliklə sənədliliyin bir-birini əvəz etməsi həm öyrənməyə, həm də sənətin ecazkarlığından zövq almağa imkan verir.
Həyat da, sənət də
təzadlarla maraqlıdı məncə... Düz yol, hamar gediş
yorur insanı. Arif Hüseynov
da bu təzadları
tarixi faktlarla göstərməyə müvəffəq
olub. Bir tərəfdə Şərqdə
ilk operanı yazmış
güclü, şöhrətli
bəstəkar Üzeyir
bəy Hacıbəyli,
Xan qızı, xeyriyyəçi, istedadlı
şairə Natəvan,
o biri tərəfdə
onların güllələnmiş
heykəlləri... Bir
yanda Qarabağı simvolizə edən Xarı bülbül, Qarabağ xanəndələri,
o biri yanda erməni əlinə düşməsin deyə
özünü qayadan
atan Qarabağ xanımları... Eyni zamanda, tarixin davamiyyət qanunu da bu rəsmlərdən
“oxunur”; XXI əsr Milli Qəhrəmanı Mübariz İbrahimovun fonunda XII əsr Atabəylərin döyüşçüsü
göstərilir. Və bütün
bu ideyaları bir-birində fərqləndirmək
üçün rəng
seçimi də yoxdur, hər şey ağ-qaradan ibarətdir. Sevinc də,
ağrı da, xəyal da, gerçəklik də.
Şübhəsiz ki, rəssamın
ustalığına qiymət
vermək bu sahənin mütəxəssislərinin
işidir və mən sadəcə tamaşaçı təəssüratlarımı
bölüşürəm. Amma onu deyə bilərəm
ki, heç mütəxəssis olmadan
da rəssamın ideyasını, ağrısını
oxumaq mümkündür.
Rəsmlərə ardıcıl baxdıqca
bir sual beynimi tərk etmirdi, görəsən, rəssam erməniləri necə, hansı simada, hansı xarakterdə göstərib
və bu cür rəsmlərə çatanda bir anlıq Bosxun eybəcər iblislərini
xatırladım. Düşmən
sadəcə zahiri əlamətləri ilə
yox, həm də gözlərinin ifadəsi ilə seçilir və Xocalı faciəsini törədən insanların
simaları o qədər
dəqiqdir ki... Böyük Ermənistan absurdu ilə yaşayan, tarixi abidələrə “təzə” xaçlarını
taxan, torpağı qazıb “qədimliyini” basdıran adamlar rəsmdən-rəsmə daha
da iblisləşirlər.
Və zənnimcə, bu xarakterləri yaratmaq, bir-birindən seçmək
rəssamın böyük
uğuru hesab oluna bilər.
Beş illik
zəhmət və ortaya qoyulan
bu cür miqyaslı iş müəllifi sevindirirmi
görən? Axı bir sənətkar üçün yaradıcılıq zövqü, əldə olunan
nəticədən məmnunluq hissi vacibdir. Bunun
cavabını Arif Hüseynov
bir neçə kəlmə ilə dedi... “Azərbaycanda və dünyanın
müxtəlif yerlərində sərgilərim olub, amma heç
vaxt bu cür
həyəcanlanmamışam. Beş ilimi sərf edib bu əsərləri çəkdim, amma bitibmi bu
silsilə, yəqin ki yox...
Silsilə o zaman bitəcək
ki, mən Qarabağa
sancılmış qələbə bayrağını
çəkəcəyəm...” Bu sözlərin
təsiriylə sərgi də başqa məna
alır sanki. Və indi
yaza-yaza düşünürəm bəlkə
elə həmin əsər Nazım Hikmətin Abidin
Dinoya ünvanladığı sualın
cavabı - Xoşbəxtliyin rəsmi olacaq...
PƏRVİN
525-ci qəzet.- 2019.- 2 mart.- S.9.