Uğurlu sənət və həyat yolunun
unudulmaz məqamları
Müsahiblərimiz Xalq
artisti Fikrət Verdiyev və həyat yoldaşı, Xan
Şuşinski Fondunun prezidenti Bəyimxanım
Cavanşirova-Verdiyevadır:
- Fikrət
müəllim, istərdik ki, söhbətimizə elə
müsahibədən əvvəl
danışdığımız məsələdən
başlayaq. Dediniz ki, zamanında, elə indinin
özündə də rayonlardan, bölgələrdən olan
gənc sənətçilərlə ünsiyyətdə
olmusunuz, onların bir çoxunun tanınmasında yaxından
iştirak etmisiniz. Hətta Ağcabədidən olan bir gənclə
bağlı maraqlı bir əhvalatın da olduğunuzu
bildirdiniz...
- Bir dəfə
televiziya verilişində gördüm ki, Rasim adlı bir qoca
kişi deyir, Xan Şuşinski mənə Ləhcə ləqəbini
verib, yəni Rasim Ləhcə. Özümə sual verdim ki,
görəsən, axı bu haradan tanıyır Xan əmini,
onunla Xan əminin nə əlaqəsi?! Verilişin
aparıcısı dedi ki, görünür, kiminsə ləhcəsində,
üslubunda oxumusan ki, sənə Ləhcə ləqəbi
verilib. O da dedi, düzdür. Dedi, onda başla oxumağa. Həmin
şəxs başladı Cabbar Qaryağdıoğlunun ləhcəsində,
üslubunda oxumağa, sonra Mütəllim Mütəllimovun,
Xan Şuşinskinin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun
ləhcəsi ilə oxudu. Mənə də həmin ərəfədə
Gəncə şəhər rəhbərliyindən xəbər
çatdırılmışdı ki, Novruz bayramında
böyük bir heyətlə gəzə-gəzə gələcəyik,
Fikrət Verdiyev bizi Qurban Pirimovla Cabbar
Qaryağdıoğlunun heykəlinə çatanda trio ilə
qarşılasın, bir muğam havası ifa etsin. Açığı deyim ki, həmin vaxt Gəncədə
elə güclü muğam oxuyan yox idi. Dərhal
Ağcabədidəki dostlara zəng etdim ki, Rasim Ləhcəyə
deyin, mənimlə əlaqə yaratsın, işim var.
Heç bir saat keçməmiş mənə zəng etdi.
Dedim ki, Rasim kişi, Gəncəyə gəlin,
işim var sizinlə. Dedi ki, oğlumu da özümlə gətir
bilərəm? Dedim ki, oğlun nə iş görür? Dedi
ki, o da oxuyur, dedim ki, onda gətir. Gəldilər,
gördüm ki, qarayanız, 30-35 yaşlarında bir
oğlandır, Gəncə Dövlət Filarmoniyasında
tarı köklədim, bu ata-balanı "Zabul segah"ın
zilinə çəkdim. Gördüm ki, ata da gözəl
oxuyur, oğlu isə lap əla oxuyur, haradan istəyirsən,
oradan cavab verir, bir sözlə, uzunbəla... Beləliklə,
bunlarla məşqə başladım, Novruz bayramında
adıçəkilən heykəlin qabağında trionun
müşayiəti ilə bunlar gözəl muğam ifa etdilər.
Şəhər rəhbərliyi dedi ki, bunlar kimdir, haradan
tapmısan, çox gözəl oxuyurlar, oğlanı
heç əlindən buraxma. Cavab verdim ki, elə
mənim də fikrim belədir. Dedim ki, Rasim kişi, sən get, oğlun qalsın, onu Gəncə
Dövlət Filarmoniyasına işə götürürəm.
Beləliklə, Anar adlı həmin gənc oğlanı
filarmoniyaya işə götürdüm, onu Xan Şuşinski
Fondunun xətti ilə Fransaya apardım, telekanallara
çıxardım, Beynəlxalq Muğam Mərkəzində
böyük sənətkarımız Arif Babayevlə
tanış elədim. Artıq bu gün hamı onu
tanıyır, sənət aləmində qəbul olunur...
-
Yaradıcısı və rəhbəri olduğunuz
"Göygöl" ansamblının yaranmasından düz
50 il keçir, bu ay yarım əsrlik
yubileyinizdir. Bu müddət ərzində tarzənləri
demirəm, muğam, mahnı ifaçılarından daha kimlərin
qolundan tutub səhnəyə gətirmisiniz, onların dəqiq
sayını bilirsinizmi?
