İntermedial fenomen: vizual poeziya
SƏLİM BABULLAOĞLUNUN
ŞEİRLƏRİ ƏSASINDA
Esse
Tamamilə yeni poeziya yaratmağın
mümkünsüzlüyü postulatı ilə
barışan şairlər ona yeni çalarlar əlavə
etməklə fərqliliyə meyllənirlər.
Çağdaş poetik diskurs mümkün alternativ
variantlar “istehsal” və təqdim edən, ənənəni
dağıdan yeni qaydalarla mövcuddur. Poeziya
sözün yaratdığı imkanlar sərhədini
aşıb digər sənət növünün
imkanlarından yararlanır. Müasir
dünyada mədəniyyətlərarası diffuziyanın, sənətlərarası
dialoqun yayğınlaşması müəllifin mətnə
(bütövlükdə sənətə) yanaşmasında
özünəməxsus izini qoyur. Oxucunun
peşəkarlığı isə ədəbiyyatı
yalnız estetik deyil, həmçinin, semiotik nəsnə
olaraq qəbul etməyə, mətni müxtəlif əlaqələrlə
tamamlanmış sənət növü kimi dərk etməyə
imkan verir.
Ötənlərdə
internetdə qarşıma Səlim Babullaoğlunun “Qrafik
şeirlər və esselər: vizual poeziya sərgisi”
keçirilməsi haqqında xəbər
çıxmışdı. “Rəqs edən ispan qızı”
şeirini oxuyub-izləyərkən qulaqlığımda təsadüfən
Yasmin Levinin “Una-noce-mas” mahnısı səslənirdi və qəribə
bir uyumluluq yaranırdı: ispan ladlarında musiqi, bu sədalara
“rəqs edən” ispan qızı və onun alovlu rəqsini təsvir
edən mətn. Ehtirasla rəqs edən
qarasaçlı, gözəl təbəssümlü ispan
qızının zərif əllərini havada necə
oynatdığını, qara krujeva ilə bəzədilmiş
qırmızı donunun ətəklərini əsdirərək
incə bədənini necə
qıvırdığını və onu heyranlıq və
sevgiylə, arzu və ehtirasla izləyən
baxışları görürdüm. Söz, rəsm və
musiqinin yaratdığı harmoniya, sənətin insan ruhunu
qanadlandırdığı qeyri-adi məqamlardan biri idi...
Çağdaş poeziyada mətn üfüqi xətt
üzrə düzülmüş işarələr sistemi
olmaya da bilir, onu şaquli, diaqonal və istənilən digər
həndəsi fiqur, yaxud qrafik üsulla düzmək
imkanları mövcuddur və bu da vizual poeziya fenomenindən
danışmaq üçün səbəb verir. Vizual poeziya təsviri
sənət və poeziyanın qovuşuğunda avanqard istiqamətdir
və bu istiqamət çərçivəsində mətnin
qrafik elementlər vasitəsilə vizuallaşması xüsusi
əhəmiyyət kəsb edir.
Vizual
poeziya örnəkləri “qaydasız” şeirlərdir: konkret
qəliblərə sığmayan, klassik qaydalara uymayan müəllif
necə xəyal edirsə, necə görürsə, hansı
üsulla çatdırmağa gərək duyursa, elə də
yaradır. Oxucu interpretasiyası üçün geniş
imkanlar açılsa da, burada müəllifin yaradıcı
kimi yönləndirməsi də az rol
oynamır. Məsələn, “Rəqs edən ispan
qızı” şeiri “hə, qoy süzsün havada zərif əllərin...”
misrası ilə başlanır və buradakı “hə”
özündən öncə formalaşmış təsəvvürün
davamı, onu gerçəkləşdirən təsvir-şeirin
başlanğıcı kimi çıxış edir. Bu şeirlər kağız, kətan və ya hər
hansı digər müstəvidən ayrıldıqda mahiyyətcə
dəyişilir, başqa sözlə, onları “şeirləşdirən”
söz və təsvirin birliyi, tamlığıdır.
Şeirdəki
vizuallıq verbal mətn üçün hərəki fon rolunu oynayır: rəsm obrazın cari
halının, bir məqamın təsviridirsə, poetik mətn
bu məqamın hərəkiliyini,
davamlılığını təsvir etmək imkanına
malikdir. Bədii mətndəki obraz təsvirin
hesabına çoxplanlılıq, xarakter dərinliyi
qazandığı kimi, təsvirdə də məhz verbal
komponentlər bu xüsusiyyətləri gücləndirir.
Başqa sözlə, elementlər bir-birinə
qarşılıqlı təsir etmək gücündədir.
