Üçlü formula
gedən yol...
“TÜRKÇÜLÜYÜN
ÜÇLÜ FORMULU: NƏZƏRİ VƏ TARİXİ
ASPEKTLƏRİ” ADLI MONOQRAFİYADAN PARÇA
Üç il bundan öncə “525-ci qəzet”in səhifələrində
“Türkləşmək, müasirləşmək,
islamlaşmaq” üçlü düsturu kimindir?”
başlığı altında çap etdirdiyim silsilə məqalələrdə
problemin qoyuluşuna aydınlıq gətirməyə
çalışmışdım.
Bəzi fikirlərim başqa bir qəzetin səhifələrində
müzakirəyə səbəb olduğunda
oxucularımıza bu mövzuda problemin fundamental
araşdırılması və monoqrafiya yazılması barədə
söz vermişdim.
Problemə
həsr edilmiş “Türkçülüyün
üçlü formulu: nəzəri və tarixi aspektləri”
monoqrafiyam bugünlərdə çapa təqdim olunmuşdur.
Üçlü formula olan marağı nəzərə
alaraq monoqrafiyadan kiçik bir bölümü “525-ci qəzet”in
oxucularına təqdim edirəm.
Cəmiyyətdə hər bir ideyanın
doğulmasında müəyyən faktorlar rol oynayır; bu
faktorlar ya cəmiyyətin özünün daxilindən
doğur, ya da qonşu cəmiyyətlərin milli mühitə
təsir imkanlarına adekvat olaraq ortaya çıxır. Bu ideyalar həm
də xalqın, millətin özünüqoruma və gələcəyini
qurma instinktindən yarana bilir. Bu mənada, əvvəlcə
türk dünyasının ortaq formulu kimi ortaya
çıxan, daha sonra Azərbaycan Cümhuriyyətinin rəsmi
ideoloji sisteminə çevrilən üçlü formulun
doğulmasında bir neçə amil iştirak etmişdir ki,
bu amillər üzərində bir qədər geniş
dayanmağı lazım bilirik. Məlumdur ki,
Osmanlı imperatorluğu böyük bir ərazini əhatə
edirdi; burada demək olar ki, üç qitə (Asiya, Avropa və
Afrika) və bir çox xalqlar, dinlər və mədəniyyətlər
birləşmişdi. 19-cu yüzilin əvvəllərində
Avropanın Osmanlını oradan sıxışdırıb
çıxarma arayışları yeni birlik ideyalarını
zəruri edirdi. Rusiyanın tərkibində isə bir
çox türk xalqları yaşayırdı, ancaq onun sərhədlərindən
kənarda yaşayan slavyan xalqları da var idi: çexlər,
slovaklar, bolqarlar, yuqoslavlar və s. Rusiyanın təbii tarixi,
coğrafi şəraiti avrasiyaçılıq və
panslavizm amilini aktuallaşdırırdı. Əsgəri-hərbi
yüksəlişi onun Qara dənizi, İstanbul və
boğazları ələ keçirib Aralıq dənizinə
çıxmasına həvəsləndirirdi. 19-cu yüzilin ortalarından başlayaraq, Avropa
ölkələrinin müsəlmanlara qarşı müstəmləkəçilik
siyasəti bir qədər də genişlənir. Rusiya Osmanlının bəzi torpaqlarını ələ
keçirərək genişlənmək, Ağ dənizə
çıxmaq, eləcə də, slavyan xalqlarından ibarət
bir federasiya qurmaq uğrunda Panortodoksçuluq və Panslavizm
birliyinə nail olmağa çalışırdı. 19-cu yüzilin ortalarından etibarən, Avropa ölkələrinin
müsəlmanlara qarşı müstəmləkəçilik
siyasəti bir qədər də genişləndi.
Bu məsələdə yunanlar və avropalıların
da rus ideyasını dəstəkləməsi onları fikir və
ideya birliyinə gətirib çıxarırdı. Əvvəlcə
Avropada millətçilik kontekstində “Alman birliyi” ideyası
yarandı. Bu ideyanın təsiri
altında güclənən Rusiya slavyan xalqlarının
birliyindən istifadə edərək torpaqlarını
Osmanlı əraziləri hesabına genişləndirmək
fikrinə düşdü. Bu ideyaya görə,
Rusiya bütün slavyanları bu plana qatmalı idi. Bu
irqi millətçilik panalman millətçiliyi kimi dil
qohumluğuna və ümumi kökə əsaslanır, mədəni
reallıqlara çox az uyurdu. Qərb xalqları hesab olunan polşalılar və
çexlərin renessansı yüksək sivili-zasiyaları
meydana gətirmişdi. Hans Kohn “Dosteyevski millətçiliyi”
məqa-ləsində yazırdı: “Hollandların, almandilli
isveçrəlilərin və elzasların almanlarla daha
sıx irqi və linqvistik qohumluqları var, nəinki çexlərin
və polşalıların ruslarla. Qərb
slavyanları kültürəl olaraq almanlardan uzaq olduğu qədər
ruslardan da uzaq idilər. Alman mil-liyyətçilərinin
panalmanizmə müraciət etdikləri kimi, rus millətçiləri də
siyasi və hərbi səbəblər üçün
panslavyanizmə müraciət etdilər”.
