Ana dilimizin fədakar və yorulmaz tədqiqatçısı

 

DƏYƏRLİ ALİM VƏ ƏDİB FİRUZƏ MƏMMƏDLİNİN ELMİ YARADICILIĞI HAQQINDA QEYDLƏR

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi respublikamızın görkəmli dilçi alimlərinin çalışdığı, Azərbaycan dilinin yüksək səviyyədə tədris olunduğu bir elm ocağı kimi tanınır.

 

Ötən illər ərzində məhz ADPU-da çalışan dilçi alimlərin - Ə.Dəmirçizadə, A.Abdullayev A.Qurbanov, N.Xudiyev, H.Mirzəyev, H.Balıyev, B.Xəlilov, Ə.Tanrıverdi və başqa, adını qeyd etmədiyimiz bir çox dilçi alimlərin zəngin elmi axtarışları, dilçilik elminin müxtəlif sahələrinə aid apardığı tədqiqatlar sayəsində bu elm və təhsil ocağının dilçilik məktəbi forma-laşıb.

ADPU-nun filologiya fakültəsi Müasir Azərbaycan dili kafedrasının dosenti, şair, nasir, publisist, ədəbi tənqidçi, 1992-ci ildə Türkiyədə keçirilən "Türkcənin uluslararası şeir şöləni"ndə "Əlişir Nəvai" baş mükafatı, 2007-ci ildə Beynəlxalq "Rəsul Rza" mükafatı, 2012-ci ildə "Tərəqqi" medalı, 2017-ci ildə "Qızıl kəlmə" mükafatı laureatı, 10 cildlik "Seçilmiş əsərlər" müəllifi Firuzə Məmmədli də bu dilçilik məktəbinin layiqli nümayəndəsidir. Azərbaycan elmi ictimaiyyəti Firuzə Məmmədlini çoxşaxəli yaradıcılığı ilə tanıyır. Şair, publisist, nəsr ustası, müəllim, ən əsası isə Azərbaycan dilinin tədqiqatçısı Firuzə Məmmədlinin poeziyası, nəsri xüsusi bir tədqiqat mövzusu olsa da, biz onun dilçilik görüşləri ilə bağlı bəzi məqamları işıqlandırmağa çalışacağıq.

Firuzə Məmmədlinin "Seçilmiş əsərləri"nin III, V və X cildlərinin bir hissəsi onun elmi və publisistik yaradıcılığının bir qismini əhatə edir. III cilddə alim-şairin dörd monoqrafiyası və onlarla elmi-publisistik məqaləsi yer alıb.

Bu cildin birinci bölməsi Y.V.Çəmənzəminlinin "Qızlar bulağı və "Qan içində" romanlarının dil və üslub xüsusiyyətləri" adlanır. Bu romanların dil və üslub xüsusiyyətlərinin araşdırılması zərurəti tədqiqatçını hansı linqvistik ayrıntılara görə cəlb edib? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Y.V.Çəmənzəminli bu əsərlərinin mövzusunu bir-birindən iki min illik bir zaman intervalı ilə ayrılan cəmiyyətlərin tarixi-bədii təsvirinə ünvanlayıb.

Firuzə Məmmədli tədqiqatını Y.V.Çəmənzəminlinin romanlarında işlənmiş qədim sözləri təsvir etməklə məhdudlaşdırmamış, bir dil tarixçisi kimi onlarla sözün Azərbaycan ədəbi dilində hansı dövrlərdə və nə dərəcədə işləndiyini elmi faktlarla şərh edib. Ümumiyyətlə, Firuzə Məmmədlinin elmi eridusiyası ona imkan verib ki, Azərbaycan dilinin tarixi ilə bağlı tədqiqatlardan kənarda qalan problemlərə aydınlıq gətirsin. Məsələn, dilimizdə "xidmətçi" mənasında işlənən "nökər" sözünün etimoloji izahı bu baxımdan maraq doğurur. "Qan içində" romanında "nökər" sözünün həm "xidmətçi", həm "silahdaş" anlamında istifadə edildiyini müşahidə edən müəllif bu sözün "silahdaş" mənasında işlənmə səbəblərini araşdıraraq, maraqlı nəticəyə gəlmişdir; "Döyüşçü", "silahdaş" mənasında işlədilən "nökərin" əsli monqol dilində "nökür", cəm şəklində isə - "nököd"dür..."

