Dahiyə dirilik bəxş edən Dahi
Şübhəsiz ki, əvvəli və sonu olmayan Qoca Kainatın ən böyük möcüzəsi sayılan Üzvi varlığın ən möcüzəli "əsəri" olan İnsan ünsiyyət vasitəsi kimi Sözü kəşf edəndən sonra özünü tapmış oldu, canlılar aləmi üzərində hakimi-mütləqliyini sabitləşdirdi və bu silsilədə onun ikinci ən böyük icadı - onu maddi aləmin fövqünə qaldıran abstrakt anlayışların köməyi ilə obrazlı düşüncə tərzi, bədii təfəkkür yoluna qədəm qoyması oldu. Bunun isə birbaşa nəticəsi kimi Oynayan Sözün məhsulu olan bədii ədəbiyyat yarandı.
Təbii ki, bədii ədəbiyyat dedikdə mifologiyadan tutmuş çağdaş postmodern ədəbiyyata qədər insan bədii təfəkkürünün ərsəyə gətirdiyi bütün qeyri-maddi məmulat nəzərdə tutulur. Və bu məmulata başqa bir terminlə "sənət əsərləri" də deyirlər.
Qaynaqları təsəvvürəgəlməz uzaq keçmişlərə söykənən Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixində İzzəddin Həsənoğlu və Qazi Bürhanəddinlə bir sırada anadilli şeirimizin yaradıcısı kimi fəxri mövqe tutan Seyid İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığının müxtəlif problemləri yeni dövr ədəbiyyatşünaslığımızda müəyyən dərəcədə araşdırılsa da, uzun müddətdir ki, özünə yeni yanaşma tələb edən aktual məsələlərdən biri kimi qarşıda durmaqdadır. Əgər nəzərə alsaq ki, şairimiz haqqında son fundamental araşdırmaların tarixi keçən yüzilliyin 70-ci illərinə təsadüf edir, Nəsimi yaradıcılığına yenidən qayıtmaq və bu ölməz bədii təfəkkür hadisəsinin müstəqil dövlətçiliyimizin aksioloji maraqlar prizmasından yenidən dəyərləndirmək zərurətinin necə kəskin şəkildə qarşıda durduğu aydın olar.
Milli mənəviyyatımızın və mədəniyyətimizin yüksəlişində müstəsna rol oynamış bir çox klassiklərimiz kimi, Seyid İmadəddin Nəsiminin həyat və yaradıcılığının öyrənilməsinin intensivləşməsinə yüksək rəsmi-dövləti səviyyədə qayğını da məhz klassik və müasir ədəbiyyatımızın və mədəniyyətimizin böyük bilicisi və mesenatı, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasında dövlətin idarə sükanını möhkəm əllərinə aldıqdan sonra göstərmişdi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 1973-cü ildə, böyük ideya mücahidi, filosof-şair və mütəfəkkir, insan aşiqi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyini dünya miqyasında qeyd etməklə bir daha faydalanmışdı.
Əgər klassik Azərbaycan ədəbiyyatının pərəstişkarları 1948-ci ildən etibarən nisbi Nizami aclığı keçirirdilərsə, Nəsimi bütün bu illər ərzində az qala əsərləri qadağan olunmuş şairə çevrilmişdi. Yalnız elmi ictimaiyyətin xəbər tutduğu bəzi məsələlər istisna edilməklə sanki Azərbaycan ədəbiyyatı tarixində belə bir şəxsiyyətin mövcudluğu yerli-dibli unudulmuşdu. Ölkəmizdə Nəsimi "Divan"ı birinci və sonuncu dəfə 1926-cı ildə, ərəb əlifbası ilə çap olunmuşdu. Görkəmli ədəbiyyatşünas və mətnşünas Salman Mümtazın hazırladığı həmin "Divan" dövrümüzdə artıq çoxdan biblioqrafik nadirəyə çevrilmişdi. Hətta tapılsaydı belə, əlifba problemi üzündən onu oxuya bilənlərin sayı yalnız mütəxəssislərin miqdarı ilə məhdudlaşardı. Belə bir şəraitdə İmadəddin Nəsiminin yubileyinin geniş şəkildə qeyd olunması haqqında keçmiş Azərbaycan KP MK-nın qərarı klassik ədəbiyyatımızın, Füzuliyə qədərki anadilli şeirimizin haqsız yerə unudulmuş görkəmli bir nümayəndəsinin adının və əsərlərinin yenidən milli mənəviyyat xəzinəmizə qaytarılması və bu yolla da dünya poeziya xəzinəsində öz layiqli yerini tutması baxımından son dərəcə əlamətdar idi.