Görkəmli publisist, sosioloq, pans-lavizm ideoloqu, mədəni-tarixi
tip sivilizasiya konsepsiyasının müəllifi N.Y.Danilevski
(1822-1885) ilk dəfə olaraq, öz əsərlərində
siyasi prosesləri tarixi mədəni əsaslarla dəyərləndirməyə
çalışırdı. Bu həmin N.Y.Danilevskidir
ki, F.Dostoyevski ilə birlikdə Petraşevsk işinə
görə 1849-cu ildə güllələnməyə məhkum
edilmiş, çarın əmri ilə cəza həbslə əvəzlənmişdir.
Ən məşhur əsəri “Rusiya və
Avropa” əvvəlcə hissə-hissə “Zarya” jurnalın-da,
1871-ci ildə isə kitab şəklində
çıxmışdır. O, bu əsərində
Rusiya federasiyasının gələcək konturlarını
da cızmışdır. Alman dilinə tərcümə edilən
əsərində N.Y.Danilevski xalqları tarixi-mədəni
kontekst baxımından dəyərləndirir və Slav tipini
gələcəyi olan tip olaraq görürdü. Onun fikrincə, Avropadakı roman-german tipi arasında
bir ayrımçılıq vardır. Yazılarında
çarizmin mövcud siyasətinə, şovinizm və hegemon
ideologiyasına üstünlük verirdi.
Böyük rus yazıçısı F.Dosteyevski
N.Y.Danilevskinin “Zarya”da çıxan məqalələrini
(1869) diqqətlə oxuyur, fikirlərilə tamamilə
razılaşır və növbəti məqalələrini
səbirsizliklə gözləyirdi. 1869-cu ilin 18
martında Florensiyadan Strakova məktubunda N.Y.Danilevski fikirlərinin
onun ideyaları ilə üst-üstə düşməsi və
eyni nəticələrə gəlməsini ifadə edirdi.
Slavyan xalqları arasında meydana gələn
bu ideya ilk vaxtlar özünün romantik dövrünü
yaşayır; əvvəlcə slavyan xalqlarının
ziyalıları arasında mədəni, daha sonra isə siyasi
düşüncədə for-malaşmağa doğru gedir.
Tezliklə, panslavyanizm ideyası romantik mərhələdən
uzaqlaşaraq, getdikcə siyasi məzmun daşımağa
başlayır. “Panslavyanizm” ifadəsini 1826-cı ildə
ilk dəfə çex alimi Yan Herkel slav
dili ilə bağlı bir məqaləsində işlətmişdir.
“Panslavizm” bayrağı altında rus, bolqar, serb,
xorvat, slovak və b. millətləri birləşdirmək nəzərdə
tutulurdu. Lakin bu ifadəni siyasi mənada deyil,
dil və dilçilik mənasında işlətmişdir.
Siyasi panslavyanizm isə bir qədər sonra
Rusiya imperatorluğunu qurmaq istəyindən
yaranmışdı. Siyasi panslavyanizmin ilk
ideoloqu kimi N.Y.Danilevskinin (1822-1885) adı keçir. Bu zaman artıq Panslavyanizm yarım əsrə qədər
müəyyən bir yol keçmişdi. 1866-cı
ildə Prussiyanın genişlənməsindən təsirlənən
N.Y.Danilevski müxtəlif məqalələrində millətlərin,
yaxud xalqların tarixi milli-mədəni yaxınlıqları
sübut etməyə çalışırdı. Onun fikrincə, roman-alman dünyası ilə Qərb
sivilizasiyası parçalanma dövrünə girmişdir.
On tipin doqquzuncusu kimi müəyyən-ləşdirdiyi
bu sivilizasiya fərdiyyətçiliyə və şiddətə
əsaslanırdı. Onun fikrincə,
artıq yalan və təkəbbürə söykənən
katoliklik, eləcə də, bütün dini inkar etməyə
çalışan protestantlıq bu sivilizasiya
üçün dayaq rolunu oynaya bilmirdi. Bu
rolu yeni yaradılacaq sivilizasiya yerinə yetirə bilərdi
ki, bu da başda Rusiya olmaqla slavyanizm sivilizasiyası
olacağı nəzərdə tutulurdu. Sivilizasiyaya
həm də sülh və əməkdaşlıq donu geydirməyə
çalışırdı. Sivilizasiyanın
təməl daşı olaraq ortodoks kilsəni
görürdü. Müəllif slavyanizmin
gələcək konturlarını da müəyyənləşdirirdi;
onun fikrincə, slavyanizm hər bir slavyan üçün mədəniyyət
və azadlıq ideallarından yüksəkdə duran bir amal
olmalı idi. N.Y.Danilevski kitabında
müxtəlif sivilizasiyalar haqqında danışırdı.
