... Bir daha Ehsan xanın şairə
qızı Qönçəbəyim haqqında
Azərbaycan tarixinin qəhrəmanlıqlarla dolu səhifələrində
hünərvər qadınlarımızla yanaşı, Məhsəti,
Natəvan, Heyran xanım, Ağabəyim ağa, Aşıq Pəri
kimi şairə xanımlarımızın da şərəfli
yeri var.
Əzizə
Cəfərzadənin toplayıb tərtib etdiyi "Azərbaycanın
aşıq və şairə qadınları" kitabına
yazdığı ön sözdə şairə Nigar Rəfibəyli
Şərqdə qadının şairlik etməsinin necə
çətin zəhmət bahasına başa gəldiyini
vurğulayaraq yazır: "İslam Şərqində
yaşayan qadınların şairlik etməsi, sevgisini, nifrətini,
arzu və istəyini, bir sözlə, ürəyindən
keçənləri vərəqə köçürməsi
böyük hünər və cəsarət idi".
Məhsəti xanımın açdığı bu
cığırla yürüyənlərdən biri də
Naxçıvanda Xan ailəsində dünyaya gələn,
yazdıqlarında nakam məhəbbəti və acı
taleyindən çəkdiklərini misralara
pıçıldayan "romantik taleli" Qönçəbəyimdir. Qönçəbəyim
haqqında məlumata ensiklopediyalarda, ədəbiyyatşünas
Salman Mümtazın tədqiqatlarında ilkin məlumatlara rast
gəlirik, lakin bu yazılanlar yalnız məlumat xarakteri
daşıyır. Onun haqqında bir az
geniş məlumat isə mərhum tədqiqatçı Dilarə
Əliyevanın "Azərbaycan-Gürcüstan ədəbi əlaqələri"
monoqrafiyasında verilib.
Azərbaycan gürcü ədəbi əlaqələrini
tədqiq edən Dilarə Əliyeva gürcü şairi
Nikoloz Barataşvilinin məktublarını da tədqiqata cəlb
edib ki, bu məktublarda şairə Qönçəbəyim
haqqında məlumatlar öz əksini tapıb. Məsələn, Nikoloz
Barataşvili məktublarından birində dayısı
qızı Maiko Orbelianiyə Qönçəbəyim
haqqında yazır: "İndi Naxçıvanda
Qönçəbəyim adında on səkkiz yaşlı bir
qızın mahnıları məşhurdu. O, xan
qızıdır. Çox gözəl və
cazibədardır. Yazıq öz ərindən
çox yanıqlıdır. Ondan
ayrılmaq istəyir. Binəvanı on iki
yaşında ərə vermişlər. Əgər
onların həyatını bir bilsəydiniz, gözəl bir
romandır".
Məktubda adı keçən "12 yaşında ərə verilən" Qönçəbəyim Naxçıvanın sonuncu xanı Ehsan xanın qızıdır. Qönçəbəyim 1928-ci ildə, yəni Türkmənçay müqaviləsi bağlandığı, Şimali Azərbaycanın Rusiyanın tərkibinə verildiyi ildə Naxçıvanda dünyaya gəlmişdir.
Türkmənçay müqaviləsi ilə Naxçıvanın Rusiyaya verilməsinə baxmayaraq, Ehsan xan yenə Naxçıvanın xanı kimi öz hüququnda saxlanılmışdır. Çünki Ehsan xan da, atası Kalbalı xan da hər zaman Rusiyaya böyük rəğbət bəsləmişlər. Məhz bu rəğbətə görə Ağa Məhəmməd şah hətta Kalbalı xanın gözlərini çıxartdırıb. Ehsan xan rus zabitləri ilə dost olmuş, onları tez-tez evində qonaq kimi qəbul etmişdi. Bu qonaq-ların içərisində məşhur rus şairi və ictimai xadimi A.Qriboyedov, Azərbaycanın görkəmli şairi və ictimai xadimi Abbasqulu ağa Bakıxanov və gürcü şairi Nikoloz Barataşvilinin də adlarını çəkmək olar.
... Qönçəbəyimin həyatı və yaradıcılığı, təəssüf ki, hələ ki, ayrıca tədqiq edilməyib. Əzizə Cəfərzadənin tərtib etdiyi "Azərbaycanın aşıq və şairə qadınları" (1, 34) kitabında şairənin haqqında məlumat verilib və qeyd olunub ki, bu məlumat (adı çəkilən kitabda gedən məlumat) mərhum şairimiz Müzəffər Nəsirlidən alınıb. Dilarə xanım da Qönçəbəyim haqqında məlumatı Barataşvilinin məktubları və Müzəffər Nəsirli ilə Lətif Hüseynzadədən almışdır).