Nəsimi yubileyinin Azərbaycanda geniş qeyd edilməsinin həmin dövrdə üzərindən sükutla keçilən başqa bir mühüm cəhəti də vardı. Azərbaycan ədəbiyyatşünasları ideoloji xarakterli ayrı-ayrı istisnaları çıxmaq şərti ilə orta əsr klassiklərimizin yaradıcılığına türk ədəbiyyatı kontekstində yanaşmış, Qazi Bürhanəddin, Nəsimi, Füzuli və b. sənət korifeylərini yalnız milli şeirimizin deyil, ümumtürk poeziyasının görkəmli nümayəndələri kimi tədqiq edib araşdırmışlar. Lakin bununla bir sırada həmin sənətkarların ilk növbədə Azərbaycan türkü olduqları, etnik coğrafi, sosial-psixoloji və tarixi baxımdan türklüyün bu qoluna mənsubluqları da heç vaxt unudulmamışdır. Eyni şəkildə Qul Əlinin tatar, Əmir Əlişir Nəvainin və Baburun özbək, Cəlaləddin Ruminin və Baqinin osmanlı-turk, Molla Pənah Vaqifin Azərbaycan, Məxtumqulunun türkmən ədəbiyyatının tanınmış nümayəndələri olmaqla yanaşı, ümumtürk ədəbi fikrinin də təmsilçiləri və davamçıları olmaları fikri qəbul edilirdi. Nəsiminin mənşəcə Azərbaycan türkü olması, bu diyarda doğulub boya-başa çatması, Fəzlüllah Nəiminin ardıcıllarından biri kimi hürufilik təlimini məhz burada qəbul etməsi və həyatının Azərbaycanla bağlı digər səhifələri hələ keçən yüzilliyin 20-ci illərinin ortalarından Salman Mümtaz tərəfindən aşkara çıxarılaraq Nəsimi "Divan"ına yazılmış müqəddimədə öz əksini tapmışdı.
Lakin bütün bunlara baxmayaraq, türkmən ədəbiyyatşünası Qullayev Salman Mümtaz tərəfindən tərtib və və çap olunan "Divan"ın dili üzərində müəyyən türkmənləşdirmə əməliyyatı apararaq 1972-ci ildə həmin kitabı yenidən çap etdirmiş və Nəsimini milliyyətcə türkmən, bir sənətkar olaraq isə türkmən ədəbiyyatının klassiki kimi qələmə vermişdi. Ancaq bu ədəbi saxtalaşdırmanın rəsmi dairələrdə tanınmasına imkan verilmədi. Klassik ədəbiyyatımızın bilicisi və zərgəri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi, eləcə də yaxından qayğısı ilə Azərbaycanda keçirilən Nəsimi təntənələri böyük humanist olan filosof-şairin həm soy-kök, həm də yaradıcılıq baxımından daha qədim ədəbi-mədəni ənənələri ilə seçilən Azərbaycan xalqının yetirməsi olduğunu, bununla yanaşı, türkcə danışan bütün xalqların da ədəbiyyatının və poetik-ədəbi dilinin inkişafında mühüm rol oynadığını bir səslə təsdiq etdi.