Bu sivilizasiyalar içərisində Misir,
Çin, yunan, Roma, yəhudi, semit, hind, roman-german, slavyan və
b. başlıca yer tuturdu. Bununla da
sivilizasiyaların inkişaf tarixinin müxtəlifliyi və
çoxnövlülüyü ortaya çıxmış
oldu. Alimin sivilizasiyalar üzrə
apardığı təsnifat qarşılıqlı təsir,
vahid dil birliyi, tədrici inkişaf mərhələləri,
siyasi müstəqillik və müxtəlif etnik köklərin
birləşməsi kimi təsnifatlara bölünürdü.
N.Y.Danilevskinin “Rusiya və Avropa” kitabında Slavyan
siviliza-siyası haqqında da fikirləri maraqlıdır. Onun fikrincə,
bir-birindən ayrı olan xalqlar biri digərini
sıxışdırıb aradan çıxarmaq
gücündədir. O, tarixi baxımdan ən
yaxşı birlik tipi kimi slavyanizmi əsas götürür və
onun gələcəyinə inanırdı. Belə
hesab edirdi ki, roman-german birliyində müəyyən
ayrılıqlar mövcuddur. Bu ideyanı həyata
keçirmək üçün müəyyən təşkilatlanmalar
da olmuşdu. Əsrin ortalarından
başlayaraq panslavistlərin yaratdığı birliklər
türklərə qarşı müəyyən hərəkət
etməyə başlamışdı. Ermənilərin
yüzilin 60-cı illərindən başlayaraq örgütlənməsinin
və gizlincə türklərə qarşı xain hərəkətləri
də bu ideyanın bir tərkib hissəsi idi. Panslavyan imperializm və onun Avropa düşmənliyinə
həm də Nikolay Danilevskinin xeyli oxunan və müza-kirə
edilən yazılarında toxunulurdu. Burada o, alman
tarixçisi və nəzəriyyəçisi Osvald Spenqlerin
tarixə verdiyi iki şərhi əvvəlcədən
görürdü: dövri nəzəriyyəyə görə
tarix, sadəcə sürətlə parçalanmış
sivilizasiyalar və sırayla hər birinin yetkinləşməsi
və çürüməsindən ibarət idi. Və indiki zaman üçün verdiyi nikbin təfsirinə
görə roman-alman dünyası ilə bağlı
saydığı Qərb sivilizasiyası parçalanma
dövrünə girmişdi. N.Y.Danilevskinin
on tipin doqquzuncusu kimi tanıdığı bu sivilizasiya fərdiyyətçiliyə
və şiddətə əsaslanırdı. Katoliklik və bütün dini inkar edən
protestantlıq çürümüş sivilizasiya
üçün dayaq yarada bilmirdi. Bu rolu onuncu tip
sivilizasiya icra edəcəkdi ki, gələcək də məhz
onlara aid olacaqdı. Bu isə Qərb
sivilizasiyası ideyasına qarşı idi. Bu sülhə və əməkdaşlığa əsaslanan
Rusiya mərkəzli panslavyan sivilizasiyası olacaq. Bu dövrdə sərhədləri üzrə
genişlənən Rusiya “böyük Avropa güclərindən
biri olmaq üçün çox böyük və
güclü” hesab olunurdu. Slavyanizm hər slavyan
üçün mədəniyyətin və
azadlığın ideallarından yüksəkdə duran ən
ali qayə olmalı idi.
