Bakı Milli Geyim Evi 10
yaşında
-
Könül xanım, Bakı Milli Geyim Evinin 10 illik yubileyini
necə qeyd edəcəksiniz?
-
Düzü, işlərimlə əlaqədar geniş
miqyaslı yubiley tədbirləri
düşünmürdüm. Ancaq bu, elə bir
hadisədir ki, bunu qeyd etməmək də olmur. Ən azından özümüzün 10 illik
hesabatımız kimi də nəsə etmək
lazımdır. Buna görə də
martın 15-də böyük dəfilə keçirəcəyik.
İnşallah, ənənəvi olaraq Muzey Mərkəzində
baş tutacaq. Çox gözəl, dəyərli
ziyalılarımız, incəsənət nümayəndələrimiz
iştirak edəcəklər. Əlbəttə,
hər kəsin dəstəyə ehtiyacı var. Maddi dəstək
bir tərəfə, mənəvi dəstək xüsusən
önəmlidir. Bizə də bu illər ərzində
mənəvi dəstəklərini əsirgəməyən
insanlar var ki, yenə də yanımızda olacaqlar.
- On ili geridə qoyursunuz. Başladığınız
və gəlib çıxdığınız yerlər
arasında hansı fərqlər var?
- On il heç də az müddət deyil. Bu on il ərzində Bakı Milli Geyim Evi çox
çətin, məşəqqətli yollardan keçib. İstər qurulmasında, istər
inkişafında, istər cəmiyyətdə
özünü təsdiq etməsində, professional insanlar
arasında özünü sevdirib qəbul etdirməsində,
ilk keçirdiyimiz dəfilə ilə, sonrakıların fərqində,
təqdimatlarımızda həqiqətən də çox
böyük zəhmət dayanır. Əlbəttə,
tarix üçün on il elə də
uzun zaman deyil. Amma bizim üçün çox
uzun və bir o qədər də dəyərlidir. Bu illər ərzində biz çətinliklərə
rəğmən, bir sıra çox önəmli uğurlar əldə
etmişik. Dünyanın bir çox
ölkələrində sərgilərimiz, dəfilələrimiz
keçirilib. Çox böyük,
dövlət əhəmiyyətli tamaşaların, səhnələrin
geyimlərini hazırlamışıq.
Hazırda ölkəmizi dünyada tanıdan Azərbaycan
Dövlət Rəqs Ansamblının bütün geyimləri
Bakı Milli Geyim Evi tərəfindən hazırlanıb. Amerikada səhnələşdirilən
"Arşın mal alan"
tamaşasının geyimləri Bakı Milli Geyim Evi tərəfindən
Könül Vəlibəyli imzasıyla hazırlanıb.
Bu on ildə
hər il yeni kolleksiya hazırlamaq, hər il dəfilə
keçirmək, Novruz bayramında 60-70-ə yaxın yeni
geyimlər hazırlamaq, bütün televiziya
aparıcılarını, məşhurları, xarici təşkilatlarımızı,
səfirliklərimizi və əlbəttə ki, balaca
balalarımızı milli geyimlə təmin etmək heç
də asan məsələ deyil. Bütün
bunlar təbii ki, bizə həm maddi, həm mənəvi, həm
də fiziki baxımdan çox baha başa gəlib. Və deyəndə ki, bütün bunları
heç bir yardımsız, dəstəksiz, sırf öz
gücümüzə etmişik, bəzən bizə inanmaqda
çətinlik çəkirlər. Hətta
sual verirlər ki, hələ də davam edirsənmi, Milli Geyim
Evini yaşadırsanmı, necə dözürsən
bütün bunlara? Yəqin ki, bu, bir
sevgidir. Olmayan bir şeydən nəsə
yaratmağın sevgidən başqa bir izahı ola
bilməz. Milli geyimə olan məhəbbətimiz
də bizim fərqliliyimizdir ki, biz bununla həm sevdiyimiz
işlə məşğul oluruq, həm də tariximizə,
kökümüzə bağlılığımızı
qoruyur, onu bacardığımız qədər təbliğ
edirik.
- Bu illər
ərzində ənənəni gələcəyə
ötürə bildiyinizi düşünürsünüzmü?
