"Bir qələmdi,
bir ağ dəftər,
bir ömür"...
"Pəncərəmin pərdəsini havalandıran
rüzgar..." - Ləman
Sam oxuyurdu. Mən də pərdəsiz
pəncərəmdən rüzgarın
ağaclara sığal
çəkməsinə baxırdım.
Ürəyimdən elə
keçirdi ki, kimsə gəlsin, bir şeir söyləsin,
ruhuma sığal çəksin...
Ruhumda düyünlənən "gəl"
sözünün tilsimini
qırmağa gəlirdi
o... Yoldaydı... Yadımdadı,
bir dəfə də gəlişini gözləyirdim, dilimdən
yollara qarğış
çıxmışdı: "Sən gedən yollara elə söymüşəm, Abrı
olsa, bir də adam
aparmaz!" demişdim.
Hə, mən yollara söymüşdüm...
Onları əzizləmək,
bağrıma basmaq yerinə, bildiyim bütün diləgəlməz
sözləri nəfəsimlə
üfürmüşdüm yollara sarı...
Sədnik
Paşa Pirsultanlı deyirdi, "özümdən
keçir bu yollar, sözümdən keçir bu yollar"... Əkbər Qoşalı da "Mən yollarda ölər olsam, ya yolçu, "yol sağ olsun,
olan işdi" deyərsən..." - söyləyir...
Barmaqlarımın ucunadək qəriblik
yaşayıram rəhmətlik
Sədnik Paşanın
da, Əkbər müəllimin də misraları önündə...
Mənim
yollara olan qəzəbim sevgimdəndirmi?
Yoxsa, bu iki insanın
yolun mistikasına olan heyranlığından
bir damcı da olsa oğurlamağa
çalışmalıydımmı?
Yox! Mən bir ovuc yuxu
payıydım Sədnik
Paşa və Əkbər Qoşalının
şeir dünyasındakı
yollarda... Mən yolları bilərzik
edib biləyimə dolaya bilmişdim, mən yolların bəzənməsini yarımın
gəlişinə bağlaya
bilmişdim, amma heç vaxt ürəyimi yolçu etməmişdim. Bunu
bacarmaq üçün
gərək "Ürək
daşı"nı oxumalıymışam:
Mən yol gözləyirəm, yol məni deyir,
ürəyim yoldadı,
ürəyim yolçu...
Bütün cığırlar ya yolların ulusu, ya da balasıdır. Bu gün
bir cığır da yanağımda vardı, yolçusu da bircə damcıydı...
Mən gələnimi
gözləyirdim... Və
şair İbrahim İlyaslının "Ürək
daşı"na yazdığı ön sözü oxuyurdum: "Əkbər Qoşalı imzası təkcə Azərbaycan oxucusu üçün deyil, ümumtürk coğrafiyası
üçün bəlli
və sayğı duyulan bir imzadı".
Yaşamaram künc-bucaqda onun-bunun
eşqinə!
Yaşayaram TURAN adlı bir
acunun eşqinə!
- deyən bir
adamla hansı soydaş qürur duymaz ki?
***
Yaddaşıma etibar etmirəm; məni yarı yolda qoymağı çox olub. Hələ utandırmağını
demirəm; bəlkə,
milyon dəfə edib bu "həyasızlığı".
Amma yenə də gözlərimi qıyıb
xatırlamağa çalışıram.
Deyəsən, 2015-ci il idi. Könül Aydın
Nehmət Əkbər
Qoşalının şeirləri
haqda qeydlərini, deyəsən, "Türküstan"da
çap etdirmişdi.
Məndən öncə anam
oxumuşdu o yazını.
Həmin gün işdən gələndə
anam məni iki misrayla qarşı-lamışdı:
Səni
varlığıma ac qoyacağam,
daha xatirəmi yavanlıq eylə.
Gülümsəmişdim... Anam isə kövrəlmişdi,
"Əkbər Qoşalı
da bilirmiş yavanlıq nədir..."
- demişdi...
Anamın o günkü heyrəti illərin arxasında qalıb, amma mən onu bu
gün anladım. Tanımadığı
rəssama "sən
fırçan!" deyə
and yeri qoyan bir ruh adamının
kəkotu çayından
dəli olmağı tarixin yaddaşında cücərən nadir duyğulardandır...
Kəkotu
çayının
odanı başına
götürmüş
ətrindən
dəli olmağı gəlir adamın;
Əlimdə şeir dəftəri...
Sonra da oturub Qoşa kəndinin addım atmağa hünər istəyən dolaylarını,
dağın yamacında
yumrulanıb yatan evlərini düşünürəm. Şairə
haqq verirəm, şairliyin sinonimi kimi yaşadığı
dəliliyə təslim
olmağa dağlar qoynundakı kəndin havası da bəsdi...
"Dillər var
- adımı təzə
saxlayıb..." deyir
Əkbər Qoşalı. Düz deyir! Amma "qarımış arzusu" olanı nahaq danlayır. Axı, onun təbirincə desək, hamı "eşqin əlinə havayı düşmür"... Nə
də hamı "qara günlərin ağ ömürdə axşamladığı"nı
görmür...
Külüngümü-söz mülkümü,
Fərhad
kimi alıb ələ,
Mən də bir arx
çəkəcəyəm
ürəyindən
ürəyimə...
Əkbər müəllimin hələ
tələbəliyin ilk illərində
külüngü - söz
mülkü ilə Fərhadlıq etməyə
hazır ikən, külüngsüzləri düşünmüşdümü,
görəsən?
