Xatın
Yasdığımda boğuluram
Və içdiyim bir içim suda.
Göz ilə işıq, bir araya gəlmədi,
Bu çənli şəhərimin qalasında.
Oxşayıram, Babək qalasının xatınına oxşayıram.
Sən gələn gün qırmızı donumu geyəcəyəm
Və uzun-uzun saçlarım,
Ayağıvın altına sərəcəyəm.
Qaralığından qorxma,
Sən gələnədək ağaracaqlar.
Üzüvə heç toz qondurma!
Bütün körpələri əmizdirmişəm
Şərab küplərin yerə quylamışam
Söz salxımların ürəyimdən aslamışam
Ağlasam da, gizlicə ağlamışam.
Baxsan görərsən, yenidən gəlin olub
Qalanın qıvrım pillələrindən
Yenərək səmaya boylanıram,
Qollarımı elə boynuva sala bilərəm ki!..
Röyalar
Tapılmamış tapdalandı
Ya itdi tapılmadı?
Səni
itən röyalar,
Bu lələsiz yurdumuzda.
Nə qoyub nə axtarırsan
Lələ-var-yurd-yoxumuzda?!
Dolan-ba-dolan küçələrinə
Doluşmadıq ki,
Divarlarına düşən kölgəmiz
Ölçülüb
Boy atdığımıza görə
Əynimizə
Bir don
tikilsin!
Saatının əli qolundan uzun qaldı
Biz onun qollarından asılı
Bu şəhərin meydanında.
Qarğışlar yığvası oldu
Qaranquşlar
yuvası!
Durnaları qayıdanda
Bizim çiyinlərimiz
dal-budağını çökmüşdü
Röyalar ətrini belə uçmuşdu.
Açıq qucağında, sıxmadı
ki dağı bizi;
Hansı dağından tufağımız
dağıldı bəs?
Qaragiləsinin gözündə yatdı
bu şəhər,
Oyaqlar, iç-içə otaqlarda
itdi bu səfər,
Röyalar gözlərdən silindi bir təhər.
Gələnlər, özlərini boş
gəldilər
Gedənlər, gözləri dolub
getdilər
Get ay çıxandan sonra gəl!
Röya
çağının tam
Arxayınlığında.
Qara qışın ilbəil qalınlığı
Əynimin
qatı paltarlarında,
Röyalar
sinəmin lap alt qatında!
Sən sınsan
Ya sən sınsan
Dünyanın yuxulu qabları
Bir daha gərək gərnəşə;
Sənin
tikələrin
Yenidən
Onlara
yerləşə...
Bax!
Aynanın sınıqlarında
Parçalanmış təkrara
Təzələnmiş adamlara!
Sınmaq
da sınamalı imiş
Barmaqlarım
kəsilsə belə;
Bütün yaralar bitişdi
bəlkə
Öpüşlərinlə!
Sulaşır, ayna
Ayınlaşır, su
Sən isə aydınlaşırsan
Üçüzdə
Mən
işıqlığa çıxıram!
Gəlin aparırlar
Ev-eşik adına
Aparıldım
Eşiksiz
evə, keşik!
Gözəlləşdikcə gözlərim sulanır
Qamaşır gözlərim, qaşlarım
alınanda
Ürəyimin bəndi qırılır
Üzümə
bənd salınanda
Boyunbağı alınır, mən
alınanda!
Kəfəndən deyilir
Gəlinliyimi
geyəndə,
Boğazım göynəyir
Barmaq
dolu bal yeyəndə!
Üzümdə qızarır
Qızlığın
qırmızı almacığı
Başıma ələnir
Qəndin qondarma
şirinliyi.
Barmağıma həlqə taxılır
Qoluma dəstbənd
- keçmişdən anılan "qolbağı"
-
Yollandırırlar:
Əli
xınalı
Beli bağlı.
Bir - iynə, bir - iynə
Tikildim təxtə
"Bəxt"
deyə -deyə;
Aparıldım o gecə
Ev-eşiyimə.
Uşaqlaşıram, analaşıram, yaşlanıram
Ötən illərin xəzəllərin
Silib-süpürməyə qədər
Saçlarımla uzanıram
Dəlicəsinə sürdüyüm
hayatın
Dönümlərində -
Buruqlarında
Oynamağa qədər
Uşaqlanıram
Qızlanıram;
Qızmarlanıram.
Səni
andıqda
Qucağıma almağa qədər
Analanıram.
Bütün qıfılbənd darqınlıqlardan
Səni
aradan götürüb
Qaçmağa
qədər
Qoçaqlanıram.
Gecikirəm, zaman tələsdirsə
də,
Gecikdirirəm,
Alacağım nəfəsi də;
İnamsızcasına,
Yaşlanıram.
Yerə
qoyanda sevgilim səni!
Yumaqlanıb
Çiynindən
qalıram!
Fəranək
Fərid İpək
525-ci qəzet.- 2019.- 7 mart.- S.7.