Dünya niyə dağılmır?..   

 

 

 

Ayağa qalxıb pəncərədən küçəyə baxa bilsəm, görəcəm ki, hər yan qaranlıqdır, gecə sim-siyah, dalğalı saçlarını xəlvətcə açıb töküb dünyanın sinəsi üstünə - kefdədir dünya, mənsə qalxa bilmirəm, yata da bilmirəm, mədəm göynəyir, yerimin içində ilan kimi qıvrılıb-dururam.

 

Yarım saat keçir... bir saat keçir... mədəm göynəməyindədir, hələ güc tapıb ayağa qalxa bilməmişəm. Təsəvvür edin, yataq otağından mətbəxə cəmi 5-6 metrlik yoldur, xırda bir təkan vursam özümə, ya Allah, desəm, qalxsam, bir stəkan şərbət içsəm (həmişə belə edirəm), ağrım keçəcək, amma qalxmıram, isti yorğan titrək qadın əlləriylə tutub köynəyimin yaxasından, getmə, - deyə pıçıldayır qulağıma.

Bəs niyə belə olur? Yorğanı başıma çəkib xımır-xımır düşünürəm - niyə ağrım məni hərəkətə keçirmir? Axı, görürəm ki, ağrıyıram, axı. Bu insanlar da mənim kimi ağrıyır, incinir, bəs niyə qalxmır, incidilib-incinməyə davam edir? Axı, yataq otağıyla mətbəxin arası cəmi 5-6 metrdən ibarətdir...

Cavablar podiuma çıxıb sıraya düzülür, elə bil, gözəllik yarışmasıdır, mən əlahəzrət münsif, bir-bir, yellənə-yellənə gəlib qarşımdan keçirlər, heç birini bəyənmirəm, heç birini seçmirəm, ta ki, səhnəyə klassik geyimli rus pritçası çıxır...

Yazırlar, hər şeylə maraqlanan gənc velosiped sürərkən təsadüfən bir küçədən keçir, görür, qoca ər-arvad həyətdə, skamyada əyləşib qəzet oxuyurlar, yanlarındakı it isə yuvasındakı taxtaya vurulmuş köhnə bir mismarın üstündə oturub ulayır. Gənc təəccüblənir: mismar onu incidirsə bəs niyə yerindən tərpənmir, bəlkə iti buna məcbur ediblər? İkinci gün eyni hadisə təkrarlanır, o yenə bir şey anlamır. Üçüncü gün gənc artıq dözə bilməyib qocalara yaxınlaşır.Siz bilən mismarın üstündə oturub zingildəyən it niyə qalxmır, yerini dəyişmir?” Kişi dinmir. Qarı isə qəzeti gözündən ayırıb ruslara xas ədayla cavab verir:

Demək, oğul, mismar onu uladacaq qədər incidir, yerindən qaldıracaq qədər deyil!

Fikirdən ayılıram, ayağa qalxıb pəncərədən baxa bilsəm, görəcəm ki... görürəm , budur, günəş bir xeyli qırğından sonra nəhayət ki, gecəni dünyadan qova bilib, indi isə özü sarı, uzun saçlarını onun sinəsi üstdə tökməyə hazırlaşır, bu dəfə qəşəng ətirlənib zalımın qızı. Axx, rəqabət, sən nələrə qadirsən! Dünya isə halından məmnun görünür.

Qımışıram: bəxtəvər başına, a dünya, deyirəm axı, niyə dağılmırsan?..

 

 

İlqar KAMİL

 

525-ci qəzet.- 2019.- 2 mart.- S.8.