Sözündən tanıdığım şair
Asim Yadigar şeirlərində ictimai və milli ideallara sənətin gözü ilə baxan, vətəndaşlıq ruhu ilə şair mövqeyini vəhdətdə ifadə etməyi əsas vəzifə hesab edən yaradıcı simalardandır.
Akademik İsa Həbibbəyli
İllərlə səsini eşitməsəm də, üzünü görməsəm də, şeirlərini oxumasam da, amma səsindən, sözündən tanıdığım bir şair var. 47 il bundan öncə bir institutda, bir fakültədə oxuyurduq. Ədəbi dərnəklərdə görüşürdük. Təzə yazdığımız şeirləri dinləyib müzakirə edirdik. Səsini, üslubunu, ifadə tərzini, şeirlərindəki poetik yükün çəkisini yaddaşıma həkk eləmişdim. Elə o vaxtdan da gözü, könlü tox olan şairin səsi kimi sözü də, şeirləri də mənə çox doğmadır, məhrəmdir.
Az tapdım az yedim, çox tapdımsa çox,
Haram qatmamışam halal varıma.
Özüm haram tikə yeməmişəm, yox,
Haram yedirmərəm balalarıma.
Namuslu əməyi, zəhməti ilə yaşayan, yaşantılarını, duyğularını özünəməxsus ifadə formasında oxucusuna çatdıra bilən, övladlarını da bu ruhda böyüdən şair - gənclik dostum Asim Yadigar haqqında danışıram.
Mənəvi dünyasının böyüklüyünü heç kəsin qarşısında kiçiltməyən, vüqarı, mərdliyi, mətanəti ilə yüksəklərdə dayanan şair öz yerini yaxşı bilir. Asim Yadigar Allah dərgahında peyğəmbərlərdən sonra şairlərin məqamının ucalığını qoruyub saxlayan ziyalılardandır. Nəfsini qoruduğu kimi, könlünün odunu, alovunu da gələcək nəsillərə təhvil verməyi bacarır.
Hər şeydən nəfsimi qorumuşam mən,
Ocağam - közümü qorumuşam mən.
Adımı, özümü qorumuşam mən,
Mən böyük
adamam, atam balası.
Bu o şair Asim Yadigardır ki, səsiylə, sözüylə
qəlblərdə yuva
qurub, Vətəninə,
xalqına sədaqətini,
sevgisini hər an, hər dəqiqə ortalığa qoya bilir. Bəzən də özü-özünü
danlayıb fəaliyyətinin
axsadığını özünə
bağışlamır, səsiylə,
sözüylə döyüşə
girir. Onun səsi cəbhələri
yara-yara irəliləyir,
sinəsi güllələrdən
deşik-deşik olsa da, yarasını da sarıyanlar tapılır. Bu müqəddəs döyüşdə
şairin səsi, sözü qalibdir, məğlubedilməzdir.
Qınında korşalan qılınc
kimisən,
Deyə bilməmisən sözünü
hələ.
Ümmana
can atan yüklü gəmisən.
Sahildə döyürsən gözünü
hələ -
Səni göndərirəm döyüşə,
səsim.
Səsini, sözünü döyüşə
göndərəndə şair
ürəyinin pıçıltılarını
eşidir. Təndirin alovunda bişməyib
fikirləri çiy qalanda ürəyi sancan şair mənəvi aclığının
fərqində olur.
Bu hissi ürəyi
mədəsində olanlar
çətin ki anlasın. O adamların
ürəyi acır ki, Vətənin taleyini, dərdini özününküləşdirə bilir, əsir düşən qız-gəlinləri,
uşaqları, şəhid
olan igidləri hər an, hər dəqiqə xatırlayır,
bu dərdləri hay salıb dünyaya çatdırmaq istəyir.
Düşüncəsini silaha, sözlərini
gülləyə çevrilən
şairin ürəyi
ancaq qələbə
qazanılacağı təqdirdə
təcginlik tapa bilər.
Fikrin təndir alovunda qızarmır pul-pul,
Duyğu - dənə həsrət qalan sacdı ürəyim.
Bircə
anlıq boşaldımı
- elə bilirəm
Neçə aydı, neçə gündü acdı ürəyim.