- Vallah,
sayları çoxdur, sadalamaqla qurtarmaq olmaz. Elə söhbətə
başlamazdan əvvəl sizin də tanış
olduğunuz, azacıq da olsa ifasını dinlədiyiniz Faiqi
götürək. Əslən
Xocalıdandır, məcburi köçkün kimi biz tərəflərdə
yaşayır. Gördünüz ki, necə
gözəl səsi, boğazı var. Onun da istedadı
olmasaydı, götürməzdim. İstedad,
ilahi vergi olmasa, kimisə müğənni, ifaçı və
ya tarzən, kamanzən etmək mümkün deyil. Gərək öncə insanın özündə
olsun. Amma təbii ki, onları axtarıb
tapmaq, irəli çəkmək də lazımdır.
Muğamları gözəl bilsəm də, oxuyan deyiləm,
sadəcə, lazım gələndə zümzümə edirəm,
gənc istedadlara yön verirəm ki, belə oxuma, belə oxu,
belə eləmə, belə et...
-
Ümumiyyətlə, nə vaxtdan bu sənətdəsiniz?
- 14
yaşımdan Gəncədəki keçmiş Pionerlər
Evindəki musiqi-tar dərnəyinə rəhbərlik edirdim.
1961-ci ildə xəbər gəldi ki, mərhum Əfrasiyab Bədəlbəyli
Bakıda keçmiş Dzerjinski, indiki Şəhriyar adına klubda uşaq ansambllarının
festivalını təşkil edir. Bunu eşidən kimi
çox sevindim, dərnəyimizdə 20-22 uşaq vardı,
müdirimizə dedim ki, ansamblı yaxşı
hazırlamışam, yol pulumuzu verin, gedək, festivalda
özümüzü sınayaq. Gördüm ki, nəsə
alınmır, pul yoxdur, gəldim dədəmə dedim ki, ay dədə,
ansamblı festivala aparmalıyam, amma pul yoxdur. Az
vəsait tələb olunmurdu. Dedi nə qədər
lazımdır ki? Dedim ki, bəs gedib-qayıtmaq pulu, bir də
özüm üçün bir az cibxərcliyi
versən, bəsdir. Dədəm gülə-gülə dedi
ki, nə qədər lazımdırsa, verirəm, amma qalib gəlməsəniz,
pulu geri alacağam (gülür). Atam həm
gediş, həm dönüş biletlərimizi aldı, beləliklə,
Bakıya gəldik və iki gün burada qaldıq, festivalda
iştirak etdik. Festivalda Azərbaycanın
hər yerindən gənc istedadlar, ansambllar iştirak edirdi,
çox gərgin bir yarış gedirdi və sonda bizim ansambl
birinciliyi qazandı. Qayıdandan bir az
sonra - 15-16 yaşlarımda artıq məni işə
götürdülər. Sonra Gəncə Şəhər
Mədəniyyət Evində fəaliyyət göstərməyə
başladım, orada ansambla rəhbərlik edirdim. Daha
sonra Qənbər Hüseynli adına Gəncə
Şəhər orta-ixtisas Musiqi Məktəbini (Texnikumunu)
oxuya-oxuya həm Daşkəsəndə müəllimlik
edirdim, həm indiki Samuxda fəaliyyət göstərirdim. Həmin vaxt Samux rayonu Xanlar (indiki Göygöl)
rayonuna baxırdı, amma Samuxda musiqi məktəbi yox idi.
Orada Xanlar rayon musiqi məktəbinin filialının
açılışına nail oldum, musiqi məktəbinin təməlini
qoydum. Sonra Gəncədə təhsil
aldığım Musiqi Məktəbində dərs deməyə
başladım. Beləliklə, 1967-ci ildə
gəlib Bakıda o zamankı Konservatoriyaya (indiki Bakı Musiqi
Akademiyasına) qəbul olundum, mərhum Adil Gərayın tələbəsi
oldum. Konservatoriyada oxuduğum illərdə, artıq
ikinci kursdan Müslüm Maqomayev adına
Filarmoniyaya gedib-gəlirdim, hər dəfə
görürdüm ki, gözəl ansambllar var, adama ləzzət
edir. Bunları görərkən məndə
bir qədər yaxşı mənada paxıllıq hissi
yaranırdı ki, Gəncə kimi dahilərin, korifeylərin
məskənində niyə mahnı və rəqs ansamblı
olmasın? Axı Gəncədə
cabbarlar, xanlar, seyid şuşinskilər, digərləri
yaşayıblar, yaradıblar, bizim niyə ayrıca
ansamblımız olmasın ki?! Axı Gəncədə
də gözəl musiqiçilər var, axtarıb tapmaq olar.