Lakin zaman-zaman Qönçəbəyim haqqında yazılan məqalələrə və bu yazılarda müxtəlif fikirlərə də rast gəlinir. Məsələn, 4 aprel, 2007-ci ildə "Şərq qapısı" qəzetində "Şairə Qönçəbəyim haqqında" adlı məqalə və tarix etibarı ilə bir az ondan əvvəl yenə "Şərq qapısı"ndakı (26 yanvar, 2007) "Birinci Kalbalı xan və onun hərbçi varisləri" adlı yazılarda bir-birini təkzib edən fikirlərə rast gəlinir. Yazının müəllifi, cəfakeş tədqiqatçı M.Quliyev uzun illərdir ki, kəngərliləri öyrənir. Onun "Şairə Qönçəbəyim haqqında" məqaləsi də bu maraqdan irəli gəlir. Məqalədə müəllif şairə Qönçəbəyim haqqında yeni tərcümeyi-hal faktları gətirməklə naməlum materiallara işıq tutmaq, bir konkret fikrə gəlmək cəhdində olmuşdur. Bu tədqiqatçının Tiflis və Moskva arxivlərindən götürdüyü sənədlər üzərində qurduğu konkret bir fikrə gəlmək inamından doğan haldır. Lakin məqalədə yeni faktlarla Qönçəbəyimin tərcümeyi-halına işıq tutmaq istəyində olan müəllifin cəhdlərində bəzi təzadlar var. Bu təzadlar nəinki publikanı, hətta ixtisas sahiblərini belə çaşdırır, qeyri-müəyyən bir qənaət (əgər buna qənaət demək olarsa) qarşısında qoyur.
Müəllif məqaləni demək olar ki, şairə Qönçəbəyimin tərcümeyi-halındakı şübhəli bir fakta həsr edir; Qönçəbəyim Ehsan xanın qızıdır, ya yox? - Çox sanballı təhlil işi aparan müəllif öz nəzərindəki qənaətə o qədər aludə olur ki, bəzən hansı fikirlər, məntiqi təhlillər üzərində nəticəyə gəldiyini unudur və yazıda çoxlu bir-birinə zidd qaranlıq hökmlər meydana çıxır.
Qeyd etdiyimiz kimi, məqalə şairə Qönçəbəyimin tərcümeyi-halına həsr olunduğundan şairənin həyatı daha çox diqqət mərkəzinə keçir və müəllifin nə yeni fikir deyəcəyi xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçı indiyəcən haqqında az danışılan qaranlıq, qeyri-dəqiq məlumatlarla zəngin olan Xan qızı Qönçəbəyim haqqında yeni fikirlər irəli sürür. Elə fikirlər ki, bu faktlar ədəbiyyat tarixində indiyəcən şairə haqqında məlum olan məlumatlarda dönüş yaradacaq, keçmiş məlumatları alt-üst edərək daha kəskin qəti, yeni qənaət ifadə olunacaqdı. Ancaq ortaya çıxan təzadlı məqamlar, xüsusilə, məntiqi nəticəyə gəlmək üçün ortaya qoyulmuş fikirlər bir-birini tamamən təkzib edir, sonda ifadə olunan nəticəyə gəlmək üçün heç bir rol oynamır. Tədqiqatçı şairə Qönçəbəyimin Ehsan xanın qızı olub-olmaması haqqında faktlarını sadaladıqdan sonra tam aydın olurmuş kimi bu qənaətə gəlir: "Bax, beləcə hər şey aydın olur. Dilarə xanım da (tədqiqatçı Dilarə Əliyeva nəzərdə tutulur) şəkli Əsəd ağanın albomundan tapdığını yazıb. Deməli, şəkildəki Qönçəbəyim Əsəd ağanın bacısıdır".
Müəllifin faktlarından məlum olur ki, albomundan Qönçəbəyimin şəklinin tapıldığı Əsəd ağa Paşa ağanın oğlu olub. Paşa ağa ilə Ehsan xan da çox yaxın dost olublar və s.
Məqalədə bu qənaəti paylaşan müəllif unudur ki, bu sözlərdən bir az bundan əvvəl yazmışdı: "1983-cü ildə Qönçəbəyim haqqında ilk yazım dərc olunanda Rəşid xan Makinskinin oğlu Hafiz əmi (onu indi də Naxçıvanda hörmətlə yad edirlər) mənə dedi ki, "Oğul, Qönçəbəyim mənim nənəmdir".
Çox maraqlıdır, müəllif Hafiz əminin fikirlərinə vaxtı ilə inanmadığına görə peşmanlığını təəssüf hissi ilə ifadə edərkən fakta inam əks etdirmiş olduğu halda indi bu nəticəyə necə gələ bilib. Necə ola bilər ki, ağsaqqal Hafiz əmi Qönçəbəyimin ana nənəsi olduğunu (hər halda hər kəs öz nənəsini daha səhih tanıya bilər - L.Əsgərzadə), ancaq şəklin onun olmadığını ifadə edir, ancaq bu fakt qulaqardına vurulur. Gəlinən nəticədə isə şəklin səhihliyi və Əsəd ağanın bacısı olması faktı təsdiq olunur. Bundan başqa məqalədə; "Rəşıd xan Makinskinin oğlu Hafiz əmi mənə dedi ki, Qönçəbəyim mənim nənəmdir" - yazan müəllif, davam edərək bunu xüsusi olaraq vurğulayır: "Moskva arxivlərində işləyəndə".
