İlk Güneldən Günel
Anarqızına
Qadın yaradılışdan qorumaq, hifz etmək missiyasını öz üzərinə götürüb. Analıq instinkti - deyilən anlayış da mahiyyətcə budur elə. Tarix kitablarından oxuyuruq ki, hələ ibtidai icma quruluşundan belə imiş, qadın odu-ocağı, istiliyi qoruyurmuş. İcmalar, quruluşlar, sivilizasiyalar bir-birini dəyişib, insan xisləti, qadın xarakteri isə elə həminkidir. İntəhası hər kəsdə bu xasiyyət bir cür ifadə olunur.
Yazıçı-publisist Günel Anarqızının kitablarını oxuduqca, gördüyü işləri göz önündən keçirdikcə, ictimai fəaliyyətinə nəzər saldıqca nədənsə qadına aid olan bu "qədim" xasiyyət haqqında düşünürəm. Günel Anarqızı imzasıyla ortaya çıxan işlərin hər birində milli-mənəvi dəyərlərə sadiqlik açıq-aydın nəzərə çarpır. Həmçinin, sakit, pafossuz millət təəssübkeşliyi, var olanı qorumaq, bizim olana sahib çıxmaq duyğusu... Və bütün bu sadaladığım keyfiyyətlər həm ailədən, gendən gəlir, həm də müasir, gənc bir qadının özünəməxsusluğunu göstərir.
Günel Anarqızı Azərbaycanda
ilk Güneldir. Yazıçı Anar "Kitabi-Dədə
Qorqud" dastanı ilə bağlı esselər, film ssenarisi üzərində işləyəndə
bu adı düşünüb və
qızına verib.
Bir anlıq adaşı olmayan balaca bir qızcığazı
düşünürəm və indi artıq
tanınmış, populyar
bir xanım yazıçını... Əslində, bütün nailiyyətlər
elə ilk Güneldən
Günel Anarqızına
aparan, bitib-tükənməyən
yolu təşkil edir.
Amma hər şeyin başlanğıcı olduğu
kimi, bu yolun da əvvəli
var. Ümumiyyətlə, hər
bir yaradıcı adamın, xüsusən yazıçının bütün
fəaliyyəti boyu ən çox qarşılaşdığı suallardan biri də budur: Yazmağa nə zaman başlamısız, necə oldu yazmağa başladız? Yəqin ki, Günel Anarqızına da bu cür suallar
çox verilib. Və bəlkə Günel özü də bilmir ki, bu
sualın cavabını
illər öncə Anar verib. 1981-ci ildə yüz gün içərisində
atası, böyük
şairimiz Rəsul Rzanın və anası unudulmaz şairə Nigar Rəfibəylinin itkisindən
sonra "Sizsiz" xatirə romanında Anar yazırdı:
"...mən bu on yaşlı qızın həssaslığına mat
qalırdım. Mən tez-tez
susuram, fikirli oluram, öz içimə çəkilirəm.
Heç
vaxt mənə mane olmur. Fikirlərimdən ayırmır. Amma o günlər dalğınlaşan
kimi, keçmişin səhnələrini xəyalımda
görən kimi Günel hansı daxili duyumlasa mənim İçəri
dünyamı görür,
yanıma gəlir, məni qucaqlayır, oxşayırdı.
- Ata, - deyirdi, - babayla, nənə düşdü
yadına, hə?
- Hə, qızım,
onlar düşdü yadıma, sənin babanla nənən".
Yazıçılığın təməli ağrıdı,
bir də müşahidə qabiliyyəti. Və belə
çıxır ki, Günel atasının ağrısını uşaq
həssaslığı ilə
duyub və yazıçılığının da təməli elə o zaman qoyulub. Təsadüfi deyil ki, illər keçəndən
sonra Günelin ilk qələm təcrübələri
məhz o illərə
aid xatirələrini, müşahidələrini
əks etdirdi.
"Şuşam" hekayəsi,
"Ataya" hekayəsi
buna misal ola bilər.
Eyni zamanda, onun "Qarabağ" hekayələri
həqiqətlərimizin dünyaya
çatdırılmasında da rol oynayıb.