Heydər Əliyevin, klassik ədəbiyyatımızın böyük bir nümayəndəsi və Azərbaycan ədəbi-poetik dilinin beşiyi başında duran söz sənətkarlarından biri kimi Nəsimi irsi ilə yaxından tanışlığı keçən əsrin 60-cı illərinin ikinci yarısında olmuşdu. Xalq şairi Rəsul Rza, sonra isə tanınmış neftçi Süleyman Vəzirov Suriya səfərindən qayıtdıqdan sonra bu ölkənin Hələb şəhərində, qədim qala divarlarının yanında məşhur Azərbaycan şairi İmadəddin Nəsiminin dəfn olunduğunu o zaman respublikanın dövlət təhlükəsizlik sistemində yüksək vəzifələrdə çalışan və ziyalı mühitində alovlu patriot kimi tanınan Heydər Əliyevə söyləmişdilər. 1970-ci ildə Suriya prezidenti Hafiz Əsədin dəvəti ilə bu ölkəyə gələn keçmiş Sov. İKP MK nümayəndə heyətinin başçısı Heydər Əliyev səfər proqramı xaricində Nəsiminin məzarının yerləşdiyi Hələb şəhərini ziyarət etmək arzusunu bildirmiş və ölkə rəhbərliyi tərəfindən onun bu istəyi xoş məramla qarşılanaraq yerinə yetirilmişdi, Nəsiminin faciəli qətlindən düz üç yüz əlli il sonra onun doğulduğu və boya-başa çatdığı ölkənin dövlət başçısı proqressiv humanist görüşlərinə görə öz əsrini xeyli qabaqlamış böyük Azərbaycan şairinin məzarı önündə sayğı duruşunda dayanmışdı. Bu faktın özü, Heydər Əliyevin hələ hakimiyyətinin ilk illərində klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə, nəşrinə və tanıdılmasına necə böyük önəm verdiyinin bariz sübutlarından biridir.
Həmin hadisədən iyirmi il sonra Ulu Öndər böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinə hazırlıq komissiyasının iclasında Suriya səfərinin təfərrüatını, Nəsiminin məzarını necə aşkara çıxardığını xatırlayaraq demişdi: "Mən 70-ci illərdə Suriyada olarkən Nəsiminin qəbrini ziyarət etmək üçün xüsusi olaraq Hələb şəhərinə getmişdim. Mənim Hələbə səfərimin təşkili barədə Suriya prezidenti Hafiz Əsədin xüsusi göstərişi var idi. Hələb şəhərinin başçıları axşam mənə bildirdilər ki, səhər Nəsiminin qəbrini ziyarət edəcəyəm. Ertəsi gün üç-dörd saat gözləməli oldum, çünki qəbrin yerini bilmirdilər. Nəhayət, onun yerini bilən bir nəfər tapdılar. Yəqin siz də bilirsiniz, Nəsiminin məzarı ümumi qəbiristandadır. Nəsiminin törəmələri də orada dəfn olunmuşdur. Qəbirüstü abidə və s. yoxdur, orada bu, adət deyil. Ancaq qəbir çox yaxşı vəziyyətdə idi, ona qulluq edən adam da var idi".
Heydər Əliyevin bu sözləri maraqlı bir cəhətə diqqəti çəkir ki, onu burada qeyd etməyə bilmərik. Məsələ burasındadır ki, istər Nəsiminin, istərsə də Füzulinin qərib məzarları, onlara yiyəlik eləyən, sahib çıxan tapılmadığı vaxtlarda müəyyən qədər başqa statusda, başqa vəziyyətdə olmuş, sonra isə məhz Heydər Əliyevin yüksək səviyyədə göstərdiyi maraq nəticəsində daha yüksək statusa keçirilmişlər. 1994-cü ildə Füzulinin anadan olmasının 500 illiyi ərəfəsində biz İraqa gedərkən Kərbəlada artıq şairin dəfn olunduğu məzar sökülərək yerində yol salınmışdı və Azərbaycan ziyalılarının da məzarı Bakıya köçürmək barədə qaldırdıqları məsələ məhz bu problemlə bağlı idi. Füzulinin 500 illik yubileyini keçirən dövlət komissiyasının iclasındakı çıxışında Heydər Əliyev bu ağrılı problemi də diqqətdən qaçırmayaraq öz münasibətini bildirmişdi: "Hələ 70-ci illərdə Füzulinin qəbrinin Bakıya köçürülmək məsələsi çox geniş müzakirə edilirdi... O zaman belə br məlumat aldıq ki, Kərbəlanın baş planına əsasən yol çəkilir və həmin yol Füzulinin qəbri olan yerdən keçdiyinə görə guya şairin cənazəsinin qalıqlarını hansısa məscidə aparmışlar. Adətən belə hallarda qəbri başqa yerə köçürürlər. Lakin həmin məlumat məni çox narahat etdi, çünki bu, Füzuliyə qarşı çox böyük hörmətsizlik olardı. Şübhəsiz ki, bu halda onun cənazəsinin qalıqlarını Bakıya gətirib ən görkəmli yerdə dəfn edərək şairin məqbərəsini yaratmağa mənəvi haqqımız olardı. Lakin bilirsiniz ki, bundan bir il sonra mən Azərbaycandan getdim və işlərin sonrakı gedişindən xəbərim olmadı. Ancaq indi öyrəndim ki, Füzulinin qəbrini başqa yerə köçürmüşlər".
