İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

NƏRİMAN NƏRİMANOV

(Tiflis, 14 aprel 1870 - Moskva, 19 mart 1925)

Qəzetələr Nəriman Nərimanovun öldüyünü xəbər verdilər.

Nərimanov ismi Azərbaycan tarixinin qara səhifəsini təşkil edən 27-28 Nisan acısı ilə bərabər yad olunacaq.

Nərimanov 1918-ci sənədə qismi-məxsusumuzda mündəric qanlı mart günlərində Azərbaycan Türk xalqı üzərində icra olunan qanlı qital əsnasında kəndi millətdaşlarını kəsənlərlə bir səfdə bulunmuşdu. Bolşevik “Hümmət” qrupunun rəisi sifətilə müsəlmanlara elani-hərb edən bolşevik-daşnaksütyun zümrəsi daxilində qalmışdı.

Mart intiqamını çəkən eylül, Nərimanovu Bakıda bulmamış o, vəqt və fürsət var ikən çəkilmiş Moskvaya getmişdi.

Azərbaycanda, xalq ehtiyacından və xalq köksündən doğma bir ixtilal olmadığı kibi, Sovet Azərbaycan Cümhuriyyətinin ilk komisarlar rəsi bulunan Nəriman da Azərbaycan əmələ və köylüsünün degil, müstövli rus ordusunun arzusu ilə iş başına gətirilmişdi. İlticacahi (sığınacağı) bulunan Moskvadan Bakıya gələn Nərimanı istiqbal (qarşılamaq) üçün stansiyadan evinə qədər uzanan əskər səfləri, kəndisindən əvvəl gələn Qızıl Rus Ordusunun səfləri idi.

Rus süngüləri ucunda hökumət kürsüsünə oturan Nəriman, bu iqbalına bir az da kəndi keçmişi ilə haqq qazanmışdı. Azərbaycan komunisti deyilən zəvat arasında Azərbaycan xalqı tərəfindən, bir az olsun, tanınmaq şərəfinə nail olan yeganə birisi var idisə, o da Nəriman idi. Arkadaşları arasında “ixtiyar” namı ilə məruf olan bu zat, gəncliyini cəmiyət hizmətində keçirmiş, müəllimlik, mühərrirlik kibi sahələrdə az-çox iz buraxmış bir adam idi. “İxtiyar” (qoca, nurani) bir cəmiyət adamı olmasına rəğmən Nəriman, komunist olmaq etibarı ilə pək “gənc” idi. 1917 sənəsinin komunisti idi. Yəni komunistliyi bolşevik ixtilalından sonra vüqu bulmuşdu. Bu etibarla Azərbaycan komunistləri miyanında kəndisindən daha “yaşlıları” vardır. 1905 inqilabında belə Nəriman sosialist degil, Bebelə “Qanlı qartal” deyəcək dərəcədə “anti sosyalist” idi.

Azərbaycan istilasını mütəaqib kəndisinin iş başına gətirilməsi komunistlikdəki etibarından ziyadə xalq arasındakı tanınmasından iləri gəliyordu. Sırf hilə və dəsisə (biclik) ilə gələn qızıl qüvvət, ilk günlərdə, xalq gözündə pərdə olacaq bir qumaşa möhtacdı. Bu qumaş rolunu “ixtiyar” Nərimanov ifa ediyordu. Sözdə fövqəladə səlahiyət və iqtidara məzhər olan, xalqın ehtiyac və hissiyatını daha iyi təqdir edəcəgindən, Moskva tərəfindən kəndisinə “veto” haqqı belə verilmişdi. O istədigi müqəddəratı icra etdirir, istəmədigini isə mən edə bilirdi. Böylə ikən Nəriman heç bir şeyi mən edəmədi. Onun naminə yüzlərcə məsum gənclər güllələndi. “Kəndi istəmədigi halda” imzasını verdigi təzkirələrlə “Füqəra həftəsi” icra edildi. Azərbaycan fitnə atəşilə yandı. Məmləkət, evlərdəki müxəllifata varıncaya qədər, talan olunub Rusiyaya daşındı. Nərimanın əlindəki “veto” haqqı bunların heç birisini mən edəmədi.

Bu onun istəmədiyi şeylərmiş. Fəqət istəyərək yapdığı şeylər də az deyil. Azərbaycan petrolunu faturasız olaraq Rusiyaya göndərməyi tarixi bir iftixarla icra edən qəhrəman bu, “hökumət büdcəsində çıxar dəftərinə lüzum görməyən” “zəka” idi.

