Qara Tağızadə: o səs, o oxu, o duyum...

 

 

 

Azərbaycan Radiosunun görkəmli diktoru, Xalq artisti Qara Tağızadənin  vəfatından bir il ötür. Unudulmaz sənətkarın xatirəsinə dərin hörmətlə...

 

Mənə bir sərgi salonu verin!

Nə geniş olsun dünya qədər.

Nə elə hündür olsun ki,

ətəyində qala uzun kölgələr.

Mənə bir sərgi salonu verin!

Orda bir insan şəkli asacağam -

adi bir insan.

Nə elə kiçik ki, məhəl qoyan olmaya,

nə elə böyük ki, baxanda qorxasan.

Orda bir insan şəkli asacağam,

görünsün dünyanın hər yerindən:

zamanın keçmişindən,

dövranın indisindən,

əsrin gələcəyindən.

Bir insan şəkli asacağam...

Rəsul Rzanın çox sevdiyim şeirlərindəndir “İnsan şəkli”. Mən bu şeiri bir də onun ifasında sevmişdim - Xalq artisti, diktor Qara Tağızadənin. O səs, o oxu, o duyum... Müəllifin ürəyindən süzülənləri elə ustalıqla çatdırmışdı ki, sanki şeiri özü yazmışdı. Onun təkcə diktorluğu yox, bədii qiraəti də misilsiz idi...

 

Əslində, adi informasiya da, rəsmi xəbər də, bədii, ictimai-siyasi verilişlər də, sənədli filmlər də Qara Tağızadənin səsində, oxusunda tam fərqli idi. Bu oxuların hər biri elə mükəmməl idi ki, ilk andan auditoriyanı ram edir, öz cazibəsinə salırdı. Onun səsini Levitanın səsinə bənzədənlər az deyildi... 

 

“Danışır Bakı, saat 6-dır...” Azərbaycan Radiosu uzun illər hər səhər öz verilişlərinə bu unikal səslə - Qara Tağızadənin səsi ilə başlayıb. O isə sadəcə bununla fəxr edib. Fəxr edib ki, bu sənət məbədinin nəhəng səslər xəzinəsində onun da səsi var və bu səs heç zaman pozulmayacaq. Radioya gəlişi isə tələbə ikən olub...

 

1946-cı il avqustun 30-da Beyləqan rayonunun Dunyamalılar kəndində, ziyalı ailəsində anadan olub. Orta təhsili də doğma rayonda alıb. Sonra Bakıya gəlib. 1963-cü ildə indiki BDU-nun filologiya fakultəsinə daxil olub, təhsilini fərqlənmə diplomu ilə başa vurub. Universitetdə oxuya-oxuya Televiziya və Radio Komitəsində müsabiqə yolu ilə işə qəbul olunub. O vaxtdan radio doğma evinə çevrilib. Ömrünün yarım əsrdən çoxu bu doğma ocaqda keçib. Burada diktor, baş diktor, aparıcıların rəhbəri və başqa vəzifələrdə çalışıb. Televiziyaya dəvət etsələr də, getməyib. Düzdür, Televiziyada da xəbərlər oxuyub, müxtəlif yönümlü verilişləri səsləndirib, amma radiodan ayrılmağı ağlına belə gətirməyib. Həmkarları indi də “Qara radioya çox vəfalı oldu” deyirlər. Özü də etiraf edirdi bunu: “Radioya gəlmirlər, bura düşürlər, maşının, tramvayın altına düşən kimi düşürlər və bir də burdan çıxmırlar. O sənəti sevənlərin heç biri burdan getməyib, o sənəti alayarımçıq sevənlər burdan yarımçıq çıxıb gediblər. Bu sənəti ürəkdən sevənlər isə burdan çıxıb gedə bilmirlər. Mən də gedə bilmədim...”

 

Heç getmədiyinə peşman da olmayıb, hər zaman böyük sevgi ilə: “Bu radio Ana dilimizi, mədəniyyətimizi qoruyur, onun səsini dünyada eşidirlər” deyib. Elə özü də Azərbaycan dilinin gözəlliyini qoruyanlardan olub. Səsinin cazibəsi, aydın diksiyası, tələffüzü ilə sələflərinin: Aydın Qaradağlı, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Sabutay Quliyev, Ramiz Mustafayevin yolunu davam etdirib, diktorluq sənətinin, diktorluq məktəbinin seçilənlərindən olub, həm də özünün peşəkar üslubunu yaradıb.

 

Ömrünün son illərində də səsi gəlirdi radiodan: Hər bazar gün “Xəbərlər”i oxuyurdu. Yenə də eyni qürurla söyləyirdi: “Fəxr edirəm ki, radiomuzun səsi respublikamızın hüdudlarından uzaqlarda eşidilir. Bu, Ana radiodur, digər radiolar Azərbaycan Radiosunun köynəyindən çıxıb...”

 

O, bir müddət ali təhsil ocaqlarında dərs deyib. Amma diktor Qara Tağızadə daha geniş mənada müəllim olub. Radioda çoxmilyonlu auditoriyanın müəllimi. Efirdən Azərbaycan dilinin gözəlliyini sevdirib, nitq mədəniyyəti öyrədib. Dilçiliyə aid monoqrafiya və məqalələrin müəllifidir. “Qara Tağızadənin tələffüzü Azərbaycan dili üçün bir etalondur. Onu ustad səviyyəsinə qaldıran, həm də professional dilçilik təfəkkürünə malik olması idi”. Bu isə dilçi-alimlərin onun haqqında ortaq fikridir.