SSRİ kimi nəhəng bir imperiyanın aparıcı simalarından biri kimi, təbii ki, Heydər Əliyevin nəinki klassik Azərbaycan ədəbiyyatına, hətta Azərbaycanın bir çox ağrılı problemlərinə belə vaxt ayırmaq imkanları çox məhdud idi. Ancaq onun quruca adı da bəs etmişdi ki, İraq rəhbərləri Füzulinin qəbrini köçürərkən Azərbaycan şairinə lazımi hörmət və ehtiram göstərsinlər və onu uzun müddət xidmət göstərdiyi İmam Hüseyn türbəsinin kitabxanasının girişində torpağa tapşırsınlar. Görənlər bilirlər ki, Füzulinin qəbri - adı çəkilən kitabxanaya girərkən, birinci mərtəbədə sağ əldəki divarın üzərində bəzəkli kaşı ilə işlənmiş bir lövhədən ibarətdir və həmin lövhənin üzərində şairin adı, doğum və ölüm illəri qeyd edilmişdir. Məzarın üzərində ənənəvi başdaşı yoxdur və bu nə qədər mistik səslənsə də, sanki bununla Füzulinin bir qəzəlində etdiyi öz vəsiyyətini yerinə yetirmişlər. Həmin vəsiyyət isə böyük şairin aşağıdakı beytlərində öz bədii əksini tapmışdır:
Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən,
Ki məlum ola dərd əhlinə qəbrim ol əlamətdən.
Məzarım üzrə qoymun mil, əgər kuyində can versəm,
Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən.
Füzulişünaslar bilirlər ki, son beytdəki "sərvqamət" obrazı məcazi məna - ucaboylu gözəl anlayışı ilə yanaşı, həm də İmam Hüseyn türbəsinin üzərində ucalan minarəyə işarədir və Füzuli bununla, əlli ildən artıq bir müddətdə xidmətində dayandığı həmin türbəyə yaxın bir yerdə dəfn olunmasını vəsiyyət etmişdi. Ancaq ilk qəbrində, təbii ki, mil, yəni başdaşı olmuşdu; köçürüləndən sonra isə başdaşının olmaması, Füzuli vəsiyyətinin olduğu kimi yerinə yetirilməsi ilə nəticələnmişdi.
Və bu gün Füzulinin məzarına təkcə Kərbəladakı sərv qamətli İmam Hüseyn minarəsinin sayəsi deyil, eyni zamanda, Azərbaycanın müxtəlif yerlərində vüqarla ucalan sərv qamətli Heydər Əliyev heykəllərindən bir sayə düşməkdədir. Demək, Ulu Öndərin ruhu bu gün də Füzulini və başqa klassiklərimizi öz himayəsi, sayəsi altında saxlamaqdadır.