Nərimanovu, yaşlı başlı bir rəisə möhtac olan Azərbaycan komunistlərindən bir qismi, olduğundan ziyadə “dealize” ediyor, kəndisində Şərqin Leninini görmək istiyorlardı. “Ağzı gözəl” şairlər kəndisinə “Qərbin dahisi, Şərqin daisi (duaçısı)” demişlərdi. Bakı bulvarında ilk “xəzri” rüzgarı əsincəyə qədər səbat edən alçıdan məmul (qayrılmış) heykəli Leninin heykəli ilə qarşı-qarşıya qoyulmuşdu.

Fəqət Nəriman bu “dəhaət” (dahilik) və “dəvət”inə (çağrılmasına) rəğmən, Azərbaycan Sovet hökuməti rəyasətində bir sənədən fəzlə qalamadı. Yalnız hökumət rəyasətində deyil, firqədəki mövqei və nüfuzunu da idamə etdirəmədi. Kəndisini Musabəyov kimi məchul birisi təbdil etdi. Onu isə Tiflisə, sonra da Moskvaya göndərdilər. Kəndisinə fəxri bir mənsəb verdilər. “Burjua” hökumətlərində hər nədənsə, fəal siyasət sahəsinə uymayan kişiləri yüksək rütbə ilə bir səfarətə göndərmək və yaxud əyan əzalığına sövq ilə mütəaqid (təqaüdçü) bir vəziyətə qoymaq ənənəsi vardır. Sovet hökumətindəki icra rəislikləri bu qəbildən bir mənsibdir.

Nəriman bu cəzaya müstəhəq olmuşdu. Sovet idarəsi uzandıqca bolşevik yalanı da üzə çıxıyor, aldanmış xalq kütlələri həyəcan və ğələyanə gəldikləri kimi, vicdanlarında bir az olsa da, həssasiyət həssası qalmış olan türk komunistləri arasında Moskva istilasına qarşı müxalifət cərəyanları uyanıyordu. Bu şərait daxilində qüvvətini tamamilə Moskvaya deyil, bir az da xalq arasındakı mərufiyətinə mədyun (məşhurluğuna borclu) olan, milli mühid ilə mənəvi rabitələrlə, bir az olsun bağlı bulunan bir zat istər-istəməz, milli təmayül bəsləyən komunistlərə bir növi ələm oluyordu. Bu ələm qaldırıldı. Yerinə mühiti ilə əlaqəsi bulunmayan, ismini belə türkcə yazmayan və gəncligində tənəssür etmiş bulunan birisi dikəldi. İstila qüvvəti artıq yerləşmişdi. Məhəlli xalqa qarşı cəmilə (yaxşı iş) yapmaq ehtiyacını duymuyordu. Azərbaycan hökuməti başında qüvvətini münhəsirən Moskvadan alan birisinə lüzum vardı. Bunun üçün idi ki Nəriman təqudə sövq olundu. Moskvada icra heyəti rəisləri miyanına atıldı. Nərimanın son 2 sənədəki həyatı ilə aşina olanlar kəndisinin pək böyük bir yəs (ümidsizlik) və növmidi (yuxusu) içində olduğunu, yapdığına peşiman insanlara məxsus bir vəziyət ibraz etdiyini söylərlər. Heç şübhəsiz ki, Nəriman, ibraz eylədigi fəxri rəyasətə rəğmən, kəndisinin suyu sıxılmış bir limon halına gətirildiyini hisslə son günlərini mənəvi bir sıxıntı içində keçirmiş və dünyadan bu üzüntü ilə getmişdir.

“Yeni Qafqasiya”, 31 mart 1925, ¹13(37)

Məncə, imzasız dərc olunmuş bu sətirləri yalnız baş mühərrir M.Ə.Rəsulzadə yaza bilərdi - Ş.H.

CÜMHURİYYƏT İDARƏSİ

Günün mövzusunu təşkil edən cümhuriyyət elanında isabət olub-olmadığını təyin etmək üçün Şərqin bugünkü vəziyətini və mübariz Türkiyənin bu vəziyyət içərisində nə kibi bir rol oynadığını bir kərə nəzəri təəmmüldən (ətraflı düşünmədən) keçirməlidir.

Cəmiyətlər və onların şəkli-məxsusinə ələm olan millətlər, heç bir zaman yekparə və sabit bir kütlədən ibarət degildir və olmamışdır. Cəmiyyət daima təhavvül edən (dəyişən) və bir taqım tarixi və ictimai qanunlar üzərinə şəkildən-şəklə girən üzvü bir vücutdur. Vəsaiti-istehsalın tənəvvü və tərəqqisi nisbətində cəmiyət içərisində mövcud zümrələrin mövqe və əhəmiyyətləri dəxi dəgişməkdədir. Hər zaman cəmiyyət içərisində mövcud siniflərdən birisi istehsali-ümumiyənin lazımı olduğundan, cəmiyətə daha müfid bir ünsür olmaq etibarilə, əhəmiyət peyda edər və mövqei iqtidara gəlir. Digər zümrələr isə tarixi vəzifələrini hüsni-ifa edən bu zümrəyə tabe olub cəmiyət əfradı arasındakı təsanüdü təmin edərlər.

