Qələbən mübarək!  

 

 

Şad xəbər dolaşır Azərbaycanı,

Qələbən mübarək, Salmanlı Zəhra!

Kaş bu sətirlərim gəzsin cahanı,

Uşaqlıq çağından ad-sanlı  Zəhra!

Bakının beşinci sinif şagirdi,

Döyüş meydanına inamla girdin;

Tomris torpağının Güneyindəki

Bütövlük bağının gülünü dərdin!

Dünyanın karate yarışlarında

Şərəflə ucaltdın bayrağımızı;

Vətənin təbriki, alqışları da

Tehranda yandırdı çırağımızı!

Zirvədən-zirvəyə çatmaq üçün sən

Yorulmaq bilmədən, durmadan çalış!

Vətənə qüdrətli övlad bəxş edən

Xeyirxah ataya, anaya alqış!

Öyrənib dəyanət, səbr dərsini,

Sıranın öncülü olmağın əla!

Mehriban xanımın hədiyyəsini

Halal qismətin tək almağın əla!

Düşübsən güc, hünər salnaməsinə,

Taleyi daha xoş zamanlı Zəhra!

Sevinib deyirik, deyərik yenə:

Qələbən mübarək, Salmanlı Zəhra!

 

 

Oqtay RZA

Əməkdar müəllim

 

525-ci qəzet.- 2019.- 7 mart.- S.8.