N.Y.Danilevski bu fikirlərin davamı olaraq Avropa və
slavyanizm arasındakı böyük müharibədən
danışırdı. Onun fikrincə, heç bir müzakirə olmadan Rusiya
öz liderliyi altında “tarixi alın yazıları
dayanıqlı bağlarla slavyan dünyasına bağlı
olan” macarların, rumınların və yunanların da daxil
olduğu slavyan federasiyası yaratmalı idi. “İstanbul
və Boğazlar federasiyaya qatılaraq” bütün
slavyanların mənəvi birləşməsinə və rus
dilinin ümumi əlaqə vasitəsi kimi tanınmasına təşviq
edəcəkdi. Ümumi müqəddəs
məqsəd uğrunda mübarizə və bir neçə
illik siyasi birlik Rusiyanı düşmən Avropadan qoruyan və
bəşəri fayda üçün slavyan sivilizasiyasının
sərbəst inkişafına imkan verən slavyanların
güclü birliyini qaynaq edəcəkdi. Əksər
rus millətçiləri kimi, N.Y.Danilevski də
özünün fəth tələbini sülh və sevgi
dilində ört-basdır edirdi. Onun nəzəriyyəsinə
görə, Rusiya macarların, rumınların və
yunanların daxil olduğu slavyan federasiyası
yaratmalıdır. Konstantinapol və
Boğazların da xəyali olaraq bu federasiyaya qatılması
bütün slavyanların mənəvi birliyinə gətirib
çıxaracaq, rus dili əlaqə vasitəsi kimi bu birliyi
daha da möhkəmləndirəcəkdir. Gələcək
müqəddəs məqsəd uğrunda mübarizə və
bir neçə illik siyasi birlik Rusiyanı düşmən
Avropadan qoruyan və bəşəri fayda üçün
slavyan sivilizasiyasının sərbəst inkişafına
imkan verən slavyanların güclü birliyini yaradacaqdır.
Bu nəzəriyyə siyasi düşüncədə
də öz əksini tapdı. Rusiyanın
hərbi sahədə qazandığı uğurlar bu ideyaya
inamı daha da artırdı. 1876-1877-ci illərdəki
Balkan böhranı və Türkiyə ilə müharibədəki
uğurları slavyan dünyası Rusiyanın
hökmranlığı altında xüsusi bir missiya kimi dəyərləndirirdi.
K.Marks və F.Engels slavyançılıqla bağlı
yaranan bu qorxulu tendensiya haqqında yazırdı: “Səthi məlumatı
olan bir neçə slavyan tarixçisinin kabinetində tarixə
zidd olan cəfəng hərəkat meydana gəldi, bu cəfəng
nəzəriyyənin arxasında Rusiya imperiyasının şəxsində
qorxunc bir həqiqət dururdu; ...bütün Avropanı slavyan
tayfasının və xüsusilə onun yeganə
bacarıqlı hissəsi olan rusların malikanəsi hesab etmək
iddiası” (Marks K., Engels F. Seçilmiş əsərləri.
I c., Bakı, Azərnəşr,1978, 371).
Oxşar planlar professor Mixael Poqodin və general Rostislav
Fadeyev tərəfindən təklif olundu. Rus
tarixçisi Poqodin bir çıxışında
açıq şəkildə Osmanlı və Habsburq
imperatorluqlarının yıxılmalı olduğunu və
onların xarabalıqları üzərində paytaxtı
İstanbul olmaqla Rusiyanın tabeliyində böyük bir
slavyan dövlətinin yaradılması fikrini söyləmişdi.
Rusiyanın 1862-ci ildə Osmanlı ilə
apardığı müharibənin əsas məqsədi
burada yaşayan slavyan xalqlarını ayıltmaq və
ayırmaq olmuşdu. “Vahid din, vahid dil” şüarı da məhz
bu zaman ortaya atılmışdı. Onun Şərq
məsələləri haqqında fikirləri ingilis dilinə
tərcümə edilmişdi. R.Fadeyevin iki
əsəri almancaya çevrilmişdi. Bu kitablardan
birinin yazılmasına Prussiyanın 1866-cı il
qələbəsi səbəb olmuşdu. Alman
redaktor, məşhur jurnalist və diplomat Julius Eckardt öz əsərinin
girişində “1866-cı il bizim qitəni ordu düşərgəsinə
çevirdi”, - deyə yazırdı. R.Fadeyev
düşünürdü ki, bütün Avropa Rusiyaya
düşməndir və daxili anlaşılmazlıqları nəzərə
almasaq, Rusiya ilə müharibəyə hazırdır: “Bu
düşmənçiliyin öz səbəbi var ki, bu səbəb
Rusiyanın siyasi sistemi deyil, Avropa sərhədlərində qəflətən
meydana gələn yeni, yad, bütün çoxlu millətlərə
qarşı olan inamsızlıqdır, adət-ənənələriylə
qərbdəkilərdən fərqlənən, əksər
fundamental sosial məsələlərin həll edildiyi, əhalinin
böyük hissəsinin torpaq sahibi olduğu və dinin
açıqca bəyan edildiyi (hansı ki, hər ikisini inkar
edən bu din, papalığa protestantlıqdan yüz dəfə
daha təhlükəlidir) böyük imperiya… Edə biləcəyimiz
hər şeyi etsək də, Avropanın bizə qarşı
olan qorxusunu dağıtmayacağıq, sadə səbəb
kimi hər gün daha da gücləndiyimizi göstərə
bilərik və biz bir neçə ildən sonra slavyanizm və
ortodoksluqda özümüzü necə hiss edəcəyimizi
hələ bilmirik, biz öz adımıza danışa bilmərik,
ən azından uşaqlarımızın adından”. Fikirlərini ardıcıl olaraq müdafiə edən
R.Fadeyevin “Şərq məsələsi haqqında
düşüncələr” kitabı panxristianizmin güclənməsinə
səbəb olmuşdu. Onun fikrincə, vaxtilə Avropa
üçün bir türk və islam məsələsi
mövcud idisə, indi bir Şərq məsələsi ortaya
çıxmışdır.