- Bizim ilk
gündən devizimiz "Ənənədən gələcəyə"
olub. Bununla keçmişimizdən gələn ənənələrimizi,
geyimlərimizi gələcək nəsillərə
ötürməyi qarşımıza məqsəd
qoymuşuq. Hazırda elə bir dövrdə
yaşayırıq ki, internet, yüksək texnologiya, sosial
şəbəkələr həyatımızın
ayrılmaz hissəsinə çevrilib və başı
bunlarla qatışan gənclərimizə nələrisə
sevdirmək, qəbul etdirmək çox-çox çətindir.
Çünki onların vaxtlarını
keçirmək üçün seçimləri həddindən
artıq çoxdur. Bu cür
qarışıq bir zamanda ortaya sən çıxırsan və
onlara keçmişi təqdim edirsən (gülür). Təbii ki, çətin və ağır işdir.
Bu dövrdə milli-mənəvi dəyərlərimizi
yaşatmaq çox vacibdir. Bunun
üçün biz hər birimiz öz evimizdən
başlamalıyıq. Bəzən ifrat
müasir düşüncəli insanlar, ya da özlərini bu
cür təqdim etmək istəyənlər deyirlər ki,
axı, milli-mənəvi dəyərlər bizim nəyimizə
lazımdır? Amma onlar anlamırlar ki, bir
xalqın tarixi keçmişi olmazsa, o xalqın gələcəyindən
söhbət belə gedə bilməz. Bizim
milli geyimlərimiz də milli-mənəvi dəyərlərimizə
aiddir ki, biz bu gün onları yaşatmaq üçün
çalışırıq.
- Əvvəllə müqayisədə indi milli geyimlərimizə
münasibət necədir?
- Əvvəllər milli geyimə tələbat daha
çox idi.
Milli bayramlarımızda, xınayaxdı, nişan,
toy mərasimlərimizdə insanlar bu geyimlərə müraciət
edirdilər. Amma məncə, bu geyimlər elə
dəyər olaraq da qalmalıdır. Biz
buna yüngül əyləncə kimi deyil, milli dəyər
kimi yanaşmalıyıq. Biz
razıyıq, qoy, milyon müraciət olmasın, min müraciət
olsun, amma onu bir dəb, şou xətrinə deyil, ona həqiqətən
dəyər verən, onun ucalığını başa
düşən, onu doğrudan da sevən insanlar təbliğ
etsinlər. Biz də çəkdiyimiz zəhmətin
hara getdiyini, nə üçün getdiyini görüb bundan
könül dolusu zövq alaq.
- Gənclər
arasında bu sənəti davam etdirmək, yaşatmaq əzmində
olanlar varmı? Onlara necə dəstək
olursunuz?
- Təbii
ki, var. Mən həmişə çalışmışam
ki, Bakı Milli Geyim Evi bu baxımdan öndə olsun,
istedadlı gənclər özünü tapması, təsdiqləməsi
üçün bir yer olduğunu xatırlasınlar. Çünki mənim imzamdan daha önəmli olan,
milli geyim evimizin imzasıdır ki, biz bu gün hər yerdə
onu önə çəkirik. Bu geyim evinin
artıq professional geyim evi kimi akademik təcrübə mərkəzi
olması və üçüncü ilə yaxındır
ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tərkibində mərkəzimizin
yaradılması o deməkdir ki, bura bir məktəbə
çevrilir. Biz bundan sonra da gənclərimizin
buraya daha rahat müraciət etməsinə çalışırıq.
Məncə, bizim ən böyük uğurumuz ənənəni
yaşatmaqdan əlavə, buranı bir məktəbə də
çevirməyi bacarmağımızdır.
Yaxın zamanlarda bizim Dizayn Fashion Akademiyamızın
açılması gözlənilir. Orada artıq
bütün yaş qruplarından bu sahəyə
marağı, sevgisi və istedadı olan, bu sənəti
öyrənmək istəyən hər kəsə
qapılarımız açıq olacaq.