Bununla da özü əvvəldə ifadə etdiyi fikrin əleyhinə getmiş olur. Müəllif unudur ki, bu fikirlərdən bir az əvvəl məqalədən; "Moskva arxivlərindəki sənədlərdən Lalabəyimin Şükür xan Makinskinin həyat yoldaşı olduğunu", "Şükür xan Makinsikinin Ehsan xanın kürəkəni olması"nı öyrənirik.
Deməli, Moskvadakı sənədlərdən "Şükür xan Makinskinin Ehsan xanın kürəkəni olması" faktı bir daha təsdiqlənmiş olur, ancaq bu dəfə də daha təzadlı bir vəziyyət ortaya çıxmış olur. Əgər "Moskva sənədləri təsdiq edirsə ki, Ehsan xanın qızı Lalabəyim Şükür xan Makinskinin həyat yoldaşıdır" bəs, Qönçəbəyimin Rəşid xan Makinskinin oğlu Hafiz əminin nənəsi faktı haradan çıxdı? Bəlkə elə, Qönçəbəyim Lalabəyimin şair təxəllüsüdür, təbii ki, bu da bir ehtimaldır.
El arasında Xan qızı kimi tanınan Qönçəbəyim necə olur ki, "Əsəd ağanın bacısı", "Paşa ağanın qızı", "Hafiz əminin nənəsi" ola bilir. Necə ola bilir ki, "Qönçəbəyim Ehsan xanın qızı deyil", amma "Şükür xan Makinskinin arvadıdır". O "Şükür xan Makinski ki, Ehsan xanın kürəkənidir".
Məqalənin lap əvvəlində sənədlərin dili ilə danışan müəllif həmçinin qeyd edir ki, "Çar Rusiyasının 1831-ci illərdə təşkil etdiyi elmi ekspedisiyaların hazırladığı siyahılarda Ehsan xanın iki qızının adı qeyd olunub. Sonabəyim və Lalabəyim".
Digər tərəfdənsə, təsdiq edir ki, "Nikolos Barataşvili səhv edə bilməzdi..." "Qönçəbəyimi Ehsan xanın sarayında görməsi", üstəgəl, əvvəl də qeyd etdiyimiz kürəkən faktları.
Müəllif öz fikirlərinin məntiqi nəticəsini daha da inandırıcı etmək üçün Qönçəbəyimin bizə məlum olan şəkli ilə də bağlı təhlillər aparır və fakt olaraq bunu da müzakirəyə daxil edir ki, "Şəklin altında "xanşa" yox "bekşa", yəni "bəy qızı" yazılıb. Həm müəllifin qənaəti belədir ki, əgər şairə Ehsan xanın qızı olsaydı, şəklin altında "xanşa" yazılmalıydı, daha niyə "bekşa" yazırdılar ki...
Əslində, gözəl faktdır, elə bir fakt ki, təhlillər adamı aparıb lap həqiqətin üstünə çıxarır, çünki altında "bekşa" yazılan şəkil Paşa ağanın qızının şəklidir. Ancaq müəllif sonda gəldiyi nəticədə yenə də özü də bilmədən özünü təkzib edir, suyu bir az da bulandırır. Bu dəfə isə müəllif əvvəl təhlil üçün ortaya qoyduğu problemləri nəzərə almadan yazır: "Bu adların (Lalabəyim və Qönçəbəyim - L.Əsgərzadə) ikisi də Şeyxəli xanın nəsil budağında vardır... Necə ola bilər ki, Şeyxəli xan kimi Ordubad xanı olan nüfuzlu bir şəxsin nəvəsinin şəklinin altından "xanşa" yox, "bekşa" yazılsın.
Göründüyü kimi, bu məntiqi mühakimələrlə müəllif heç bir qənaətə gələ bilmir. Halbuki tədqiqatçı adıçəkilən məqalələrdə öz qənaətlərini - "Qönçəbəyim Ehsan xanın yox, Paşa ağanın qızıdır" - fikrini inadla sübut etmək istəyir, lakin müəllif bu fikrində də səhih deyil. Belə ki, burada "Paşa ağanın mənsub olduğu Kəngərli - Vəkilovların nəsil şəcərəsində Qönçəbəyim adına tez-tez rast gəlinir" - deməsinə baxmayaraq, tədqiqatçının müəllifi olduğu Kəngərlilərinin nəsil şəcərəsi xəritəsində, o cümlədən, bu məqalədən əvvəl yazmış olduğu digər məqalədə şəcərə içərisində 1825-1840 ehtimalı olan Qönçəbəyimin yaşam dövrünə uyğun hər hansı bir fakt özünü göstərmir, Qönçəbəyim adına rast gəlinmir. Bu özü bir daha onu göstərir ki, müəllif öz tədqiqatlarında belə Qönçəbəyimi Şeyxəli xanın nəslindən olmasına aid ehtibarlı faktlar əldə etməyib, sadəcə ehtimal irəli sürüb və bu ehtimal isə məntiqi ziddiyyətlər üzərində yer alıb.
