Görünməzi göstərən
rejissor
NURİ
BİLGƏ CEYLAN YARADICILIĞI HAQQINDA ÜÇÜNCÜ
YAZI
“Uzaq”dan gələn
var
Nuri Bilgə Ceylanın avtobioqrafik səciyyə
daşıyan silsiləsinin son filmi “Uzaq”dır. 2002-ci ildə
çəkilən “Uzaq” filmi bir neçə xüsusiyyətinə
görə Ceylan yaradıcılığında xüsusi yer
tutur. Rejissorun ilk böyük uğuru bu
filmlə bağlıdırsa, həmçinin, “Uzaq” əvvəlki
filmlərdən tanıdığımız aktyor Mehmet
Əmin Torpağın son filmi olur. Belə ki, 56-cı
Kann kinofestivalında münsiflər heyətinin “Qran-pri”
mükafatını qazanan filmin baş rol oyunçuları
Mehmet Əmin Torpaq və Müzəffər Özdəmir
“Ən yaxşı aktyor” mükafatını
bölüşürlər. Ancaq gənc aktyor
bu mükafata layiq görüldüyünü bilmədən
avtomobil qəzasında dünyasını dəyişir
(2002).
Haqqında söhbət açdığımız film
də ayrı-ayrı insan talelərini fərqli bucaqlardan
ekrana gətirir. Rejissor göstərir ki, bir evin içərisində
yaşayıb başqa dünyaların sakini olmaq da
mümkündür. Kiçik bir qəsəbədə
yaşayan və çalışdığı fabrikin
bağlanması ilə işsiz-gücsüz qalan Yusif (Mehmet
Əmin Torpaq) İstanbulda yaşayan qohumu Mahmudun (Müzəffər
Özdəmir) yanına iş tapmaq ümidilə gəlir. Mahmud isə rejissorluq arzusunu içində
boğmaqla, mənzilində yaratdığı
fotolaboratoriyasında üzlük fabrikinin məhsullarının
reklamı ilə kifayətlənən tənha adamdır.
O, bu tənhalıqla artıq bütünləşmiş
haldadır. Özünü rahat olduğuna, həyatını
məhz bu cür arzuladığına inandırıb.
İşi-gücü qurduğu siçan tələsini
güdmək, televizorda erotik filmlərə baxmaq olan bu adam rahatlığının pozulmasını
qətiyyən istəmir. Ona görə də kənddən
ona pənah gətirən Yusifə qonaqpərvərlik göstərdiyini
deyə bilmərik. Onun Yusifə
qarşı aqressiyasının başqa bir səbəbi də
unutmağa, qaçmağa çalışdığı
keçmişini bu gənc adamda görməyidir. O,
Mahmuda keçmişdə çəkdiyi
sıxıntıları xatırladır. Hiss olunur ki, o, bir
rejissor kimi gəncliyində böyük xəyalları
olmuş, dünyanı dəyişə biləcəyinə
inanmış, amma bunları bacarmayanda ümidsizliyə
qapılıb taleyin ona yazdığı qismətə boyun əyərək
tənhalığına sığınmış,
anasının belə zənglərinə cavab verməyib səs
yazısını dinləyən adamdır. Gəmilərdən
birində işə düzəlib dəniz səyahətlərinə
çıxmaqla pul, macəra axtaran hərdəmxəyal Yusiflə
Mahmud arasındakı qarşıdurma elə ilk zamanlardan
başlayır və film boyunca inkişaf edir. Hətta
iş o yerə çatır ki, Mahmud qonağını
oğurluqda günahlandırır. Saf, təmiz, yalnız pul
qazanmaq, anasına, ailəsinə yardım etmək,
bacısı övladını sevindirmək arzusunda olan,
qohumu Mahmudun hər cür qadağasına, soyuqluğuna
anlayışla yanaşan, ona bir böyük qardaş kimi
hörmət bəsləyən Yusif isə artıq bu təhqirə
dözmür. Onun evi tərk etməsiylə
Mahmudun tənhalığı yenidən “özünə
qayıdır”. Bəs o, bundan məmnundurmu?