1973-cü ildə klassik Azərbaycan ədəbiyyatının nümayəndələri arasında ilk dəfə Nəsiminin anadan olmasının 600 illik yubileyi bilavasitə Heydər Əliyevin xidməti sayəsində beynəlxalq humanitar-mədəni təşkilatın - YUNESKO-nun təntənəli tədbirləri planına daxil edildi. Həmin il sentyabrın 22-də Heydər Əliyevin də iştirakı ilə Bakının mərkəzi meydanlarından birində gələcək Nəsimi abidəsinin təməli qoyuldu. Bir neçə il sonra isə yenə də onun iştirakı ilə bu maraqlı abidənin açılış mərasimi oldu. Şairin 1973-cü ilin payızında keçirilən yubiley tədbirlərində tanınmış sovet şairlərindən N.Tixonov, M.Qribaçov, Maksim Tank, "Kuryer YUNESKO" jurnalının baş redaktoru Sendi Koffler, keçmiş SSRİ xalqları ədəbiyyatlarının bir sıra görkəmli nümayəndələri iştirak edirdilər. Sonralar İraqda Azərbaycan mədəniyyətinin səlahiyyətli nümayəndəsinə çevrilən İraq-türkman şairi Əbdüllətif Bəndəroğlu da ilk dəfə Nəsimi yubileyi zamanı Bakıya gəldi və bundan sonra onun şəxsində iki qardaş xalqın - İraq türkmənləri ilə azərbaycanlıların 25 ildən çox davam edən ədəbi-mədəni əməkdaşlığının bünövrəsi qoyuldu.
Azərbaycan ədəbiyyatının digər klassikləri kimi Nəsimi yubileyinin də ədəbiyyatımıza və mədəniyyətimizə ən böyük töhfəsi yubiley münasibətilə nəşr edilən kitablar oldu. Şairin anadilli yaradıcılığını bütünlüklə ehtiva edən üç cildlik əsərlərinin elmi-tənqidi mətni mərhum Cahangir Qəhrəmanov tərəfindən hazırlandı və yubiley günlərində çap edildi. Bakıda və Moskvada Nəsimi əsərləri Azərbaycan və rus dillərində çapdan çıxdı. Şairin yaradıcılığının ayrı-ayrı səciyyəvi nümunələri ingilis, fransız, alman və s. dillərə tərcümə olundu. Akademik Həmid Araslının yazdığı "İmadəddin Nəsimi" elmi-kütləvi monoqrafiyası da bir sıra aparıcı dünya dillərinə - rus, ingilis, ərəb, fransız, alman dillərinə tərcümə edilərək yayımlandı. Xalq şairi Qabilin monumental "Nəsimi" poeması da, milli kinomuzun uğurlarından sayılan "Nəsimi" filmi də 70-ci illərdə Azərbaycan mədəniyyət xadimlərinin Nəsimi irsi qarşısındakı vətəndaşlıq borclarının işığında yaranmışdı. Nəhayət, akademik Bəkir Nəbiyevin tərtib etdiyi Nəsimi haqqında məqalələr toplusu (rus dilində) da bu ədəbiyyat bayramının diqqətəlayiq nəticələrindən biri idi. Həmin kitabda Azərbaycan alimlərinin Nəsiminin dövrünə, mühitinə, şəxsiyyətinə, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təliminə, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərinə həsr olunmuş məqalələri ilə birlikdə qonşu respublikaların bir sıra tanınmış söz ustalarının Nəsimi ilə, bütövlükdə isə dünya ədəbiyyatı tarixində özünəməxsus yeri və dünya ədəbiyyatının inkişafında rolu olan orta əsrlər Azərbaycan poeziyası ilə bağlı ürək sözləri öz əksini tapmışdı.
1993-cü ildə - İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsindən iyirmi il sonra, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı ziyalıları ilə görüşündə Ümummilli Liderimiz Heydər Əliyev bu tədbirin istər o dövr üçün, istərsə də mədəni inkişafımızın sonrakı dövrləri üçün böyük əhəmiyyətini bir daha vurğulayaraq demişdi:
"Yenə də qeyd edirəm ki, tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur".