Maraqldır ki, müəllif əminliklə Ehsan xanın və övladlarının şəcərəsində Qönçəbəyimin adına rast gəlinmədiyini ifadə etsə də, sonra unudur. Unudur ki, bundan əvvəlki, "Kalbalı xan və onun hərbçi varisləri" adlı məqaləsində Mehdi ağa haqqında məlumat verərkən yazıb: "Kameral siyahıda bir qızı - Qönçəbəyim olduğu haqqda məlumat var".
Sadalanan faktlar bir daha onu göstərir ki, Qönçəbəyim adlı şairə qız Ehsan xanın sarayında olub, yaşayıb və orada şöhrətlənib, çünki Baratişvili Qönçəbəymi Ehsan xanın sarayında görüb. Tədqiqatçı da əmindir ki, "Barataşvili səhv edə bilməzdi." Bu isə onun ehtimallarından daha səhv, daha yanlış, milli mentalitet baxımından konkret olaraq XIX əsrin milli stereotiplərinə zidd bir mövqeyə gətirib çıxarır. Qönçəbəyimin Ehsan xanla hər hansı əlaqəsini təmin etməkdən ötrü hər bir ehtimalı dəyərləndirən müəllif bu ehtimalı da deməyə özündə haqq tapır: "Tbilisi arxivlərində maraqlı bir sənədə rast gəldim... Paşa ağa ilə Ehsan xan dostluq ediblər". Sonra müəllif Paşa ağanın Ağabəyim və Qönçəbəyim adlı qızlarının adını çəkdikdən sonra davam edir ki, "Həmin qızlardan biri Ehsan xanını oğlunun nişanlısıdır". Xatırladaq ki, az öncə "Bu adların: Lalabəyim və Qönçəbəyimin Şeyxəli xanın nəsil budağında da vardır... şəklində bəhs etmişdi".
Maraqlıdır, müəllifin sonda gəldiyi qənaət budur ki, "Qonçabəyim Ehsan xanın sarayında yaşasa da, onun qızı deyil, dostunun qızı və Ehsan xanın oğlunun nişanlısı olub. Xanın sarayında yaşasa da, xanın oğlanlarından heç biri onunla evlənməyib" və s.
Göründüyü kimi, müəllifin Ehsan xana olan ehtiramı onu o qədər öz təsiri altına salır ki, ona milli dəyərlərini pozmaq, özü kimi başqa bir ağanın namusu ilə oynamaq, hətta bu öz dostu Paşa ağa olsa belə, həmçinin, onun qızını öz evində saxlamaq, qonaqlara - Barataşvili kimi möhtəbər şəxslərə, təbii ki, daha kimlərə... öz qızı kimi təqdim etməyə yol vermişdir. Belə olduğu təqdirdə rütbəsinə, adına yaraşmayan əməlləri Ehsan xanın adına yazmaqla onun şəxsiyyətini kölgə altında qoymağa nə lüzüm var?
Fikrimizcə, bu Ehsan xana yaraşan bir hərəkət olmazdı, yəni hər kim olursa olsun, Xan bu yola gedə bilməzdi, getməzdi. Sözügedən qarşı tərəf özü də, Paşa ağa nüfuzlu, mövqeli bir nəsil idi. Digər tərəfdənsə, əgər xan belə bir işə qol qoymuşsa, bunu nə dərəcədə həmin dövr ənənələrinin nə qədər imkan verib verməyəcəyini etnoqraflara həvalə etsək daha doğru olmazmı?
Beləliklə, hətta əcnəbilər tərəfindən "Bütün varlığı başdan-başa poeziya" olan bir xanım kimi qiymətləndirilən, gözəl, incə ruhlu şairə Qonçabəyim haqqında yazılan, deyilən fikirlər haçalanır, müəmmaya dönür, yeni qənaətlər köhnəni darmadağın edib kölgəyə salınır, həm də yerinə yeni heç nə qoyulmadan. Fikrimizcə, hər hansı bir tədqiqatın faktları, sənədləri ilk növbədə bir nəticəyə gəlməyə imkan verməlidir. Əgər bu yoxsa heç olmasa məntiqlə bir nəticəyə gəlinməli, öz ehtimallarında belə yanlış, əqli mühakimələr üzərində durmamalıdır.
Bu yazı tədqiqatçının şairə Qönçəbəyimin adına rast gəldiyim ikinci yazısıdır. Birinci yazısında isə o, Kalbalı xanın beşinci oğlu Mehdi ağa haqqında yazır: "Onun iki arvadı olub: Bibixanım və Xırdaxanım. Kameral siyahıda bir qızı - Qonçabəyim olması haqda məlumat var". Belə çıxır ki, Qönçəbəyim həm də Mehdi ağanın qızıdır?