Bir cəmiyətin şəkli idarəsi, o cəmiyətdə mövcud müxtəlif zümrələrin təbii və tədrici bir surətdə tərəqqi və inkişafını təmin edərsə, məzkur cəmiyət pək böyük təqəllüslərə meydan vermədən təbii həyat və təkamülünü təmin edər.

Böylə bir üsuli-idarənin, pək çox təcrübələr nəticəsində, kəşf olunan şəkli, xalq idarəsi mənasına gələn demokrasidir.

Demokrasidə zamanına görə idarəyə daha müstəid, istehsalatın nəzimi olan bir zümrənin mövqei iqtidara gələ bilməsi kibi, o zümrənin yarınkı ən təbii xələfi olan ictimai zümrənin dəxi, zamanı gəlincə, sələfinin mövqeini işğal edə bilməsi təmin edilmişdir.

Demokrasinin pək əski zamanlardan bəri təsis etmiş bulunduğu məmləkətlərdə, daxili ixtilallara və qanlı hadisələrə pək o qədər meydan buraxılmadan, idarə işləri pək sühulətlə bir zümrədən digər bir zümrəyə təhvil edildigi halda, bu nemətə malik olmayan məmləkətlərdə siyasi və ictimai təhəvvüllərin pək qanlı və fəlakə-təngiz bir surətdə icra olunduğu görülmüşdür.

Böyük Fransa inqilabı, hikməti vücudunu qeyb etmiş feodalizmə qarşı daha mütərəqqi bir idarəyə mühəyya (hazırlanmış) yeni təşəkkül etmiş milli bir zümrənin qiyamından iləri gəliyordu. Məhəlli mənafein degil, milli mənafein müdafiəsi naminə hökumətə gələn burjua sinifi demokrasinin ən hərarətli tərəfdarı idi.

Kapitalizmin sürətlə inkişafı, milliyyət dövrünü atladıb böyük sərmayələrin təəssüsü ilə böyük burjuazi deyilən yeni bir zümrə vücuda gətirdi. Bu zümrənin əməli, mütəvəssit (ortabab) xalq kütləsindən ibarət bulunan ufaq burjuazi kibi milli degil, cahangiranəydi. Bu zümrənin fəaliyyəti milli hüduduna sığmaz inkişaf və ittisai (genişlik) ilə gündən-günə artan mütəcaviz bir qüvvət halına gəliyor, imperyalizmi doğuruyordu.

Böyük Avropa kapitalının, vətəni xaricindəki ittisaini təmsil və himayə edən Avropa imperyalizmi Şərq məmləkətlərini istismara başlarkən buradakı feodalların hikməti vücudları sarsılmışdı. İmperyalizm, kəndinə qarşı mübarizə etmək təşəbbüsünü ibraz edən bu zümrə ilə anlaşmaq yolunu bulmaqda pək də güclük çəkmədi. Kəndiləri ilə bila etilaf olanları birər vəsiləyi-istismar mövqeinə endirdi. Bu vasitə ilə o, Şərqdə milli burjuazi sinfinin təşəkkülünü işqal edərək həm kəndi mənafeini təmin, həm də Şərq feodallarının həyatını süni olaraq təmdid ediyordu. Şərqin ən böyük səbəbi tedennisindən biri, heç şübhəsiz ki, buydu.

Hərbi-Ümumi, Avropa imperyalizminin zəyifinə mücib olmaqla, Şərq cəmiyətlərinin tərəqqi və inkişafına əngəl olan bağları da çözdü. Milli istiqlal məfkurəsilə qüvvət bulan fəal və milli istehsalatın nəzimi ola biləcək zində bir zümrəyi hərəkərə gətirdi. Bu zümrənin idealı heç şübhəsiz ki, şahların, sultanların, xanların və racların idealından olamazdı. Bu zümrəyə görə Hərbi-Ümumi nəticəsində hasil olan tarixi fürsətdən bilistifadə, Şərq həyatını əsri əsaslar üzərinə qurmaq lazımdır. Bunun üçün çürümüş və yaramaz olduğunu həyatda və təcrübədə isbat etmiş əski müəssisələrdən nicat umulmaz. Yeni fikirlər, yeni məfkurələr, yeni də şəkillər istər.

Şərqi istila edən milli hərəkat xalqın hərəkatıdır. Xalq hərəkatının təsis edəcəgi hökumət məna etibarı ilə demokrasidən, şəkil etibarilə də cümhuriyyətdən başqa olamaz.

