Fikir adamı - İzahlı esse

 

GÖRKƏMLİ TEATRŞÜNAS-ALİM CƏFƏR CƏFƏROVUN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNUR

 

 

O danışmağa başlayanda, biz susurduq... Biz, yəni onun tələbələri...

Özümüzü onun tələbəsi adlandırmaq şərəfinə nail olduğumuz məqamda da: o danışmağa başlayanda biz susurduq... Sonra onunla həmkarlıqda bulunmaq səviyyəsinə yüksəldik, amma yenə də: o danışmağa başlayanda biz susurduq...

Görkəmli rus-sovet teatrşünası, professor A.Anastasyev Bakıda Xalq yazıçısı İlyas Əfəndiyevlə görüşərkən "Azərbaycan teatrı xoşbəxtdir ki, onun Cəfər Cəfərov kimi tənqidçisi və himayədarı var" demişdi ("Ədəbiyyat və incəsənət" qəzeti, 15 sentyabr, 1989-cu il). Moskvada yaşayan teatrşünas dostumuz Adilə xanım Səfərova bizlə arabir görüşəndə heyrət qarışıq qürurla deyirdi: - Paytaxtın ən mötəbər elmi məclislərində O danışmağa başlayanda hamı - kiçik elmi işçilərdən tutmuş sovet sənətşünaslığının "ağır topları"na qədər hamı susurdu...

... Özü də susmağı bacarırdı. Amma Onun susmağı başqa susmaq idi. Həmsöhbətini həvəsləndirici səbr və həvəslə dinlədiyi zaman susmağını demirəm, təlqinedici nitqinin ən maraqlı yerində birdən, sanki gözəgörünməz bir divara dirəndiyi kimi, əvvəl təəcüblə, sonra isə yorğun dözümlə bir müddət susub, yalnız ona bəlli olan mətləbdən vaz keçərək sözünə davam edərdi...

Onun susmağı bizlərə bəzən dediklərindən daha maraqlı..., daha cəlbedici görünürdü, amma o zamanlar cürət edib Ustadımıza susmağı haqqında suallar verməzdik. Əslində, heç sual verə bilməzdik də: ağlımız hələ çox şeyi kəsmirdi, yalnız və yalnız DUYURDUQ... Duyurduq, təxmin edirdik ki, bu adam susduğu anlarda bizlə eyni ZAMANda var deyil... haralardasa... ZAMANın başqa ölçülərində... başqa kəsiklərində görüb-anladıqlarından danışa bilmir. Uzun illər keçməliydi ki, o zaman ovsunlu, sehrli görünən halların əsl mənasını anlayaq: bu, Allahdan və təbiətdən nadir şəxslərə bəxş edilən ZAMANIN İÇİNDƏ bulunaraq hər şeyi - olub-olanları, olacaqları aydın, necə var, kateqorial dillə desək, adekvat görmək bacarığı, VERGİsidir.

Qədim kitabələrin birində deyilir ki, çoxlu bilgidə çoxlu kədər var, odur ki, bilgilərini artıran eyni zamanda, kədərini, qəmini, ələmini artırır. Atalar da deyib ki, çox bilən çox danışmaz.

Amma O, həm alim idi, həm müəllim, odur ki, həm bilgilərini artırmalıydı, həm də bildiklərini tələbələrinə ötürməli, yəni çox danışmalı idi. Və indi - uzun ZAMAN məsafəsindən anlayırıq: məhz buna görə USTADımızın bütün sözlərində xəfif kədər sezilirdi, məhz bu səbəbdən danışığının ən şirin, ən maraqlı yerində O, birdən susurdu...

İndi mənə elə gəlir ki, USTADımız susduğu məqamlarda var olduğumuz XX əsrin 70-80-ci illərindən bu günlərin, yəni XXI əsrin əvvəllərindəki milli mədəniyyət və incəsənətimizin hal və olaylarını... şəxsiyyətlərini... sənət əsərlərini... ideya və fərziyyələrini apaydın görürdü, amma açıq danışa bilmirdi, çünki hamı onun kimi ZAMANın içində deyildi - çaşa bilərdilər...

...Sonrakı ağlımızın imkanlarından bəhrələnərək böyük alim... görkəmli pedaqoq... həssas sənətsevər... maraqlı, cazibəli insan... dövlət xadimi... milli mədəniyyət və incəsənətimizin böyük təəssübkeşi və uzaqgörən yönləndiricisi CƏFƏR CƏFƏROVun susmaqla bildirdiyi məqam və mətləbləri bacardığımız qədər izah etmək cəhdində bulunub zamanın içində kiçik bir məntiqi-xəyali təcrübələr aparmaqla əziz xatirəsinə sayğı və minnətdarlığımızı bildirsək, zənnimizcə, azca da olsa borcumuzu ödəmiş olarıq...