Nəsimi ilə bağlı keçirilən geniş miqyaslı tədbirlər Azərbaycan mədəniyyətinin istər keçmiş SSRİ məkanında, istərsə də onun hüdudlarından kənarda tanıdılması yolunda mühüm vasitə idi. Yubileydə iştirak edən moskvalı şair Lev Ozerov Nəsimini "dünya lirikasının Koperniki" adlandırmışdı. Digər respublikaların təmsilçilərinin də xalqımız və ədəbiyyatımız barəsində fikirləri eyni dərəcədə yüksək idi. Ümumiyyətlə, Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərdə Nəsimi təntənələri də daxil olmaqla Azərbaycan ədəbiyyatı və mədəniyyəti klassiklərinin yubileylərindən qədim ənənələrə malik ədəbiyyatımızın keçmişini və inkişaf yolunu göstərmək üçün çox böyük məharətlə istifadə olunurdu. Bu isə öz növbəsində xalqımıza və mədəniyyətimizə çoxsaylı və nüfuzlu dostlar qazandırırdı. Nəhayət, Seyid İmadəddin Nəsimi də daxil olmaqla klassiklərin irsinin sistemli nəşri və tədqiqi ədəbiyyat tariximizin ardıcıl şəkildə, bütün şəxsiyyətləri, faktları və hadisələri ilə birlikdə sistemli olaraq öyrənilməsini və təbliğini təmin edirdi. Bu isə özlüyündə, bütövlükdə Azərbaycan xalqının və hər şeydən öncə ölkənin gələcəyi olan gənc nəslin milli qürur duyğularının daha yüksək səviyyədə tərbiyə edilməsinə əlverişli şərait yaratmaqla xalqın gələcək mənəvi inkişafını təmin etməyə yardım göstərirdi.
Yeri gəlmişkən qeyd edək ki, klassik Azərbaycan ədəbiyyatına, xüsusən onun ən böyük və fəci nümayəndələrindən biri olan Nəsiminin həyat və yaradıcılığının öyrənilməsinə və təbliğinə bu cür sevgi, sayğı və qayğı Heydər Əliyev məktəbinin ən böyük yetirməsi olan, Heydər Əliyevin istər daxili, istərsə də xarici siyasət kursunun davamçısı və inkişaf etdirəni, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə həyata keçirilməkdədir. 2008-ci ilin noyabr ayında Hələb şəhərində Nəsimi yaradıcılığına həsr edilmiş Beynəlxalq elmi konfransın keçirilməsi bu sevginin və qayğının ən bariz təzahürüdür.
Bu konfransın faydalı cəhətlərindən biri də o oldu ki, Suriyada daha çox din uğrunda şəhid kimi tanınan Nəsimi, Azərbaycan alimlərinin elmi məruzələrindən sonra həm də böyük bir şair, söz sənətkarı kimi ərəb elmi dairələrinə tanıdıldı, onun yaradıcılığı, poetik irsində özünə yer tapan yüksək humanist fikirlərlə tanış olmaq arzusu ədəbi dairələrdə baş qaldırdı. Nəsiminin bir sənətkar və filosof kimi insana bəslədiyi sevgi duyğuları, kamil insan tərbiyə etmək arzuları, şairin öz əsərlərinin örnəyində əyani olaraq dinləyicilərin nəzər-diqqətinə çatdırıldı. Qeyd edildi ki, Nəsiminin humanizmi, insan sevgisi bir çox sufi şairlərində olduğu kimi, mücərrəd, mistik xarakter daşımayıb, konkret obyektə - kamil insana yönəlmişdir və böyük şair istər zamandaşlarını, istərsə də özündən sonra gələn nəsilləri bədii sözün qüdrəti ilə məhz bu ruhda tərbiyə etmək istəyir və bununla da özündən öncə yaşayıb yaratmış böyük humanist şair və filosofların mütərəqqi ənənələrini davam və inkişaf etdirir. "Mərhəba, insani-kamil, canımın cananəsi; aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?!" - deyən şair antroposentrist fikirlərini bu cür bədii örnəklərin vasitəsi ilə öz oxucularına çatdırmağa nail olmuşdur.