III cildin diqqəti cəlb edən bölmələrindən biri də "Qızlar bulağı" və "Qan içində" romanlarının dilində işlənmiş köhnəlmiş sözlər - tarixizm və dialektizimlərdir. Müəllif romanların dilindəki xatun, yortmaq, yavıqlaşmaq, qopuz, yatağan, yağma, dağar kimi ədəbi dilimiz üçün köhnəlmiş hesab olunan sözləri fikir süzgəcindən keçirir.

Firuzə Məmmədli Y.V.Çəmənzminli yaradıcılığını tədqiq edərkən yazıçının obrazları adlandırma imkanlarını da önə çəkir. Belə ki, "Qızlar bulağı" romanında şəxs adları" bölməsi bu baxımdan maraq-lıdır. Müəllif bu qənaətə gəlir ki, romanda işlənmiş şəxs adları Y.V.Çəmənzəminlinin şəxsi müdaxiləsi ilə müxtəlif elmi-tarixi mənbələrdən, şifahi ədəbiyyatdan, qədim mifik abidələrdən götürülmüş, ya da müəyyən üsullarla yazçının tarixi-konkret şəraitin dil səviyyəsinə uyğun olaraq, özü tərəfindən obrazların xarakterinə müvafiq düzəldilmişdir. Əsərin elmi dəyərini artıran amillərdən biri də müəllifin tədqiqata cəlb etdiyi dil sahələrinin rəngarəngliyidir. Belə ki, tədqiqata cəlb edilən mövzular dil tarixini, müasir qrammatika, leksikologiyanı və ya poetik ono-mastikanı əhatə edir.

Azərbaycanda Onamastika məktəbinin yaradıcısı, Azərbaycan Dövlət Peda-qoji Universitetinin dilçilik məktəbinin ən görkəmli nümayəndələrindən biri, akademik Afad Qurbanov Firuzə Məmmədlinin "Bədii dilin estetik mənbələri" əsəri haqqında yazırdı: "Bu əsərdə Firuzə Məmmədli Azərbaycan xalqının böyük şairi Nəsimidən tutmuş, müasir dövrümüzə qədər poeziyamızın bir sıra nümayəndələrinin poetik nitqində xüsusi üslubi mövqelərdə işlənib, bədii dilin poetik rəng çalarlarını zənginləşdirməyə kömək edən leksik, semantik, frazealoji və onomastik vahidlərin, həmçinin, vokativlərin bədiilik imkanlarını müəyyənləşdirmiş və şərh etmişdir". Bu bölmədə Firuzə xanım onomastik vahidlərin, vokativlərin və apelyativ sözlərin poetik nitqdə rəng və məna çalarlarını araşdırıb, bədii söz sənətkarların yaradılıq imkanlarını fərdiləşdirən bədii estetik məqamları üzə çıxarıb. Onomastik vahidlərin tədqiqi, araşdırılması və etimologiyası, əsasən, dilçiliyin bu sahəsi ilə məşğul olan alimlərin tədqiqat obyektidir. Firuzə Məmmədli isə onamastikaya fərqli mövqedən yanaşır. Onun poetik təfəkkürü imkan verir ki, klassik poeziyada işlənmiş toponim, zoonim və digər onomastik vahidlərin etimoloji izahını verməklə yanaşı, həm də onların bədii ədəbiyyatda, poeziyada bədii-estetik imkanlarını aşkarlasın. Müəllif yazır: "Qazi Bürhanəddinin poeziyasında işlənmiş toponomik vahidlərin demək olar ki, əksər qismi onun ictimai-siyasi fəaliyyəti, hərbi yürüşləri ilə bağlıdır. Q.Bürhanəddinin poetik nitqində Türküstan, Hindistan, Çin, Amasiya, Xarəzm, Kəşmir, Qahirə, Kirman, Sivas, Səmərqənd, Təbriz və s. toponimlər ya bilavasitə, tarixi hadisələrlə bağlı, ya da aşiqanə qəzəllərində hadisələrin lirik emosional təsirini ifadə etmə məqamlarında işlədilmişdir".

Poeziyada zoonimlərin bədii-estetik vasitə kimi xüsusiyyətlərindən söz açan müəllif qeyd edir ki, klassik poeziyada geniş yayılmış tuti, bülbül və qumru zoonimləri Nəsimi poeziyasında şairin həm də ictimai-siyasi fikirlərini sətiraltı mənalarla ifadə etməyə xidmət edir.

