Altıncı mərtəbə
Bizə
bir zövqi-təxəttür qaldı
Bu sönən kölgələnən dünyada.
Əhməd
Haşim
İndi dəqiq yadımda deyil, ya yetmişinci illərin
sonu, ya da səksəninci illərin əvvəli olardı. "Azərbaycan"
jurnalında yazıçı Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanı nəşr
olunmuşdu. Hətta, o da yadıma gəlir
ki, jurnalın üz vərəqi sarı rəngində, sanki
alov rəngində idi. Və bu roman nəinki
o dövrün bütün yeniyetmələrini, gənclərini,
hətta orta yaşlı nəsli də silkələdi. Hətta yaşlı nəsli belə
"Yaddaşlara qayıdan xəfif bir meh kimi"
yüngül qüssə ilə qımışdırdı.
Və hamı nəyəsə təəssüf
etdi. İstər-istəməz gözləri
yol çəkdi. Hamıya təsir etdi.
O dövrdə də, elə indinin özündə də
hamı bu əsərdən danışır və hamı
onu öz bildiyi şəkildə müzakirə edir və hələ
çox edəcək də. Yaddan
çıxmayacaq. İlk ağla gələn söz bu ola bilər ki, axı nə var bu əsərdə?
Adi bir əhvalatdır də. ...Bir cavan
oğlan bir gənc - gözəl, ərli qadını sevir. Və hər ikisi bir-birinin dərdindən dəli-divanədir.
Vəssalam.
Axı, Anara qədər bu sevgi-məhəbbət
mövzusunda dünya ədəbiyyatında yüzlərlə,
bəlkə də minlərlə povestlər, romanlar, poemalar
yazılıb.
Elə bir o qədər də müzakirə
olunub. Amma heç biri bu qədər səs-küyə
səbəb olmayıb. Romanın yazılma tarixi az qala yarım əsrə yaxındır, amma
bu əsər köhnəlməyib. Və heç köhnəlməyəcək
də...
Dünyamıza yeni nəsillər gəldikcə bu roman,
mövzu yox, məhz bu roman öz aktuallığını
itirməyəcək, qoruyub saxlayacaq. İctimai-siyasi hadisələrdən
bezən hər kəs yaşından asılı olmayaraq yenə
də altıncı mərtəbəyə üz tutacaq.
Başa düşəcək ki, istədiklərini
ancaq orda tapa bilər. Çünki... Çünki bunu
Anar yazıb! Anar da axı Anardır.
Yenə mübahisə doğuran bir söz ortaya
çıxır. Kimsə kimisə sevib... Axı nə var
burda? Yooox... Axı, sevgi də var, sevgi də... Sevgilər arasında fərq var. Yanıb
yaxılmaq, kül olmaq da var. Və hər adama belə
yanıb-yaxılmaq, kül olmaq səadəti nəsib olmur.
Sarı rəngli jurnalda çap olunan bu roman daha sonralar,
1981-ci ildə kitab halında nəşr olundu. Kitabın
üz qabığı boz rəngdə, kül rəngində
idi. Bu bir təsadüf idi, yoxsa qəsdən
olmuşdu deyə bilmərəm. Sanki əsərin
baş qəhrəmanı Zaur öz Təhminəsinin dərdindən
alışıb yanıb, tüstülənib, sonra da külə
dönmüşdü. Ölməz şairimiz Rəsul
Rza demişkən:
"Od nə çəkdi, küldən soruş".
Bu rənglər məsələsi bir təsadüf
idimi, bilmirəm. Bəs əsərin qüvvəsi nədə
idi? Digər
eşq-məhəbbət məsələlərindən fərqlənən
cəhəti nə idi? Hadisələrdəmi,
qurulan dialoqlardamı, yazı tərzindəmi? Yoxsa olunan təsvirlərin həddən artıq
qeyri-adi və həm də həddən artıq adi
olmasındamı? Yox... Məncə
bunların heç biri deyildi. Mən bir dəfə
hansısa yazımda, ya da ki verdiyim müsahibələrimin
birində demişdim ki, söz, cümlə qurmaq Anarın əlində
mum kimidir. Hansı formaya istəsə, o
formaya da sala bilir. Anar sözün
ustasıdır.
Əsərin qüvvəsi məncə ondadır ki, təsvir
olunan ən adi hadisələr belə və o ən adi hadisələrdən
doğan ən mürəkkəb, çətin
çıxılmaz situasiyalar belə hamının gündəlik
məişət həyatında baş verir. Və
heç nə də şişirdilmir. Hər
bir şey olduğu kimi göstərilir. Mübaliğəsiz-filansız.
Hamı anlayır, dərk edir ki, belə hadisələr
əgər onun başına indiyə kimi gəlməyibsə,
nə zamansa gələ bilər və gəlir də. Ən başlıcası isə hər hansı bir
normal kişinin öz şəxsi həyatında öz Təhminəsi
olub və olacaq. Həmişə olacaq.