Şərq hərəkatının pişvası olan türkiyə böylə şəklən cümhuriyyət, mənən demokrasiyə istinad edən bir hökumət təsisinə müvəffəq olursa ki, müvəffəq olacağına iman edəriz. Türklügün atidəki böyük siyasəti nöqteyi-nəzərindən dəxi pək mühüm və pək faydalı bir qədəm atmış olur.

Bu qədəm atılmış, əsri bir hökumət və həyat qurmaq əzmində bulunan qəhrəman, Türkiyə Cümhuriyyəti idarəsini elan eyləmişdir.

İstiqlal mücadiləsindəki məşəri (xalq) hərəkatla xarüqələr ibraz edən Türk xalqının dühasına etimadən təmənni edəlim ki, bu “Cümhuriyyət” demokrasi özəgi ilə dolu səmərədar bir ağac kibi nəşvü-nüma bulsun.

Türkiyə Xalq Cümhuriyyətinin hökmən və feilən təsisi Şərq hərəkatı milliyyətpərvəranəsini məqsədə doğru ən qısa və sağlam bir yoldan götürmək üçün kılavuzluq edəcək pək nurlu bir məşəl olur. Bu məşəlin daima ziyadar olmasını can və dildən təmənna edəriz.

“Yeni Qafqasiya”, 15 təşrini-sani 1923, ¹4

Bu baş məqalənin müəllifi məncə, məcmuənin naşir və baş mühərriri M.Ə.Rəsulzadədir - Ş.H.

MAVƏRAYİ QAFQASİYANIN İKİNCİ DƏFƏ İLHAQI

Erivan hadisəsi Türkiyə məhafili siyasiyə və mətbuatının nəzəri-diqqətini Sovet hökumətinin, kəndisi ilə az-çox münasibəti siyasiyədə bulunan dövlətlərdən, təsdiq və qəbulunu israr və əsəbiyətlə tələb eylədigi Sosialist Sovet Cümhuriyətləri İttifaqı məsələsi üzərinə cəlb eylədi. Bu dövlətlərdən iki ən mühümmi Türkiyə ilə Lehistandır. Yeni təəssüs edən Sovet İttifaqının surəti-təşəkkülü daha iyulda ikən Moskvadakı Türkiyə, Lehistan səfarətlərinə rəsmən təbliğ olunduğu halda bu 2 dövlət ta be-həl kəndilərindən istənilən təsdiqi verməmişlərdir.

Gərək Moskvanın bu xüsusdakı israrı və gərək yuxarıda göstərdigimiz dövlətlərin müşahidə olunan təmənniləri pək mühüm və pək ciddi səbəblərə malikdir. Zira Sosyalist Sovet Cümhuriyyətləri İttifaqının təsdiqi münasibati-beynəddüvələ aid sadə bir mərasim ifasından ibarət degildir. Bu, yalnız Rusiya Sosyalist Federativ Sovet Cümhuriyyəti ünvanını Sosyalist Sovetlər Cümhuriyyətləri İttifaqı ünvanına təbdil etmək kibi sadə bir mərasimdən ibarət olmayıb daha ciddi bir məsələyi ehtiva eyləməkdədir. Zahirdə şəklə aid görünən təşəbbüsü ilə Rusiya, Hərbi-Ümumi nəticəsində təhəddüs edən beynəlmiləl mühüm məsələlərdən birisini təsviyə edərək “vahid və qeyri-qabil təcəzzi Rusiya” əsasını beynəlmiləl bir təsdiqə iqtiran etdirmək (yaxınlaşdırmaq) istiyor.

Pək yaxın bir tarixi, bər-vəchi ixtisar təhəttür edəlim:

Rusiya ixtilalının böyük vəzifəsi yalnız Çarizmi qaldırmaq kibi islahatı daxiliyədən ibarət olmayıb, Rusiyayı isqan edən müxtəlif millətləri azad etmək dəxi onun görəcəyi ən böyük tarixi bir vəzifə idi. 100 sənədən bəri Rusiya ribqayi-əsarətinə aldığı millətləri sadə süngü qüvvəti ilə kəndinə mərbut bulunduruyor idi. Çar süngüsünün iqtidarı ortadan qalxınca millətləri Rusiyaya rəbdən maddi rabitə dəxi qalxmış oldu və kəndilərini Rusiya ilə milli, harsı, tarixi və çox kərə də dini rabitələrlə bağlı görməyən millətlər, milliyyət şüarının bəxş eylədigi böyük və müqəddəs haqdan istifadə ilə Rusiya dövlətindən ayrılaraq, müstəqil və hür milli hökumətlər təsisinə başladılar. Bəhri Müncəmidi Şimaldan Kaspi dənizinə qədər uzanan bu vəsi (geniş) ərazidə mütəəddid cümhuriyətlər təəssüs etdi. Finlandiya, Estoniya, Litva, Latviya, Lehistan və Qafqasiya millətləri birər müstəqil cümhuriyətləri təşkil etdilər. Romanov sülaləsini təbdil edən yeni Rusiya ixtilal hökuməti, kəndi xarici siyasətinin ümdəsi olmaq üzərə hər millətin kəndi müqəddəratını təyinə səlahiyətdar olduğu əsasını bütün cahana qarşı elan edərək, tedad etdigimiz hökumətlərin təşəkkülünü əksərən tanıdı. Eyni zamanda bu hökumətlər digər dövlətlərin də əksəri tərəfindən tanınmış oldular.