 

Qara Tağızadə yaradıcılıqla da məşğul olurdu. Çox sayda hekayələrin, şeirlərin müəllifi idi. Bədii əsərləri “Ulduz” və “Azərbaycan” jurnallarında çap olunub. Şeirlərinə mahnılar da bəstələnib. Gözəl səsi də varmış, hərdən oxuyarmış. Bir oxusu da yadigar qalıb. Nəsimidən oxuyub:

Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?

Tacü təxtü mülkü malü xanimanı neylərəm?

İstərəm vəsli-camalın ta qılam dərdə dəva,

Mən sənin bimarınam, özgə dəvanı neylərəm?..

Heç şübhəsiz, bu oxunun bir ünvanı vardı - həyat yoldaşı Lətafət Tağızadə. Allah bu mələk üzlü, mələk xislətli qadını yazmışdı onun bəxtinə. Elə radioda tanış olmuşdular. “Pioner” qəzetində işləyən gənc Lətafət radioda diktor müsabiqəsi keçirildiyini eşidib müraciət edir. Səsini Qara müəllim yoxlayır, yekun qərarı Bədii şuranın verəcəyini söyləyir. Sonra zəng edib: “Səsiniz uşaq səsinə oxşayır, diktorluğa yaramır, bəlkə, uşaqlar üçün veriliş hazırlayasınız?” deyir. Lətafət xanım razılaşmır. Ailəyə gedən yol belə başlayır. Amma Qara müəllim sonralar xanımına etiraf edir ki, “Sənin diktor olmağına mən mane oldum...” Belə... Birgə xoşbəxt ailə sahibi idilər, iki gözəl-göyçək qız böyütmüşdülər, nəvə sahibi olmuşdular. Qızları Aydan diplomatdır, Xarici İşlər Nazirliyində işləyir. Günay hərbçidir, Dövlət Təhlükəsizliyi Xidmətində çalışır. Yəqin Qara müəllim Spinozanın “dili ilə”: “Mən ona görə məmnun deyiləm ki, rahatam, mən ona görə rahatam ki, məmnunam” deyəndə elə ən çox ailə ocağındakı rahatlığı, məmnunluğu nəzərdə tuturmuş...

 

Lətafət xanım isə şəxsən mənim üçün təkcə iş yoldaşımızın, radiomuzun sevimli diktorunun həyat yoldaşı deyildi, həm də çox istedadlı jurnalist, qayğıkeş həmkar idi. İstər “Azərbaycan qadını” jurnalında, istərsə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işləyəndə səmimiyyəti ilə hər kəsin hörmətini, sevgisini qazanmışdı. “Azərbaycan qadını” jurnalının ötən nömrələrinin hər birində onun sevilən imzası var. İndi təqaüddədir. Və mən günü bu gün də Lətafət xanımla həmsöhbət olanda inana bilmirəm ki, dünyada pislik var, xəbislik var, paxıllıq var. O, Tanrının “ətəyində namaz qılmağa layiq”, insanın gözəlliyini üzə çıxaran bəndələrindəndir. Allah ömür versin...

 

... Qara Tağızadənin işdəki uğurları, qazandığı nüfuz və hörmət halal zəhmətinin bəhrəsi idi. Gözəl ailəni Allah bəxş etmişdi ona. Və dövlətimizin diqqətindən də kənar qalmamışdı. Uzun illik zəhməti və fəaliyyəti, sənətkarlığı layiqincə qiymətləndirilmişdi. Əməkdar İncəsənət xadimi, Xalq artisti, Prezident təqaüdçüsü idi...

 

Şeirlərindən birində belə deyirdi:

...Yuxuna girirmi, Anam,

sevgili şəhərimizin səsi,

Qəbrini isidirmi Xarı bülbülün isti nəfəsi?

Yadındamı, canım, şəhərimizin dan üzü,

gavur çıxmaz Cıdır düzü?

Kirsin yollara dikili gözü...

İndi küləklər oxuyur o yerlərdə

bizim qədim şərqimizi.

Qəlbimdə ömrümün əski göynəmi,

kipriyimdə naçar günlərin nəmi.

Gözümdə bütün sevgilərimin xatirəsi,

Qulaqlarımda Anamın arxamca inləyən səsi.

Üz-gözümdə övladlarımın həyat nəfəsi,

Başımın üstündə Ulu Tanrım,

bir də doğulduğum ev - üstü çətirli.

Və bir də, ağlar Şuşam - kəklikotu ətirli.

Ətrafımda ölümün müdhiş qoxusu,

İçimdə əzizlərimi tənha qoymaq qorxusu,

Bir ömür yaşadım illər öncə...

İllər öncə yaşanan ömür bitdi... Bir yaz günündə - bu dəfə qorxusu çin oldu. Hansı qorxusu?.. Qara müəllimin 2017-ci il martın 3-də qeyd dəftərində Tanrıya şükranlıqla yazdığı bir cümlə var: “Çox şükür, bu il də yaza çıxdım...” Bu qorxunu deyirəm...

 

O, 2018-ci ildə də yaza çıxdı, amma bu yaz onun ömrünün ən qısa və son yazı oldu. Martın 3-də vəfat etdi...

Baxdım həsrətin qara yollarına,

dinləmək istədim

kəkliklərin utancaq şərqilərini,

Qoxlamaq istədim

bağrı qan laləsini Vətənin...

Bu arzusu isə qəlbində qaldı. Şuşa nisgili, Qarabağ həsrəti ilə getdi...

 

Yox amma... Bu ömrün davamı var: yadigar və unudulmayan səsdə, sənətdə, nəsildə...

 

Və bir də o nadir səsi ilə yeni nəfəs verdiyi, Rəsul Rza qüdrətinin hər birimizin gözündə, könlündə asdığı “İnsan şəkli”ndə...  Axı, belə demişdi: “Bir insan şəkli asacağam...”

 

 

Firuzə NADİR

 

525-ci qəzet.- 2019.- 2 mart.- S.13.