Artıq dünya inkişaf edir. Mənim son işim də
universitetlər arasında mədəniyyətlərin, təcrübələrin
mübadiləsindən ibarətdir. Bizdəki
gənclərin mədəniyyət ocaqlarında olub
onların təcrübələrini öyrənməklərinə
yardımçı olmaq kimi böyük layihələr
hazırlayırıq. Elə gənclərimiz
var ki, çox istedadlıdırlar, əgər bir balaca təkan
olarsa, bu sənətdə çox böyük yollar qət edə
bilər. Ancaq onun başqa ölkədə
kurs keçmək və ya magistratura təhsili almaq imkanı
yoxdur. Biz bu cür istedadlı gənclərimizi
seçib onlara öz imkanlarımız daxilində dəstəyimizi
göstərəcəyik. Çatdırsaq,
mart ayında bizim bu akademiyanın da
açılışı və təqdimatı olacaq.
Bakı Milli Geyim Evində bu illər ərzində
çox gənclər yetişdi, çox cavanlarımız
burada özünü, imzasını tapdı. Biz onlara
geniş şərait yaratdıq ki, burada öz
kolleksiyalarını hazırlaya bilsinlər.
Bir milli geyimi hazırlamaq çox böyük
parçalar, daş-qaşlar, muncuqlar, aksesuarlar tələb
edir. Bunların hamısı əlbəttə maddiyyata
bağlıdır. Bir kolleksiya
üçün isə ən azından 10-12 geyim
hazırlanmalıdır. Materialdan əlavə,
buraya işçi qüvvəsi də lazımdır. Biz gənclərimizə bu imkanları yaratdıq, dəstək
olduq və təbii ki, bundan sonra da dəstək olmağa davam
edəcəyik.
- Sizi
tez-tez səfərlərdə görürük. Dünya təcrübəsindən necə
yararlanırsınız?
- Ən böyük istəyim artıq bir marka olaraq
öz geyimlərimizi dünyaya çıxarmaqdır. Bu da bir layihə
kimi hazırlanır. Burada sırf Azərbaycan
milli geyimindən deyil, etno proqramdan söhbət gedir.
Bununla bağlı son iki ayda dünyanın bir çox önəmli
universitetlərində oldum və orada moda dizayn fakültələri
ilə tanış oldum. Orada
ən maraqlı məsələlərdən biri
keçmişə qayıtmaq idi. Etno
klassik geyimin, bizim dildə desək, milli geyimin modanın
kökünü təşkil etdiyini gördüm. Bizim nə qədər önəmli və ciddi
işlə məşğul olduğumuzu mən ancaq o səfərlərdə
anladım. Həmişə təəssüf
hissi yaşayırdım ki, niyə bizi çox da qəbul
etmirlər, bizdən danışmırlar, işlərimizi
işıqlandırmırlar, müasir dəb niyə bizdən
öndədir? Təbii ki, müasir dəb
də önəmlidir, vacibdir. Amma mən o cür önəmli
universitetlərdə, akademiyalarda müəllimlərin,
yaradıcı heyətin buna necə dəyər verdiklərinin,
tələbələrin hər il öz
milli kolleksiyalarını hazırladıqlarının, həmin
kolleksiyaların həm öz, həm də digər ölkələrdə
dəfilələrə çıxdığının
canlı şahidi oldum.
Bütün bunların fonunda mən doğru və
çətin yolda olduğumuzu, illərdir gözlədiyimiz dəstəyi
görmədiyimizi də bilirəm. Amma hər halda biz
özümüz özümüzü ayaqda tuta bilərik.
Bizdə bu güc var. Bu gün böyük və
köklü bir məktəbin təməlini qoyduğumuzu da
düşünürəm.
- Öyrəndiklərinizi
tətbiq edə bilirsinizmi?
- Əlbəttə, öyrəndiklərimizi artıq burada tətbiq etmək, geniş şəkildə təqdim etmək də bizim öhdəmizə düşür. Qarşıda bizim kitabımız da hazırlanır. İşimlə bağlı çox böyük arzularım, planlarım var və zamanla imkan daxilində bunların hamısının öhdəsindən gələcəyimə inanıram. Sadəcə zaman və sağlıq olsun.