Bu surətlə Hərbi-Ümuminin və ixtilalı kəbirin nətayicindən olan bu hadisə Rusiya imperatorluğunun parçalanması və buradakı millətlərin hürriyyət və istiqlal kəsb eyləmələri qəziyəsi beynəlmiləl bir taqım mükərrəratla təsbit edildi. Türkiyə ilə Lehistan hökumətləri Rusiyanın aldığı bu yeni şəkil ilə bilxassə əlaqədar oldular. Onlar, sadə Rusiyadan ayrılan müstəqil hökumətləri degil, Rusiyanın kəndisini dəxi Rusiya Sosyalist Federativ Sovet Cümhuriyyəti şəklində yəni yalnız Finlandiya, Lehistan və Baltik Cümhuriyətlərindən degil, Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət Mavərayi-Qafqas Cümhuriyətlərindən dəxi təcrid edilmiş bir halda tələqqi etdilər.

Təsəvvür olunuyor ki, “Camur bacaqlar üzərinə qaim böyük gövdə”nin qeyri təbii sikleti ilə Şərq ilə Qərb üzərinə ağır basan cüssəsi artıq tarixə qarışmış, dastanlara mal olmuşdur.

Fəqət əsirlər görmüş tarixi ənənat, inqilab proğramından və xarici siyasətin yeni kəşf olunmuş “proletariat” prinsiplərindən daha qüvvətli çıxdı. Rusiyanın ən müfrit və komunist inqilabçılarından belə çarlara məxsus imperyalist siyasətindən ayrılmaq cəsarəti kafi gəlmədi. Millətlərin kəndi müqəddəratlarını təyinə səlahiyətdar olduqları şüarı yalnız daxili müharibələrlə məşğul olduqları zaman bolşeviklərin işinə gəldi. Müqabil ixtilal qüvvətlərini tənkil edər etməz onlar böyük bir ciddiyətlə əski Çar imperyasını “toplamaya” başladılar. Bu təşəbbüslərinə başlarkən qəribədir ki, onlar Çarizmin yalnız məqsədlərini tətbiqtə degil, vasitələrini qullanmaqda dəxi Romanov diplomatları ilə generallarından qətiyyən geri qalmıyorlardı. Münasibət olmuşkən bunu da söyləmək icab edər ki, Çar diplomatları ilə generalları, başqa millətlərə qarşı mübarizədə Romanov sülaləsində olduğu qədər bolşeviklərə də “eyni sədaqət və iman ilə” xidmətdən geri durmuyorlar. Varşava altında müdhiş bir zərbəni yeyən bolşeviklər Avropa ilə başa çıxmayacaqlarını dərk edincə “Vahid Rusiya”yı Cənubdan toplamağa başladılar. Yunan macərası ilə Şərqi Qərbdə təhəddüs edən qarğaşalıqdan və Mavərayi-Qafqasiyanın təcrid edilmiş bir vəziyyətdə bulunmasından bilistifadə onlar quveyi-külliyələrini Qafqasiyaya sövq etdilər. 1920 sənəsinin nisanında Azərbaycan Cümhuriyəti basdırıldı, bir qaç ay sonra Ermənistanda Sovet Cümhuriyəti elan olundu və 1921 sənəsinin iptidalarında gürcüstan hüdudunu keçən Sovet hərbi hissələri Mavərayi-Qafqasiyanın 2-ci dəfə Rusiyaya ilhaqını qanlı bir surətdə təkmil etdilər.

