Axırımız necə olacaq?
İllər əvvəldi, dostumun qonağıyam, ailəsiylə
problemləri var; anlaşmırlar, yola getmirlər, kəsəsi,
ayrılmaq üzrədirlər.
Dostum narahatdı,
nə edəcəyini
bilmir, af-uf edib durur, gah
özünü, gah da xanımını günahlandırır. Dərd budur
ki, problemin qaynağını da bilmir. Mənə, vaxtıyla xanımına yazdığı sevgi məktublarından danışır,
nişanlı dövrlərini
anladır, “o məni sevirdi” deyir, - “indi isə...” ardını gətirə
bilmir, qəhərlənir...
sonra qəfil dikəlib, xanımı duymasın deyə xısın-xısın pıçıldayır:
“Canıvı yeyərəm,
qardaşım, bizə
bir psixoloq gözüylə bax gör nədi məsələ, axı
biz bir-birimizi sevirdik, niyə belə olduq, niyə bu günə düşdük?”
Sonra təklifinin ayıb olduğunu düşünərək
düzəliş eləyir:
“Əşşi, boş
ver, onsuz da iş işdən
keçib artıq”.
Bir söz demirəm, nə deyim ki?..
Axşam birlikdə gəzintiyə
çıxırıq, 3 yaşlı
oğulları da bizimlədir, yan-böyrümüzdə
ora-bura qaçır,
atılır-düşür, yorulur. Xanım uşağı qucağına
götürür. Davam
edirik, gəzirik, dolaşırıq: uşaq
hələ də xanımın qucağındadır.
Hiss edirəm, bərk yorulub, “ver mən götürüm,
bacı” deyib, uşağı ondan almaq istəyirəm, amma etmirəm, axı əri var - böyrümüzdə
əlini sallayıb dəvə ləngəriylə,
vecsiz-vecsiz yeriyən əri.
Evə qayıdırıq. Qapının
ağzına çatanda
əyilib əsəblə
dostumun qulağına
pıçıldayıram: “Deyəsən, problemin kökünü tapdım”.
“Necə, nə,
nədir ki?” - deyib çaşqın
baxışlarla gözlərimə
zillənir. Gözlərimlə
işarə edib qucaqı uşaqlı xanımını göstərirəm:
“Sən yanında ola-ola yolboyu yükünü özü
daşıyan qadın
səni niyə sevsin, niyə istəsin ki?”
İnan, əzizim, inan. Qadının bu dünyada ən böyük ehtiyacı nədir? Güvənli bir çiyin! Elə bir çiyin
ki, qadın ona başını yaslarkən dağa söykənib düşünsün,
qorxusu keçsin, gözü xumarlansın, əsnəsin... hətta yuxulayıb yatsın.
Qadın üçün
ən rahat yastıqdır kişi
çiyni.
Necat İşlərin
baş rolda oynadığı bir film var, “İkimizin yerinə”. Müəlliminə aşiq olan
şıltaq bir qızın hekayətini danışır, üstəlik,
elə filmin özü də şıltaqdır, məsumdur,
şeir kimidir. Budur, müəllimlə qız
yan-yana əyləşiblər,
deyib, gülüb, danışırlar. Birdən
müəllim qayıdır
ki, “indi, elə indi bu
saat ürəyindən
keçən ən gözəl şeyi et”. Müəllimin beynindən nələr
keçir, bir Allah bilir. Qızsa əvvəl xumar-xumar gülür, sonra ehmalca başını onun çiyninə söykəyir, sadəcə
bu!
Elə bil qayaya kəpənək qondu.
İndi o qızdan soruşsan ki, ətrafın kişiylə doludur, niyə məhz bu öyrətmən? Yəqin,
cavabı belə olacaq: Onun elə
güvənli çiyinləri
var ki...”
Olsun, buyur sən o yandan başla ki, qadın azadlığı, belə,
helə, filan və sair... Mənsə düşünürəm
ki, yalnız çərçivələri olan azadlıq gözəldir - başqa cürü sərgərdanlıq!
Məsələn, mənim aləmimdə,
ailə həyatı qurmuş qadının yoldaşının qollarındakı
(əhatə dairəsindəki)
azadlığı daha
qəşəngdir, nəinki
hansısa subay qızın titrək, ürkək sərbəstliyi.
Əlbəttə, kişi kişidirsə,
qadın ona gələrək kölələşmir,
əksinə, arın-arxayın,
qorxusuz-hürküsüz... nəticə etibarı ilə, olduqca ləzzətli bir azadlığa qovuşur.
Və mənə görə əsl xoşbəxt ailə modeli məhz belədir: qadın sevdiyi kişinin yanında heç nədən, heç kimdən qorxmur, hətta kişinin özündən belə!
Kişisinin əsəbi-zəhmindən (insanlıq halıdır, hərdən olur) elə kişisinin özünə sığınan qadın - necə də möhtəşəm qadındır və qadını üçün bu şəraiti, bu güvəni və bu hüzüru yaradan kişi - necə də gerçək bir bəydir!
Sevgi, zəriflik, ümid və sair...
İlqar
KAMİL
525-ci qəzet.- 2019.-
8 mart.- S.23.