Nəsimin "Ey bülbüli-qüdsi nə giriftari-qəfəssən, Sındır qəfəsi, tazə gülüstan tələb eylə" beytindən nümunə gətirən müəllif qeyd edir ki, Nəsimi bülbül zoonimini bədii xitab vəzifəsində işlətməklə əslində deyir ki, qəfəsdə oturub fəryad etməkdənsə, qəti hərəkətə keçib zəncirləri qırmaq, üsyan etmək lazımdır.

Firuzə xanım bu qənaətdədir ki, İmadəddin Nəsiminin zoonimlərə müraciətində maraqlı cəhətlərdən biri də şairin quş adları ətrafında mövcud olan əfsanələrə istinadən özünün bağlı olduğu təriqət nümayəndələrinə kodlaşdırılmış məlumatları çatdırmaq məharətində üzə çıxır. İ.Nəsimi qəzəllərinin birində: "Hüdhüdü Bilqeyisə rəsul eylədi, Naməni göndərdi Süleymanımız" beyti ilə (farsca) şanapipik mənası verən hüdhüd quş adı ilə iki əfsanəyə asalanaraq, mürşüdün müridlərinə qadın vasitəsilə məktub göndərdiyini kodlaşdırmışdır.

III cildin "Azərbaycanın Şimal-Şərq bölgəsinin etnolinqvistik vahidləri" adlanan bölməsində dilimizin etnolinqvistik leksikası tədqiqata cəlb edilmişdir. Etnolinqvistik vahidlər, xüsusilə mərasimlərlə bağlı etnolinqvistik vahidlər Firuzə Məmmədlinin elmi yaradıcılığında ayrıca yer tutur. Müəllif qədim toy adət-ənənələrimizi tam təfsilatı ilə, tarixi inkişaf mərhələləri ilə təsvir etməklə məhdudlaşmamış, "toy" sözünün etimoloji izahını da vermişdir. Tədqiqatçı bu qənaətdədir ki, hər bir xalqın etnoqrafik bazası və etnolinqvistik vahidləri lap ilkin inkişaf mərhələsində onun yaranmaqda olan tarixidir. Bu mənada cəmiyyətlərin tarixi onların maddi mədəniyyət tarixindən başlanır.

Əsərin "Mərasim leksikası" bölməsində yas mərasimi leksikasının tədqiqi də maraqlıdır. Yas mərasimləri leksikasından danışan müəllif qeyd edir ki, olum və ölüm bəşər nəslinin davamiyyət zəncirinin əvvəli və sonudur, elə buna görə də, dil bu iki nöqtə arasında inkişaf etdikcə sevinc və kədər notlarında kodlaşan dil işarələrinə həssasdır. Bu həssaslıq özünü yas mərasimi leksikasında da aydın şəkildə ifadə edir. Bölmənin diqqət çəkən sahələrindən biri də Azərbaycan ərazisində dəfn adətlərinin tarixi və müasir aspektdə izahıdır. Bu məqsədlə tədqiqatçı "Avesta"da, "Kitabi-Dədə Qorqud" dastanında əks olunmuş yas mərasimlərini konkret fakt və izahlarla sistemləşdirib, müasir dəfn mərasimlərinin tarixi izlərini üzə çıxarmışdır.

"Təsərrüfat həyatı ilə bağlı etnolinqvistik vahidlər" adlanan bölmə Azərbaycan xalqının tarixən mövcud olmuş məşğuliyyət növlərinin adlarının öyrənilməsinə həsr edilmişdir. Tədqiq olunan sözlər, xüsusilə də tarixi leksikologiyaya aid elmi araşdırmalarda əks olunmayan çumasça, dərzəlac, şadara, bərf, bəndəm, quqar şumu, şadara, həşəm kimi əkinçilik təsərrüfatı ilə bağlı sözlərin öyrənilməsi istər dil tarixi baxımından, istərsə də tarixizimləri öyrənmək baxımından əhəmiyyətlidir.

Məlumdur ki, Azərbaycanın şimal-şərq bölgələri bağçılıq təsərrüfatının inkişaf etdiyi rayonlarımızdandır. Quba, Qusar, Xaçmaz kimi rayonlarımızda meyvəçiliyin, tərəvəzçiliyin inkişafı bölgəyə xas olan bağçılıq təsərrüfatı ilə əlaqədar sözlərin yaranmasına səbəb olmuşdur. Müəllif regiona xas olan, lakin arxaikləşməyə doğru gedən bu tipli sözləri toplamış, müəyyən dil qrupları üzrə sistemləşdirərək etimoloji izahını vermişdir; uralama, qalanba, toxmaçar, çax, cır, çəkil, kərki, çılğı, çığrıq, irəva tipli sözlər bu baxımdan diqqəti cəlb edir.