Bakıda Azərbaycan və
rus dillərində, habelə Türkiyədə,
Macarstanda, Avropanın
nüfuzlu nəşriyyatlarında
işıq üzü
görüb. Rus,
ingilis, fransız, alman, polyak və
s. dillərə çevrilib.
Avropanın müxtəlif şəhərlərində
təqdimatları keçirilib.
Adətən söyləyirlər ki, yazıçı özünü
yazır. Amma qələm adamının
üstün və qeyri-adi keyfiyyəti başqalarını anlamaq
bacarığıdır. Günelin yaradıcılığında da orijinal cəhət
onun özünü başqasının yerinə
qoya bilməsidir.
Məsələn, o, bir
ağacın da, qoca Balaş dayının da, yazıçı Səidin
də, məkan olaraq Qarabağın da duyğularını eyni uğurla qələmə ala bilib. Yaxud da qızlarına - Dənizə və Sezenə həsr etdiyi Dənselin nağıllarında uşaq
düşüncələrini də maraqlı şəkildə təsvir
edib. Bu nağıllar
da böyük uğur qazanıb, Türkiyədə Günelin
özünün çəkdiyi
illüstrasiyalarla çap
olunub, imza günü keçirilib.
Başqalarını anlamaq, ən fərqli insanların dünyasına "baş
çəkmək" xüsusiyyətini
Günelin "Seçilənlər"
kitabında da görə bilirik. Bu kitaba ön söz yazdığım üçün indi burda ətraflı söz açmaq istəmirəm, amma bir onu qeyd
etmək istəyirəm
ki, "Seçilənlər"
müəllifin çoxşaxəli
erudisiyasını, intellektini
göstərən maraqlı,
bitkin bir əsərdir. Burada öz
sahəsində seçilən
müxtəlif şəxsiyyətlərlə
müsahibələr yer
alıb, amma həm də müəllifin rəssamlıq,
musiqi, ədəbiyyat
sahəsinə aid orijinal
fikirləri, zövqü
özünü göstərir.
Zövq məsələsindən danışmışkən
bir məqamı xüsusi vurğulamalıyam. Təxminən 2000-ci illərin əvvəllərində
mətbuata yeni dərgi gəldi,
"El" jurnalı. Bu jurnalda ilk olaraq
diqqəti çəkən
məhz yüksək zövq və orijinallıq idi. Həmin dərginin səhifələrindən
boylanan məhz Günelin qeyri-adi yanaşmaları idi, çünki dərginin redaktoru o idi. Sonralar bu dərgiçiliyi o,
"Pəncərə", "Ölkəm" jurnalları
ilə davam elədi və eyni zövq burada da nəzərə
çarpırdı. Günelin
zövqündən danışanda
musiqişünas-alim, AMEA-nın
həqiqi üzvü,
professor Zemfira Səfərova,
yəni Günelin anasının "Ardı
yaşanılır" xatirələr
kitabı yadıma düşür. Orada Zemfira xanım
qızının Parisə
səfərini öz həyatının əlamətdar
hadisəsi kimi yazır. O yazır ki, Günel zövqlü qızdı və Parisə, dünyanın gözəllik
paytaxtına səfəri
çox mühümdü.
Görünür, məhz Zemfira
xanımın qızına
bu cür münasibəti, onun Qadın kimi yetişməsi üçün
zəhməti öz bəhrəsini verib.
Eyni zamanda, Günelin özünün müasirliyi,
XXI əsrin adamı olması da vurğulanmalı məqamdı.
Çağdaş zaman qələm
adamından orijinal təqdimat gözləyir.
Sadəcə yazmaq yox, həm də bunu oxucuya necə
təqdim etmək məsələsi önəmlidir.
Zənnimcə, bu sahədə
öz əsərlərini
belə orijinal təqdim edən ikinci bir yazıçı
yoxdur ölkəmizdə.
Günel
müxtəlif sənətlərin,
musiqinin, rəssamlığın,
ədəbiyyatın sintezi
ilə son dərəcə
qeyri-adi layihələr
edir və bu cür təqdimat
ədəbiyyatın təbliğinə
xidmət göstərir.
