ŞƏHİD XATİRƏLƏR

 

Bir zamanlar,

Uşaq yaddaşımın bir küncündə

İlişib qalan,

Gecələr yuxularımı isladıb

Yanağımda iz salan,

Hərtərəfinə xatirələrim dağılan,

Bir həyat, bir ev vardı.

Üstündə qoca utacağının

Yüz illik kölgəsi,

qulağında "Orta kəhriz"in,

"Xəlfə bulağı"nın nəğməsi olardı.

Yuxuda hərdən o yerlərə

Baş çəkirəm,

Köhnə uşaq sevinclərimlə

gülüşlərimlə nəşələnirəm.

Hər yanda yeri görünür

Süd qoxulu, xatirələrin,

Evimizin divarından şəkili asılıb

Ötən bəxtəvər illərin.

Bax, nənəm yenə toyuq-cücə dənləyir,

Babam dəhrə, dəryaz itiləyir,

Anam qardaşımın nənnisini

Layla-bayatı ilə yelləyir.

Günəş qızıl saçlarını

Çiyninə tökən qız kimi

Üfüqdən gülümsəyir.

Həyətimiz yuxudan oyanır,

otaqları gəzirəm bir-bir,

Hər əşya bir hekayət söyləyir.

Dəmiz çarpayının başının üstündə

Qara çərçivədə, əsgər geyimində

Bir gəncin şəkli asılıb,

Altında "Müharıbəyə lənət!" yazılıb.

Nənəm yenə şəkli sinəsinə basıb

canlı insa kimi söhbət qurur,

Adını verdiyi nəvəsini

Sinəsinə basıb ovunur,

Xatirələrin acısı da, şirini

Burda basabas yaradır.

Xəcalət alnımda puçurlayır.

Bilmirəm, hansını kiridəm,

Heyif, şəhid xatirələri

Bir yerə yığa bilmirəm.

 

TORPAQ OLMAĞA

 

Əllərimdə bəxt yazısı,

Tale pıçıltısı.

Ömür yolumuzun son xəzəl xırıltısı.

Oxu, əllərimi oxuya bilsən,

Üzünü əllərimə söykə

Dualarımı eşidərsən.

Əllərimdən tutsan tale yolumuzun

Hansı döngəsində, hansı küçəsində

Varıq bilərsən.

Bu yolla dayanacaqsız, gedən

Qatarın sərnişinləriyik,

Sən də, mən də,

Bizdən öndə gedənlər də,

Bizdən sonda gələnlərdə.

O qatarın dalınca gündə çıxacaq,

Qarda yağacaq,

Tüsdüdə göydə buz bağlayacaq,

Hardasa axşam düşəcək,

Hardasa gündüz olacaq,

Hardasa bir körpə doğulacaq.

Özgə yol yoxdur

Bu qatar bir üzə gedir,

Geri qayıtmayacaq.

Əllərimdən tut,

Üzünü əllərimə söykə,

Gedək bu yolun o başından

Özümüzə baxmağa,

Gedək torpaq olmağa.

 

YAŞAMAĞA DƏYMƏZ Kİ...

 

Ümid yaxşı şeydi,

Yazıda qırılmaya hər nədən,

Ona söykənəsən, güvənəsən,

Ümidinə, ümid biləsən.

Ümid yaxşı şeydi,

Ümidli adam yarı yolda qalmaz.

Bərk yapışsan hətta ölüm

Qapını vaxtsız döyməyə qoymaz.

Həsrət, kədər ürəyə yol tapmaz.

Köhnə xatirələrı,

Unudulmuş sevgini,

Ölmüş duyğuları da dirildər ümid,

Dərdi ovudar, kədəri

Kiridər ümid.

Ümidsiz boş olar ömür,

Arzu, istək, sevgi

Çəkilər bir-bir.

Həyat, mənasız olar insana.

Tükənər yaşamağa olan təmənna.

Gözündə dəyişər dünyanın rəngi,

Ümidsiz yaşamağa

Dəyməz ki...  

 

VƏTƏN TƏRƏFİ

 

Sərhədlərimizdə ayıq-sayıq duran əsgərlərimizə

Gecə yatdığınız rahat  yuxular,

Səngərdə sizlərin sayıqlığıdır.

Sizə güvənirik, sizə oğullar.

Hünəriniz hər an üzağlığıdır.

O üçrəngli bayraq qürur yerimiz,

Sancıldığı yerə vətəndi - dedi.

Toxumtək torpağa düşən şəhidin

Məzarı önündə başını əydi.

Zəfər gözləyirik vaxtdan bəri,

Əliniz əsməsin düşmən önündə.

And için şəhidlər yatdığı yerə,

Qana-qan, ölümə-ölüm deyəndə.

Baxın, Lələtəpə qarşınızdadı,

Qisas qiyamətə bilin ki, qalmaz.

Torpağımız indi param parçadı,

Torpaq bölünəndə vətən sayılmaz.

Qartaltək şığıyın qarı düşmənin,

Alayı pozulsun, qırılsın səfi

Könlünü alın siz Xudafərinin,

Öyünsün yurdumun vətən tərəfi.

Gecə yatdığımız rahat yuxular,

Səngərdə sizlərin sayıqlığıdır.

Sizə güvənirik, sizə, oğullar,

Hünəriniz hər an üzağlığıdır.

 

APARIN İŞIQGƏLƏNƏ

 

Yaman qəribsədim, a yollar yenə,

Aparın siz məni işıqgələnə.

Mən səma qızıyam, məkanım göylər,

Ayrılıq havası bağrımı teylər.

Gözümə, könlümə siz işıq verin.

Şeirimə mavidən yaraşıq verin,

Əlimi yetirin o üfüqlərə,

Dan yeri şəfəqlər saldığı yerə.

Yol versin qoy mənə ulduz karvanı,

Qucum ruhum gəzən mavi səmanı.

Batıb dərələrin çən-lüsəyinə,

Düşüm dağlarımın göy ətəyinə.

Zirvədə şimşəklə görüşüm yenə,

Mən ordan boylanım işıq gələnə.

Söykənim vüqarım, arxam dağlara,

O atam dağlara, babam dağlara.

Yaman qəribsədim, a yollar yenə,

Aparın siz məni işıqgələnə.

 

Şövkət ZƏRİN HOROVLU

 

525-ci qəzet.- 2019.- 7 mart.- S.7.