Şimdi artıq felən istila edilmiş Qafqasiyayı rəsmən dəxi Rusiyaya ilhaq eyləmək və bu xüsusda başqa dövlətlərin riza və təsdiqlərini almaq icab ediyordu. Burada iş daha ciddi bir şəkil alıyordu. Bütün dünya, Qərb və Şərqin ən vəsi (geniş) xalq kütlələri, bolşeviklərin Qafqasiya millətləri üzərindəki bu təcavüzlərini nifrətlər və protestolarla qarşıladılar. Qafqasiya Cümhuriyətlərinin istiqlalı yuxarıda zikr edildigi vəchilə, bir çox dövlətlər tərəfindən və hətta bu dövlətlərdən bir qismi kəndiləri ilə pək mümtaz münasibəti-siyasiyəyə belə girişmişlərdi. Və ən mühümü Sovet Rusiyası, icra eylədigi xarici siyasətinə Şərq millətlərinin müavinət və hüsni-təvəccöhünü təmin üçün kəndisini onların milli hüriyətləri qəhrəmanı səviyəsində göstəriyordu. Müraicə (riyakarlıqla) geydikləri bu maska Qafqasiyanın yenidən istilası keyfiyəti ilə pək az müvafiqət alıyordu. Bütün bu mülahizata nəzərən Sovet hökuməti Qafqasiya Cümhuriyətlərinin rəsmən ilhaqı məsələsini bir zamana qədər tovik edərək yuxarıdakı cümhuriyyətlərin istiqlallarını mübəyyin bir taqım zəvahir və şuunata (işlərə) toxunmadı. İstila olunan Azərbaycan, Gürcüstan və Ermənistan Cümhuriyətləri “müstəqil” birər “Sovet Cümhuriyyətləri” elan olaraq Sosyalist Federatif Sovet Cümhuriyətləri ilə yalnız “əqdi ittifaq” etmiş oldular. Bunların düvəli əcnəbiyə ilə münasibati-siyasiyədə bulunub siyasi müməssilər göndərmək haqqı belə ibqa edilmişdi (olduğu kibi saxlanmışdı). Həqiqətdə isə sabiq Çarizm zamanında Petroqraddan təyin olunan valilər kibi Moskvadan təyin olunan bu hökumətlərin daxili siyasətləri də Moskvadan diqtə ediliyordu. Fəqət feilən ilhaq olunan Qafqasiya Cümhuriyətlərinin şu surətlə zəvahiri-istiqlalını mühafizə edən Sovet hökuməti onların rəsmən dəxi ilhaqını ihzar etmək tədarükünə başladı.

Bu xüsusda yapılan tədabirin ilk mərhələsi Mavərayi-Qafqas Federasyonunu təşkil etmək planı idi. Mavərayi-Qafqas millətlərinin degil, buradakı komunistlərin belə rəyini almadan Moskva nəşr elədiyi bir dekretlə Mavərayi-Qafqas Federasyonunun təşkilini əmr eylədi. Federasyonun böylə burukratik bir üsul ilə təsisi Mavərayi-Qafqas bolşevikləri miyanında belə ədəmi-məmnuniyəti mucib oldu.

İddiamızın təqviyəsi üçün ilk Gürcüstan komunist hökumətinin rəisi və pək əski gürcü komunist Maxaradzenin 1921 təşrini-saninin 6-da Rusiya Komunist Firqəsi heyəti-mərkəziyəsinə yazdığı protestonaməsindən istişhad edəlim: Maxaradze yazıyor ki: “Qafbüronun (Rusiya Komunist Firqəsinin Qafqas Bürosu) Gürcü Komunist Firqəsi vasiteyi nəşri-əfkarında Mavərayi-Qafqasiya Federasyonuna aid nəşr eylədigi qərarnaməsi heyəti-mərkəziyəyə (Gürcü Komunist Firqəsi heyəti mərkəziyəsi) belə qeyri müntəzir bir hadisə idi. Qafqasiya Federasyonu kibi pək mühüm məsələlər həllində Qafbüronun cümhuriyətlərdə mövcud komunist təşkilatı ilə qətiyyən hesablaşmadığı bu fəqərədən aşikar olur”. İşdə bir tərəfdən Qafqasiya idarəsinin Moskvaca təhili, digər tərəfdən də Qafqasiyayı qəti və rəsmi surətdə Rusiyaya ilhaq etmək keyfiyətini bir mərhələ daha ilərlətmiş olan Mavərayi-Qafqas Federasyonu böylə bürokrat və Çarizmə məxsus bir üsulla təsis edildi.