ÖYRƏNDİKLƏRİMİZ

"... İnsan dünya haqqında bir çox əsas və vacib həqiqətləri beş yaşınacan öyrənir. Sonra yüz il yaşasa da, qalan 95 il onun bu ilk beşillikdə öyrəndiklərini, mənimsədiklərini, inanıb-inanmadıqlarını təstiq edir..."

ANAR. "SİZSİZ"

... ANARIN ZAMAN qarşısında "Sizsiz" adlı duyğusal bədii-sənədli hesabatını ilk dəfə birnəfəsə oxuyanda, təbii ki, qəhərləndim: öz əzizlərimi xatırladım... itkilərin acı izləri bir də təzələndi... çağdaş Azərbaycan milli mədəniyyət və incəsənətimizin bütün səciyyələrini, problemlərini, suallarını və bir çox cavablarını özündə yaşadan böyük SƏNƏTKARın ağrılarını bölüşdüm... RƏSUL BƏYLƏ NİGAR XANIMA dönə-dönə rəhmət oxudum...

ZAMAN həm də yaralara məlhəmdir, deyiblər. Növbəti dəfə "Sizsiz"i artıq sənətşünas gözüylə oxuyanda başqa, bəlkə də müəllifin heç nəzərdə tutmadığı mətləbləri sezməyə, öz problemlərimin inikasını görməyə başladım.

... Elm və sənət yolunun sıravi yolçusu olaraq bir çoxları kimi mən də bu möhtəşəm YOLa atdığım ilk addımlarımı çox yaxşı xatırlayıram və xalq yazıçısı Anarın sözlərinə azca düzəliş verib indi deyə bilərəm ki, bir çox əsas və vacib həqiqətləri CƏFƏR MÜƏLLİMdən beş il dərs aldığım zaman kəsiyində öyrəndim. Bir qədər bədiiləşdirib deyə bilərəm ki, "elmi uşaqlığım"ın ilk beşilliyində öyrəndiklərimi, mənimsədiklərimi bu günə qədər təsdiqləməyə çalışıram...

O ki qaldı inanıb-inanmamağa...

... Cəfər müəllim danışanda biz onun hər sözünə... hər yeni fikrinə - anlasaq da, anlamasaq da - şəksiz inanırdıq. Çünki onun dərsləri ənənəvi mühazirə üsulundan çox-çox uzaq idi: O, biz gənc tələbələrin qarşısında düşünürdü, düşündüklərini fövqəladə gözəl, səlis Azərbaycan dilində səsləndirirdi və bizdən cavab impulsunu alaraq tədricən qavrayışımızdan daha ali, daha mürəkkəb mətləblərin şərhinə başlayırdı. Çox həssas natiq idi: cavab impulsunun zəiflədiyini həmin andaca duyurdu, dodaqlarına güclə sezilən təbəssüm qonurdu və o, ustufca qavraya bildiyimiz səviyyəyə enirdi.

... Cəfər müəllim daim hərəkətdə, elmi dillə desək - arasıkəsilməz idrak prosesində idi və bu məqam onun dünyagörüşünü bütövlükdə təyin edirdi...

Elə ilk dərsdən O, bizlərə aşılamağa başladı ki, mədəniyyət və incəsənət olaylarını, konkret olaraq teatr sənətinin hadisələrini donuq halda deyil, yalnız və yalnız hərəkətdə, yəni PROSESDƏ dərk edib onu məhz bu mövqedən araşdırıb dəyərləndirmək olar.

Xatırlayıram ki, bu mövzunu açıqlayıb özünəməxsus bəlağətlə danışanda tez-tez susurdu. İndi dəqiq bilirəm ki, O, Azərbaycan milli teatr prosesi haqqında, hələ o vaxtlar düşünürdü, amma məlum səbəblərdən milli teatr düşüncəsinin bütün inkişaf mərhələlərini öz adıyla, necə var deyə bilməzdi... "Ümumtürk mədəniyyəti"... "mistik başlanğıc"... "İslam mədəniyyətinin dəyərləri"... "milli-etnik kontekst"... "milli azadlıq İDEALları"... və bu kimi bu gün az qala ritorik ştamplara dönmüş ifadə-anlayışları o vaxtlar Cəfər müəllim dilinə gətirə bilməzdi. O susurdu. Və bizə baxırdı. Sanki susduqlarının nə zamansa açıqlanmasını bizə vəsiyyət edirdi... Biz də inanırdıq ki, nə zamansa... kimsə bu mübarək işi görəcək. İnanmadığımız bir məqam da var idi: şəxsən mən inanmırdım ki, bu iş bizim yaş nəslinin payına düşəcək...