Bu səfərlərimdə bir şeyi də öyrəndim ki, görülən bütün işlər işıqlandırılmalıdır, media vasitəsilə insanlara təqdim olunmalıdır. Gördüyün iş ancaq həmin məkan içərisində qalmamalıdır. Çünki bunlar çox vacibdir. Bunları oxuyan, izləyən nə qədər gənclər ola bilər ki, bəlkə də onların arasında bu sənəti sevən, xəyalları, arzuları olanlar var. Onlarla bizim aramızda sadəcə bir vasitəçi lazımdır. Bu vasitəni media bizə təmin edə bilər.
- Bu qədər işlərinizi necə çatdırırsınız? Bakı Milli Geyim Evinə yetəri qədər zaman ayıra bilirsinizmi?
- Bütün maddi, mənəvi imkanlarımı, zamanımı yenə də Bakı Milli Geyim Evinə ayırıram. Son zamanlarda ölkə xaricindəki universitetdə çalışdığımı və tez-tez səfərlərdə olduğumu görən insanlar elə bilir ki, artıq geyim evi nəzərimdən, diqqətimdən uzaqdadır, hətta "Könül getdi, bura bağlandı" fikirləşənlər də olur. Elə deyil. Ayın demək olar ki, yarısını, ilin böyük hissəsini Bakıdayam, səfərlərimi də Bakıdan keçirirəm. Hara getsəm, mütləq Bakıya, geyim evimə dəyib, işlərini sahmana salıb gedirəm. Düşünürəm ki, artıq beynəlxalq təcrübələri öyrənmək, onların metodları ilə yaxından tanış olmaq, dünya şöhrətli universitetlərdən qazandıqlarımızı özümüzdə tətbiq etmək zamanıdır. Biz bütün bunları yenə də Bakı Milli Geyim Evinə borcluyuq. Buranı yaşatmaq, dünyaya tanıtmaq məcburiyyətindəyəm. Çünki bu, bizim uğurumuzun köküdür, qazancımızın, tanınmağımızın mənbəyidir. Bu mənbəyi heç cür unutmaq olmaz.
- Bu işin bir də biznes tərəfi var. Orada vəziyyət necədir?
- Mənim üçün ən öndə sənətdir. Əlbəttə, biznes tərəfinə də çox ciddi şəkildə yanaşırıq. Bir iş qadını kimi maliyyə məsələlərini həmişə nəzarətdə saxlamalıyam ki, sənətimi də lazımi səviyyədə inkişaf etdirə bilim. Eyni anda sənət və biznesi idarə etmək çətin olsa da, bu, bizim seçimimizdir artıq. Sevgi olan yerdə hər şeyin öhdəsindən gəlmək mümkündür. İnanıram ki, dəyərli müəllimlərimizin, ziyalıların, əziz insanların inamı sayəsində hər şeyin öhdəsindən gələcəyik.
- Ən böyük dəstəyi kimlərdən görürsünüz?
- İ.Repin adına Sankt-Peterburq Akademik Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rektoru, Rusiya Rəssamlıq Akademiyasının akademiki Semyon Mixaylovski ilə görüşdə, o, bizim "Sara Xatun" jurnalına, milli geyimlərimizə, kolleksiyalarımıza baxdı və çox bəyəndi. Onun verdiyi dəyər və "Bakıya gələndə mütləq sizin Milli Geyim Evinizin qonağı olmaq istəyərəm"- sözləri mənimçün fəxrdir. Çünki bir rus sənətkarını təəccübləndirə bilmək də çox gözəldir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudova bizə dəstəkdirlər, hər bir işimizdə öz tövsiyələri, diqqəti, gözəl sözlərilə yanımızdadırlar. İnanıram ki, bu çevrə də genişlənəcək.
- Deyirsiniz ki, işinizi sevdiyiniz üçün bu qədər zəhmətə qatlaşırsınız. Bəs uğurlar? Onlar nə hiss etdirir?
- Bəzən etdiyin işin, qazandığın uğurun, aldığın nəticənin fərqində olmursan. Çünki buna vaxtın olmur, daim işləyirsən, çalışırsan, daha nələrsə etməyə can atırsan, mübarizə aparırsan, səfərlərdə olursan, başın o qədər qarışır ki, nə etdiyini, nə qazandığı görə bilmirsən. Əgər bizim də xarici ölkələrdə olduğu kimi hər işimizi görən ayrı-ayrı əməkdaşlarımız olsa, əlbəttə, bizə də asan olar, üstümüzə sırf yaradıcılıq işləri düşər. Bizdə isə adi parça seçimindən tədbirlərin təşkilinə qədər hər şeyi özümüz edirik. Təbii ki, bütün bunları edərkən də işinin keyfini çıxara, qazandıqlarından zövq ala bilmirsən.