Onun əsərlərinin sevilən
aktyorlar tərəfindən
səsləndirilmiş audio versiyaları xeyli populyarlaşıb, Xalq artisti Fəxrəddin Manafovun səsləndirdiyi
"Ataya" hekayəsi
isə internet mediada dinlənilmə sayına görə rekordları aşıb.
Bugünlərdə Xalq yazıçısı
Anarın Dillər Universitetində tələbələrlə
görüşü oldu
və gənclərin
sualları içərisində
Təhminə haqqında
fikirlər, suallar üstünlük təşkil
edirdi. Məncə, bütün bu illər ərzində Anar müəllimə ən çox ünvanlanan suallardan biri də budur
ki, nə deməkdi Altıncı mərtəbə, beşmərtəbəli
evin altıncı mərtəbəsi ola bilərmi? O da cavab verir
ki, ola
bilər, Təhminədir
Altıncı mərtəbə.
O mərtəbəyə yalnız
Təhminə qalxa bilib. Elə həmin görüşdə
tələbələrə Günelin "Altıncı"
povestini oxumağı
məsləhət gördüm
və özüm təkrar bu əsərə nəzər
salanda anladım ki, altıncı mərtəbə təkcə
Təhminə deyil, həm də Güneldi. Çünki o, Təhminəylə bərabər ora qalxıb, onu anlamağa çalışıb
və gözəl bir əsər yazıb, əslində, öz Təhminəsini yaradıb.
Bu gün Günel
Anarqızı öz yaradıcılığı ilə
yanaşı, həm də ictimai işləri ilə seçilir. Bakının ən böyük
kitab mağazasının
- Bakı Kitab Mərkəzinin rəhbəri
kimi gördüyü
işlərlə şəhərimizin
mənəvi həyatını
zənginləşdirir. Bu cür müasir, qeyri-adi dərəcədə
gözəl, zəngin
bir kitab mərkəzinin şəhərimizdə
tikilməsi, istifadəyə
verilməsi dövlətin
ədəbiyyata, kitaba
münasibətinin, yeni
gələn gənclərin
yetişməsi üçün
əməyini əsirgəməməsinin
göstəricisidir. Günel Anarqızı
kimi ziyalı bir xanımın bu mərkəzə rəhbərlik etməsi isə başqa bir üstünlükdür.
Yazı boyu vurğuladığım
zövq, qeyri-adi peşəkarlıq mərkəzin
fəaliyyətində, burda
keçirilən tədbirlərin
səviyyəsində də
özünü göstərir.
Və elə bu ədəbiyyata,
kitaba münasibət,
gerçək sənətin
təbliğatı üçün
çabalar da Günelin nəslindən gələn mübarizədir.
Rəsul Rzanın, Nigar xanım Rəfibəylinin, Anarın,
Zemfira Səfərovanın
yolunun davamıdır.
Və sevindirici haldır ki, bu gün Günelin
qızı Dəniz də müasir texnologiyalardan, sosial şəbəkələrdən istifadə edərək çağdaş formada bu maarifləndirmə işini davam etdirir, gənc analara öz məsləhətlərini verir,
onlarla görüşür,
bölüşür. Və elə
Dənizin fəaliyyəti
də anasının yaradıcılığının davamı kimi qavranır.
Bu gün
Günel Anarqızının doğum günüdür.
Esse boyu
sadaladığım bütün bu işləri, fərqli orijinal
layihələri düşünəndə adama
elə gəlir ki, bunlara
ömür yetməz. Amma reallıq budur ki, onları edən, bunlara imza atan
gənc bir xanımdır. Və bu mənada bizim hər birimizin haqqı var ki, ondan bu
yazıların, dərgilərin, layihələrin
davamını istəyək, davamını gözləyək.
Elə bu DAVAM arzusu isə
Günel xanımı təbrik edir, yeni yaşında uğurlar diləyirəm.
PƏRVİN
525-ci qəzet.- 2019.- 6 mart.- S.7.