***
Dəhlizdən ayaq səsləri gəlir. Bütün diqqətimi toplayıb
dinləyirəm. Səslərin
otağımın qapısına
yaxınlaşmasını istəyirəm... Amma yox... Qonşu otağın qapısı
cırıltıyla açılıb
örtülür. Səbrim
tükənir... "Gələndə ona nə deyəcəyəm?"
- sualı gəlir ağlıma. Ehtimalları
sıfırlamaq bir udum su içmək
kimidir. Əsl hünər, qarışıq
ehtimalların içindən
ruhuna yaraşanı seçməkmiş...
***
Bəzən, "bu gün
son gün olsa..." deyə düşünürük...
Hamımız düşünürük bu cür, gizlətməyə
ehtiyac yoxdur. Və o sonu müxtəlif formada xəyal edirik. Əkbər Qoşalı üçün
son Nuh əyyamından
qalma ehtimalmış:
"Bir gün bassa su dünyanı,
Nuhmu ollam, Ağrıdağmı?" - deməsi onun sona inanmadığını
sübut edir. Demək, şair üçün sonlar həmişəyaşıldır.
Nakam şair
Hamlet Kazımoğlunun 25 yaşına
dediyi şeirdə də Əkbər Qoşalının sona fərqli baxışını
görmək olur. Bu dünyadan
duyğularını yığışdırıb
gedən bir şairdən geriyə qalanların kiminsə könül bağçasının
ilk qızılgülləri olduğunu anlamaqda gecikməyib şairin şair dostu...
50 yaşın yarısında
qazancın yarımçıq
kədərdi,
yarımçıq sevinc
Və bir də yarım kitablıq şeirin.
Yarım
kitablıq şeir bütöv yaşantıların
ilk səslənişi ola bilər... Kim bilir?! Axı,
şair olmaq da Tanrı ərməğanıdı,
alın yazısıdı...
"Elə bil
anadan bir doğulmuşuq, özümü
kağızdan ayırammıram"
- deyən Əkbər
Qoşalı üçün
bunu anlamaq çətin olmayıb.
Elə ona görə də əmindir ki, "Bir qələmdi, bir ağ
dəftər, bir ömür: bu yığvaldı, elə-belə
gəlməyib"...
***
Yenə
baxıram boz buludun çiyninə... Yenə göndərirəm
fikirlərimi şeiriyyətin
İrəm bağına...
Çoxdandı, bir şeir
pıçıldamadığımı xatırlayıram. Üşüyür
əllərim... Nəfəsimlə
isidirəm və bu dünyanın bütün dərdlərini
bir şeirə qurban etməyə hazır olduğumu anlayıram... Yenidən oxuyuram "Ürək daşı"nı... Üşüyən əllərim isinən
ruhumun qarşısında
utanır.
Şairlər yanar-qovuşar:
yandı şam,
yandı pərvanə...
Sübh
ölər, axşam qayıdar,
şamlar, dörd
yanı pərvanə.
Təsəllim olan iki misranı isə ucadan oxuyuram:
Danışmağa söz qalıbsa,
şairə və şeirə şükür!..
"Ölümsüzlər" filmində
Zevsin insan oğluna dediyi sözləri xatırlayıram:
"Önəmli olan
həyatı necə gəldi yaşamaq deyil, doğru şəkildə yaşamaqdır"...
Özümə haqq qazandırmaq
istəyirəm ki, mən həyatımı mənalı yaşayıram.
Yenə fikrim dəhlizə köklənir;
qapının o üzündəki
sükuta nifrət edirəm... Gözlədiyim
addım səsləri
eşidilmir...
Qəhərlənmək istəmirəm daha, ürəyimi "Ürək daşı"na söykəyirəm...
Və bu an üçün məni ifadə edəcək şeiri, nəhayət ki, tapıram:
Qadınlar oğul gətirir
bu dünyaya,
kişilər şeir...
Qadınlar şeir oxuyur,
kişilər qadınları.
Qadınlar beşik yürgələyir
-
gələcək arzulu körpə beşiyi,
kişilər keçmişdən qalma bir dərd.
Qadınlar türkü deyə-deyə bayraq tikir,
kişilər bayraq uğrunda gedir.
Qadınlar xalı toxuyur,
sərmək üçün yarı gələn yollara.
Kişilər yollar açır
yalçın qayalardan,
el sarı gələn yolları.
Qadınlar gözəl olur,
kişilər gözəl sevgili,
sevgiləri nur kimi titrəyir,
qadınların üzündə,
Sevilənlər gözəlləşir -
sevgilər itməyir.
Qadınlar da ölür, kişilər də,
qadınları tabuta qoyurlar,
Kişilərsə
ölməmişdən öncə,
özlərini bir qadın bətninə
qoyub gedirlər.
Qadınlar kişilərin çiynində gedir,
kişilər qadınların göz yaşında...
Qapı açılır, gözlədiyim gəlir... Üzündəki işıqdan, baxışından anlayıram ki, məni aparmağa gəlib. Kədərim, darıxmağım, qəhərim təbəssümündən asılıb intihar edir...
Əkbər Qoşalının dediyi
kimi, bəzən "təbəssümlərin
bir dünya olduğu"nu
anlayıram...
Şəfa VƏLİ
525-ci qəzet.- 2019.- 6 mart.- S.8.