Firuzə Məmmədli III cildə həmçinin, heyvandarlıq, maldarlıq, qoyunçuluq və atçılıq təsərrufatları ilə də bağlı etnolinqvistik vahidləri də fikir süzgəcindən keçirmişdir.

Tərəddüd etmədən adının qarşısına görkəmli təyinini qoymaqla Firuzə Məmmədlini şair, nasir, dil tarixçisi, müasir ədəbi dilimizin tədqiqatçısı, ədəbi tənqidçi, pub-lisist adlandırırıq. Lakin bütün bunların fövqündə Firuzə Məmmədlinin pedaqoji fəaliyyəti-müəllimliyi dayanır. Ömrünün 50 ilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində filoloq gənclərə ana dilimizi tədris edən, onlara doğma dilimizi sevdirən, Azərbaycan dilinin incəlikərini öyrədən Firuzə Məmmədli həm də o alimlərimizdəndir ki, 2016-cı ildə "Mən illərlə gənclərimizə Azərbaycan dilini tədris etdim, biliyimi, bacarığımı gənclərimizə verdim, indi meydan gənclərin-gənc alimlərindir, qoy onlar bu hünər meydanında gücünü göstərsin, gənclərə yol vermək lazımdır" - deyib yarım əsirlik yar-yoldaş olduğu, doğma ocağı bildiyi, dosenti olduğu Müasir Azərbaycan Dili kafedrasından təqaüdə getdi. Ötən illər ərzində o, təkcə Azərbaycan dilinin tədrisi ilə məşğul olmamış, həm də dilin tədrisinə dair sanballı elmi əsərlər də yazmışdır. III cilddə yer alan "Y.V.Çəmənzəminlinin "Qan içində" romanının dili və üslub xüsusiyyətlərinin tədrisinə dair" məqaləsi Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün mühüm əhəmiyyət daşıyır. Müəllif bu məqalədə metodik cəhətdən fənni tədris edən müəllimin qarşılaşa biləcəyi çətinlikləri sanki öncədən görür və müəllimə onların həlli yollarını izah edir. Məsələn, müəllif təcrübəli müəllim kimi öncədən bilir ki, tədris zamanı sözün təkcə arxaik və dialekt səviyyəsinin izahı yetərli deyil, şagird bu sözlərin işlənmə səbəblərini bilməsə, oxuduğu və ya öyrənməyə çalışdığı əsər anlaşılmaz qalacaq, bu isə öz növbəsində tədrisin keyfiyyətini aşağı salacaq. Müəllif problemin həll yollarını göstərərək, yazır: "Bu mövzuların tədrisi zamanı müəllim izah etməlidir ki, tarixi müvzuda əsər yazan yazıçı xalqın tarixi keçmişini təsvir edərkən müasir ədəbi dil üçün arxaikləşmiş sözlərdən istifadə etməli olur..." Eyni zamanda, təcrübəli pedaqoq gənc mütəxəssislərə tövsiyə edir ki, müəllim Y.V.Çəmənzəminlinin "Qan içində" romanını tədris edərkən romanın dilində yumor, istehza, kinayə çalarlığı üçün istifadə olunan arxaik sözlər arasında köhnəlmiş dini terminlər, mövhumi anlayışlar, bəzi tabu mahiyyətli sözlər və evfemizimləri nəzərdən qaçırmamalı, onların mahiyyətini əvvəlcə özü dərk etməli, sonra isə tədris prosesində şagirdlərə öyrətməlidir.

Firuzə Məmmədlinin Azərbaycan dilçiliyi qarşısındakı xidmətləri, ana dilimizin zəngin xüsusiyyətlərini özündə ehtiva edən elmi tədqiqatlarını təkcə onun III cildi ilə məhdudlaşdırmaq olmaz. O, Azərbaycan dilinin tədqiqinə aid onlarla dərs vəsaitinin, monoqrafiyaların, yüzlərlə elmi məqalənin müəllifidir. "Azərbaycan dilində linqvistik ekvivalentlər" (Bakı, 2012), "Azərbaycan ədəbi dili (1990-2010)" (Bakı, 2012) əsərləri də onun Azərbaycan dilinə aid zəngin elmi araşdırmalarının məhsuludur.