Rejissorun həqiqi gücü də burda
özünü göstərir. O, adi jestlərlə,
mimikalarla, detallarla obrazların psixoloji durumunu, ruhi aləmini,
həyatlarının görünməyən tərəflərini
göstərməyi bacarır.
Nuri Bilgənin öncəki filmlərində haqqında
danışdığımız A.Tarkovski təsiri “Uzaq”
filmində özünün əsasını tapır. Mahmudun izlədiyi
“Stalker” və “Güzgü” filmlərindən
görüntülər “Uzaq”ın avtobioqrafik səciyyəsini
daha da qüvvətləndirir.
“İqlimlər”də
yaşananlar
Havalar qədər insanlar da dəyişkəndir. Hər bölgənin
özünə aid iqlimi olduğu kimi, hər insanın da
öz ruhunun iqlimi var. Bəzən sabit, bəzən dəyişkən,
amma bütün hallarda qeyri-adi...
2006-cı ildə Nuri Bilgə Ceylan izləyiciləri
daha bir filmlə sevindilər. Bu filmlə onları
öyrəşdikləri Ceylan deyil, tamam ayrı rejissor
salamlayırdı. Artıq avtobioqrafik filmlər dörd il öncədə qalmış, tamam ayrı
insanların, ayrı həyatların ssenariləri
yazılmışdı. Ancaq bu tendensiyanı
sonlandıran “İqlimlər” filminin özəlliyi bununla
yekunlaşmırdı. Film Nuri Bilgənin
yaradıcılığında ilk və hələlik son dəfə
aktyor kimi kamera önünə çıxdığı
(İsa) ekran əsəridir. Həm də həyat
yoldaşı Ebru Ceylanla birgə (Bahar).
Bu filmdə rejissor tarix üçün köhnə
(amma bir o qədər də aktual), özü
üçün isə yeni bir mövzuya toxunur. Tamaşaçılar
bu dəfə Nuri Bilgə Ceylanın gözü ilə sevgiyə
baxırlar.
İsa və Bahar eyni həyatı, eyni evi
bölüşən iki fərqli ruha sahib insanlardır. Çalxantılı,
təlatümlü ruhlara malik bu insanlar eyni iqlimdə
qovuşa bilmədiklərindən birgə xoşbəxt
olmağı da bacarmırlar. Sevgiləri xətrinə
dözüb durduqları həyat bir yerdən sonra məhbəsi
xatırladır. Birinin buludu o birinin
günəşini isladır, küləyi budaqlarını
qırır. Bir yerdən sonra sevgi yada
düşmür, iki insan bir-birindən
qaçışın yollarını axtarır.
Burada
rejissor kişi və qadın
dünyasını ən incə detallarına qədər
açıb göstərir. Özünün
canlandırdığı İsa xarakteriylə kişilərin
ən zəif yönlərini dürüstlüklə
açarkən, qadınlara qarşı da haqsızlıq
etmir. Baharın sevgisinə sədaqəti,
sevgisini itirməmək üçün
çırpınışları İsanın ruhundakı
fırtına ilə sovrulur. Sevdiyi
adamın onu görmədiyini görən Bahar səssiz-səmirsiz
uzaqlaşmağı üstün tutur. Əvvəllərdə
bu, İsanı narahat etmir. Hətta
özünü azad, qayğısız hiss edir. Başqa qadının qollarına tələsir.
Amma heç kimdə Baharın istiliyini
tapmır. Bahar adı kimi bahar enerjisini
İsanın qış ruhundan aparmışdı artıq.