Heç kim Təhminəli həyatdan yan
keçməyib və keçməyəcək də. Çünki bu, mümkün deyil. Və hər hansı bir normal kişiyə elə gəlir
ki, onun Təhminəsi digər kişilərin sevdikləri Təhminələrdən
daha maraqlıdır. Onun eşq-məhəbbət
macərası digərlərinkindən daha cazibədardır.
Və onun başı bu şirin dərdə
mübtəla olanlardan daha qalmaqallı və daha böyük
dərddədir. Bax, elə məhz
hamını bir-birinə birləşdirən, hamını
bir-birinə doğmalaşdırıb yaxınlaşdıran
da Təhminələrə olan sevgidən və bu sevginin
onların başına gətirdiyi şirin bəlalardan
doğan nəticələrdir, hadisələrdir. Daha doğrusu, beşmərtəbəli evin
altıncı mərtəbəsidir. Və
bir də bu əsərin gücü məncə ondadır ki,
Təhminələr heç vaxt qocalmır. Və heç zaman ölmür. Əlbətdə,
bu dünyada Zaur olmaq asandır. Çox asandır! Zaur
olmağa nə var ki! Təhminəni tapmaq isə
müşgüldür. Müşgüldən
də müşgüldür. Çünki hər
qadın da Təhminə ola bilmir.
(Mən, təxminən 70-ci ilin axırları, 80-ci ilin əvvəllərində böyük italyan yazıçısı Alberto Moravianın "Həqarət" əsərindəki Emiliya obrazını Anarın yaratdığı Təhminə obrazı ilə müqayisə etmişdim və aralarında böyük yaxınlıq görmüşdüm. Və o zaman mənə elə gəlirdi ki, bunların hər ikisi eyni qadındır. Əslində, bunlar fərqli obrazlar idi. Amma mən nədənsə bunların arasında çox böyük yaxınlıq görürdüm).
Hər dövrün və hər yaşın öz Təhminəsi var. Təhminəsiz bu dünyada yaşamaq mümkün deyil. Təhminəsiz həyat böyük bir bəladır. Müsibətdir! Ağır bir yükdür. Ən ehtiyatlı kişilər belə bu bəladan sığortalanmayıb.
Hətta Anarın "Macal" povestindəki suyu üfürə-üfürə içən balaca Fuadın da öz Təhminəsi var. Onun Təhminəsi başqalarının ona olan həsədindədir. O isə bu həsədə qısqanc deyildi. Onun Təhminəsi kabinet, post, karyera, mənsəbdir. Amma o, bütün bunlardan ləzzət ala bilirmi? Normal yaşaya bilirmi? Ağlım kəsmir. Onun kimilər real həyatda Zaur kimilərə məsləhət verib, Zaur kimilərə həsəd edənlərdi. Zaur heç olmasa ömründə iki-üç ay da olsun öz qısqanc, xoşbəxt həyatını yaşadı. Gün gördü! Və bu, onu ömrünün ən son gününədək yandıra-yandıra qımışdaracaq, gülümsündürəcək. Amma bir məsələ mənə çox qəribə gəlir. Və indiyə kimi bu bilməcəni aça bilmirəm. Zaur Təhminəni özünə nə ilə cəlb etmişdi? Bacarığı iləmi? Yox. Yaraşığı iləmi? Yox. Var-dövləti iləmi? Axı, Təhminə həmişə real həyatda Spartak kimilərə üstünlük verib. Bəs nəyə görə Spartak onu cəlb edə bilmədi? Spartak bacarıqlıdı, daşdan da pul çıxarmağa bacarır, əlaqəlidir. Hamıya öz sözünü deyə bilir. Spartakın bir mənfi cəhəti var. O, stabil adam deyil. Zaur isə acizdir. Və acizliyinə görə də, stabildir.
Əgər bu günün parametrləri ilə hesablasaq, Anarın "Otel otağı" əsərinin qəhrəmanı olan Kərim Əsgər oğlu isə ümumiyyətlə, heç kimə lazım deyil. Təhminiyə də lazım deyil.