Mübağiləsiz söyləmək olar ki, "Azərbaycan dilində linqvistik ekvivalentlər" (Bakı, 2012) dərs vəsaiti müasir Azərbaycan dilinin leksikologiyasında tədis zamanı müəyyən çətinliklər yaradan məsələlərə həsr olunub. Dilin semosialoji xüsusiyyətlərini, ekspressivliyini, məna çalarlarını, ifadəliliyini və qrammatik xüsusiy-yətlərini təkcə mütəxəssis kimi deyil, həm də bir şair, yazıçı fəhmi ilə duyan Firuzə Məmmədli bu əsərində dildə hazır şəkildə mövcud olan leksik, qrammatik və frazealoji vahidlərin ekvivalentliliyindən bəhs edir. Leksik ekvivalentliliyin xüsusiyyətlərini göstərən müəllif qeyd edir ki, leksik ekvivalentlər ədəbi dil və dialektlər, söz yaradıcılığı ilə bağlı və ideomatik ifadə və söz ekvivalentliliyi kimi qruplaşdırıla bilər. Əsərdə adı çəkilən linqvistik vahidlərin ekvivalentlərinin leksik, qrammatik, və frazeoloji istiqamətdə ekvivalentliliyinə aid tutarlı elmi faktlar qeyd olunmuşdur. Müəllif bu əsəri ilə dil vahidlərinin sinonimlik, dubletlilik və ekviva-lentlik səviyyəsinində sərhədlərini dəqiqləşdirməklə dilçiliyimizdə ilk dəfə olaraq linqvistik ekvivalentliyin ifadə imkanlarının elmi şərhini verir.

Firuzə Məmmədlinin "Azərbaycan ədəbi dili (1990-2010-cu illər)" əsəri Azərbaycan dilinin ən aktual məsələsi-ədəbi dilimizin keçid dövründə məruz qaldığı basqılardan qorunmasına həsr olunmuşdur.

Əsərdə respublikamız müstəqillik əldə etdikdən sonra keçən 20 il ərzində Azərbaycan ədəbi dilinin üslublarında, xüsusilə publisistik üslubda gedən ədəbi proseslər, kokret norma pozuntuları qeyd olunmuşdur. Bu sahədə görkəmli dilçi alimlərimizin fikirlərinə istinad edən müəllif əsərdə təkcə nöqsanları qeyd etməklə işini bitmiş hesab etməmiş, radio və televiziyanın dilində, o cümlədən, mətbuatımızın dilindəki norma pozuntularının aradan qaldırılmasının çıxış yollarını göstərən dilçi alimlərimizin təkliflərini dəstəkləməklə dilimizin qorunması naminə onlarla həmrəy olduğunu bildirmişdir.

Müstəqillik dövründə dilimizin leksin tərkibində baş verən dəyişiklərdən bəhs edən müəllif yazır: "Ötən əsrin 80-90-cı illərindən etibarən Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında baş verən əsaslı dəyişikliklər dilimizin lüğət tər-kibinə çoxlu miqdarda alınma sözlər gətirmişdisə, eyni proseslə bağlı xeyli miqdarda lüğət vahidlərinin passiv fonda keçməsinə səbəb olmuşdur".

Müəllifin fikrincə, "Texnoloji yeniliklərin xalqın sosial həyatına geniş yol açması dövründə dilin terminoloji zənginləşdirilməsinə xüsusi ehtiyac duyulur".

Əsərin sonunda texnoloji yeniliklərin sosial-ictimai həyatımıza daxil olması ilə dilimizin lüğət tərkibində müşahidə olunan, hələlik dilimizin lüğət tərkibində sabitləşməmiş 500-ə yaxın termin səviyyəsində alınma sözün lüğətini vermişdir.

Firuzə Məmmədlinin elmi-pedaqoji yaradıcılığı, dilçilik görüşləri o qədər zəngin, o qədər çoxşaxəlidir ki, onları bir məqalə çərçivəsində ümumiləşdirmək mümkün deyildir. Heç şübhəsiz, dilçilik tarixi ilə məşğul olan gənc alimlərimiz Firuzə Məmmədli yaradıcılığını tədqiq edərkən bizim toxunmadığımız məsələləri tədqiqat obyekti olaraq gün işığına çıxaracaqdır.

 

Bəhram CƏFƏROĞLU

ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 7 mart.- S.6.