Əslində isə, Mehdi ağanın Gülşənxanım adlı bir qızının olması məlumdur. Deməli, Qönçəbəyim Mehdi ağanın qızı deyil. İkinci yazısında da bu araşdırmasına davam edən tədqiqatçı yazır; "Ədəbiyyatşünas Salman Mümtazdan başlamış bu günədək tədqiqatçılar mətbuatda bu incə təbli şairə haqqında xeyli yazılar dərc ediblər. Hamımız ilkin məlumatlara 1844-1845-ci illərdə Naxçıvanda işləmiş gürcü şairi Nikolaz Barataşvilinin dayısı qızı Maiko Orbelianiyə yazdığı məktublara əsaslanaraq Qönçəbəyimin xan qızı olduğunu yazmışıq. Sonralar bu haqda geniş məlumat mərhum tədqiqatçı Dilarə Əliyevanın yazdığı monoqrafiyada verilib. O da gürcü şairinin məktubuna əsaslanaraq Qönçəbəyimin Ehsan xanın qızı olduğunu yazıb. Biz Naxçıvan xanlarının nəsil şəcərəsini hazırlayanda bütün bunları nəzərə alaraq Ehsan xanın övladlarının arasında Qonçabəyimi də qeyd etmişik. Amma..."
Deməli, bu yazıya inansaq, "Qönçəbəyim Ehsan xanın qızı olmayıb", ancaq "Şükür xan Makinski Ehsan xanın kürəkəni" və "Hafiz əminin nənəsi olub". Yazdığını unudan tədqiqatçı davam edir: "Bunu oxuyanda Hafiz əmini yada saldım. Onun atası Rəşid xan Şükür xanın oğludur. Lalabəyim isə Şükür xanın həyat yoldaşı olub" (Tədqiqatçı bu "Hafiz əminin Qönçəbəyim mənim nənəmdir" - dediyindən də bəhs etmişdi).
Belə çıxır ki, "Hafiz əminin nənəsi Qönçəbəyim" Şükür xan Makinskinin arvadı olub. Bəs Lalabəyim?
Halbuki Lalabəyimin el arasında şairə kimi tanınan Qönçəbəyim olma ehtimalı daha güclüdür. Naxçıvanda bir adamın bir neçə adla çağırılması faktları çoxdur. O zaman Lalabəyimin ikinci adının Qönçəbəyim olması (təbii ki, təxəllüs olaraq) ehtimalı daha çoxalır, yəni Qönçəbəyim şeirlərini adının birinci hissəsini dəyişərək, ikinci hissəsini saxlamaqla da yaza bilərdi, çünki əgər Qönçəbəyim başqa xanın, ya bəyin qızı olsaydı, Barataşvili mütləq qeyd edərdi.
Əlbəttə, bütün bunlar bir ehtimaldır. Və
ehtimallar bu yazılardan sonra daha çoxalır. Lakin bu fikirlər tədqiqatçını qane
etmir, onun fikrincə, Qönçəbəyim Ehsan xanın
qızı deyil. Bəs elə isə, bu
fikir əvvəlki fikirlərini təkzib etmirmi?
Digər
bir tərəfdən tədqiqatçı bu dəfə də
Barataşvilinin məktubundakı; "O xan
qızıdır" - sözlərini şübhə
altına alaraq qeyd edir: "Şair Qönçəbəyimin
atasının Ehsan xan olduğunu yazmayıb".
Düzdür,
Barataşvili: "O xan qızıdır" - yazarkən
hansı xanın qızı olduğunu yazmayıb, lakin o da məlumdur
ki, məktub yazılan və Qönçəbəyimin
şeirləri Naxçıvanda dillərdə gəzən
zaman Naxçıvanın xanı Ehsan xan idi. Barataşvili o
zaman Naxçıvanda idi ki, Naxçıvanın xanı o
zaman Ehsan xan idi və onunla dost idi.
Sözsüz
ki, "Barataşvili səhv edə bilməzdi..." "Barataşvili səhv edə bilməzdi" -
fikrini tədqiqatçı xüsusi olaraq vurğulasa da, bu dəfə
tamamilə başqa bir versiya irəli sürür; "Ötən
ilin yayında Tbilisi arxivlərində işləyərkən
bir maraqlı sənədə rast gəldim. Bu sənədi saray müşavirləri J.Şopen və
Zolotnitski hazırlayıb imzalamışdı. Həmin sənədin bir yerini nəzərinizə
çatdırmaq istəyirəm. Paşa
ağa ilə Ehsan xan dostluq ediblər. Həmçinin,
Culfanın bir sıra kəndlərində birlikdə idarə
etdikləri kəndlər olub. Paşa
ağanın ölümündən sonra Baş Camaldın və
Ayaq Camaldın kəndləri onun qızları Ağabəyim
və Qönçəbəyimə miras kimi verilib. Və
elə oradaca quberniya katibi öz dəst-xətti ilə
yazıb və imzalayıb: həmin qızlardan biri Ehsan
xanın oğlunun nişanlısıdır".
