Fuad Axundov və Yeddi gözəllə şam yeməyi  

 

 

 

Tarixi öyrənməyin faydaları çoxdur. Bu şablondan şablon cümləylə orijinal olmadığımın fərqindəyəm. Amma neyləməli ki, yaşadıqca keçmişin təsirini daha yaxşı anlayırsan və bu banal fikri də dilə gətirməli olursan.

Çağdaş insan və ideologiya keçmişə bağlılığı qüsur sayır. Müasir praqmatik dünyada bu günü düşünmək və gələcəyə doğru irəliləmək lazım imiş. Bəzən hətta psixiatorların “sən keçmişlə yaşayırsan” kimi “diaqnozlar” qoyduğunu da eşitmişəm. Məsələ burasındadır ki, keçmiş müxtəlif hisslər, fərqli ovqatlar oyadır insanda... Folklorumuzda olan “ömür keçdi, gün keçdi”, yaxud “ötən günə gün çatmaz” kimi ideyalar da pessimist nəticələrə gətirib çıxarır; nə üçünsə adama həmişə elə gəlir ki, əvvəl hər şey yaxşı idi, keçmişdə həyat daha gözəl idi. İnsan təbiət etibariylə itiriləni, keçmişdə qalanı düşünməyə və bunların qədrini bilib, xiffətini çəkməyə meyllidir. Və bu mənada psixiatorlara haqq qazandırmaq da olar. Ötüb-keçən üçün yas saxlamağa nə hacət?! Həm də zamanı tutub saxlamaq, itirilmişi geri qaytarmaq mümkün deyilsə... Ancaq bu pessimist məqamlardan başqa keçmiş - tarix güc verir, hətta ağrılı, faciəvi məsələləri də doğru-dürüst öyrənib bilmək insanı ayrı bir mərtəbəyə yüksəldir. Həm də bütün hallarda intellekt, ağıl, bilik gücdür, özünəarxayınlığın təməlidir. Eyni zamanda, bu günü anlamaq, indini dərk etmək üçün keçmişi öyrənmək vacibdir. Axı bu gün baş verənlərin heç biri boşdan, quru yerdə yaranmayıb və əgər belədirsə, hər şeyin başlanğıcına qayıtmaq mühümdür.

Şəhərin restoranlarından birinin səhifəsində tarixçi-araşdırmaçı Fuad Axundovun “Yeddi gözəl” adlı tədbirinin reklamını görəndə anladım ki, bu, Qadınlar bayramı ərəfəsində zərif cinsin nümayəndələrinə qarşı bir jestdir. Axı Azərbaycan-türk qadınlığının da tarixi var və bunu anlatmaqla, izah etməklə nələri, nələri demək mümkündür.

Geniş, müasir, işıqlı salona daxil olanda, ordakı ilıq ab-havanı görəndə düşündüm ki, hər zaman kreativliyi, qeyri-adiliyi ilə seçilən Fuad Axundov bu məsələdə də haqlıdır. Müasir dövrdə nəyi deməkdən savayı, həm də necə deməyin, harada, hansı şəraitdə deməyin əhəmiyyəti var. Soyuq bir yaz axşamında isti və rahat məkanda 7 cəsarətli, möhtəşəm, gözəl, ilklərə imza atmış qadın haqqında söhbətləri dinləməkdən yaxşı nə ola bilər?!  Həm də Fuad Axundovun zəngin biliyindən və təbiətindən gələn energetikası, sözü, informasiyanı təqdim etmə məharəti, müxtəlif ovqatlarda, bir az da aktyorluq qataraq danışması ayrı bir üstünlükdür.

Bir neçə il öncə Gəncədə Nizaminin yubileyinə həsr olunmuş tədbirdə tarzən, Xalq artisti Fikrət Verdiyevdən məni narahat edən məqamı soruşmuşdum: yemək masası arxasında gerçək sənət təqdimatı nə qədər uyğundur?! Məsələn, kabab yeyə-yeyə Üzeyir bəyin musiqisinə qulaq asmaq olarmı?! O vaxt Fikrət müəllim son dərəcə “səliqəli” bir cavab vermişdi, müasir dövrdə müxtəlif mərasimlərin, estetikaların qarışmağının təbii olduğunu söyləmişdi. İndi də Fuad Axundovla görüşün restoranda keçiriləcəyini biləndə həmin o sualım yadıma düşürdü, amma qonaqların masanı unudub deyilənlərə, ekranda göstərilənlərə diqqət kəsilmələri elə ilk dəqiqələrdən xoş bir ovqat yaratdı...