Hələb konfransının bir əlamətdar cəhəti də, Nəsiminin 640 illik yubileyi ərəfəsində keçirilməsi idi. Bu, bir növ, yubiley qabağı elmi qüvvələrin sınağa çəkilməsi, Nəsimi irsi üzərində tədqiqatların səviyyəsinin və perspektivlərinin müəyyənləşməsi oldu. Məlum oldu ki, böyük humanist şairin həyat və yaradıcılığının öyrənilməsi, təbliği və nəşri problemlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdə narahatlıq doğurması heç də əsassız deyilmiş. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 25 min tirajla çap olunan kitabar arasında Nəsiminin ikicildliyi də artıq nəfis şəkildə işıq üzü görmüşdür, lakin təəssüf ki, eyni sözü Nəsimi yaradıclığının yeni təfəkkür işığında, milli ideologiya kontekstində, ən əsası isə, obyektiv elmi metodologiya yatağında tədqiqi və təbliği haqqında demək mümkün deyildir. Şübhəsiz ki, cənab prezidentin şəxsən marağı və qayğısı istər 640 illik yubileyin yüksək beynəlxalq səviyyədə keçirilməsinə, istərsə də nəsimişünaslığın sonrakı inkişafına misilsiz təkan verəcəkdir. Xüsusilə düzgün yeridilən daxili və xarici siyasət sayəsində milli dövlətçiliyimizin yetişdiyi indiki yüksək inkişaf səviyyəsində xalqımızın yetişdirdiyi dahi söz və fikir adamlarının, böyük humanist sənətkarların bütün dünyaya tanıdılması, dünya birliyindəki yerimizin daha da möhkəmlənməsinə, ölkəmizin və xalqımızın layiq olduğu mövqeyi əldə etməsinə yardım göstərəcəkdir.
Ədəbiyyat tariximiz üçün onu da qeyd etmək yerinə düşər ki, Nəsimi irsinin öyrənilməsi, təbliği, Nəsimi mavzoleyinin dünya standartları səviyyəsində təmiri və bərpası haqqında yüksək Prezident təşəbbüsünün irəli sürülməsindən sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda da bu yöndə alimlərin üzərinə düşən vəzifələrin icrası baxımından yeni bir canlanma özünü göstərməkdədir. Belə ki, Nəsimi yubileyinə hazırlıq çərçivəsində şairin həyat və yaradıcılığı haqqında yeni elmi-kütləvi monoqrafiyanın yazılması, həmin monoqrafiyanın ingilis, rus, alman, fransız, ərəb, Çin və b. dünya mədəniyyətinin aparıcı dillərinə, eləcə də bütün türk xalqlarının dillərinə tərcümə edilməsi və xüsusi Nəsimi saytında yerləşdirilməsi üzərində ciddi işlər aparılmaqdadır. Bu, Azərbaycan ədəbiyyatşünaslarının milli dövlətçiliyimizin möhkəmləndirilməsi, milli dəyərlərimizin qlobal səviyyədə tanıdılması yönündə Respublika Prezidentinin apardığı məqsədyönlü fəaliyyətə canla-başla yardımçı olmaq və öz üzərlərinə düşən vəzifələri yüksək elmi-təşkilati səviyyədə yerinə yetirmək istiqamətində atdıqları addımlar kimi qiymətləndirilə bilər. Azərbaycan klassikinə qırx ildən sonra yeni yüksək səviyyədə qayıtmaq isə - bütövlükdə Əliyevlərin elm və mədəniyyət tutumlu daxili siyasətinin parlaq təzahür örnəyi kimi nəzərdən keçirilməlidir. Bu siyasətin varislik dialektikası üçün əlamətdar olan bir cəhəti də qeyd etmədən keçmək olmaz ki, bu da Nizami Gəncəvinin 1981-ci ildə keçirilmiş 840 illiyi ilə İmadəddin Nəsiminin 2009-cu ildə keçirilmiş 640 illik yubileyindəki rəqəmlərin bənzərliyi, onların hər ikisinin Şərqdə, o sıradan Şərqlə Qərbin qapısı sayılan Azərbaycanda da müqəddəs rəqəm hesab edilən "40" simvolik sayı ilə bitməsidir. Və o da yəqin ki, simvolik məna daşımamış deyil ki, 2009-cu ildə, yəni Nizaminin vəfatından 800, Nəsiminin doğumundan isə 640 il keçdiyi bir zaman kəsimində Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri, daha doğrusu, birincilərindən olan Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında hakimiyyətə gəlməsindən - xalqımızın və ölkəmizin taleyinə günəş kimi doğmasından da nə az, nə çox - düz qırx il keçirdi.