Azərbaycan süqutundan 2, Gürcüstan işğalından da bir sənə fəzlə bir müddət keçdi. Mərkəzi Avropa əhvalının gündən-günə mobil bir şəkil alması və Şərqi-Qərb məsələlərinin təsviyəsi dünya əfkarı ümumiyəsinin Mavərayi-Qafqasiya millətlərindən uzaqlaşmasına mucib oldu. Moskva, kəndisinin iqtisab eylədigi fütuhata rəsmi bir şəkil vermək və Mavərayi-Qafqasiya Cümhuriyətləri istiqlal-larının imhası üçün dünyanın təsdiqini almaq sırası gəldiginə qane oldu. 1922-ci sənənin yazından etibarən Millətlər Komisarlığı Sosyalist Sovet Cümhuriyətlərinin İttifaqı ünvanı ilə yeni bir hökuməti-müctəmiə (toplantı) əsasatını tənzimə başladı. Mavərayi-Qafqas Cümhuriyətlərinin “kəndi riza”ları ilə işbu ittifaqa girmək “ricasında” bulunmaları ilhaq cinayətini örtəcək bir “sətri-səlah” (bəyəniləcək sətirlər) olmalıydı. Cümhuriyyətlər kəndi konqrelərində ittifaqi-ara ilə “Cümhuriyətlər İttifaqı” haqqında Rusiya Komunist Firqəsi naminə Stalin tərəfindən təhrir olunan ümdələri qəbul etməyə başladılar. Sonra müxtəlif cümhuriyətlərin sovetləri tərəfindən intixab olunan mürəxxəslər xüsusi Moskva konqresinə toplanaraq yeni ittifaqi-ara ilə (bolşeviklərin hər işi ittifaqi ara ilə olur) təşrini-sani 1922 ibtida Sosyalist Sovet Cümhuriyətləri təşkili haqqında bir bəyannaməyi, sonra da ittifaq ümdələrini təşkil edən “müqavilə”yi qəbul etdilər. Bəyannamədə “bu ittifaq mütəsaviyül hüquq (bərabər hüquq) millətlərin kəndi rizalarilə hasil olmuş bir vəhdətdir” deyilir və sonra “hər cümhuriyətə istədigi zaman ittifaqdan çıxa bilmək imkanı təmin edilmişdir” fəqərəsi qeyd olunacaq o dərəcə əhraranə qanun əsası yazılıyor və müttəfiq hökumətlərdən hər biri bu müqaviləyi təsdiq ediyorlar. Halı-hazırda isə iş əcnəbi dövlətlərin təsdiqinə qalmışdır.

Millətlərin kəndi haqlarını təyinə səlahiyətdar olmaları kibi müqəddəs bir haqqın bundan daha həyasızca bir istehzayə uğradığını zənn etməyiz ki, tarix qeyd etmiş olsun.

Moskvanın böylə diplomatik bir fars oynadığı zaman Mavərayi-Qafqas millətlərinin Rusiya işğalı ilə mübarizədə axıtdıqları qanlarından “Çeka” dodrumlarının istiqlal mücahidləri ilə dopdolu olduğundan sərfi nəzər, bu mahud vəsiqə, Mavərayi-Qafqasiya, Gürcüstan və Azərbaycan komunistlərinin belə pək hərarətli etiraz və müqavimətlərinə qarşı Moskvanın qəti və şiddətli əmrləri ilə qövldən feilə çıxarılmışdır. Moskva, yalnız Qafqasiya millətlərini degil, bir qisim komunistlərini belə qızıl süngüsünün zoru ilə kəndi “ittifaqına” doğru çəkmişdir.

Biz Gürcüstan komunistlərinin bu xüsusdakı mübarizə və protestolarını mübəyyin bir taqım gizli komunist vəsaiqini nəql ediyoruz:

İttifaq təsisi məsələsi vəz edilmədən əvvəl Moskva tərəfindən Rusiya Komunist Firqəsi heyəti mərkəziyəsi naminə milli komunist heyəti mərkəziyələrinə, məlumat üçün, Stalinin “Sovet Cümhuriyətlərinin Muxtariləşdirilməsinə (avtonomizasyon) aid ümdələr” ünvanilə bir vəsiqə göndərilmişdi. Gürcüstan Komu-nist Firqəsi heyəti-mərkəziyəsi 15 eylül 1922 tarixli cələsəsində Stalin ümdələrini (başlıca mülahizələrini) tədqiq və müzakirə  etdikdən sonra atidəki qərarı ittixaz eylədi: (Rəsmi məzbatadan (protokoldan) nəql ediyoruz) “Stalin ümdələri əsası üzərinə milli cümhuriyətlərin muxtariyətləşməsi üzərinə təklif olunan tövhidin daha sırası gəlmədiginə qaniyiz. Milli istiqlal şüunatının (şan-şöhrətinin) ibqası (olduğu kimi saxlanması) şərtilə siyasəti ümumiyə ilə ümuri iqtisadiyənin tövhidini zəruri ədd edəriz”.

Heyəti-mərkəziyə cələsəsində (Mərkəzi Komitə iclasında) hazır olan 37 ən məruf gürcü komunistlərindən (ki bunlar miyanında zamananın hökumət əzaları dəxi vardı) 30-u ittifaq təsisinin əleyhinə, 6-cı lehinə rəy verib 1-də rəydən istinkaf (rədd) etmişdir.