Çox qısa bir zamanda bu ideya bədii
düşüncədə də özünü göstərdi. Xalqların,
millətlərin özünütanıma prosesində ədəbiyyat
həmişə önə keçir. Xüsusilə,
poetik dərketmədə vətən, xalq, millət amilinin
yayılması önəmli rola malik olur. İlk
rus vətənpərvər şairi A.S.Puşkinin
yaradıcılığında ümumslavyan birliyinin mahiyyəti
təsvir obyekti olur. Şair “Rusiyanın
iftiraçılarına” şeirində Rusiyaya
özünün məhəbbətini ifadə etməklə
yanaşı, onun düşmənlərinə də diş
qıcayırdı. Şeirin əvvəlində Litva
hadisələrinə diqqət çəkən şair bunun
doğma slavyanların “çoxdankı bəhsi”, “ailə
söhbəti”, “çox qəliz məsələ”, “tayfalar
arasında bir çəkişmə” olduğunu dilə gətirirdi.
Şeirdəki bu misralar slav
xalqlarının gələcəyinə yönəlik
söylənmiş və az müddətdə çox məşhurlaşmışdı:
Slavyan çaylarımı
tökülüb birləşəcək
Rusların
dənizinə
Ya dəniz quruyub itəcək yer üzündə?
Budur əsas məsələ.
Şair
Rusiyanın qucaqlayacağı slav birliyini
arzu edirdi. Lakin hələ bu ideya bədii düşüncədə
çox zəif şəkildə ifadə olunurdu, beyinlərdə
tam olaraq oturuşmamışdı:
Bəlkə, saymırlar daha rus çarının
sözünü?
Bəlkə, sözümüz azdır? Permdən Tavridaya
Soyuq
qayalı Findən alovlu Kolxidaya
Sarsılmış
Kremldən möhkəm Çin səddinəcən
Keçilməz
yollar keçən
Bu boyda
rus torpağı, rus əzmi, hünərilə
Dəbərib parlamazmı polad süngülərilə?!
(Puşkin A.S. Seçilmiş əsərləri. Bakı, “Çağdaş
As”, 2012, 80).
Şairin “Oleqin qalxanı” şeirində rus şahzadəsi
Oleqin İstanbula yürüşü təsvir edilirdi. Bu təsvirdə müsəlmanların
Allaha dua etmələri, yalvarışları və
qurtuluş diləmələri dilə gətirilir, bu
“duaların, yalvarış və yaxarmaların” gecəyə
büründüyü bildirilir, “Slavyanın drujinası”nın Konstantin şəhərinə varid
olması, şanlı zəfər bayrağını yellədərək
Rusiyanın şöhrətini göylərə
qaldırmasını və bunları yunanlara “utanc, qorxu,
qaxınc” hesab edirdi:
Gecə
yarısıdır! Hər kəs, hər şey susmaqda
Birdən...
bulud arxasında ay parladı,
Və
İstanbul qapıları üzərində
Aydınlatdı Oleqin qalxanını (A.S.Puşkin, 2012,
81).
Şair rus ordusunu “savaşcıl” adlandırır,
İstanbulun “işğal”dan azad edilməsini rəmzlərlə
təsvir edərək, ayın buludlar arxasından
çıxmasını Oleqin qalxanına bənzədirdi. Şairin
fikrincə, Oleqin qalxanı İstanbulun qapıları üzərində
bu gün də işıqlanmaqdadır. O, bu
işıqlı qalxanı İstanbulun azad edilməsi istiqamətində
bir çağırış hesab edirdi.
A.S.Puşkin “Danteyə bənzətmələr” əsərində
də yenidən İstanbulu xatırlamışdır. V.Q.Belinski bu əsəri
“İlahi komediya”dan tərcümə edilmiş parçalar
adlandırıb (V.Q.Belinski, 1979, 175). Şair burada
İstanbulun “kafir”lər əlində olmasından əndişə
duyur, onu “üstünü çən-duman almış” bir
şəhər olaraq təsvir edirdi:
İndi
İstanbulu öyür kafirlər,
Dəmir
pəncələrlə bir zaman gələr
Yatmış
ilan kimi əzərlər onu;
Bu olar, əlbəttə,
qəflətin sonu...
Üstünü
çən-duman almış İstanbul!
Qəflət
yuxusuna dalmış İstanbul!