Bir dəfə telejurnalist qıza müsahibə verdiyim zaman demişdim ki, yazıçı Anar mənim üçün bir kumirdir. Anar nəhəng yazıçıdır. Onun nəfəs genişliyi məni dəli edir. Mən bilmirəm nədənsə, söhbət yenə də hərlənib-fırlanıb Təhminə və Zaurun üzərinə gəlib çıxdı. Aparıcı qıza dedi ki, elə Anarı qıcıqlandıran da odur ki, hamı "Beşmərtəbəli evin altıncı mərtəbəsi" deyir, ondan danışır. Anar özü demişkən, onun məgər başqa romanı, povesti yoxdur? Mən o zaman aparıcı qıza cavab verə bilməmişdim. Bircə kəlmə demişdim ki, Anar böyük yazıçıdır. Sonralar ağlıma qəribə bir fikir gəldi. Axı Füzuli deyəndə gözlərimizin qarşısına istər-istəməz onun Leyli və Məcnunu, Şekspir deyəndə Romeo və Culyeta gəlir. Anar da deyəndə, hamımızın ağlına istər-istəməz təhtəlşüur Təhminə və Zaur gəlir. Məgər bu adlarını sadaladığım əsərlərin müəllifinə toxunurdu? Bu nə bizdən asılıdır, nə də Anardan. Bu yazılan əsərin gücündən, ağırlığından, sanbalından asılıdır ki, yaşımızdan asılı olmayaraq iri tərk eləmir və eləməyəcək də. Çünki yuxarıda dediyim kimi, həyatda hamının öz Təhminəsi olub. Təhminəsi olmayan da Təhminə axtarışındadır. Təhminəsi olmaq böyük xoşbəxtlikdir.
Mən müxtəlif illərdə Moldovada, Belarusiyada diplomatik xidmətdə olarkən, dövlət universitetlərində "Sovet ədəbiyyatı", "SSRİ xalqlar ədəbiyyatı"ndan mühazirələr oxuyurdum. Məqsəd təkcə dərs demək deyildi. Məqsəd vaxt tapan kimi, yetişməkdə olan gənc tələbələrə Qarabağ hadisələrindən danışmaq idi. Hiss edirdim ki, tələbələri Anarın yaradıcılığı daha çox cəlb edir. Moldova və Belarusiya tələbələrini uzaq Azərbaycanın onsuz da uzandıqca uzanan, öz həllini tapa bilməyən Qarabağ problemi bir o qədər də maraqlandırmırdı. Həmişə də istər-istəməz söz gəlib "Təhminə və Zaurun" üzərində dayanardı. O, zaman hiss edirdim ki, bu əsər nəinki Azərbaycan gənclərini, hətta uzaq ölkələrin düşüncə və əxlaq tərzləri müxtəlif olan gənclərini belə maraqlandırır. Hətta bu barədə kurs işi də yazmışdılar. Tələbələrin çox hissəsi Zauru qınayırdı, az hissəsi isə Təhminəni. Mühazirəm Anara aid olanda auditoriyada tələbələrin sayı artırdı. Başqa kurslardan da gəlib mühazirəyə qulaq asırdılar. Rus dilinə tərcümə olunan bu kitab əl-əl gəzirdi. Demək, əsas düşüncə və əxlaq tərzi deyil. Əsas yazılan və yaradılan əsərdir. Hətta, mənim Belarus tələbələrimdən biri, cavan bir qız mənə dedi ki, Təhminə bu dünyada yoxdur və ola da bilməz. Təhminə kişilərin arzusudur! Və heç kim Təhminəni alıb özünə həyat yoldaşı edə bilməz. Öz həyat yoldaşı ilə bir damın altında yaşayıb, kənarda isə Təhminəni sevmək, bütün kişilərin arzusudur. Məsələn, siz özünüz Təhminə ilə evlənərdiz? Zaur Təhminə üçün hər bir şey etmişdi. Ata-anasından keçir, işdən vaz keçir, dost-tanışlarından uzaqlaşır, bir sözlə, hamını atıb Təhminəni tutur. Amma... Sırf kişi asudəliyi onu qorxudur. Məsuliyyətdən qorxur. Amma Spartak heç nədən qorxmazdı. Çünki Spartak yetkin bir kişi idi. Zaur isə bütün bunlara hazır deyildi. (Tələbələr arasında belə təhlillər çox idi. Hətta qəzet və jurnallarda bu barədə yazılar çıxırdı). İndi dövran başqadı. İndi heç kim Zaura ərə getmək istəməz, indi hamı Spartaka üstünlük verər və verir də. Bunu mənə deyən bir Belarus qızı idi. Sözsüz ki, mən ona heç nə demədim. Amma söz ağlıma batdı.