İsa da əvvəldən bəri ruhunda var olan tənhalığın
dadını hər zərrəsində hiss etməyə
başlayırdı bu zamanlarda. Və kişini narahat edən ən
böyük məsələ: sevdiyi qadın ondan ayrılandan
sonra film çəkilişlərinə qatılır,
işinə davam edir. Qısacası, onsuz da
yaşaya bilir. Bu xəbəri öyrənən
İsa kişilərin xarakterinə xas təəccüb,
narahatlıq və peşmanlıq keçirir. Nəyi və kimi itirdiyinin ancaq onda fərqinə
varır, sevdiyi qadına tələsir. Sevdiyi
qadın isə artıq İsanın qoyub getdiyi Bahar deyildi.
Onun da təbiətinə qarlar
yağmış, ruhu keçmiş sevgilisinə qarşı
buz bağlamışdı.
“Uzaq”
filmi ilə Kann festivalında “Qran-pri” qazanan rejissor “İqlimlər”lə
də festivala damğasını vurmağı bacarır və
film 2006-cı ildə Kann festivalından “FİPRESCİ”
mükafatı ilə ayrılır.
“Üç
meymun”un oyunu
Tamaşaçısını
hər filmi ilə təəccübləndirməyi bacaran
rejissor bu dəfə tamam başqa ampluada cəmi bir il sonra bəyaz ekranda göründü. İnsan psixologiyasını, ruhunu ən incə
detallarına qədər işləməyi sevən
Ceylanın budəfəki mövzusu bir ailə dramı idi.
Türklərin karlığın, korluğun,
lallığın simvolu kimi adlandırdıqları
“Üç meymun” ifadəsini filmin sərlövhəsinə
çıxaran rejissor, izləyicini psixologizmin çox dərin
qatlarına səyahətə çıxaracağının
bir siqnalını vermişdi artıq.
İş adamı, millət vəkilliyinə namizəd Sərvət bəy (Ercan Kesal) avtomobili ilə öldürdüyü adamın cinayət məsuliyyətindən qurtulmaq üçün günahı kasıb sürücüsü Əyyubun (Yavuz Bingül) üzərinə atmaqla elə ilk səhnələrdən şər qüvvə olduğunu göstərir. Sonrakı bütün hadisələr də bu şər qüvvənin ətrafında, daha doğrusu, bəzən birbaşa, bəzən isə dolayı müdaxiləsilə baş verir. İşləmədiyi cinayət ucbatından həbsdə yatan Əyyubun ailəsi çox çətin vəziyyətdədir. Oğlu İsmayıl (Əhməd Rıfat Şungar), aşpaz işləyən arvadı Həcərin (Xədicə Aslan) maaşı isə azdır. İsmayılın iş üçün əl atdığı hər yer boşa çıxır. Əlac bir maşın alıb məktəbli uşaqları aparıb-gətirməyə qalıb. Maşın üçün pulu isə evin bəyini həbsə atdıran Sərvət bəydən istəməkdən başqa çarə yoxdur. Əlacsızlıq insanı çox şeyə vadar edər, bilirik. Amma burada nə yazıq ki, hər şeyə vadar edir. Öz günahını Əyyubun üzərinə ataraq, bir ailəni başsız qoyan harın iş adamı, bu kasıb ailəyə ikinci, ən böyük zərbəsini vurur: namusuna göz dikir. Oğlu üçün maşın pulu vermək müqabilində ailənin xanımı Həcərə yataq münasibəti təklif edir. Doqquz aydır ərindən ayrı qalan, sevgiyə, qayğıya ac qadın, Sərvətin diqqəti, qayğısı, nəvazişi qarşısında əriyir. Bununla bir ailənin psixoloji çöküşü başlayır.