İstanbul
dönmüşdür qurandan-dindən:
Əl
çəkmiş o Şərqin həqiqətindən
Qərb
hiylə işlədib salmışdır sayə
İstanbul
dalmışdır zövqe-səfayə
İmana,
qılınca xəyanət etmiş
Qovğaya,
savaşa yad olub getmiş
Əzan
verildikcə içirlər şərab
Nə
böyük xəyanət, nə böyük əzab!
(A.S.Puşkin,
2009, 181)
Hər halda milli düşüncənin və slavyan təəssübkeşliyinin
təsiri altında şair İstanbulun mövcud durumuna
qısqanclıqla yanaşırdı. V.Q.Belinski onun “Danteyə bənzətmələr”ini
nəzərdə tutaraq yazırdı: “Danteyə bənzətmələr”i
“İlahi komediya”nın tərcümə
edilmiş parçalar hesab etmək olar, həm də əsər
haqqında bu parçalar bu vaxtadək şeirlə və nəsrlə
ruscaya edilmiş bütün tərcümələrdən
daha yaxşı və düzgün təsəvvür verir.
Poemanın başlanğıcını (“İndi İstanbulu
kafirlər öyür”) elə bil bizim zamanımızda
yaşayan bir türk yazmışdır...” (Belinski
V.Q. Seçilmiş məqalələri. Bakı, Gənclik,
1979,175).
A.S.Puşkin həm də ilk rus şairlərindəndir
ki, onun poeziyasında milli ruh, rus təbiəti və xarakteri
qabarıq şəkildə təsvir olunur. Şairin
yaradıcılıq ruhunun mənbəyi yalnız ümumbəşəri
ideyaları ifadə etməsində deyil, həm də
milliliyində və xalq ruhunu olduğu kimi göstərməsindədir.
Milli təəssübkeşlik və
slavyançılığın izləri rus poeziyasında ilk
dəfə məhz onun şeirlərində ifadə edilir.
“Qərb slavyanlarının mahnıları”
şeirində Fransa yazıçısı Merimenin 1827-ci ildə
nəşr etdiyi, guya əsl slavyan xalq mahnıları (həqiqətdə
isə onun özünün düzəldib tərtib etdiyi) olan
parçalardan istifadə edərək milli koloriti daha da
artırmışdır.
Digər rus ziyalıları kimi, şair Fyodor
Tütçev də Rusiyanın Türkiyə torpaqları
hesabına ərazilərini genişləndirməsini arzu
edirdi. Bu arzu onun bəzi şeirlərində də,
açıq və gizli şəkildə ifadə olunur.
“Şəfəq” şeirində
F.Tütçev yenidən bu mövzuya qayıdaraq
Panortodoksçuluq və Panslavizmi tərənnüm edir.
Şeirdə İstanbul, Boğaziçi təsvir edilir və
bu həsrətə son qoyulması istənilir, hətta
rusları ayağa qalxmağa səsləyirdi:
Qalxsana,
Rus! Artıq vaxt yaxın!
Qalx
İsa ayini eşqinə,
Artıq
Çarqradda xaç çıxararaq
Çanı çalmaq zamanı gəlmədimi?
Duyur səsini
ibadət çanı,
Ey Şərq
başdan-başa o səslə dol!
F.Tütçev təsvir etdiyi bu işıqlı
günün gələcəyinə inanırdı. İnanırdı
ki, çox keçmədən bu işıqlı gün gələcək,
İstanbul alınacaq və bütün Şərq kilsənin
zəng səsləri ilə dolacaqdır. Şair
sabahın “Ortodoks günü” və “Dünya günü”
olacağına inam ifadə edir və Rusiyanın bu günə
hazırlaşmasını istəyir, hətta onu silahlanmaya
çağırırdı... Başqa bir şeirində isə
Rusiyaya inanmağı belə ifadə edirdi:
Rusiya
ağılla duyula bilməz
Ümumi
arşınla ölçüb biçilməz
Onun
ayrıca bir özəlliyi var
Rusiyaya
yalnız inanmaq olar
(Rus
şeiri antologiyası, 2011, 71)
Pansalavyanizm F.Dosteyevskinin də
dünyagörüşündə mühüm yer tuturdu. Sibir
sürgünündən qayıtdıqdan sonra F.Dostoyevskinin
dünyagörüşü etibarilə bütünlüklə
N.Y.Danilevskinin təsiri altında olduğu görünür.
O, Qərb liberalizmini Rusiyanın ənənəvi yolları
üçün təhlükə hesab edirdi. Buna
görə də Qərb cəmiyyətinə və kilsəsinə
qarşı çıxırdı. Rusiyanın
apardığı müharibəni təqdir edir və qələbənin
yaxınlaşmağını səbirsizliklə gözləyirdi.