Prinsip etibarilə, hər bir sənət növü
çoxdillidir və intermediallıq bu “poliqlotluq”dan (Lotman)
istifadə yoluyla bədii əsərdəki mətndaxili əlaqələrin
yaranmasıdır. İncəsənətin bütün
növləri ilə əlaqələrinin mümkün
olduğu poeziya xüsusən rəsm sahəsi ilə daha
çox bağlıdır. Sintetik janr olan
vizual poeziyada müəllif poetik mətnin məkanını
genişləndirmək, iki dəfə artırmaq
üçün mətnə digər semiotik sistemin müdaxiləsindən
istifadə edir. Yunan filosofu Simonid təsviri
sənəti lal poeziya, poeziyanı isə danışan rəsm
adlandırırdı. Verbal poetik mətnin
strukturuna vizual komponentin müdaxiləsi intermediallıq
çərçivəsində yeni ədəbi formanın -
vizual poeziyanın yaranmasına səbəb olur. Qeyd edək ki, vizual poeziyanın müstəqil janr,
yoxsa ənənəvi janr sisteminin variantı olduğu ilə
bağlı sual tədqiqatçılar tərəfindən hələ
də birmənalı cavabını tapa bilmir. Onu poetik forma olaraq qəbul etməyən və təsviri
sənətdən də ayırıb bu ikisinin arasında
qalan xüsusi bir sənət növü, ayrıca bir mədəni
fenomen kimi vurğulayan tədqiqatçılar da var,
bütövlükdə incəsənətin janrı hesab edənlər
də.
Dünya
mədəniyyətində “qrafik şeir”, “mediapoeziya”, “fiqurlu
şeir”, “konkret şeir”, “videopoeziya” və digər adlarla ifadə
olunan vizual poeziyanın tarixini e.ə. III əsrə aid edirlər:
fiqurlu şeirlərin ilk müəllifləri isgəndəriyyəli
Feokrit, Dosiad və Simmiy hesab olunur. Simmiyin “Qanadlar”, “Yumurta” və
“Sekira” adlı şeirlərində sözlər elə
düzülüb ki, adındakı məfhumları əks
etdirir. Dünya ədəbiyyatında vizual
poeziyanın ən geniş yayılmış nümunələri
Apollinerin kalliqramlarıdır. Fransız
şairi Guillaume Apollinaire (Giyom Apolliner) 1918-ci ildə qrafik
şeirlərindən ibarət toplusunu çap etdirdi və
bundan sonra vizual poeziya şairlər üçün daha
çox maraq kəsb etməyə başladı. Bununla belə, ədəbiyyatda bir istiqamət olaraq
çiçəklənmə dövrü, əsasən,
ötən əsrin ikinci yarısına aiddir.
Çağdaş
Azərbaycan ədəbiyyatında ayrı-ayrı müəlliflərin
təcrübəsində tək-tək vizual poeziya nümunələrinə
rast gəlinsə də, Səlim Babullaoğlunun yaradıcılığında
bu, konseptual xarakter daşıyır: onun “Güllə”,
“Ağac”, “Yağmurdakı adam”, “Köhnə tərəzi”,
“Şərab şüşəsi”, “Yeni il şamı”,
“Peyzaj” kimi çox sayda, adına uyğun şəkildə
“qurulmuş” vizual mətnlərinin semantik əhəmiyyəti
forma sayəsində daha da dolğunlaşır. Burada poetik mətn ilk növbədə
görüntü, daha sonra isə sözlər vasitəsilə
gerçəkləşir. Buna görə klassik türk
islam ədəbiyyatında vizual şeirlər
“rəsm yazmaq sənəti” kimi tanınırdı. Qeyd edək ki, bəzi hallarda oxucuya vizual olaraq
ötürülən görüntüdə əksini tapan
verbal mətnin məzmunu üst-üstə düşməyə
də bilir. S.Babullaoğlunun vizual mətnlərində
isə əsasən, ikisinin bir-birini
tamamladığını izləyirik.
Sözlər öncədən nəzərdə
tutulmuş konkret təsvirin dar çərçivələrinə
sığdırıldığı təqdirdə təsvir
sözü üstələyir. Bununla belə, vizual
poeziya nümunəsi yalnız bir təsvirin sözlərlə
“quraşdırılması” deyil, burada verballıqla
vizuallığın nisbətinə münasibət müəllifinə
görə dəyişir. Vizual şeirdə
verballığı ikinci sıraya yerləşdirənlər
üstünlük təşkil etsə də, bəzi müəlliflərə
görə, bədii mətn dominantdır; çünki təsviri
şərtləndirən, obrazı formalaşdıran məhz
sözdür, mətndir.
