Xəbərim olmur
Kədəri ürəyində,
Sevinci gözlərində
Yaşadan qızım.
Uzaq İsveçrədə,
Yad küçələrdə
Gözlərin dolanda
Xəbərim olmur...
Deyirlər, cənnətdir
İsveçrə...
Cənnət də olsa,
Qürbətdir
İsveçrə!
Oranın dağlarına çən düşəndə
Xəbərim olmur.
Sənin saçlarına dən düşəndə
Xəbərim olmur...
Zəncir
Deyirlər ki, qürbət
eldə
bir
nəfəri baban bilib
qucmusan.
Göyərçintək qanad açıb
qucağına
uçmusan.
Sənin
baban mənəm, quzum,
iki
yaşlı çiçəyim,
Şəkillərdə böyüyənim,
Mənim Nurum, göyçəyim...
Sənin
baban mənəm, canım,
səndən
uzaq qalmışam,
Ayrılığı zəncir kimi
boğazıma
salmışam.
Bu zəncirin biri Qərbdə,
Biri Şərqdə qalıbdır.
Bu zəncirin hər həlqəsi
Sizi məndən,
Məni sizdən alıbdır.
Sənin
baban mənəm, quzum,
İki yaşlı çiçəyim,
Şəkillərdə böyüyənim,
Mənim Nurum, göyçəyim.
Payız gəlib...
Payız
gəlib,
Ağaclara həsrətlə baxıram
Məndən çox yaşayacaq deyə.
Düşüncələr içində anlayıram:
Onlar da məhkumdur ölməyə.
Binalara həsrətlə baxıram,
Məndən çox yaşayacaq deyə.
Uçulub-dağılan binaları anıram,
Onlar da məhkumdur ölməyə.
Bu dünyada nə varsa -
canlı,
cansız...
Doğulur, yaşayır, ölür.
Bu dünyada nə varsa-
canlı,
cansız...
Əvvəl-axır torpaqlara gömülür.
...Bağışla məni,
- çörəyini,
südünü,
nemətini
yediyim
yenicə
doğulan uşaq...
Bilirəm, günahkaram,
Mən getməliydim,
Sən gəlməmişdən qabaq!
Səma olmaq istəyirdim
Səma
olmaq istəyirdim,
bir əlçim bulud da olmadım.
Gur səslənən nəğmə
olmaq istəyirdim,
sükut da olmadım.
Dağ olmaq istəyirdim, uca dağ,
bir ovuc torpaq da olmadım.
Ağac
olmaq istəyirdim,
qollu-budaqlı ağac,
Yarpaq da olmadım.
Adicə insan oldum.
Qocaldım, yaşa doldum.
...Amma necə xoşbəxt olardım:
Səma olmaq istəməsəydim.
Nəğmə olmaq istəməsəydim.
Dağ olmaq istəməsəydim.
Ağac olmaq istəməsəydim.
Sən qapını bağlama
Taleyimi dərd dağladı,
Qəlbim
ağladı-ağladı,
Qapımı fələk bağladı,
Sən qapını
bağlama.
Taxtdan düşdüm, sındı
qolum,
Yoxa çıxdı sağım,
solum,
Qıfıllandı ömür yolum,
Sən qapını
bağlama.
Əlim
tutmur yazı yazım,
Kökdən düşdü telli
sazım,
Qışa döndü güllü
yazım,
Sən qapını
bağlama.
Telefonum
susur, dinmir,
Dostlarım gözə görünmür,
Qapımdan bir adam
girmir,
Sən qapını
bağlama.
Gözlərim bomboş varaqda,
Sözüm dondu dil-dodaqda,
Açarım bağlı otaqda,
Sən qapını bağlama...
Göz yaşımdır
Həkim
iynəni gözümün
içinə
Batırdı.
Elə bildi ki, məni
Yatırdı.
Yox, həkim, mənim gözlərim
Elə şeylər görüb ki, həyatda
Çətin yata.
Buna şahid yaşımdır.
Sənin
güclə parçaladığın
Daşa
dönmüş o mirvari
suyu
Daş deyil,
Mənim
kişiliyimdən utanıb
Bugünəcən ağlamadığım
Göz yaşımdır.
Dəniz
sevindi
Dəniz
qüssəliydi bu səhər
Günəşdən süzülən
zər,
Sinəsində şütüyən qayıqlar.
Sudan sıçrayan balıqlar
da
Sevindirmədi onu.
Gözü də görmürdü
Ayaqlarını sığallayan yosunu...
Birdən
sahildə bir
Gözəl göründü.
Sahil nura büründü.
Qız incə ayaqlarını
Toxundurdu
dənizə .
Bənövşə gözlərinin
zəri
Suya səpələndi,
Dəniz ləpələndi.
Mavi qollarını
geniş açdı.
Qucaqladı qızı,
Yandı
ürəyinin eşq
ulduzu,
Ruhu dindi...
Dəniz
yaman sevindi,
Dəniz
yaman sevindi...