Nəsiminin 600 illik yubileyi Ulu Öndərin səyi və qeyrəti ilə qlobal miqyasda - UNESCO səviyyəsində keçirilmişdi. Ancaq bu təşkilat sonu iki sıfırla bitən yubiley tarixlərini qutlama prinsipini qəbul etdiyi üçün Nəsiminin 640 illiyini bu səviyyədə keçirmək texniki cəhətdən imkansızdır. Ancaq UNESCO-nun bu tədbirə qoşulmaması heç də Nəsimi yubileyinin qlobal səviyyədə keçirilə bilməməsi demək deyil. Yubileyin ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan dövlətinin həm kifayət qədər vəsaiti, həm də dünya elmi dairlərində nüfuzu və sanbalı vardır. Məhz buna görə 2009-cu ilin dekabrında Nəsimi yaradıcılığına həsr edilmiş Beynəlxalq elmi konfrans keçirildi. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Suriya və İran alimləri də iştirak edərək Nəsiminin həyat və yaradıcılığının müxtəlif problemləri barədə fikir mübadiləsi keçirdilər. Bu kitabda həmin konfransın materialları da diqqətən kənarda qalmamış, yeri gəldikcə bu və ya digər elmi müddəanın əsaslandırılmasında onlardan bir söykənəcək kimi istifadə edilmişdir. Zənnimizcə, bu cür konfransların keçirilməsi bir ənənə halını alacaq və bu da dünya nəsimişünaslığının ildən-ilə daha mötəbər elmi dairələrdə söz qonusu olmasına şərait yaradacaqdır. Dünya nizamişünaslığı, dünya füzulişünaslığı və başqa qlobal səviyyəli Azərbaycan şairlərinin həyat və yaradıcılığını öyrənən dünya araşdırma məktəblərinin bir qolunu da dünya nəsimişünaslığının oluşduracağına heç bir şübhə yoxdur.
Beləliklə, tarix neçənci dəfə sübut etdi ki, yalnız fər sahibi, ərdəmli, qədirşünas varislərin olduğu ölkələrdə ədəbiyyat və mədəniyyət zəncirindəki mühüm halqaların qırılmazlığı təmin edilir və məhz o xalqların ədəbiyyatı dünya miqyasında öz tanıtımını və təsdiqini tapa bilir başqa xalqların arasına yayıla bilir ki, həmin xalqların liderləri qlobal səviyyədə hörmət sahibi olsun, sözü kəsərli və keçərli olsun, öz doğma ədəbiyyatının və mədəniyyətinin təəssübünü çəkə bilsin və yeri gələndə bu milli sərvətin əsl qiymətini başqalarına da bildirməyə qeyrəti və cürəti çatsın. Klassik ədəbiyyatımızın başqa böyük nümayəndələri kimi, İmadəddin Nəsiminin də bəxti bu barədə məhz ona görə gətirmişdi ki, tarix Azərbaycana Heydər Əliyev kimi qədirşünas bir dühanı bəxş eləmişdi və bu dahi şəxsiyyət özü kimi dahiləri tarixin sükut buzundan qopararaq öz millətinə və təkcə öz millətinə deyil, həm də bütün bəşəriyyətə xidmətə, insanlığın mədəni səviyyəsinin yüksəldilməsinə, insanlarda insani sifətlərin tərbiyəsinə cəlb edə bilmişdi.
Teymur
KƏRİMLİ
Vilayət
QULİYEV
525-ci qəzet.- 2019.- 7 mart.- S.4.