... "Teatr: seyr və sehr"... monoqrafiyamda Cəfər müəllimdən sitatlar o qədər də bol deyil, bunu mənə irad tutanlara deyirəm ki, elmi predmetimin qayəsini müəllimimin susaraq bizə ötürdükləri təşkil edib, susmağı isə sitata çevirmək müşkül işdir. Bunu yalnız poeziya bacarır: klassik yapon şeir forması olan xokkonun - dördlüklərin üçüncü misrası yoxdur, sükutdur... susmaqdır, amma şeirin "əsas və vacib həqiqətləri" məhz bu sükutda eşidilir...

Bu məqamda görkəmli dramaturqumuz İlyas Əfəndiyevin Cəfər Cəfərovun "Təklik faciədir" resenziyasına (bu gün biz sözügedən resenziyanı klassik resenziya nümunəsi hesab edirik) münasibətini sərgiləyən dəyərli fikirlərini yada salaq: "Mənim də yaradıcılığım C.Cəfərovun əsərlərində dərindən və həssaslıqla təhlil edilib. "Sən həmişə mənimləsən" pyesimin tamaşasından sonra Cəfər "Təklik faciədir" adlı resenziya yazdı. O məqaləni mən, ümumiyyətlə, öz dramaturgiyam haqqında ən dərin və dürüst təhlil sayıram. O yalqızlığa yabançı deyildi. Bəlkə elə bu hiss "Sən həmişə mənimləsən" pyesi haqqında o qədər ürəkdən yazmağına səbəb olmuşdur. Onun mülahizələrində həmişə qəribə bir sadəliklə ifadə olunan dərinlik duyulurdu. Ona görə də, onun tənqidi dərhal öz təsirini göstərirdi" (İlyas Əfəndiyev. "Ədəbiyyat və incəsənət" qəzeti, 15 sentyabr, 1989-cu il).

...Deyilənlərə görə bir dəfə, özü də yurd dışında milli mədəniyyət və mənəviyyat haqqında yüksək rütbəli bir əcnəbi ilə söhbət zamanı Cəfər müəllim adətini pozaraq susmadı, düşüncələrini bütövlükdə, necə var, daxili senzurasız danışdı... Azərbaycanın müstəqilliyi, azadlığı barəsində arzularını bölüşdü... Az keçmədi ki, Cəfər müəllim Moskvanın təzyiq və təkidiylə tutduğu yüksək vəzifədən uzaqlaşdırıldı... Bu haqda ondan soruşanda Sabirin misrasıyla cavab verdi:

- Öylə bilirdim ki, dəxi sübh olub... - deyə həmişəki kimi müəmmalı gülümsədi. Və susdu.

... Əminəm ki, Cəfər müəllim müstəqil Azərbaycanın bu bəxtiyar günlərini - söz və düşüncə azadlığı şəraitində yazıb-yaratdığımız XXI əsrin əvvəllərini görürdü. Özü də yenə də necə var görürdü. Əks təqdirdə, niyə bir dəfə iki-üç nəfər etibar etdiyi tələbələrinə yarıyasaq olan SƏMƏD MƏNSURun "Söyüşkən" satirik şeirini oxumuşdu?! O vaxtlar şeirin yalnız rədifi:

"Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün"

yadımda qalmışdı. XX əsrin bitəcəyində 1999-cu ildə Anarın hazırlayıb nəşr etdirdiyi "Min beş yüz ilin Oğuz şeri" antologiyasında bu şeiri tam oxuyanda Cəfər müəllimin uzaqgörməsi məni heyrətə, hətta qorxuya saldı. Şeirin birinci bəndini göstərmək kifayətdir ki, məsələ tam aydın olsun:

Söyüşün, görsənə şücaətiniz,

Söyüşün, vazeh ola qeyrətiniz,

Söyüşün, kəşf ola nəcabətiniz,

Söyüşün, artıq ola hörmətiniz!

Söyüşün, ey nəciblər, söyüşün!

Fəxri-millət ədiblər, söyüşün!

Şərhə ehtiyac varmı?..

BİLMƏDİKLƏRİMİZ

"...Zaman bizim bilə bilmədiyimiz, təsəvvür qabiliyyətimizdən çox-çox kənarda olan nəhəng məntiqi bir prosesdir. Bu proses həm də çox qorxulu, maddi bir əsas üstündədi və bəlkə də elə maddidir. Və ən əsası, hər şeyi həll edən odur..." (Afaq Məsud. "Daranmamış fikirlər").

...Qəribədir... Cəfər müəllimin kitabları çox deyil. Qəribəliyin birinci göstəricisi odur ki, Cəfər müəllimin bütün söylədiklərini kağıza köçürdüb onları kitab halında çap etdirmək imkanları həmişə olub. Bu imkanları həm də onun tutduğu vəzifələrin fəaliyyət şərtləri, məqsədləri diktə edirdi və bütün texniki məsələləri onun əvəzinə əlinin altında, tabeçiliyində olan "aparat" yerinə yetirə bilərdi.