Sabiq Ankara müməssili Budu Mdivani gürcü komunistlərinin işbu qərarını Moskvada Rus heyəti-mərkəziyəsinə təbliğ eylədi. Rus Komunist Firqəsinin ali müəssisəsi Gürcüstanın rəy və mütaliəsini rədd edərək, Stalin, heyəti-mərkəziyə katibi-ümumisi sifrəli teleqrafla Tiflisə təbliğatda bulundu (16 təşrini-əvvəl 1922). Bu təbliğ “heyəti mərkəziyə kəndi düsturlarının kəmali-şövq ilə tətbiq olunacağına şübhə etməz” cümləsilə xitam buluyordu. Fəqət Stalinin bu ümidi hasil olmadı. Gürcü komunistləri Mavərayi-Qafqasiyanın Rusiyaya ilhaqından ibarət olan bu hərəkətə qarşı mübarizələrində davam edərək Rusiya komunistlərini “imperyalist milliyyətçiliklə” ittiham ediyorlardı. Gürcüstan Komunist Firqəsi kəndi liderlərini müdafiə ediyordu. Vəziyət müşkülləşiyor və vəhiş bir skandal şəklini iqtisab etməklə təhdid ediyordu. Aşağıdakı gizli teleqrafdan anlaşılacağı vəchilə Moskva şiddətli tədbirlər görməgə təvəssül etdi.

“Moskvadan. Təşrini-sani 23 saat .... əxz olunmuşdur. Tiflisdə. Təşrini-sani 24 (Bərvəchi ixtisar nəql ediyoruz) Çençadze və Maxaradze yoldaşlara. Siz bilməlisiniz ki, Mavərayi Qafqasiyanın ittifaqa girməsinə aid olan qərar tamamilə tətbiq olunmalıdır. Əngəllər və müşküllər çıxarmayı tərklə heyəti mərkəziyə qərarı üzərinə müttəhidən çalışmayı təklif ediyoruz. Nomirə 6028. Kamenev, Buxarin”.

İş bolşevik “papa”sının müdaxiləsinə belə icab etdirdi. Lenin bateleqraf Moskva qərarına tabe olmaq üçün gürcülərə əmr eylədi.

Fəqət müxalifət sakit olmadı. Gürcülər müqavimət göstərdiklərindən fəna halda təqib olundular. Moskvanın əmriylə mötəriz komunistlər Gürcü heyəti-mərkəziyəsindən, hökumət və bilcümlə hökumət məsul məmuriyətindən tərd olundular, bir qismini Rusiyaya sürgün, digər qismini də işdən uzaq olaraq tərəssüd (göz nəzarəti) altında bulundurdular. Gürcü komunistlərinin rəisi Maxaradze, sabiq hökumət rəisi Qaftaradze, Türkiyədə də məşhur Budu Mdivani və sair gürcü komunistləri şimdiyə qədər “işsiz” və məhqur bir halda bulunuyorlar. Liderləri bu surətlə qəhr etdikdən sonra sıra firqənin əfradına gəldi. Gürcü Komunist Firqəsini “təmizlədilər”. Bir çox gürcü müxaliflərini firqədən çıxardılar.

İlhaq əleyhdarı bulunan mötərizləri bu surətlə təqib etdikdən sonra Moskvaya müti olanlar cəlb olunaraq Gürcüstanın “ittifaqi-ara” və “təyyibi-xatir”lə ittifaqa düxulu təmin edildi.

Azərbaycanda dəxi aşağı-yuxarı buna bənzər bir taqım əhval cərəyan etmiş oldu.

“Sosyalist Sovet Cümhuriyətləri İttifaqı”nın surəti təşəkkülünə aid tarixin gizli tərəflərini təsvir edən bu kiçicik səhifə Moskvanın Qafqasiyayı Rusiyaya ilhaqından ibarət cahangiranə siyasətini pərdələmək üçün nə kibi təşəbbüslərə əl atdığını həqqilə tənvir edər. İşbu ilhaqın düvəli-əcnəbiyə tərəfindən irad və ya qeyri-iradı bir surətdə daha nə qədər zaman sonra təsdiq olunacağını şimdilik söyləmək mümkün degildir. Fəqət bir şeyi mühəqqəq biliyoruz. Kəndi övladının qanı ilə istiqlal və hürriyyəti-millilərini müdafiə edən millətlərin hürriyyətpərvər əfkari-ümumiyəsi heç bir zaman Mavərayi-Qafqasiyanın təkrar Rusiya tərəfindən ilhaq edilməsini təcviz eyləməz və hürriyət və istiqlallarının istirdadı (geriyə alınması) uğrunda qanlarını axıdan Mavərayi-Qafqaz millətlərinə kəndi müavinəti-mənəviyələrini qətiyyən əsirgəməzlər.

Gürcü

“Yeni Qafqasiya”, 15 təşrini-sani 1923, ¹4

(Ardı var)

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 2 mart.- S.20-21.