Həbsdə olan ərinə Sərvətlə xəyanət edən qadın özündən xəbərsiz artıq onu sevməyə, ona bağlanmağa başlayıb. Bunu Əyyub həbsdən çıxan zamanda görürük. Ondan ayrılan, onu saymayan Sərvətin ayaqlarına düşüb yalvardığı an Həcərin mənəvi məhvinin bariz təzahürüdür. Burada tək bir qadın qüruru deyil, insanlıq, sevgi adına olan bütün hisslər tapdanır. Həcərin günah yuvasına çevrilən qəlbi üstəlik, sevdiyi adam tərəfindən ən alçaq şəkildə təhqir də olunur.
Anasını Sərvətlə eyni yataqda görüb əsəbləşən, amma hisslərini boğub heç birinə heç nə etməyən İsmayıl anasının təhqir olunduğu anda qatilə çevrilir. Bir oğulun anasına, atasına, bir gəncin hadisələrə baxışı, psixoloji durumu İsmayılın timsalında təqdim olunur. Qatil olmaq elə də asan deyil. Xüsusən, İsmayıl kimi bir az qorxaq, cəsarətsiz, sakit təbiətli insanlar üçün. O, hətta anasının atasına xəyanət etdiyi o anlarda belə hisslərini cilovlamağı bacarır, mətbəx bıçağına baxsa da, ağlından dəhşətli fikirlər keçsə də, özünü ələ alır. Səssizcə evdən çıxıb getməyi, sonra isə anasına iki sillə vuraraq hesab soruşmağı daha məqsədə uyğun sayır.
Amma anasının bir kişinin ayaqlarına qapanaraq sevgi dilənməsi, yalvarması onun qanına toxunur. Anasını kirli bir əski parçası kimi ayağı ilə kənara itələyən adamı bağışlamır.
Əyyub da hər şeyin fərqindədir. Arvadının xəyanətini də bilir, oğlunun ruh halını da. Sonda oğlunun qatil olmağını da öyrənir. Amma bu filmdə hər kəs “üç meymunu oynayır”. Kimsə kimsəylə üz-üzə gəlmək, həqiqətləri gözlərinin içinə hayqırmaq, günahını üzünə vurmaq cəsarətini özündə tapmır. Ona görə də oğlunun Sərvəti öldürdüyünü öyrənən Əyyub vaxtilə ona edilənin eynisini edir: kafedə yatıb-duran, kasıb və biçarə Bayramı (Cafer Köse) oğlunun əvəzinə həbsə göndərir. Özünün çıxdığı oda başqa bir günahsızı atır.
“Üç meymun” bir atanın çarəsizliyi, bir kişinin çöküşü, bir qadının sevgisizliyi, bir gəncin yıxılan ümidləri, bir ailənin məhvi haqqında psixoloji dramdır. Burada bu ailənin timsalında bütöv bir cəmiyyət əhatə olunur. Şərqin ta qədimdən gələn ailə dəyərlərinin getdikcə məhv olduğu, başqa maraqların, həvəslərin ön plana çəkildiyi, ucuz əyləncələrin tarix boyu cəmiyyət tərəfindən müqəddəslik dərəcəsinə qaldırılan duyğuları eybəcər şəkildə əvəzlədiyi zamanda Nuri Bilgə Ceylanın ssenarisini Ercan Kesalla birgə yazdığı, 2008-ci ildə Kann kinofestivalında “Ən yaxşı rejissor işi” mükafatını qazanan “Üç meymun” filmi insanlığın ölümünə, mənəviyyatın itirilməsinə qarşı çalınan həyəcan təbili təsiri bağışlayır. Bu, həyəcan təbilinin səsi təkcə Türkiyəni deyil, bütün dünyanı əhatə edir. Dünyanın bu səsə verəcəyi reaksiyanı yəqin ki, gələcək göstərəcək.
Nuri Bilgə Ceylan isə
arxasına keçdiyi kamera sayəsində bizim görmədiklərimizi,
ya da görməzdən gəldiklərimizi israrla göstərməyə,
qulaqlarımızı qapadığımız həqiqətləri
gözümüzün içinə hayqırmağa davam etməkdədir...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.-
8 mart.- S.17.