Belə çıxır ki, Qönçəbəyim
Ehsan xanın dostu Paşa ağanın qızı və
oğlunun nişanlısı olub və bu səbəbdən
Ehsan xanın sarayında yaşayıb. Bu fikir bizim
milli mentalitetimizə tamamilə ziddir, çünki
Naxçıvanda nişanlı qız ailə
qurmamışdan əvvəl heç bir zaman
nişanlısının evində yaşamayıb, hətta bu
nişanlı xan oğlu olsa belə. Digər
tərəfdənsə, kapitan Hüseyn Sultanın oğlu
olan Paşa ağa özü çox tanınmış bir hərbçi
və ziyalı olub. Özü də Kəngərlilərdəndir.
Bu mənada,
"Paşa ağa Əsəd ağanın
atasıdır" - fikrindən güc alan
tədqiqatçı əminliklə bildirir: "Bax, beləcə,
hər şey aydın olur. Dilarə xanım da
şəkli Əsəd ağanın albomundan
tapdığını yazıb. Deməli,
şəkildəki Qönçəbəyim Əsəd
ağanın bacısıdır. Nikolazın
yazdıqlarına görə Qönçəbəyimin əri
Şamil xan (Cəmşid xan) olub. Bu şəxsin adına Şeyxəli xanın nəsil
budağında təkrar-təkrar rast gəlinir. Onun hələlikdə kimin oğlu olduğunu təyin
edə bilməmişik. Amma Şamil
adı Kəngərli tayfasında həmişə ehtiramla
sonrakı nəsillərə verilib. Məsələn,
Cəmşid xan (Şamil xan) Naxçıvanski. Bütün bunlara əsasən demək olar ki,
Qönçəbəyim Ehsan xanın sarayında
yaşayıb. Amma Ehsan xanın
oğlanlarından heç biri onunla evlənməyib. Çünki xidmət kitabçalarında bu,
hökmən qeyd olunardı. Və yəqin
ki, Ehsan xan onu Cəmşid xana ərə verib".
Bu gəlinən qənaət də ağlabatan deyil. Çünki
bu da bir xana yaraşan hərəkət deyil, belə ki, Ehsan
xan oğlunun nişanlısı kimi sarayında
saxladığı qızı (hərçənd ki, bu məsələ
də ağlabatan deyil) başqa birisinə ərə verməzdi.
Yəni istəməsəydi belə, əgər
tədqiqatçının yazdığı kimi, var-dövlət
xatirinə olsaydı, onu alıb, ikinci və ya
üçüncü arvad da edə bilərdi.
Məntiqi
bir fikrə gələ bilməyən, çaş-baş
düşmüş tədqiqatçı yazır:
"Başqa bir ehtimal da mümkündür. Ola
bilər ki, Ehsan xan Paşa ağanın dul qadını ilə
evlənər və o da qızı Qönçəbəyimi
də yanında saraya gətirər. Bu
istiqamətdə də axtarışlar aparılır. Əgər biz Lalabəyimin şəklini Tbilisi
arxivlərindən tapa bilsək, mübahisələrə son
qoymuş olarıq. Hər iki şəkli
tutuşdursaq, bizi maraqlandıran suallara cavab tapa bilərik.
Əlbəttə, Lalabəyim Qönçəbəyim ola bilməz, çünki o, Cəmşid xan
adlı şəxslə ailə qurmayıb".
Fikrimizcə, bu ehtimal da o qədər də
inandırıcı deyil ki, Ehsan xan kimi bir şəxs öz
dostu Paşa ağanın varidatına sahib çıxmaq
üçün onun dul arvadı ilə evlənsin.
"General
vəfat edənə kimi - 1846-cı ilədək
onun siyahılarda Qönçəbəyim adında
qızı olduğu yazılmayıb. Bu səbəbdən
də 3-4 ildir ki, Moskvada yaşayan tədqiqatçılar və
biz çox ciddi axtarışlar aparırdıq.
Nikolazın yazdıqları ilə Moskvada təkrarən tanış oldum. O yazır: "İndi
Naxçıvanda yeni bir şeirlər var. Bu, 18 yaşlı
Qönçəbəyimin şeirləridir. Xan
qızıdır. Olduqca gözəl və
duzlu görkəmi var. Təsəvvür edin, gözəllikdə
lap Orlovun arvadına oxşayır".
İstər-istəməz adamda bir istək yaranır,
Orlovun arvadının şəklini tapmaq və bu şəkilləri
tutuşdurmaq, çünki bəzən əldə olunan
şəklin Qönçəbəyimə aid olması
haqqındakı fikrə də tədqiqatçı
şübhə ilə yanaşır.
Fikrimizcə,
bu məsələdə az da olsa, tədqiqatçıya
haqq vermək olar. Nə üçün?
- Birincisi, Hafiz əminin dedikləri, həqiqətə
uyğun fikirdir: "Qönçəbəyim mənim nənəmdir,
amma şəkil onun deyil" - yəni Qönçəbəyim
deyə tanıdığımız şəkildəki
qadın Paşa ağanın qızı, Əsəd
ağanın bacısı ola bilər.
İkincisi,
gözəllikdə Orlovun arvadına oxşadılan
Qönçəbəyimin bizə məlum olan şəklinə
əsaslansaq, şəkildəki qadına o qədər də
gözəl demək olmaz, halbuki Qönçəbəyimin
gözəl olduğunu məktublarında onun müasiri olan və
yaxından görən Nikoloz da təsdiq edib.