Bu düşüncələr mənə
rahatlıq vermirdi. Gəldim Gəncəyə, rəhmətlik
Rövşən Behcət vardı, yəqin ki,
tanıyarsınız. O vaxtlar Gəncədə yerləşən
Alüminium Zavodunda fəhlə işləyirdi. Onun bir dəfə ifasını özfəaliyyət
ansambllarının konsertində eşitmişdim və
çox ürəyimə yatmışdı.
Rövşənə dedim ki, gəl yanıma. Beləliklə,
1969-cu ildə Gəncədə ayrıca mahnı ansamblı
yaratmağa başladım. Kubra adlı
qız vardı, onu da ansambla götürdüm və bununla,
yavaş-yavaş fəaliyyətə, məşqlərə
başladıq. Bu barədə heç kimə
heç nə demədik. Böyük tarzən,
rəhmətlik Baba Salahov və yerlimiz, tanınmış
dirijor və bəstəkar Nəriman Əzim Gəncəli ilə
konservatoriyada oxuyandan səmimi münasibətlərimiz
yaranmağa başlamışdı. Bir
gün onları da götürüb gətirdim Gəncəyə,
ansamblı dinləməyə başladılar. Dedilər ki, ay Fikrət, çox əla, elə bu dəqiqə
səhnəyə, efirə çıxacaq vəziyyətdədirlər.
Gəncədən qayıdıb Bakıya gəldilər,
AzTV ilə danışdılar, bizə efir vaxtı
aldılar. Martın ayının 30-u idi, xəlvətcə
biletləri alıb, ansamblla Gəncədən Bakıya, AzTV-yə
gəldik. Gəncə rəhbərliyi xəbər
tutur ki, AzTV-də Gəncə "Göygöl"
ansamblının konserti gedəcək. Dərhal
Gəncənin ikinci katibinə zəng edirlər ki, sənin
bundan xəbərin var, deyir ki, yox, zəng edirlər Mədəniyyət
Şöbəsinin müdirinə, deyir ki, heç nədən
xəbərim yoxdur. Gözləyirlər
ki, görək axı kimdir, baxırlar ki, mənəm,
ansamblla bir yerdə efirdə konsert proqramı ilə
iştirak edirəm. Deyim ki, gözəl də
bir konsert proqramı ilə çıxış etdik və
qayıdıb gəldik Gəncəyə.
- Sizə
buna görə bir söz deyilmədi ki?
- Gəncəyə
yeni qayıtmışdıq ki, bir də gördüm ikinci
katib mənə zəng edir. Dedi ki, təcili "Qorkom"a gəl,
səninlə işim var. Elə içəri yenicə
girmişdim ki, ikinci katib başladı, nə başladı.
Dedim, ay kişi, mən nə qəbahət
iş görmüşəm axı? Dedi ki, gedirsən,
heç olmasa, bir xəbər elə, avtobus verək, ansambl
üzvlərinə paltar tikdirək, bu, nə işdir,
görmüsən... Dedim ki, yaxşı eləmişəm.
Götürüb birinci katibə zəng etdi ki, filankəs
yanımdadır, dedi ki, gəlin. Otağına
girən kimi birinci katib düz gəlib qapısının
ağzında məni qarşıladı, qucaqladı.
Dedi ki, kim sənə demişdi ki, ansambl
düzəlt, dedim ki, heç kim, özüm təşkil
etmişəm. Dedi, çox sağ ol, əhsən... 1969-cu ildən
1977-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərdik.
Həmin vaxtlar rəhmətlik Ulu Öndərimiz
Heydər Əliyev keçmiş Lenin Sarayında, o cümlədən,
digər dövlət saraylarında keçirilən dövlət
konsertlərində iştirak edirdi və iki konsertdən birinə
biz mütləq dəvət olunurduq. İki
aydan, ay yarımdan bir Bakıda konsert salonlarında idik.
Rövşən Behcətlə, sonra Şahnaz Haşımova
ilə gəlirdik, gözəl konsert proqramı ilə
çıxış edirdik. Bu yerdə bir
haşiyəyə də çıxmaq istərdim.
