Səhəri azanla açılan şəhər...
Saatlar
1:00-ı göstərir, qəflətən işıqlar
yanır. Kapitan eniş xəbərdarlığı
edir. Təyyarə bələdçiləri
yatanları oyatmaq və kəmərlərini
bağlamağı unudan sərnişinlərə
xatırlatma etmək üçün onlara
yaxınlaşırlar.
Həmişə olduğu kimi, yenə yolda
yatmadığımdan ətrafdakıları müşahidə
edir, hərdən aşağıya boylanıram. Gah dənizin,
gah da şəhərin üstü ilə dövrə vururuq.
Qaranlığın içindən yanan
işıqlar göz oxşayır. Yüksəklikdən
baxanda adama elə gəlir ki, şəhər bir az əvvəl yanıb qurtarıb, yerində
işım-işım işıldayan
qıpqırmızı köz qalıb. Ola bilər
ki, bənzətmə sərtdir. Amma bu
cür öldürücü gözəlliyə başqa ifadə
tapa bilmədim.
İstanbul
gecələri...
Çamadanımı götürüb, qalacağım
otelə tərəf yollanıram. Gecə yarısı
olmağına baxmayaraq, şəhərdə bir tıxac var,
gəl görəsən. Hə, bax, indi
hiss edirsən ki, artıq İstanbuldasan. Cümə
günü olduğu üçün əyləncə məkanları
dolub daşırdı. Şəhərdəki
izdiham adamın gözünü qaraldırdı. İstiqamətim
“İstiklal caddesi”nə idi. Taksimin ara
küçələrindən keçəndə
sıxlıq daha çox müşahidə olunur. Yan-yana düzülən gecə klublarından gələn
qulaqbatırıcı səslərin bir-birinə
qarışdığı küçəyə dönəndə
isə gözümü dörd açıb sağa-sola
boylanıram. Demək, İstanbul gecələri
dedikləri bu imiş - özümü sanki beynimdə
çoxdan ilişib qalmış bir vacib məsələyə
cavab tapmış kimi hiss edirəm. İçib sərxoş
olub yerdə sürünənlər, yoldan keçənləri
klublardakı əyləncəyə dəvət etmək
üçün, az qala, qolundan dartıb içəri salmaq
istəyənlər, şişirdilmiş dolu dodaqları,
süni saçları, eybəcər bədən
quruluşları, barmaqlarının arasında siqaret, yöndəmsiz
geyimli qadınlar özlərini küçədən
keçənlərə təklif edirlər. Rədd
cavabı aldıqda digərlərinin qarşısını
atılırlar. Get-gedə gələn səslər
daha da dözülməz olur. O dərəcədə ki,
əyləşdiyim avtomobili belə hərəkətdə
olduğu halda silkələyir. Öz-özümə
fikirləşirəm ki, ilahi, bu cür səslə hansı əyləncədən,
dinclikdən, zövqdən söhbət gedə bilər?
Son illərdə bu cür haylı-küylü
yerlərə nəinki gedə, heç həndəvərindən
də keçə bilmirəm. İsrarla sakitliyə,
sükuta can atıram. Yəqin elə buna görə həmin
insanların da narahat olduğunu, amma məcburiyyətdən
yolun ortasına səpələndiklərini
düşünürəm! Getdikcə
yanıldığıma əmin oluram. Çünki
pulu olmadığı üçün içəri keçə
bilməyənlər bir şüşə içki alıb
başlarına çəkə-çəkə, bir-birinə
qoşulub ortalıqdaca oynayırdılar. Çöldəki
mənzərəni gördükdən sonra içərinin nə
vəziyyətdə olduğunu ağlıma gətirmək istəmirdim.
Düşünə-düşünə
qarmaqarışıq, dar, izdihamlı küçədən
keçib ünvana çatıram. Saata baxıram, artıq 2:00-dan xeyli
keçib. Hayı-küyü səngiməyən
ərazidə yerləşən otelimdə birtəhər
yuxuya gedib, erkəndən oyanıram.
On əsrdən çox yaşı olan şirniyyatla incəbelli
bardaqda çay...
Türkiyəyə nə vaxt getsəm, mütləq
mühalləbiciyə baş çəkirəm. Bu
şirniyyatın o qədər çox növü var ki,
fikirləşirəm, görəsən, nə qədər
yesəm hamısının dadına baxıb qurtarmış
olaram? Ankara ilə bağlı
yazılarımın birində “muhalləbi” adını
çəkmişdim. O boyda yazıda Rəşad Məcidin
diqqətini məhz həmin şirniyyat cəlb etmiş və
xeyli müzakirə aparmışdıq. Elə bir az da onun marağından yola çıxaraq bu
dəfə məqsədli şəkildə muhalləbicilərə
baş çəkdim. Dadmadıqlarımı
daddım, necə hazırlandığını, tarixini
öyrəndim. Bu şirniyyat
növünün on əsrdən çox yaşı var.