Üçüncüsü,
şəkildəki qadın, həqiqətən də,
Qönçəbəyim olmadığından, Əsəd
ağanın qızının şəkli olduğundan şəklin
altında "bekşa" yazılıb, "xanşa"
yox.
Ehtimallarında
davam edən tədqiqatçı davam edərək yazır:
"Bir maraqlı fakt da var. Ehsan xanın oğlanları
öz varislərinə bacı və qardaşlarının
adlarını veriblər. Kəngərlilərdə
bu qaydaya çox ciddi əməl olunardı. Amma həmin adların içərisində
Qönçəbəyim və Lalabəyim adları verilməyib.
Bu adların ikisi də Şeyxəli xanın nəsil
budağında vardır və hətta Paşa ağanın mənsub
olduğu Kəngərli - Vəkilovların nəsil şəcərəsində
Qönçəbəyim adına tez-tez
rast gəlinir. Ümidimiz var ki, axtarışlar
bu romantik şairənin haqqında əsl həqiqəti
aşkar edəcək. Çox istərdik
ki, oxucular da bu axtarışa kömək etsinlər".
Tədqiqatçı qeyd edir ki, Ehsan xanın
oğlanları öz varislərinə bacı və
qardaşlarının adlarını veriblər. Onu da qeyd edir
ki, Lalabəyim və Qönçəbəyim adlarına rast
gəlinmir. Axı Qönçəbəyim olmasa da,
Lalabəyim adına rast gəlinməliydi
o zaman. Ən azından ona görə ki, Ehsan
xanın Lalabəyim adında qızı olduğunu tədqiqatçı
dəfələrlə vurğulayır.
Deməli, nəsil şəcərəsində ada rast gəlinib
- gəlinməməsi faktına da Qönçəbəyimin
Ehsan xanın qızı olmamasının təsdiqi kimi
yanaşmaq olmaz.
Müəllif
"Məşhur gürcü şairləri XIX əsrin
birinci yarısında Naxçıvanda" adlı məqaləsində
(Şərq qapısı, 06.07.2013) yenə şairə
Qönçəbəyimimin Ehsan xanın qızı
olub-olmaması fikrinə münasibət bildirərək
yazır: "Yeri gəlmişkən, tədqiqatçılardan
Dilarə Əliyeva, Lətif Hüseynzadə və Müzəffər
Nəsirli Qonçabəyimin I Ehsan xanın qızı
olduğunu yazmışlar. Amma son illərin gərgin
axtarışları nəticəsində tapılan arxiv sənədləri
bu məlumatı təsdiqləmir. İstər
1831-ci ildə, istərsə də 1846-cı ildə (onun vəfatından
sonra) tərtib edilmiş sənədlərdə, daha
doğrusu, kameral siyahılarda I Ehsan xanın Qonçabəyim
adlı qızı yazılmayıb. I Ehsan xanın iki
qızı olub: Sonabəyim və Lalabəyim.
Atası Sonabəyimi qarabağlı şair Məhəmməd
bəy Aşiqə (Cavanşirlərdəndir) ərə
vermişdi. Lalabəyim isə atası vəfat edəndə 8
yaşında idi.
Tapılan arxiv sənədlərində qeyd edilir ki, I
Ehsan xanın şəriki və dostu əlincəli Paşa bəyin
iki qızı varmış. Adları da qeyd edilib.
Onlardan biri Qonçabəyim Ehsan xanın
oğlunun nişanlısıdır. Sonralar
nəyəsə görə Ehsan xanın oğlu II Kalbalı
xan bu nikahdan imtina edir və Qonçabəyimi Cəmşid
xana ərə verirlər. Tiflis arxivlərində
son dəfə axtarışlar apararkən bir məhkəmə
sənədinə rast gəldik. I Ehsan
xanın vəfatından sonra Bibixanım adlı bir qadın
onun evini və varidatını tələb edir. İsmayıl xan və qardaşı II Kalbalı xan
bu məhkəmə sənədində I Ehsan xanın belə
bir qadınının olmadığını israrla qeyd ediblər.
Hətta sənədlər də təqdim ediblər
ki, bizim atamızın qanuni belə bir qadını
olmayıb, hətta müsəlman qaydası ilə də bunu
təsdiqləyən sənəd yoxdur.
Bəlkə, Qonçabəyim Bibixanımın
qızıdır?! Buna axtarışlar cavab verə bilər.
Amma əsl həqiqət odur ki, Qonçabəyim
I Ehsan xanın qızı deyil. Və
Nikoloz da yazmayıb ki, o, Ehsan xanın qızıdır.
Həmin vaxtlar Naxçıvanda "xan" titulu
daşıyan digər xanlar da yaşayırdı".