Qadınlığın tarixindən danışanda əfsanələrə də, lap qədim nağıllara da, Məhsətinin sadə peşə adamlarına sevgisinə, yaxud Nizaminin Fitnəsinə də istinad etmək olardı. Amma Fuad Axundov bu tarixi XIX əsrdən danışmağa başladı. Söhbət müasir qadının “başlanğıcından” getməli idi və bunu ilklərə imza atan adamlardan söz açmaqla izah etmək olardı. İlk rəssam, ilk aktrisa, ilk rejissor, ilk heykəltəraş, ilk pianoçu və s.

Son bir neçə ildə dünyanın tarixinə, yaxud ayrı-ayrı dahilərin taleyinə təsir etmiş müxtəlif qadınlar haqqında yazan adam kimi bir məqamda çox ciddi əziyyət çəkdiyimi etiraf etməliyəm. Əcnəbi qadınlar haqda yazanda rahatsan, internet, müxtəlif kitablar seçdiyin qəhrəmanın şəxsi arxivi, məktubları, müsahibələri, etirafları, fotoşəkilləri ilə doludur. Məsələ bizim qadınlara gələndə isə ictimai məsələlər, tarixi faktlar ürəyin istəyən qədər, amma şəxsi həyatla bağlı adi bir məlumatı da zülümlə tapırsan və dəqiqliyini də yoxlamaq çətindən çətin olur. Bunun bir neçə səbəbi var. Ömrü boyu qapanmağa alışmış Şərq qadını zamanla nə qədər açılsa da, bu “gizlənmək” xüsusiyyətini itirməyib, çadranı atsa da, şəxsi həyatını qaranlıqda saxlamağa alışıb. Ona görə Fuad Axundovun bu sərbəst, rahat söhbətinin, söylədiyi faktların arxasındakı böyük əziyyəti çox yaxşı dərk edirəm. Həm də onun apardığı paralellər, bu talelərin timsalında bütöv millətin tarixinə panoram etməsi son dərəcə maraqlıdır. Dinlədikcə düşünürəm, bu qadınların hər biri qəhrəmandır, hər birinin taleyi bədii əsərdir, amma, amma, amma... Müasir dövrdə istənilən qələm adamını dindirsəniz, ən çox qarşılaşdığı fikri deyə bilər: “məndən yaz”, yaxud “otur, taleyimi danışım yaz”... Əslində, burda böyük bir qəbahət yoxdur, hər adama onun həyatı, taleyi qeyri-adi görünür, ona görə əli qələm tutan birini görən kimi əbədiləşdirmək istəyir yaşantılarını. Amma bu qadınlar, ilk pianoçu - Xədicə Qayıbova, ilk opera ifaçısı - Şövkət Məmmədova, ilk rejissor - Qəmər Salamzadə, ilk kinoaktrisa - İzzət Orucova, ilk heykəltəraş - Zivər Məmmədova, ilk balerina - Qəmər Almaszadə,  ilk rəssam - Qeysər Kaşıyeva haqqında çox az yazılıb, az danışılıb. Və Fuad Axundov danışdıqca hər şey kino kimi, roman kimi görünür adama. Bunların kiçik bir hissəsinin kinoda əksini görmüşük. Məsələn, ilk opera müğənnisi Şövkət Məmmədovanın taleyi, ölümündən az əvvəl çəkilmiş kadrları Anarın “Üzeyir ömrü” filmində yer alıb. Şövkət xanımın Avropada təhsil almaq üçün Hacı Zeynalabdin Tağıyevə müraciət etməsi və dəstək alması, amma təhsilini bitirməyə az qalmış maddi yardımdan məhrum olunması, Üzeyir bəyin gənc qıza kömək əlini uzatması - bütün bunlar sevdiyimiz filmin unudulmaz kadrlarıdır. Amma elə o filmdən də, Anar müəllimin “Şövkət xanımın qərənfilləri” essesindən də təsirləndiyim bir məqam vardı... Şövkət Məmmədova Milanda oxuyanda mühəndis Yakov Lyubarskiylə eşq yaşadığı üçün Hacı onu cəzalandırır, Fuad bəyin təbiri ilə desəm, “Səni ora bunun üçün göndərməmişdim” - deyir və maddi yardımını kəsir. Amma Üzeyir bəyin təşkil etdiyi benefisdə, gənc xanımın - Şövkətin konsertində iştirak edir və ona qərənfillərlə dolu səbət göndərir. Təkcə bu faktın özü o qədər təsirlidir ki... Azərbaycan qadını, adi bir pinəçinin qızı Şövkət oxumaq üçün, təhsil almaq üçün  çaba göstərirmiş, Azərbaycan kişisi, imkanlı Hacı Zeynalabdin ona yardım edirmiş, qəzəblənsə də, konsertinə gəlirmiş, ona güllər göndərirmiş, Azərbaycan ziyalısı, dahi Üzeyir bəy gənc bir qızın taleyinə biganə qala bilmirmiş, ona hər cür dəstək olurmuş. Özü də bunlar hamısı XX əsrin əvvəllərində, qoçuların səhnəyə güllə atdığı, papağı üçün ayrıca bilet aldığı zamanda baş verirmiş. Bu faktdan qanadlanmayıb, neyləyəsən?! Hələ Qliyerə “Şahsənəm” yazdırmaqdan, özündən sonrakı nəsilləri yetişdirməkdən danışmıram...

