Dost sözü

 

 

Mərhum dostumuz Yaqub Əsgərov yaşasaydı, bugünlərdə yubileyini - anadan olmasının 75 illiyini qohumları dostları ilə birlikdə qeyd edəcəkdi.

 

Təəssüf ki, o, cəmi 63 il yaşayaraq dünyasını dəyişməklə bizi həmin yubileyi birlikdə keçirmək səadətindən məhrum etdi. İndi biz hər il onun doğum anım günlərini (2 mart 13 noyabr) qeyd etməklə təskinlik tapırıq.

Yaqub müəllimlə təhsilimiz xidməti vəzifələrimizlə əlaqədar həyat yollarımız bir neçə dəfə kəsişmişdi. Belə ki, hər ikimiz orta məktəbi bitirdikdən sonra yaşadığımız Masallı Kəlbəcər rayon xalq məhkəmələrində katib işləməklə əmək fəaliyyətinə başlamışdıq. 1961-1967-ci illərdə Azərbaycan Dövlət Universiteti hüquq fakültəsinin qiyabi şöbəsində birlikdə təhsil almışıq. Təhsili başa çatdırdıqdan sonra respublikamızın müxtəlif rayonlarında (hər birimiz 3 rayonda) xalq hakimi, məhkəmə sədri vəzifələrində işləyəndən sonra Respublika Ali Məhkəməsinin hakimi seçilmişik. Ali Məhkəmədə 17 il birlikdə fəaliyyət göstərmiş bu dövrün 10 ili ərzində eyni kabinetdə oturmuşuq (2000-ci ildə Yaqub müəllim Mülki Kollegiyanın sədri eyni zamanda, Ali Məhkəmə sədrinin müavini təyin edildikdən sonra təbii ki, kabinetlərimiz ayrı olmalı idi). Nəhayət, mən 1987-ci ildə Ağdam rayon Xalq Məhkəməsinə hakim seçilməyimlə bağlı əvvəl işlədiyim Bərdə rayon Xalq Məhkəməsini Yaqub müəllimə təhvil vermişəm. Ümumiyyətlə, təhsil xidməti vəzifələrimizlə əlaqədar 46 il ərzində onunla ünsiyyətdə olmuşam.

Bu faktları ona görə qeyd edirəm ki, Yaqub Əsgərovu kifayət qədər, bəlkə onun qohumlarından da yaxşı tanımışam.

Yaqubla birlikdə 1961-ci ildə Universitetin hüquq fakültəsinin qiyabi şöbəsinə qəbul olunarkən tələbələrin sayı cəmi 25 nəfər idi. İkinci kursdan etibarən müxtəlif vəzifələrdə (milis şöbə rəisləri, iki illik hüquq təhsili olan xalq hakimi, RİK-lərin başqa idarələrin rəhbər vəzifəli şəxsləri) işləyən daha 14 nəfər ikinci ali təhsil  - hüquq təhsili almaq məqsədilə imtahansız bizə qoşuldular. Yaqub müəllim 39 nəfər tələbə içərisində yaş etibarilə ən kiçiyimiz idi.

Aramızda tez isti münasibət yaranmışdı. Yuxarıda qeyd etdiyim kimi, sonrakı illərdə eyni təşkilatda xidmət göstərməyimiz bir-birimizi dərindən tanımağa şərait yaratdı.

Müşahidələrimdən qətiyyətlə deyə bilərəm ki, mərhum dostumuz Yaqub müəllim insanlığa xas olan az qala bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən tək-tək insanlardan idi. Təbiətən mülayim, sakit, çalışqan zəhmətkeş insan olan dostumuz ətrafda baş verənləri təhlil edərək onlara obyektiv qiymət verməyi bacarırdı. Paxıllıq, qeybət, giley-güzarlıq etmək kimi hallar onun təbiətinə yad idi. Yalnız bir dəfə onun haqlı giley-güzarının şahidi oldum.

Bizim təhsil aldığımız dövrdə mütaliə üçün hüquqi ədəbiyyat əldə etmək müşkül məsələyə çevrilmişdi. Azərbaycan dilində isə ümumiyyətlə, belə ədəbiyyat axtarmağa dəyməzdi. Semestr imtahanları vaxtı adətən mehmanxana nömrələrində qalan vəzifə sahibi olan tələbə yoldaşlarımızdan biri müəllimin mühazirəsini hansı yolla isə ələ keçirib özünə yaxın bildiyi yoldaşları ilə mehmanxana nömrəsində imtahana hazırlaşmaq istəyirmiş. Bu məsələni bilən Yaqub da onlarla birlikdə imtahana hazırlaşmaq arzusunu bildirdikdə, həmin şəxs (şəxslər) hansı bəhanə ilə isə buna razılıq verməmişlər. Tələbə yoldaşlarının bu anlaşılmaz hərəkətlərindən Yaqub pərt olmuşdu. Onların acığına imtahana daha yaxşı hazırlaşıb müvəffəq qiymət almağa nail olmuşdu. Sonradan mənə danışdı ki, həmin şəxslərdən biri imtahanın gedişində çətinliyə düşdüyü üçün ondan kömək diləyibmiş.