İmperatorluq dönəmində Osmanlı sarayındakı
bayramlarda, ziyafətlərdə bişirilən xüsusi təamlar
sırasında imiş. Həmin vaxtlar ətli,
düyülü hazırlansa da, sonralar tərkibini dəyişib,
çeşidini çoxaldıblar. Hazırda əncirli,
damla saqqızlı, portağallı, şokoladlı, qozlu və
s. növləri var. Zaman keçdikcə səyyar
satıcıların gəlir qaynağına çevrilib. Elə onların sayəsində elit təbəqənin
bu nəfis təamı əhalinin vazkeçilməzi olub.
XI əsrdə Mahmud Kaşğarı tərəfindən
yazılan “Divani Lüğət-it Türk”də bu
şirniyyat növünün adı keçib.
Axşamı
günahlarla düşən, səhəri azanla
açılan şəhər...
Növbəti gün hava tutqun idi. Üç saat
boş vaxtımı həm yeriyib düşünməklə,
həm də Sultan Əhməd məscidinə baş çəkməklə
dəyərləndirmək istədim. “Qalata qülləsi”nin yaxınlığından keçmişkən
fürsətdən istifadə edib, oranı da ziyarət etmək
eşqinə düşdüm. Giriş
üçün növbəyə düzülən və
sonuncu adamın nə qədər uzaqlıqda
dayandığını görə bilməyəndə
fikrimi dəyişib, yoluma davam etdim. Sağda,
solda o qədər məscid var ki, bu çoxluq
qarşısında heyrətlənməyə bilmirsən.
Əvvəlki gecəni yada salırsan. Adama elə gəlir ki, hər addımda bu qədər
məscidin tikilməsi o cür gecələrin
üstünü örtmək üçün nəzərdə
tutulub. Təzadlarla dolu şəhəri
düşünəndə əmin olursan ki, buranın
axşamları günahlarla düşür, səhərləri
isə bir-birinə qarışan azan səsi ilə
açılır.
Xeyli məsafə qət etdikdən sonra “Sultan Əhməd”in
minarələri görünməyə başlayır. Qayda üzrə
başımı örtüb, içəri daxil oluram. Memarlıq, arxitektura, dizayn möhtəşəmdir.
Baxdıqca baxır, doymaq bilmirsən. Amma... burada hər millətdən o qədər insan
var ki, ağız deyəni qulaq eşitmir və addım
atmağa yer tapmırsan. Bu tünlüyü
görüb, əsas müşahidələri aparıb
çıxıram. Uzaqdan növbəti
memarlıq məni özünə maqnit kimi çəkir.
Hə, odur - 360-cı ildə Roma imperatoru
Konstantin tərəfindən tikilib kilsə kimi istifadəyə
verilən “Ayasofya”. Ərsəyə gəlməyində
qızıl, gümüş, şüşə,
bişmiş torpaq, rəngli daşlardan istifadə edilib.
1453-cü ilə qədər kilsə kimi fəaliyyət
göstərib. Fatih Sultan Mehmetin fəthindən
sonra məscidə çevrilib. Taxta gələn
bütün sultanlar bu memarlıqda yeniliklər ediblər.
Mustafa Kamal Atatürkün əmri ilə muzeyə
çevrilib və 1935-ci ildən yerli və əcnəbi ziyarətçilərə
açıq elan edilib. Məmnuniyyətlə
içəri daxil olmaq istəyirdim. Bunun
üçün əcnəbi ziyarətçilərin
sırasında dayanmalı idim. Növbənin
uzun, insanların hədsiz çox olduğunu görəndə
fikrimi dəyişdim. Bilet pasport
qeydiyyatı ilə satıldığı üçün
bir nəfərin girişi xeyli vaxt aparırdı. Mənim isə o qədər vaxtım yox idi.
İlk
sevgi şeirinin saxlandığı muzey
Artıq yavaş-yavaş çiskin
başlamışdı. Hiss edirdin ki, bir azdan bir yağış yağacaq, tut
ucundan göyə çıx. Gəldiyim kimi
piyada geri qayıtmaq üçün küçələrin
biri ilə davam etdim. Gözüm
“Topqapı” yazısına sataşdı, tez yönümü
saray istiqamətinə dəyişdim. İri
gövdəli ağacların və hər tərəfindən
qədim dövrdən qaldığı açıq-aşkar
görünən daşların yanından keçib, ilk
girişdən sola döndüm. Bilet
alıb içəri keçdim. Təbii
ki, Topqapı Sarayını ziyarət adı ilə gəlmişdim.
Pilləkənlərdən qalxdım, baxdım
ki, burada Osmanlıya aid bir çöp də yoxdur. Yenidən geri qayıdıb üstünü oxudum, sən
demə, bura Şərq Əsərləri Muzeyi imiş.
Düşündüm ki, nə fərqi var, muzey muzeydir də,
gəlmişkən tanış olum. Burada
Mesopotomiya, Misir və Ərəbistan yarımadasının
islamdan öncəki dönəminə aid əsərlər sərgilənir.