İndiki sülhü hər zaman və hər
yerdə müharibədən daha pis hesab edir, hətta elə müqayisə
olunmaz dərəcədə pis hesab edirdi ki, axırda tamamən
əxlaqsızlıq olacağı qənaətinə gəlirdi.
Yazıçı düşünürdü
ki, insan təbiətən qorxaqlığa və
vicdansızlığa meyllidir. Buna görə də, o,
müharibəyə can atır və onu sevir: o, onda, dərdinə
dərman tapır. Müharibə onda öz
yerlisinə sevgini inkişaf elətdirir və bir-birinə
hörməti öyrətməklə millətləri birləşdirir.
Müharibə insanı gəncləşdirir.
O, insanların ruhunu qaldırır və onlara dəyərlərini
tanıtdırır. Müharibə bizim
vaxtımızda qaçılmazdır; dünya onsuz məhv
olar və ya irinləyən yaralarla özünü
palçığa döndərər. F.Dostoyevski
gündəliyində yazırdı: “Siyasi və ya hətta təbii
qanun var ki, iki qonşudan biri daha güclü olur və digərini
dağıtmağı arzu edir və əvvəl-axır bu
arzunu reallaşdırır” (Dosteyevski F. Gündəlik. Aprel buraxılışı 1876, 345-348;
http://milliyyet.info/2016/09/13/hans-kohn-dostoyevski-milliyyetciliyi,
345-348).
F.Dostoyevskinin
ölümündən bir neçə il
sonra gənc yaşından slavofil təsirində olan yaxın
dostu rus filosofu Vladimir Sergeyeviç Solovyov (1844-1900) “Rusiyada
milli məsələ” məqalələr seriyasında milliyyətçiliyə
qarşı çıxışlar etdi. O, ifrat dərəcədə
millətin birliyinə qarşı gedir, onu bəşəriyyətin
düşməni hesab edirdi. Onun fikrincə, bəşəriyyət
hər hansı bir millətdən daha güclüdür.
Ona görə də xilas yolunu xristianlıqda
görürdü. Xristianlığın
millətləri qurtarması, millətçilikdən
üstün olması fikrinə daha böyük
üstünlük verirdi. O, hər hansı rus
missiyasını deyil, xristianlığın
universallığını müdafiə edirdi. Beynəlxalq əlaqələrdə xristianlığın
əxlaqi qanunlarının tətbiqinə
çalışırdı. Rus
reallığının qaranlıq kölgələrini
tanımadıqlarına görə slavofillər onun tənqid
hədəfi olurdu. Onun fikrincə, Rusiyanı Qərblə
yalnız sıx birliklə inkişaf elətdirəcəyi
inqilab ruhunda reallaşdırmaq əvəzinə, slavofillər
“ümumi qanunsuzluq” bəlasını görmək istəmirlər,
çünki Rusiyada fərdin şərəf və ləyaqəti
zəif şəkildə irəliləyir. İnsan
hüquqları və şəxsiyyətin dəyəri
prinsipləri əsasən xristian və bəşəri
prinsipləri idi, amma onlar tarixən Qərbi Avropada inkişaf
etdirilib və rus adət-ənənəsi ilə heç bir əlaqəsi
yoxdur. Onlar yalnız Rusiyanın Avropa ilə
əlaqəsiylə təlqin edilməli idi (H.Kohler, 1921, 22).
V.S.Solovyov rus
xalqının və Rusiyanın təcridinin
ideallaşdırılmasını Rusiyada həyatın
inkişafı üçün əngəl və millət
üçün bədbəxtlik kimi qiymətləndirirdi. 19-cu yüzilin ikinci yarısında slavyanizm rus cəmiyyətində
daha geniş yayılmağa başlamış və siyasi
güc qazanmışdır. Rus publisisti
M.Katkov (1818-1887) slavyanizmi rus xalqının siyasi
axtarışları hesab etmişdi. M.Katkov
yazılarında slavyançılığı təbliğ
edən ən fəal publisistlərdən olmuşdur. Mənbələr
göstərir ki, islam birliyi
ideyasının müəllifi C.Əfqani “...slavyonafillərin
rəhbəri M.Katkovla görüşüb Hindistanın
azadlığı uğrunda birgə mübarizə
aparmağı ona təklif etmişdir. Bütün
bunlar onu Qərb müstəmləkəçilərinə
qorxulu və təhlükəli düşmən kimi
tanıtmışdır” (Qurbanov Ş. Cəmaləddin
Əfqani və türk dünyası. Bakı,
1998, 9).
Panslavizmin bütün gücü ilə
formalaşdığı bir zamanda slavyan-çılar özlərinə
müdafiə taktikası da seçmişdi. Slavyan birliyini təbliğ
edə-edə islam birliyinin böyük təhlükəsindən
bəhs etmiş və panis-lamizm qorxusu, bu qorxudan yaranan ifadə
çox tezliklə yayılmışdır.