Yaqub müəllim çalışqanlığı, zəhmətsevərliyi ilə fərqlənən insanlardan idi. Həm ona tapşırılan işi vicdanla yerinə yetirməyə çalışırdı. Bu səbəblərdən dövlət tərəfindən əməyi vaxtında qiymətləndirilir, vəzifə pillələrində inamla irəliləyirdi. Nisbətən qısa müddət ərzində rayon məhkəməsinin hakimliyindən Ali Məhkəmə sədrinin müavini vəzifəsinə qədər yüksəlmişdi. Müxtəlif ölkələrin Ali məhkəmələri rəhbərlərinin Türkiyədə keçirilən beynəlxalq konfransında ölkəmizi təmsil etmiş, həmin konfransda çıxış etmişdi.

Müdriklərdən biri deyib ki, fəzilətlərdən ən birincisi ədalətli olmaqdır. Tam əminliklə deyə bilərəm ki, Yaqub müəllim bir hakim kimi konkret işlərə baxarkən bütün hallarda qəbul etdiyi qərarların qanuni ədalətliliyi prinsipini gözləmişdi. Sanki o, hakimlik üçün doğulmuşdu, ədalətlilik etalonu idi. Təsadüfi deyil ki, baxdığı işlərlə əlaqədar qəbul etdiyi qərarların qanuniliyinin ictimaiyyət tərəfindən açıq-aşkar şübhə altına alınması kimi hallara təsadüf edilməmişdi.

Əksinə, baxdığı konkret işlər üzrə qanunsuzluğa ədalətsizliyə yol verilməsi halları onu əsəbiləşdirirdi. Məsələn, doxsanıncı illərin ortalarında bir dəfə gördüm ki, icraatındakı cinayət işini vərəqləyərkən əsəbi vəziyyətdə öz-özünə danışır. Məlum oldu ki, Bakının rayonlarından birində poliklinikanın baş həkimi olan bir qadın Dövlət Bankından 200 min manat kredit götürərkən kreditin təminatı kimi işlədiyi dövlətə məxsus poliklinikanı girov qoyub. Baş həkim kreditə götürdüyü pulu mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi. Məhkəmə onun ailə vəziyyətini cəzanı yüngülləşdirən digər halları nəzərə almaqla onu şərti məhkum etsə , dövlətə vurduğu ziyan ödənilməmişdi. Yaqub müəllim ona əsəbiləşmişdi ki, kredit verən bankın müdiri açıq-aşkar qanunun tələblərini pozaraq poliklinikanın dövlət obyekti olduğunu bildiyi halda qanunsuz olaraq müqavilədə həmin binanı girov obyekti kimi göstərmişdi. Bu əməliyyat nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyməsinə baxmayaraq, ibtidai istintaq orqanı bu cinayət hadisəsinin iştirakçıları olan müvafiq bank əməkdaşlarını məsuliyyətdən kənarda qoymuşdular.

Dövlət adamı olan Yaqub müəllim həm şair təbiətli insan idi. Yaxşı hafizəsi olduğundan əzbərdən çoxlu şeirlər bilirdi. Yeri gələndə özü şeir yazırdı bəzən həmin şeirlərini bizə oxuyurdu. Onun şeirlərinin bəzilərini bizimlə yoldaşı olan, şeir həvəskarı Əsəd Mirzəliyev əzbərləmişdi. İndinin özündə Əsəd müəllim yeri gələndə həmin şeirlərdən bəzilərini söyləmək fürsətini əldən vermir. Yaqub müəllim mənim şeir həvəskarı olduğuma işarə edərək bir dəfə soruşdu ki, “Ağazadə (o mənə adətən soyadımla müraciət edərdi), bəs sən niyə şeir yazmırsan?” Mən cavab verdim ki, “çox da lovğalanma, mən kəlbəcərli olsaydım, şeir yazardım. Sizin rayonda şeir yazmağı bacarmayan adam tapılmaz”.

Bildiyimə görə, Yaqub müəllim xeyli şeir yazsa da, onların az bir qismini qəzetlərdə dərc etdirmişdi. Mənim və digər yoldaşlarımızın təkidli təkliflərimizə baxmayaraq, o, həyatdan gedənə kimi şeirlərini kitab şəklində dərc etdirməkdən imtina etdi. Hər dəfə imtinasını bununla əsaslandırırdı ki, “şeir kitablarını nəşr etdirmək şairlərin işidir. Mən şair deyiləm”. Şübhəsiz ki, bu, həm də onun təvazökarlığından irəli gəlirdi.

İnsana xas olan bütün müsbət keyfiyyətləri şəxsiyyətində cəmləşdirmiş Yaqub müəllimin həyatda olan dostları hər zaman onu ehtiramla yad edirlər. Vaxtsız dünyadan köçmüş mərhum dostumuzun xatirəsi yaxın qohumları kimi dostlarının da qəlbində əbədi yaşayır. Hər il onun anım günündə qəbrini ziyarət etməyi özümüzə borc bilirik. Bu ehtiramı o, sağlığında qazanmışdı.

Ləyaqətlə yaşamış, ömrünü şərəflə başa vurmaqla bu dünyada iz qoyub getmiş bütün insanlar hər zaman xatırlanmağa layiqdirlər. Dostumuz Yaqub Əsgərov məhz belə insanlardan idi. Onun ruhu qarşısında baş əyirəm.

 

Müzəffər AĞAZADƏ

Ali Məhkəmənin sabiq hakimi, Respublikanın Əməkdar hüquqşünası

 

525-ci qəzet.- 2019.- 2 mart.- S.12.