Bəzən də şairi rahatsız edən, duyğularını qarışdıran
millətin birləşmək
şüarı söyləyən
ayrı-ayrı övladlarının
bütövləşə-vahidləşə
bilməməsidir. Vətənin ağır günlərində
bir yumruğa dönüb düşmənin
başında partlamalıykən,
torpağın qorunmasını
təmin edə bilməməyimiz, babalardan
bizə miras qalan yurd yerlərinin
düşmən caynağında
inləməsini, para-para
bölünməsini şair
həzm edə bilmir. Türk torpaqlarında mənfur
erməni daşnaklarının,
işğalçı bir
ordunun at oynatmasını
babalarımızın ruhu
bizə bağışlamayacaq.
Şairi düşündürən
suallardan biri də budur; niyə biz beləyik?!. Türkün bu dünyada
düşməni çoxdur.
Bu sadə həqiqəti
bilə-bilə türklərin
bir vəhdət halında birləşə
bilməməsi ən
böyük dərddir.
Soxulub yurduma nə qədər tülkü,
Təngiyir nəfəsim, bürküdür,
bürkü.
Dünya
bir görməyir Türk oğlu Türkü,
Vətən para-para, el bölük-bölük,
Bir olaq deyirik...
Bir olammırıq!
Vətənin ağır günündə
şairin yurd, el, oba sevgisi hisslərinin
üstünə çıxır. Babalardan
qalma bir məsəl var: Donuz yalvarmaqnan tayadan çıxmaz. Şair də qət edir ki, danışıq
masasında nə qədər vaxt keçirsən də, işğalçı zəbt
etdiyi torpaqları boşaltmayacaq. Son çarə hər kəsin silaha sarılıb döyüşə
girməsidir. Odur
ki, şair yazır:
Yad ayaqlar altında inildəyir torpağım,
Gözümün önündəcə evlər,
eşiklər yanır.
Tüstüsü ərşə qalxan,
tüstüsü göyü
dələn
Yanan kəndlərlə
birgə ürəyim
alovlanır.
Yağılarda əsirdir yurdun qızı, gəlini.
Bu dərdi yer götürməz, bu dərdi göy götürməz.
Qeyrət
toxumu əkək deyirəm bu torpağa,
Torpaq halallıq
sevir, torpaq haram bitirməz.
Bu dərdə dözmür ürək, daha tükənibdi səbir,
Hücum
əmri ver mənə, hücum əmri, komandir!
Könül dünyası Vətən
sevgisi, yurd məhəbbəti, insan mənəviyyatı ilə
dolu olan şairin vətəndaşlıq
mövqeyi açıq-aşıkardır. Bu məhəbbətin mayasında
musiqimizin səsi, incəsənətimiz rəngləri,
dağların vüqarı,
Arazın dərdi, Kürün lal axışı, Xəzərin
dev dalğalarının hayqırtısı,
Qıratın kişnərtisi
var. Azərbaycanın bütün
bu dərdlərinin ifadəsi muğamda öz əksini tapıbdır.
Muğam
çalınanda susur
bu aləm,
Səslərə qarışıb inləyirəm
mən.
Muğam
çalınanda elə
bilirəm
Min illik dərdimi
dinləyirəm mən.
Həm də sevgimiz, qəmimiz - könül varımız
bu səsdə öz yerini tapıbdı. O səs bizi çox böyük həqiqətlərin
dərinliyinə aparır.
İşıq gələn tərəfə
getməyi qəbul etmək həyatı anlamaqdır. Hər işıqlı
günün bir qaranlıq gecəsi olduğu kimi, hər qaranlıq gecənin də aydın səhəri var.
Gecəli
- gündüzlü dünyamız
kimi
Qəmin, sevincin də iki üzü var.
Ağlayan ömürlük ağlamayacaq.
Hər gülən
kəs də bir gün ağlayar.
Şair işıqlı-qaranlıqlı dünyada nikbinliyini itirmir, bu qədər
dərdin, kədərin
içində ümid
yeri tapır, işıq tapır, dünyanın işığının
qaranlığından daha
əzəmətli olduğunu
oxucusuna aşılaya
bilir.
Bu dünyadı - sevinci
var, qəmi var.
İnsan adlı biçiləsi zəmi var.
Gülən gözün dərya
boyda nəmi var,
Fikir vermə, sevin bir az, gül bir az.