Artıq 1977-ci il idi, o vaxt Gəncənin
birinci katibi Əsgər Məmmədov idi. Bir
gün hansısa məsələ ilə bağlı Əsgər
müəllim də Ulu öndərimiz Heydər Əliyevin
yanında imiş. Ulu öndər ondan soruşur ki,
Əsgər, "Göygöl" ansamblı maaş
alırmı, deyir ki, onlar ictimai əsaslarla fəaliyyət
göstərirlər. Deyir, necə yəni
ictimai əsaslarla? O cür gözəl ansambl maaş almır, bunu niyə mənə
demirsiniz? Əsgər müəllim deyir ki, bəs
üç aydır Nazirlər Sovetinin sədrinə yazıb
göndərmişik, hələ bir xəbər yoxdur. O
zamanlar Nazirlər Sovetinin sədri rəhmətlik Əli
İsmayılov idi. Bunu deyən ki, Ulu öndər düyməni
basır, Əli
müəllimə deyir ki, "Göygöl"
ansamblı səni maraqlandırmır? Deyir ki,
maraqlandırır, Heydər Əliyev qayıdıb deyir ki,
üç aydır sənədlər sənin
qabağındadır, niyə məsələni həll etmirsən,
dərhal bu məsələni həll elə. Elə də olur, məsələ dərhal həllini
tapır. Yəni
"Göygöl"ün dövlət statusu alması, onun
fəaliyyətə başlaması məhz o kişinin
adı, xidmətləri ilə bağlıdır. Bir də
gördüm ki, Əsgər müəllim Əli müəllimin
yanından mənə zəng vurub dedi ki, qol çəkildi,
ansambla 75 nəfərlik ştat ayrıldı, dərhal
Bakıya gəl. Bunu eşidən kimi hansı
hisslər keçirdiyimi bir Allah bilir, sevincimdən qanad
açıb uçmaq istəyirdim. İlk
dəfə idi Bakıdan sonra Azərbaycanın ikinci şəhərində
Dövlət Mahnı və Rəqs Ansamblı fəaliyyət
göstərməyə başlayırdı. Bakıya gəldim, mədəniyyət naziri qəbul
etdi, digər yoldaşlarla görüşdüm. Bizə
dörd avtobus, bütün avadanlıqlar, aparatlar, hər
şey verildi...
Bəyimxanım
Cavanşirova-Verdiyeva:
- Mənə
elə gəlir ki, Fikrət müəllim təvazökarlıq
edib, bəzi məsələləri demək istəmir, amma elə
bilirəm ki, onların deyilməsi, bilinməsi
lazımdır. Məsələn,
"Göygöl" ansamblı hələ dövlət
statusu almazdan əvvəl, yəni ictimai əsaslarla fəaliyyət
göstərdiyi və bəzi ansambllar dövlər statusunu
daşıdığı halda, məhz bu ansamblın Azərbaycan
Dövlət Filarmoniyasında solo konsertləri olurdu. Bu, indi kimlərəsə adi bir məsələ
kimi görünə bilər, amma elə deyil, o dövrlərdə
filarmoniyada solo konsert vermək heç də hər ansambla nəsib
olmurdu. Eyni zamanda, indi Ulu öndərimizin adını
daşıyan Respublika, keçmiş Lenin adına
Sarayının açılışına heç bir
dövlət statusu olmadığı halda,
"Göygöl" ansamblının dəvət olunması
balaca bir məsələ deyildi. Görün, bu
ansambl respublikaya nə cür səs-səda
salmışdı ki, onu statusu olmaya-olmaya bu cür mötəbər
tədbirə və digər dövlət konsertlərinə dəvət
edirdilər. Heç bir statusu olmayan ansambl
Azərbaycanın hüdudlarını aşaraq, keçmiş
SSRİ-nin bir çox məkanlarında konsertlər verirdi.