Vizual poeziyaya müraciət edən müəlliflərə
görə, fikrin yalnız verbal ifadəsi zamanı bitkinləşməyən
obrazı tamamlamaq, formalaşdırmaq baxımından vizual
elementlərin müdaxiləsi əvəzsiz seçimdir. Vizuallığı bədii
mətnə illüstrasiya hesab edənlər də var. Belə
olduğu təqdirdə, poetik mətn üçün
intermedial fon rolunu oynayan vizual komponent
oxucuya psixoloji təsir göstərir. Bundan əlavə,
poetik mətnə vizual elementin müdaxiləsi müstəqil
struktur səviyyəsinin yaradılmasına səbəb olur,
müəllif həm də üçüncü - oyun
komponentini yaratmış olur ki, bu da vizual poeziyanın əsas
əlamətlərindən biri sayılır.
Vizual şeir daha çox şəkilləndirilən,
qurulan mətn olduğu üçün tənqidə
açıq olmadığı, duyğuların arxa planda
qaldığı ilə bağlı fikirlər
üstünlük təşkil edir. Lakin vizual poeziyanın
çərçivəsi yalnız rəsm və sözlərin
sərhədi qədər dar deyil. Kalliqrafik
yaradıcılıq kreativ xarakterlidir; müəllifdən
olduğu qədər oxucudan (izləyicidən) da
yaradıcı təfəkkür, fantaziya və daha çox
bilgi gözləyir. Səlim
Babullaoğlunun poetik yaradıcılığı subyektiv
dünyadərkindən orqanik-elitar stilistikasına qədər
bütün xüsusiyyətləri ilə unikaldır. Kalliqrafik şeirləri də ilk baxışda bəlkə
də kiməsə bəsit - sadəcə hər hansı əşyanın
rəsmi üzərində “qurulmuş” təsiri
bağışlasa da, oxucu-izləyicinin yaradıcı
münasibəti üçün daha çox imkanlar
açır.
Fikrimcə, Səlim Babulaoğlunun qrafik şeirlərindən
ikisinin “Ağac” adlanması təsadüf deyil. Mətnin
görsəl obrazı müəllifin poetik təfəkkürünün
formalaşmasında əhəmiyyətli rola malikdir. Klassik Şərq poeziyasında ağac fiquru şəklində
yazılan şeirlər “müşəccər”
adlanırdı və şairlərin ən çox müraciət
etdiyi vizual şeir nümunələrindən idi. Lakin ağac kimi gövdə və budaqların
görkəm və biçimində qurulmuş bu şeirdə
beytlər budaqlar kimi, aşağıdan yuxarıya doğru
paralel olaraq sıralanır. Müşəccər
daha çox “fiqurlu şeir”in xüsusiyyətlərinə
malikdir. Belə ki, “fiqurlu şeir”lər
vizual olaraq həndəsi fiqur təşkil edən şeirlərə
verilən addır. Bununla belə, vizual
poeziyanın digər növləri ilə “fiqurlu şeir”
arasında mahiyyətcə böyük fərq yoxdur. Bu baxımdan mütəxəssislərin bəzən
onu vizual poeziyadan fərqləndirməsinə baxmayaraq, “fiqurlu
şeir”ləri vizual poeziyanın bir növü kimi qəbul
etmək daha doğru olar.
Vizual
poeziyada əsas məqsəd dünyavi şeir dili
yaratmaqdır; dilin yeniləşməsi, “oyun”a
alət olması prosesi gedir, hərflər, sözlər,
söz birləşmələri vizual eksperimentlər
üçün materiala çevrilir. Burada ən
vacib amil onların uğurlu konstellyasiyasıdır. S.Babullaoğlunun hər iki “Ağac” şeirində mətn
digər qrafik şeirlərində olduğu kimi, yuxarıdan
aşağıya yönəlikdir.
Onlardan biri suallardan ibarətdir - insanın özünə,
içəriyə ünvanlı suallardan. Bu baxımdan
ağac təsviri üzərində qurulmuş mətni eyni
müvəffəqiyyətlə sual işarəsi formasında
da, Adəmi ifadə edən insan şəklində də
qurmaq olardı. Yəni bu mətnlər
üçün təsvir şərti xarakter
daşıyır, mütləq rol oynamır.
Çünki bu barədəki fikirlərin müxtəlifliyinə
baxmayaraq, vizual poeziyada mahiyyət görsəllikdən daha
artıq verballıqda saxlıdır - hər bir halda, vurğu
“poeziya”nın üzərinə
düşür. Suallar üzərində
qurulmuş “Ağac” şeirində “Bəlkə Allahın Adəmə
əşyaların adını öyrətməsində
imiş sirr?!” ritorik sualı təsvirin gövdə, kök
hissəsində yer alır ki, bu da insanın cavab ala bilmədiyi
suallarının torpağa qarışanadək davam etdiyi
anlamına da gəlir, sualların cavabının ilkin
yaradılışda saxlı olduğu düşüncəsinə
də. Beləliklə, vizual poeziyada təsvir
sözlərin məna və mahiyyətini bir növ əsaslandırmış
olur. Eyni fikir ikinci “Ağac” mətni
haqqında da keçərlidir. Beləcə,
lakonikliyi etibarilə də yaddaqalan olan qrafik şeir funksional
obyekt olmaqla düşüncə “oyun”una çevrilir.
