Türkiyədə Nəsimi təntənələri
TÜRKSOY-un
ANKARADAKI QƏRARGAHINDA "NƏSİMİ İLİ"NİN
AÇILIŞ MƏRASİMİ OLUB
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamlara
əsasən, Mədəniyyət
Nazirliyinin təşəbbüsü
ilə 2019-cu il TÜRKSOY tərəfindən
"Nəsimi ili"
elan olunub.
Martın
6-da "Nəsimi ili"nin rəsmi açılış mərasimi
TÜRKSOY-un qərargahında gerçəkləşib. Əvvəlcə
Azərbaycan Milli Kitabxanasının fondlarında
mühafizə olunan və mərasimdə nümayiş etdirilmək
üçün Ankaraya
aparılan Nəsimi əsərlərindən və
dahi şair haqqında kitablardan ibarət "İmadəddin
Nəsimi-650" mövzulu geniş sərginin təqdimatı olub. Sərginin açılışını
bildirən qırmızı
lent kəsildikdən sonra
Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov qonaqları sərgidə nümayiş olunan qiymətli kitablarla tanış edərək Nəsiminin XV əsrə
aid əlyazmalarının surətlərini,
dahi şairin
1844-cü və 1881-ci illərdə
Türkiyədə nəşr
olunmuş ilk çap
kitablarını, 1926-cı ildə Bakıda nəşr olunmuş ilk əsərini, Azərbaycan
Prezidentinin sərəncamı
ilə nəfis tərtibatla çap olunmuş 2 cildliyini və başqa kitabları qonaqlara təqdim edib.
Sonra isə TÜRKSOY-un böyük
konfrans zalında
"Nəsimi ili"nin rəsmi açılış mərasimi
olub.
Tədbiri giriş sözü
ilə açan
TÜRKSOY-un Baş katibi
D.Kaseinov 2019-cu ilin türkdilli ölkələr
üçün "Nəsimi
ili" elan olunması haqqında qərarın Azərbaycan
Mədəniyyət Nazirliyinin
təşəbbüsü ilə ötən ilin dekabrında
TÜRKSOY-a daxli olan ölkələrin Mədəniyyət
Nazirləri Şurasının
qərarı ilə Türkiyənin Kastamonu şəhərində qəbul
olunduğunu bildirib. D.Kaseinov Nəsimiyə həsr olunmuş tədbirlərin 2019-cu il ərzində Azərbaycan Milli Kitabxanası ilə Bişkekdə, Astanada, Daşkənddə, Bakıda
və digər şəhərlərdə keçiriləcəyini
diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Mədəniyyət
naziri Əbülfəs
Qarayev çıxış
edərək 2019-cu ilin
"Nəsimi ili"
elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti
təşkilatı TÜRKSOY-a və Düsen Kaseinova ölkəmiz adından minnətdarlığını
bildirərək, belə
tədbirlərin uzun müddət biri-birindən
uzaq düşmüş
türkdilli xalqları
daha da yaxınlaşdırdığını
və onların mədəniyyətini, ədəbiyyatını
və adət-ənənələrini
daha da doğmalaşdırdığını
bildirib: "Nəsiminin
yaradıcılığı və şəxsiyyəti
Azərbaycanda çox
yüksək qiymətləndirilir
və onun doğma xalqına yenidən qayıdışı
xalqımızın böyük
oğlu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz 1970-ci illərdə
Ulu Öndər Heydər Əliyev böyük Nəsiminin
600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin
YUNESKO-da da layiqincə qeyd edilməsinə nail olub. Azərbaycan mədəniyyətinə,
mili mənəvi dəyərlərimizə böyük
önəm verən hörmətli Prezidentimiz cənab İlham Əliyev də böyük Nəsiminin yaradıcılığına və
poeziyasına hər zaman yüksək dəyər verib, onun 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, 2019-cu ilin Azərbaycanda "Nəsimi
ili" elan olunması barədə tarixi sərəncamlar imzalayıb".
Daha sonra Ə.Qarayev Prezident İlham Əliyev tərəfindən Azərbaycan
Respublikasının Xalq
artisti fəxri adı ilə təltif olunan TRT Xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim edib.
Böyük şairin həyat
və yaradıcılığını
əks etdirən film nümayiş olunduqdan sonra çıxış
edən Türkiyə
Prezidentinin baş müşaviri Yalçın
Topçu, Türkiyə
Mədəniyyət və
Turizm nazirinin müavini Ahmet Haluk Dursun, professorlar
Nizami Cəfərov,
Mustafa İsen və Ahmet Bican Ercilasun
Nəsimi yaradıcılığının
Azərbaycan, türk və Şərq ədəbiyyatının inkişafında
rolundan danışıblar.
Tədbirin sonunda qiraət ustaları və xanəndə Feyruz Səxavətin ifasında
Nəsiminin qəzəlləri
səsləndirilib.
"Nəsimi ili"nin
açılışına həsr olunmuş proqram axşam saatlarında ədəbi-bədii
tədbirlə davam etdirilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 7 mart.- S.7.