Bu gün Gəncədə analoqu olmayan, gözəlliyi
ilə göz oxşayan Dövlət Filarmoniyası fəaliyyət
göstərir. Bu filarmoniya məhz
"Göygöl"ün bazası əsasında
yaranıb. Yəni "Göygöl"ün
bazasında Gəncə Dövlət Filarmoniyasını
yaradan Fikrət müəllim filarmoniyanın nəzdində
"Göygöl" mahnı və rəqs ansamblından
başqa, notlu xalq çalğı alətləri orkestrini və
kamera orkestrini də təşkil edib.1990-cı ildə Gəncədə
Dövlət Filarmoniyası açılarkən məhz Fikrət
müəllimin özünün təşəbbüsü və
təklifi ilə bu sənət məbədgahına korifey sənətkarımız,
böyük bəstəkarımız Fikrət Əmirovun
adı verilib. 1987-ci ildə Əməkdar artist, 2014-cü ilin
fevral ayının 13-də Xalq artisti adı ilə, həmçinin,
bir çox fəxri fərman və mükafatlarla təltif
olunub...
- Bir qədər
ailə qurmağınızdan danışardınız. Necə oldu ki, Xan Şuşinski kimi
tanınmış bir insanın qızı ilə ailə
qurdunuz? Əvvəldən
tanışlığınız vardı, yoxsa?
Fikrət
Verdiyev:
- Mən
bu haqda danışmaq istəmirəm. Bu haqda Bəyimxanım
danışsa, yaxşı olar. Amma onu
deyim ki, belə bir ailə ilə qohum və belə bir ailəyə
sahib olmağımdan çox böyük qürur duyuram.
Bəyimxanım Cavanşirova-Verdiyeva:
- Bu, 1977-ci ilə təsadüf edir, atamla birlikdə Hökumət Evinə getmişdik, orada Fikrət müəllimi də gördük, iki nəfər dayanmışdılar. Fikrət müəllimi görən kimi tanıdım, gəlib bizimlə salamlaşdı. Atam dedi ki, Fikrət, sən "Göygöl"ü yaratmaqla çox böyük iş görmüsən, sənə uğurlar olsun. Sonra Fikrət müəllim dedi ki, istəyirsiniz, sizi evə qədər maşınla aparım. Atam da dedi ki, çox sağ olun, özümüz gedəcəyik. Evimizlə Hökumət Evinin arası bir addımlıqdır, biri yolun bu üzündə, biri də o üzündə. Elə evə yenicə girmişdik, bir də gördük ki, zəng səsindən az qalır ev dağıla. Telefona mən cavab verəsi oldum, gördüm Şövkət xanımdır. Şövkət xanım da bizə, ailəmizə o qədər yaxın idi ki, elə bilirdim doğma bibimdir. Hər dəfə səfərə, qastrola gedib gələndə, mütləq bizə hədiyyələr alıb gətirərdi. Atam ona zarafatla "Şöşü" deyə müraciət edərdi. O qədər yaxın, səmimi, isti münasibətlər vardı. Soruşdu ki, ay qızım kimsən, dedim ki, Bəyimxanım. Ay qızım, bu gün harada olmusunuz, dedim ki, Hökumət Evində. Dedi ki, heç yerə tərpənməyin, gəlirəm (gülür). Bir azdan Şövkət xanım gəldi, məni qucaqlayıb, öpüb, keçdi qonaq otağına, qapını da arxadan bağladı. Mən də öz-özümə fikirləşdim ki, görəsən, nə olub, qapı niyə bağlandı... Mən onlara çay süzüb aparırdım. Birdən qulağıma belə bir söz dəydi ki, Xan, Fikrət elə bir oğuldur ki, ona başımla cavab verirəm, onun üzərində on mərtəbəli bina tikmək olar, o qədər etibarlı, ləyaqətli insandır. Dedim, görəsən, niyə tərifləyir belə, açığı, bir şey başa düşmədim. Şövkət xanım yenə məni qucaqlayıb, öpüb, çıxıb getdi. Bir azdan yenə zəng vurdu, hər şeyi telefonda açıb danışdı. Sonra atam mənimlə söhbət elədi, sonra Fikrət müəllimlə görüşdük, bir-birimizi yaxından tanıdıq, sonra ailələrimiz bir-birini yaxından tanıdılar, elçi gəldilər. Beləliklə, qız toyu 1977-ci ildə, dekabrın ayının 7-də Bakıda, oğlan toyu isə 1978-ci ildə Gəncədə, özü də üç gün, aprel ayının 22, 23, 24-də oldu. Düz 41 ildir ki, evliyik, ailəliyik. Üç övladımız - bir oğlumuz, iki qızımız var. Ailəmdən, övladlarımdan, nəvələrimdən çox razıyam. Çox xoşbəxtəm ki, belə bir ailəm var...
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2019.- 12 mart.- S.8.