İynəli-iynəli
İynə üstə yaşayıram,
Özüm iynəli-iynəli.
Göz tikmişəm bu yollara,
Gözüm iynəli-iynəli.
Ömur
qısa, qürub yaxın,
Dərddi
gəlir axın-axın,
Ürəyimi yarın, baxın,
Sözüm iynəli-iynəli.
Pusqudadır zalım əcəl,
Gedəcəyik axır-əzəl,
Hey dözürəm, ömrüm
xəzəl,
Dözüm iynəli-iynəli.
Qövr
eyləyir qəlbdə
yaram,
Qəm yükünü daşıyıram,
Qış fəslimi yaşıyıram,
Yazım iynəli-iynəli.
Hər şey gedər, hər şey bitər,
Bu qaydadır, gələn gedər,
Hədər keçdi, ömrüm hədər.
Baş daşıma son sözümü
Yazın iynəli-iynəli.
Bu, Aqşinin son sözüdür,
Ölüm-həyatın özüdür,
Məzar
yerim qəm közüdür,
Qazın
iynəli-iynəli...
Yaraşır
Baş-başadır uca dağlar, yamaclar,
Bu dağlara çoşğun
selim yaraşır.
Yam-yaşıldır çəmənlərim,
düzlərim,
Bu düzlərə qızıl
gülüm yaraşır.
Hər obaya öz ləhcəsi,
öz sözü,
Hər ocağa öz alovu, öz közü,
Torpağımı qorumağa el gözü,
Vətənimə ana dilim yaraşır.
Ay Allahım, açan güllər solmasın,
Həyat
nəhrim göz yaşımla dolmasın,
Müzəyyənsiz bircə günüm olmasın,
Onsuz mənə
ancaq ölüm yaraşır.
Bundan sonra ayrılmayaq...
Müzəyyənə
Düz bir aydır ayrılmışıq,
Sən də, mən də tək qalmışıq,
Bu bir ayda qocalmışıq,
Bundan sonra ayrılmayaq.
Qış fəslində bahar
çağım,
Ömrüm boyu dərd ortağım,
Gecə-gündüz nur çırağım,
Bundan sonra ayrılmayaq.
Dost varsa da, sirdaş
deyil,
Qonum-qonşu yoldaş deyil,
Yaşımız da o yaş deyil,
Bundan sonra ayrılmayaq.
Taleyimə sənsən dayaq,
Gecələri qaldım oyaq,
Yetim qalıb bu ev, ocaq,
Bundan sonra ayrılmayaq!..
Bundan sonra ayrılmayaq!..
Sənə qurban
Sevgimizin
əlli yaşı,
Gözlərimin donuq yaşı,
Sənə qurban!
İlk baharın çiçəkləri,
Qızıl gülün ləçəkləri,
Sənə qurban!
Axan sular, şəlalələr,
Bağrı yanıq al lalələr,
Sənə qurban!
Göy dənizin ağ
ləpəsi,
Qağayının ağlar səsi,
Sənə qurban!
Səma,
yağış, tufan,
sükut,
Göy üzündə üzən
bulud,
Sənə qurban!
Həm dünyamız, həm bu həyat,
Bütün varlıq - bu kainat,
Sənə qurban!
Sənə qurban!
Sənsiz olmayım
Günəş yandırsın düzü,
Qalmasın çiçək izi.
Razıyam.
Çəmənsiz olum,
Sənsiz
olmayım!
Qurusun yazan əlim,
Yazı yaza bilməyim.
Razıyam.
Qələmsiz olum,
Sənsiz
olmayım!
Qürbətdə yaşayım mən,
Hey deyim: "Vətən, Vətən".
Razıyam.
Vətənsiz olum,
Sənsiz
olmayım!
Ruh uçarsa bədəndən,
Demək yaşamaram mən.
Razıyam.
Bədənsiz olum,
Sənsiz
olmayım!
Yarpaq ömrü
Yamyaşıldı əyni, donu,
Taleyinə yağdı dolu,
Gün gəldi ki, çatdı sonu,
Yarpaq öldü,
gül yaşadı.
***
Yarpaq suyu gülə verdi,
Özü soldu, gül dirildi,
"Mən gedirəm, yaşa" dedi,
Yarpaq öldü,
gül yaşadı.
***
Yarpaq bildi gül də solur,
Ömür birdəfəlik olur,
Yeni çiçəklər doğulur...
Yarpaq öldü,
gül yaşadı.
***
Vəfazısdır qoca dünya,
Ruh özü də yalan röya,
Təsəllidir bu da guya,
Yarpaq öldü,
gül yaşadı.
***
Mən yarpağam, sənsə çiçək,
İstəmirəm birdən köçək,
Sən çox
yaşa, gözəl mələk.
Qoy silinsin könül yasın,
Yarpaq ölsün,
gül yaşasın!
Aqşin BABA
525-ci qəzet.- 2019.- 6 mart.- S.7.