Bir sözlə, Fuad Axundovun danışdığı ayrı-ayrı talelər, qadınlar həm millətin xasiyyəti, həm də ümumiyyətlə, Qadın xarakteri haqqında düşünməyə sövq edirdi. Burda qan donduran faktlar da, ürək parçalayan nüanslar da az deyil, əlbəttə. İlk pianoçu xanım - Xədicə Qayıbova repressiya qurbanı olub. Fuad bəy Xədicə xanımın “çıxış yolu” haqqında danışanda göz yaşlarını saxlamaq olmur. Xanım repressiya olunacağını bilirmiş, amma rəfiqələri ilə danışanda “hara göndərsələr, ən ucuz, sınıq-salxaq bir piano tapıb uşaqlara ifa öyrədəcəm, belə yaşayacam” - deyirmiş... Sənət ən böyük vətəndir deməli, harda olsan d, sənətinin içində rahatlıq tapa bilərsən, amma bu da Xədicə xanıma qismət olmur, o, 1938-ci ildə güllələnir.

Fuad Axundov qadın üçün məhrumiyyətlərin var olduğu bir mühitdən, zəmanədən danışanda ilk heykəltaraş Zivər Məmmədovanın adını xüsusi qeyd edir. Üzeyir bəyin heykəli yadınızdadırmı? Konservatoriya önündə əyləşmiş dahiyə uşaqlığımdan baxıram... Hamımız baxırıq. Müəllifi də heykəltəraş Tokay Məmmədovdur, Zivər xanımın oğludur. Və Fuad Axundov Zivər xanımın fotoları vasitəsiylə açıqlayır ki, Üzeyir bəyi oturan yerdə “heykəlləşdirmək” ideyası ona məxsus imiş. Sadəcə çoxlarının qadına inamı olmadığı üçün bu ideyanı Tokay Məmmədov gerçəkləşdirə bilib. Və bunun özündə də xalqımıza xas əbədi bir xasiyyət, yanaşma var... Sənətində yarada bilməyən qadınlar, övladlarını YARADIBlar, onların yetişməsi, böyüməsi üçün çalışıblar.

Və bunların hamısını dinlədikcə, Şərqlə Qərbin kəsişməsində olmağımızın xeyrini başa düşürəm. Hər şeyin mənası varmış, coğrafi şəraitdən tutmuş tarixi şəraitə kimi, hər şeyin. Haqqında danışılan qadınların həyatı, taleyi isə bütün bu şəraitlər və şəraitsizlik barəsində düşündürür. Həm də qürur hissi verir, QADIN sözünün xoşbəxtliklə sinonim olduğuna inandırır. Elə buna görə də Qadınlar bayramı ərəfəsində hədiyyə sayılır bu görüş...

Təşəkkürlər, Fuad Axundov!

Bayramın mübarək, QADIN! 

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 8 mart.- S.15.