- Kollektiviniz nə qədərdir?
- Bizim kollektivimiz hazırda çox kiçikdir. Bunu da nəzərə almaq lazımdır. Əvvəllər kollektivimiz çox böyük idi. Bir kolleksiya üzərində 15-20 nəfər işləyirdi. Amma çox təəəsüf ki, maddi çətinliklərə görə hazırda çox kiçik bir kollektivlə biz bu geyimləri hazırlayırıq, qarşıdakı dəfiləmizə hazırlaşırıq. Bu da bizdən əlavə enerji, əlavə diqqət və əlavə güc tələb edir. Yenə də inanıram. İnanıram ki, çox uğurlu dəfilə olacaq.
- Martın 15-də nümayiş olunacaq dəfilənin öncəkilərdən əsas fərqi nə olacaq?
- Ümumiyyətlə, biz ənənəvi milli geyim olaraq, Azərbaycan bölgələrinin geyimlərini hazırlayırıq. Burada heç bir improvizələr olmayacaq. Tariximizdə, ənənəmizdə necə olublarsa, eləcə də təqdim edəcəyik. Ancaq yenilik yeni parçalarda, aksesuarlarda, kəsimlərdə, naxışda, nəfəsdədir.
Müasir, qarışdırılmış dəfilə olanda bunu mütləq öncədən qeyd edirik. Özümüzün özümüzə və cəmiyyətə hesabatımız isə sırf Azərbaycan milli geyimləri əsasında olacaq. Klassikanı, ənənəni, keçmişin nəfəsini yaşatmaq çox önəmlidir. Çünki əgər klassikanı təqdim ediriksə, oraya müasir detallar ata bilmərik.
- Bəs aksesuarları necə əldə edirsiniz? Keçmiş dövrə aid ziynət əşyalarını tapmaq çətinlik yaradırmı?
- Bu sahə bizdə çox da inkişaf etməyib. Aksessuarlar çox bahadır. Məsələn, Türkiyədə bunlar çox və ucuzdur. O qədər gözəl bel kəmərləri, gərdanlıqlar, bilərziklər, sancaqlar var ki. Amma bu, Osmanlınındır, Azərbaycanın deyil. Onlardan istifadə etməyimiz mümkün deyil. Bizdə bunlar çox bahadır. Mənimsə, bu sahə ilə məşğul olmağa imkanım yoxdur. Əlbəttə, mən də istəyirəm bir bel kəmərinə 1400 manat verib kolleksiyamda istifadə edim, amma edə bilmirəm. Bir neçə nəfər kolleksiyoner var ki, məhz bu işlə məşğuldurlar, bizə lazım olan o qədimi aksesuarları toplayırlar. Amma onlarla əməkdaşlıq hələ ki, alınmır. Yenə də inanıram ki, akademiyamız açılandan sonra onları da dəvət edəcəyik və birgə fəaliyyətə nail olacağıq.
Bizim Geyim Evinin hər kəsə qapısı açıqdır. Biz hər kəslə əməkdaşlıq etməyə, güclərimizi birləşdirməyə hazırıq. Təki məqsədimiz, məramımız, niyyətimiz eyni olsun, istəklərimiz üst-üstə düşsün. Aksesuarlardan rahat şəkildə dəfiləmizdə istifadə etmək mənim ən böyük istəklərimdən biridir. Gələcəkdə bu sahəni inkişafını da arzulayardım. Hətta bir müddət öncə cənab prezidentimiz də bu çağırışla çıxış etmişdi ki, nəyə görə ölkəmizdə milli aksesuarlar, milli oyuncaqlar istehsal olunmur? Ümid edirəm ki, zamanla bu məsələ də öz həllini tapacaq.