Tədqiqatçi
əvvəlki yazılarında olduğu kimi, yenə
Qönçəbəyimin Ehsan xanın qızı
olmamasının üzərində durur və bu fikrini
möhkəmləndirmək üçün hətta Ehsan
xanın haqqında tapdığı ən kiçik
ehtimalları belə dəyərləndirməyə
çalışır: "I Ehsan xanın vəfatından
sonra Bibixanım adlı bir qadın onun evini və
varidatını tələb edir. İsmayıl
xan və qardaşı II Kalbalı xan bu məhkəmə sənədində
I Ehsan xanın belə bir qadınının
olmadığını israrla qeyd ediblər. Hətta sənədlər də təqdim ediblər
ki, bizim atamızın qanuni belə bir qadını
olmayıb, hətta müsəlman qaydası ilə də bunu
təsdiqləyən sənəd yoxdur". Bir halda ki, "İsmayıl xan və qardaşı
II Kalbalı xan məhkəməyə bu fikrin
yanlışlığını sübut edəcək sənədlər
təqdim ediblər", bəs tədqiqatçını
"bəlkə, Qonçabəyim Bibixanımın
qızıdır?!" - fikrinə gəlməyə
nə vadar edir?
Niyə tədqiqatçı "Qönçəbəyim
Ehsan xanın qızı deyil" - ehtimalını gücləndirmək
üçün Naxçıvan xanı Ehsan xanın
adının hallandırılmasına səbəb olacaq
heç bir fikirdən çəkinmir? Gah Paşa
ağa, gah da Bibixanım variantından istifadə edir? Sözsüz ki, bu yazıda yazılanların
hamısı bir ehtimaldır, lakin ehtimal belə olsa, bir-birini
təkzib edən ehtimallardır. Bir-birini təkzib
edən bu ehtimalların hansının həqiqətə daha
uyğun olmasını aşkara çıxarmaq isə tədqiqatçılarımızın
işıdir. Yəni Qönçəbəyimin
Ehsan xanın qızının olub-olmaması haqqında
bütün versiyalar tədqiqatçı tərəfindən
irəli sürülüb, qalır bunlardan hansının
doğru olub-olmaması məsələsi.
Fikrimcə, Qönçəbəyimi tədqiq edərkən
daha çox Nikoloz Barataşvilinin məktublarına istinad
edilsə, daha doğru olar. Çünki bu məktublar,
Qönçəbəyimin yaşadığı dövrdə
N.Barataşvili tərəfindən yazılmış məktub-sənədlərdir,
özü də demək olar ki, yeganə sənədlərdir,
çünki N.Barataşvili - Ehsan xanın ailəsinə bu qədər
yaxın ikən, hətta ailə məsələlərinə
qarışmaq hüququ olan bir adam kimi səhv
edə bilməzdi.
İkincisi, yazılan məqalələrdə həqiqətə ən yaxın olan "Hafiz əmi dedi ki, Qönçəbəyim mənim nənəmdir, amma şəkil onun şəkli deyil" - fikridir.
Yanlışlıqla Qönçəbəyimə aid edilən şəkil tədqiqatçını daha çox çaş-baş salır.
Zənnimizcə, Şəkil Paşa ağanın qızı Qönçəbəyimə aiddir. Bu səbəbdən də şəklin altında "xanşa" yazılıb. D. Əliyeva da şəkli Əsəd ağanın albomundan tapdığını yazıb. Təbii ki, Ehsan xanın qızının şəklinin Əsəd ağanın albomunda ola bilmə ehtimalı çox azdır.
Beləliklə, Qönçəbəyim Ehsan xanın qızı, "Hafiz əminin nənəsidir" - fikri həqiqətə daha yaxın görünür. Şəkilsə, Ehsan xanın qızı, şairə Qönçabəyimə deyil, Paşa ağanın qızı Qönçəbəyimə məxsusdur.
Digər tərəfdən, Qönçəbəyimin poetik ruhlu bir xanım olduğunu da nəzərə alsaq, Qönçəbəyimin onun özünə götürdüyü şair təxəllüsü olma ehtimalını da diqqətdən kənarda qoymaq olmaz. Yəni Qönçabəyimin Lalabəyim adının yalnız birinci hissəsinə kiçik dəyişiklik edilməklə düzəldilmiş bir təxəllüs ola bilmə ehtimalı da çoxdur.
Sonda onu da əlavə etmək istəyirik ki, bu məqaləni tədqiqatçının "Ümidimiz var ki, axtarışlar bu romantik şairənin haqqında əsl həqiqəti aşkar edəcək. Çox istərdik ki, oxucular da bu axtarışa kömək etsinlər" - fikrindən sonra yazmağa qərar verdik, bəlkə bir az da olsa göstərilən ehtimallara aydınlıq gətirmək düşüncəsi ilə.
Bütün bunlar onu göstərir ki, Ehsan xanın şairə qızı Qönçəbəyimin həyatı və fəaliyyətini öyrənmək kimi şərəfli bir iş hələ də öz layiqli tədqiqatçısını gözləyir.
Lütviyyə
ƏSGƏRZADƏ
Filologiya üzrə
fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
525-ci qəzet.- 2019.- 6 mart.- S.6.