Qəribəliyin ikinci göstəricisi odur ki, Cəfər müəllimin elmi irsini təşkil edən fundamental əsərlərdən onu maraqlandıran, dərindən düşündürən məsələlərlə tanış olmaq, demək olar ki, çox çətindir. Mən indi də bilmirəm, niyə Cəfər müəllim özü əsl alim simasını kitablarda tam əks etdirməyib? Mən indi də bilmirəm, nədən O, başqalarını yazmağa sövq edərək gətirdiyi olduqca tutarlı arqumentləri özünə şamil etməyib? Mən indi də bilmirəm ki, hansı əsaslara görə o, müəlliflik iddiasından qurtula bilirdi? Hamıya məlumdur ki, o, ideyalar generatoru idi və anlaşılmaz səxavətlə, hətta israfçılıqla ideyalarını paylayırdı! Sonralar Cəfər müəllimin bir çox inqilabi fikirlərinin, cəsarətli ideyalarının vaxtilə onun haqqında müntəzəm "ədəbi" və qeyri-ədəbi donoslar yazan, onu özünə rəqib bilən kəmsavad, iddialı, demoqogiyası yalnız həyasızlığıyla yarışa bilən bir üzdəniraq "alimin" "əsərlər"ində toplandığını gördük.

Cəfər müəllimin haqqında düşünəndə təəsüflə etiraf etməli oluram ki, onun sirrini aça bilmirəm...

Hərdən mənə elə gəlir ki, məndən ötrü mücərrəd və bir çox mənalarda şərti anlayış olan "ZAMAN" Cəfər müəllim üçün, Afaq Məsudun təbiriycə "maddi" varlıq idi, Cəfər müəllimin "ZAMAN"la münasibətləri mürəkkəb və "təsəvvür qabiliyyətimizdən çox-çox kənarda olan" ekzistensional müstəvidə gerçəkləşdirilirdi.

Deyirəm, bəlkə məhz bu münasibətlərin gözəgörünməz şərtlərinə görə Cəfər müəllim yazmağı deyil, daha çox danışmağı və... susmağı tərcih edirdi?!

Bilmirəm...

Afaq Məsudun bədii və publistik yazılarını oxuyanda bəzən sətirlərin arasından sanki Cəfər müəllimin mənə tuşlanmış baxışlarını görürəm - yəni ki, diqqət! Bu yer xüsusilə maraqlıdır! Müəllimin sözünə baxıb göstərilən parçanı bir də oxuyuram və... xatırlayıram ki, Afaq Məsudun açıq, cəsarətlə və məsuliyyətlə yazdıqlarını Cəfər müəllim eyham və ehtiyatla bizlərə deyirdi! Necə, hansı yollarla bütün bunlar zaman içindən Afaq xanıma ötürülüb?

Bilmirəm...

Bəlkə də, bilməməyim məsləhətdir, yoxsa hər şey adiləşər, sirli-sehrli ətrini itirər, belə yaşamaq isə, razılaşın ki, maraqsızdır. Qoy Cəfər Cəfərovla bağlı bəzi mətləblər elə qapalı qalsın. Zamanın içindən izn işarəsini görənəcən...

NƏ ETMƏLİ?

"... Olmaq, ya olmamaq? Sual budur, bu!..." Şekspir. "Hamlet"

Mənə elə gəlir ki, Cəfər Cəfərov üçün "hamletizm" yad idi...

Xalq yazıçısı Elçin "Cəsarət" adlı məqaləsində yazır: "Cəfər Cəfərovun (07.09.1914 - 19.09.1973) ölümündən on il keçdi. Biz on il də yaşlandıq. Dünya daha mürəkkəbləşdi. Elm, nəzəriyyə surətlə inkişaf etdi. Amma bu on ildə onun alim hünərinin, elmi irsinin əhəmiyyəti nəinki avazıdı, azaldı, əksinə, daha da artdı, böyüdü. Bu, 50 il sonra da belə olacaq... hər zaman belə olacaq, çünki söhbət böyük  şəxsiyyətdən və möhtəşəm elmi yaradıcılıqdan gedir".

"Hər şey tədricən yoxluğa doğru gedir: gənclik, cazibə, ehtiraslar qocalır və məhv olur... ölür. Yaşayan yalnız fikirdir və o kəs xoşbəxtdir ki, bu həmişəyaşar fikrin daşıyıcısıdır" (V.M.Şukşin).

 

 

Məryəm ƏLİZADƏ

Sənətşünaslıq doktoru, professor

 

525-ci qəzet.- 2019.- 6 mart.- S.4.