Məsələn, bir neçə il öncəyə qədər kəlağayılar məsələsində də eyni problemi yaşayırdıq. Ancaq şükürlər olsun ki, artıq bir neçə markalar yarandı və biz bu kəlağayıları əldə edə bilirik. Düzdür, qiyməti bahadır, amma əsas odur ki, var. Hətta biz nəinki özümüz üçün alırıq, hətta getdiyimiz hər yerə bu kəlağayılardan alıb hədiyyə də aparırıq.
- Bu ildən və gələcəkdən gözləntiniz nədir?
- İnanıram ki, bu il bizim üçün düşərli olacaq və 2020-ci ildə biz daha böyük işlərdən, dünyəvi layihələrdən danışarıq. Çünki on ildə nə edə biləriksə, məncə, artıqlaması ilə hamısını etmişik. Ən əsası adımızı tanıtmağı bacarmışıq. Amma beynəlxalq arena çox önəmlidir. Ona görə ki, geyimdə sintez, vəhdət və tamamlama işləri dünyagörüşdən asılıdır. Bunları canlı görmək və yaşamaq lazımdır. İnternetdən baxıb, "bu il nə dəbdədir", "kimdən nə oğurlaya bilərəm" düşüncəsilə heç nə eləmək olmaz. Bunların yaradıcıları, müəllimləri ilə görüşüb fikir mübadiləsi aparmaq çox mühümdür. Bu yaxınlarda Paris və Berlində oldum, bir sıra görüşlərimiz oldu, danışıqlar apardıq. Nəticə olaraq deyə bilərəm ki, bu ilin sonu və gələn ilin əvvəllərində Almaniya və Fransada bizim dəfilələrimizin keçirilməsi gözlənilir.
Zaman çox önəmlidir. Ömrün nə qədər olduğunu heç birimiz bilmirik. İşlərimiz, planlarımız isə çoxdur. Gec olmadan bunların hamısını etməliyik.
- Həm çətinliklərdən bəhs edir, həm də çox nikbin danışırsınız. Nədir sizi bu qədər inamlı və həvəsli edən?
- Ölkəni tanıdan onun mədəniyyəti, dünyaya təqdim etdikləridir. Bizim xalqımız bunlara ən yüksək şəkildə cavab verir. Və hazırda Azərbaycanımız bir müstəqil ölkə, xalq olaraq dünyada tanınır. Gənclərimizin həm milli-mənəvi dəyərlərimizə sahib çıxıb, həm də müasir zamanla ayaqlaşaraq, beynəlxalq arenaya çıxmaq üçün yüksək potensiala malik olduqlarına da inanıram. Çünki bizim gənclərimiz həqiqətən milli ruhdadırlar. Haraya getməklərindən asılı olmayaraq, onlar bizi ən gözəl şəkildə təbliğ edirlər. Məsələn, bu yaxınlarda bir gənc xanım bizə müraciət etdi. Gənclər Təşkilatının xəttilə Avropaya gedirdi və bizi Brüsseldə milli rəqslə təmsil edəcəkdi. Biz onu ən gözəl milli geyimlə təmənnasız şəkildə təmin etdik. Elə gənclərlə mən çox işləmişəm. Onlara bizim qapımız hər zaman açıqdır. Əgər dünyanın ən prestijli universitetində ən yüksək şəkildə təhsil alan uğurlu bir gənc tələbəmiz mənə müraciət edib, "Könül xanım, burada bir gecə düzənlənir və hərkəs öz ölkəsinin milli geyimində olacaq. Mənə bir milli geyim göndərin"- deyirsə, bu, mənimçün fəxrdir.
Buraya gələn insanların hamısının ortaq bir fikri var: "Geyimləriniz çox zövqlüdür, rənglər çox təbiidir, parçalar möhtəşəmdir". Bunları eşitmək əlbəttə, bizim üçün çox vacib və qürurludur. Deyirlər ki, insanı geyimi ilə qarşılayıb ağlı ilə yola salırlar. Mən də inanıram ki, bizim Bakı Milli Geyim Evimizi geyimləri ilə sevib, gördüyü işlərlə, layihələriylə, fəaliyyətilə dəyərləndirəcəklər. Cəmiyyətdə, mədəniyyətdə, sənətdə kiçik də olsa imzamızı atmağı bacarmışıqsa, nə xoş bizə.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 7 mart.- S.8.