Vizual poeziyanın “konkret şeir” adlanan növü, əsasən,
bir neçə sözün cümlə qurulmadan bir araya
toplanması, yaxud eyni və ya oxşar (səs və
görüntü olaraq) sözlərin təkrarı vasitəsilə
yaranır. Belədə oxu zamanı şüur dil vərdişindən
tədricən uzaqlaşıb, silinmiş mənalara yenidən
qayıdır. Bu texnika izah edilərkən
ən çox konkret poeziyanın banisi hesab edilən Eugen
Gomringerin (Eygen Qomringer) şeirləri, xüsusən də
“Sükut” (“Schweigen”) nümunə gətirilir. 1953-cü
ildə hər bir şeiri bircə sözün müxtəlif
təkrarlarından ibarət olan kitabını çap etdirərkən
onun bu addımı psixoloji rahatsızlıq kimi dəyərləndirilsə
də, E.Gomringer “konkret şeir”in konseptual mahiyyətini
açıqlayan deklarasiyasını irəli sürdü:
“Şairlər hər cür qrammatik əlaqədən azad,
çılpaq sözləri, konkret əşya və ya hərəkəti
təqdim etməlidirlər, qalanı isə texnikanın
işidir”.
Səlim
Babullaoğlu “Şam” şeirində “konkret poeziya”nın əsas əlamətindən istifadə
edir: “mum”, “mumdur” sözləri təkrarlandıqca onun sadəcə
işıqlandırmaq mənası tədricən arxa plana
keçərək, mənanın alt qatlarına varılır
və beləliklə, şeirin pərvanəni təsvir edən
hissəsi ilə şamı təsvir edən hissəsi
arasında mahiyyətcə tamamlanma, bütövləşmə
baş verir - şamın, mumun təsəvvüfdəki ilahi
nura işarəsi yada düşür və assosiasiyalar bu
istiqamətdə formalaşır.
Bu şeirdə intonasiya da əlahiddə əhəmiyyət
kəsb edir. Beləliklə, intonasiya, təsvir, sözlər və
onların konstellyasiyası birlikdə lazımi effekti yarada
bilir.
Mütaliəni
“müəllifin rəhbərliyi altında
yaradıcılıq” adlandıran Sartr ədəbi obyekti -
“yalnız dövr etdiyi müddətcə mövcud olan bir
fırlanğıc” adlandırır - onun görünməsi
üçün oxu adlanan konkret akt vacib olduğunu və
mütaliə davam etdiyi müddətdə
frılanğıcın da dövr etdiyini bildirir: “Oxusuz
yalnız kağız üzərində qara işarələr
mövcuddur”. Çağdaş lirikanın bəzi
janrları, xüsusən, vizual poeziya müəllif ilə
oxucudan izləyiciyə çevrilmiş resipient arasında
birbaşa interaktiv dialoqa hesablanıb.
Y.M.Lotmanın təbirincə ifadə etsək,
insanlığın inkişaf tarixi boyunca mətn əhəmiyyətli
dəyişikliklərə məruz qalıb və bu evolyusiyanın
zirvəsi intellektual özəlliklərə malik bədii mətndir. Etiraf edək
ki, kanonlara alışmış oxucumuz üçün hər
bir yeniliyə açıq olmaq çətin, bəzən hətta
mümkünsüzdür və qayda-qanunlara tabe tutulmayan,
çərçivələri dağıdan poetik təcrübə
nümunəsi çox zaman cəfəngiyyat kimi, ən
yaxşı halda isə şübhə ilə
qarşılanır. Bəzən də oxucu kütləvi
mədəni şok yaşayır: “Bu, şeirdirmi?” sualı ədəbi
kuluarlarda pıçıltıya dönür.
Avropada mütəmadi olaraq, vizual poeziya sərgiləri və biennalelər təşkil olunur. Bununla belə, onu konseptual yaradıcılıq sahəsinə çevirən sənətkarlar üçün belə, bu, sadəcə bir eksperimentdir və bir çoxları üçün vizual poeziyanın mahiyyəti maraqlı sual olaraq qalır. Müəlliflərin düşüncəsincə isə vizual poeziya təsvir və sözün, rəsm və şeirin fövqündə - bu ikisini həm birləşdirən, həm də ayrılıqda inkar edən, iki sənətin qovuşuğunda yaranan xüsusi bir sənət növü kimi dəyərlidir.
Noyabr, 2018
Mətanət
VAHİD
525-ci qəzet.-
2019.- 2 mart.- S.19.