Asim Yadigar nikbin əhval-ruhiyyə ilə səni gördüm, yenə könlüm açıldı
dediyi, ömrü boyu həsrətində olduğu Təbrizə gəlir. Bir tərəfdən sevinir, bu qədim
türk şəhəri,
mənəviyyatımızın paytaxtını görə
bildiyinə görə
Allaha şükürlər
edir, digər tərəfdən də xəyala dalır, Şuşanı xatırlayır.
Vətəndaş olaraq taleyinə
ayrılıqlar düşən
şair şükür
edirsə, digər tərəfdən Tanrının
ondan üz döndərdiyini düşünüb
şikayətlənir. Ziddiyyətlər içində çırpınan
şair parçalanmış
vətəndə özünü
quru torpağa, cansız daşa bənzədir.
Təbriz
arzum, təmiz eşqim, diləyim,
Şuşa mənim yaralanmış ürəyim.
Mən vətənsiz axı nəyəm, kiməm, kim?
Quru torpaq, cansız daşam, Təbrizim!
Təbəddülatlar içərisində çırpınan
şair həm nikbindir, həm dərdli. Dərdlidir ona görə
ki, yurdu, torpağının bir hissəsi düşmən
işğalındadır. Nikbindir ona görə ki, başının üstündə Günəş
yanır, zülmət
gecələri gündüz
eyləyir. Nikbindir ona
görə ki, təzə xallar düşər, nəğmələr
düşər baharda
qızların ürəklərinə.
Nikbindir ona görə ki, baxışlar arı tək sancılar, qonar qızların çiçəkli
köynəklərinə.
Bahar sevgi fəslidir. Günəşi isidəndə rahatlıq
tapırsan, yandıranda
əzab çəkirsən.
Sevgi də Günəş kimi, od kimidir.
İsitməyi də var, yandırmağı da... ancaq Günəş
batanda, od
sönəndə yandırmaq
xüsusiyyətini itirirsə,
sevgi sönəndə
külü də adamı yandırıb yaxır.
Səsində, gözündə alov
var, od
var,
Hissimi, duyğumu
alovlandırar.
Sevgi od kimidir
- yananda közü,
Sönəndə adamı külü yandırar.
Asim Yadigar
2007-ci ildən Naxçıvan
Muxtar Respublikası Yazıçılar Birliyinin
sədridir, Ali Məclisin
deputatı, Əməkdar
mədəniyyət işçisidir. Şeirləri Rusiya, İran, Türkiyə Respublikalarında
qəzet və jurnallarda çap olunub. Bir
nurlu heykəl yarat başlığı
altında toplanan şeirləri Umummilli Liderimiz Heydər Əliyevin həyat və yaradıcılığına
həsr olunub.
Heykəltəraş qardaşım, qəlbinin atəşinə
O insanın qəlbinin alovundan alov qat.
O insanın adına,
əməlinə yaraşan
Əzəmətli, möhtəşəm bir nurlu heykəl yarat.
Asim Yadigar öz qəlbinin alovunda, odunda bişirdiyi, hissi, həyəcanı ilə yoğurduğu söz heykəlini Azərbaycanın
Umummilli Lideri Heydər Əliyevin adına-sanına layiq şəkildə yaradıb
ürəklərə köçürə
bildi.
Asim Yadigar üç mənzum, üç nəsrlə yazılmış dram əsərinin, on səkkiz poemanın müəllifidir. Əsərləri 4 cilddə çapa hazırlanır. Seçilmiş əsərlərinin birinci cildi artıq oxuculara təqdim olunub. Həmin kitaba akademik İsa Həbibbəyli Vətəndaşlıq mövqeyi, plyus lirizm adlı 30 səhifəlik ön söz yazaraq şairin yaradıcılığını geniş təhlil edib.
Şair dostum Asim Yadigarın yaradıcılığı geniş əhatəli olduğundan bir məqalədə tam təəssürat yaratmaq imkanı yoxdur. Qısaca olaraq onun vətəndaş mövqeyini, sevgisini anlatmağa çalışdıq.
Geniş həcmli poema və mənzum dramları ilə Müstəqillik dövrü Azərbaycan poeziyasını zənginləşdirən şair Asim Yadigarın 65 yaşı tamam oldu. Şair dostuma uzun ömür, can sağlığı, bundan sonrakı yaradıcılığında daha böyük uğurlar arzulayıram.
Nizami MURADOĞLU
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2019.-
8 mart.- S.16.