Çoxu XIX əsrdən başlayaraq Birinci
Dünya müharibəsinə qədərki vaxtda arxeoloji
qazıntılar aparılaraq çıxardılıb və həmin
zaman adıçəkilən yerlərin hakimi olan Osmanlı
İmperatorluğunun paytaxtına - İstanbula gətirilib.
Muzeylə bağlı ayrıntılar
çoxdur. Amma xüsusi diqqət çəkəni
deyim. Eradan əvvəl XVIII əsrə -
Babil dönəminə aid ilk sevgi şeiri məhz bu muzeydə
qorunub saxlanır. Şeirdəki misralar isə belədir:
Sen beni sevdiğin için
Lütfet
bana okşayışlarını,
Beyim
tanrım, beyim koruyucum...
Başdan ayağa oxuyanda fikirləşirsən ki, bu
misraları yazan eqoist olub. “Məni sev, məni
oxşa, ancaq məni, ancaq mənə”, arada “Tanrım, bəyim”
deyərək qarşısındakının gözündə
özünü şirin satır.
Ərazidəki bir neçə muzeyi gəzdikdən
sonra bələdçidən Topqapı Sarayını
soruşdum.
Yanlış gəldiyimi, sola dönüb, düz getməli,
ziyarətin saat 16:00-a qədər olduğunu dedi. Baxdım ki,
bir saat vaxtım var, həyəcanlı şəkildə
yanından ayrılıb bağlanmamış yetişmək
istəyirdim ki, əlavə etdi: “Təəssüf ki, getməyiniz
əbəsdir, çünki Saray ikinci günlər fəaliyyət
göstərmir”.
Bu cümlə ürəyimcə olmuşdu. Çünki
açıq olduğunu, amma ziyarət etmədiyimi bilsəm,
fikrim orda qalacaqdı. Mənim isə
növbəti yeri dolaşmağa gücüm
qalmamışdı, xəstəhal və yorğun idim. Artıq geri qayıtmaq istəyirdim. Bu dəm gözlədiyim mesaj gəldi.
Əyyub Sultan Bələdiyyəsinin Kültür müdiri
Davut Akgül idi, məni gözlədiyini dedi. Getdim, bir az söhbət etdik. Məşhur Əyyub
Sultan Məscidi haqqında məlumat verdi.
Bulağından axan suyun müqəddəs
sayıldığını, həndəvərində əsrlər
əvvəldən qalan nəhəng çinar
ağaclarının Osmanlının mirası olduğunu dedi.
Burada öyrəndim ki, məscid 1458-ci ildə
inşa edilib. Elə məscid qədər
də maraq kəsb edən türbə isə Məhəmməd
peyğəmbərin bayraqdarlığını edən, 90
yaşı olmağına rəğmən İstanbulun fəthini
gözləri ilə görmək üçün törənə
qatılmaq adı ilə yola çıxan Xalid İbn Zeyd
Əbu Eyyub El-Ensariyə aiddir. Səfər
ərəfəsində xəstələnərək vəfat
edib. Burada dəfn olunub. Ərazini dəyərli edən digər faktlardan biri
isə Osmanlı padşahlarının ənənəvi
olaraq, Əyyub Sultan Məscidində qılınc qurşanma mərasimlərini
keçirməsidir. Hətta bəzi
sultanlar savaşa getməzdən əvvəl mütləq gəlib
burada dua edib, sonra yola çıxarmışlar.
Orxan Pamuk, boza və...
Davud bəy bir qədər bilgi verdikdən
sonra, “Ən yaxşısı gedək, gözlərinlə
gör” - deyir. Məscidə doğru yollananda gözüm
Orxan Pamukun romanlarından ağlımda qalan və dəfələrlə
İstanbula gəldiyim halda heç cür tapıb içə
bilmədiyim bozaya sataşır. İti addımlarla
bozaçıya tərəf götürülürəm.
Balaca plastik stəkanlara doldurulub, üzərinə
darçın əlavə edilən qablardan birini
başıma çəkirəm. Birdən yadıma
düşür ki, axı bir az əvvəl tək deyildim.
Üzümü çevirirəm ki, Davud bəy gülə-gülə
gəlir. Hiss edirəm ki, bozanın həyəcanına
çox qapılmışam. Bir qədər sonra güclü
yağış başlayır. Bir neçə dəqiqə
gəzmək fürsətimiz olur. Getdikcə şiddətlənən
yağışın qarşısında tab gətirmək
mümkünsüzləşir. Davud bəylə növbəti
gün görüşmək üçün vədələşib
sağollaşırıq. Taksiyə əyləşib, otelə
üz tuturam. Yolboyu yaranan tıxac, güclü
yağış, saçlarımın dibinə qədər
islanmağım, heç taqətdən düşmüş
ayaqlarım da vecimə deyil. Beynimdə muzeylərin
görüntüsü, burnumda tarixin qoxusu, ağzımda
bozanın dadı ilə yavaş-yavaş gedirəm.
Axşamkı görüşə hazırlaşmalıyam...
Türkan TURAN
525-ci qəzet.- 2019.-
8 mart.- S.24.