Mən yazıçı Anarla çox gec tanış olmuşam. Özüm qəsdən tanış olmaq istəmirdim. Çünki mən həmişə Anara qeyri-adi və əlçatmaz bir adam kimi baxmışam. Və mənə həmişə elə gəlirdi ki, əgər Anarla tanış olsam, o, mənim üçün adiləşər, adi bir insana çevrilər. Amma tanış olandan sonra, yenə də öz fikrimdə qaldım. Başa düşdüm ki, Anar yenə də mənim üçün həmənki qeyri-adi, əlçatmaz əsl Azərbaycan ziyalısıdır. Və həmişə də belə olaraq qalacaq. Anarın elmi əsərlərindəki təhlillərlə və tanışlıq məni dəhşətə gətirirdi. Yaratdığı bədii obrazlardan heyrətə gəlirdim və həmişə düşünürdüm ki, onun yaratdığı bu obrazları belə dəqiqliklə hardan tanıyır? Axı, yaratdığı bu obrazlar onun yox, mənim tanışlarımdır və mənim yaşıdlarımdı. Amma yaşım artdıqca, mən onları daha yaxşı tanıyır və daha yaxından tanış olurdum. Axı, bütün bu obrazlar Anardan yaşca daha kiçikdirlər. Balaca Fuaddan tutmuş, istedadsız Kəbirlinskiyə qədər, Spartakdan tutmuş çopur Cabbara qədər (Yeri gəlmişkən, mən universitetdə oxuduğum illər çopur Cabbar mənə dərs deyib, mənim müəllimim olub. Hər yerdə əlaqəsi olan bacarıqlı Spartak sözsüz ki, çopur Cabbar kimi başqa ad altında, mənim ən yaxın dostum olub).
Əlinin altında işlədiyimiz xəbis, müdrik Dadaşdan tutmuş Kərimə qədər, Balamidən tutmuş Oruca qədər, həyatda bəxti gətirməyən (neudaçnik) Nemətdən tutmuş yaşlı olmasına baxmayaraq, mənsəb ehtirasları sönməyən Murtuz Balayeviçə qədər, həyatda həmişə bəxti gətirən Şövqi Şəfizadədən tutmuş həyatda həmişə haqqı yeyilən Fuad Salahlıya qədər... Hamısı, hamısı yaşından asılı olmayaraq həmişə cavan qalan, bu gün 81 yaşını qeyd etdiyimiz Anarın yaşıdlarıdır. Anarın böyüklüyü, nəhəngliyi ondadır ki, o, həmişə cavandır. Anarın yaratdığı obrazların arasında demək olar ki, mənfi qəhrəman yoxdur. Əgər az-çox varsa... indi həyatdır da, hərənin bir çatışmayan cəhəti var.
Hərdən Anarın kölgəsini qılınclayanlar da olur. "Vicdanlarını özlərinə artıq yük bilənlər" Anarın kölgəsini qılınclamağa cəhd göstərirlər. Amma yel qayadan nə aparar? Əlbəttə, heç nə. Amma çox təəssüf. Bu yaxınlarda Anarın hansısa bir müsahibəsini oxudum. Anar jurnalistə deyirdi ki, Allah möhlət verərsə, 5 il, əgər səxavət göstərərsə, 10 il yaşamaq istərdim. Əlbəttə, bu, Allahın öz işidir, Allahın işinə əl aparmaq olmaz. Amma məndən soruşsa idilər deyərdim ki, nə olardı Allah elə eləsin ki, Anar öz 100 illik yubileyində özü şəxsən iştirak eləsin. Və nə yaxşı ki, bu millətin Anarı var.
Və mən dəqiq bilirəm ki, günlərin bir günü yağışlı payız axşamların birində, təxminən 50-60 ildən sonra Anarın tədqiqatçılarından, anarşünaslardan biri qəflətən Anarla küçədə üz-üzə gələcək. Az qala bir-birinə toxunacaqlar, Anar onun üzünə gülümsəyib, uzaqlaşacaq. Anar heç dəyişib eləməyəcək, elə həmişəki Anar olacaq. Və məlum olacaq ki, Anar üçün vaxt anlayışı yoxdur. Anar həmişə cavandır. Həmin gənc alim Anarın ardıyca qaçacaq. Anar isə öz asta addımları ilə ondan uzaqlaşacaq. Yaxında olan binalardan birinin liftinə girəcək. Əgər o vaxtlar liftlər olacaqsa. Düyməni basıb altıncı mərtəbəyə qalxacaq. Bina isə beşmərtəbəli bina idi. Həmin adam Anarın dalıyca qışqıracaq, çığıracaq - Anar getmə, dayan, qayıt! Vallah sənə ehtiyacımız var. Çox ehtiyacımız var. Qayıt. Anar isə qayıtmayacaq. Anarın silueti həmin adama baxıb gülümsəyəcək. Əl eləyəcək. Bu dünyada başqa Anarlar olacaq. Əlbəttə olacaq. Amma əsl Anar isə... ağlım kəsmir.
Anar müəllim, Sizin doğum
gününüzü təbrik edirəm! Yuxarıda dediyim
kimi, Allah elə eləsin ki, Siz 100 illik yubileyinizdə ailənizlə,
nəvə-nəticələrinizlə, kötükcələrinizlə
birlikdə iştirak edəsiniz. Amin! Allah sizi bizim xalqa
çox görməsin!
İsfəndiyar
VAHABZADƏ
525-ci qəzet.- 2019.- 12 mart.- S.7.