Ə.Ağaoğlu qərbdə panislamizm və pantürkizm
qorxusu yaşayanlara cavab olaraq yazırdı: “İndi Avropada
çoxlu ittifaq və partiya vardır: paniranizm, panslavizm,
panlatinizm, panamerikanizm və s. panlar... Belə cəmiyyətlər
sözdə deyil, həqiqətdə mövcuddurlar və fəaliyyət
göstərirlər... Panslavizm adı
altında rusların cəmiyyəti var və onlar
bütün slavyanları siyasi cəhətdən birləşdirməyə
cəhd göstərirlər. Bu, ən qədim
cəmiyyətlərdən biridir. Rusiyanın
bütün görkəmli adamları Peterburqdakı bu cəmiyyətə
daxil olub, var gücləri ilə öz məqsədlərinə
çatmağa çalışırlar... Almanlar
da pangermanizm cəmiyyətinin məqsədinə çatmaq
üçün Fransa, Avstriya və s. dövlətlərlə
müharibə aparmışlar” (Azərbaycanın
türkçülük və azərbaycançılıq
problemləri, 1998, 120). Ə.Ağaoğlu
amerikanlar arasında da panamerikanizm cəmiyyətinin
olduğunu irəli sürür və onlar üçün məqbul
hesab edilən bu cür cəmiyyətlərin müsəlman
aləmi üçün qeyri-məqbul hesab edilməsinə
qarşı çıxırdı. Bu
cür təpkilər Ə.Hüseynzadə, H.Vəzirov,
Ü.Hacıbəylinin yazılarında da özünü
göstərirdi. Bütün bunlar Qərbdə
baş verən proseslərə adekvat cəmiyyətlərin,
yaxud ideyaların yaranmasını şərtləndirirdi.
Ə.Hüseynzadə “Avropalılar və Makedoniya” məqaləsində
avropalıların uydurduğu “panislamizm”in mahiyyətini
açaraq yazırdı: “Avropalılar və avropalılarla bərabər
bəzi qonşularımız “panislamizm” deyə-deyə bizi,
biz müsəlmanları bizar etmişdilər!..
Fəqət bu gün pərdənin arxasında cərəyan
edən vüquat bizə əyan bir surətdə göstəriyor
ki, “panislamizmə”nin, yəni ittihadi-islamın ən cüzi
bir əsəri belə görünməyib, bəlkə
mükəmml bir Avropa panxristianizəsi mövcud imiş!..” (Ə.Hüseynzadə, Hüseynzadə
Ə. Seçilmiş əsərləri. 2 cilddə, II c.,
Bakı, 2007, s. 121).
Panislamizm, Pantürkizm
türkçülüyün, millətçiliyin genişləndiyi
bir dövrdə Qərbdə onun qarşısını almaq
üçün ortaya atılmışdı. Öz
aralarında birləşməyə, sülh ittifaqları
yaratmağa çalışan avropalılar müsəl-manlar
arasında din və məzhəb ayrılığı
salmaqla onların birləş-məsinin
qarşısını almağa çalışırdı.
Ancaq vəziyyət elə gətirdi ki, türk dünyası
məhz Qərb ideyalarından, xüsusilə “Alman birliyi”,
“milliyyətçilik” və “slavyanizm”dən yola
çıxaraq yeni cəmiyyət arayışlarına
başladı və sonralar bir sistem halına düşən
formulun üç ayağını
formalaşdırdı. Bütün bunlar onu göstərir ki,
üçlü formul Avropa müstəmləkəçilərinə
qarşı meydana çıxmışdır. Onun
yaranmasında əsas məqsəd panxristianizmə
qarşı “İttihadi-islam” adı altında mübarizə
aparmaq olmuşdur. Osmanlı sultanı
Əbdülhəmidin gizli şəkildə dəstəklədiyi
bu ideologiya aşağıdakı amillər üzərində
formalaşmağa başlamışdır: 1) Qərb
imperialistləri tərəfindən islam ölkələrinə
yönəlmiş işğalın qarşısının
alınması; 2) Avropanın Osmanlı vətəndaşları
xristianlarının işlərinə müdaxilə etməsi;
3) Osmanlıda müsəlman-xristian münasibətlərinin
pisləşməsi və s. Bütün bunlar Qərb millətçilərinin
müsəlman birliyini önləmək üçün
ortaya atılsa da, “Alman birliyi” və “Slavyan birliyi”nə
qarşı adekvat olaraq “Türkləşmək, müasirləşmək,
islamlaşmaq” üçlü formulunu
formalaşdırmış oldu. Turançılıq
ara-sıra boy göstərsə də, formulun
“dördüncü ayağı” ola bilməmişdi.
Bədirxan
ƏHMƏDLİ
525-ci qəzet.- 2019.-
8 mart.- S.18-19.