Şəmistan Əlizamanlı, uğurların bol olsun!

 

 

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı dünyanın 85 ölkəsində 25 dildə yayımlanan, hər seriyası təxminən 2 milyard 600 milyon insanın sevərək izlədiyi tarixi "Diriliş Ərtoğrul" filmində növbəti uğurlu çıxışını etdi. Reytinqlərdə yeni rekordlara imza atan filmdə Şəmistan bəyin ifaları Azərbaycan tamaşaçıları tərəfindən maraqla, sevgiylə izlənilir.

Şəmistan Əlizamanlı ömrünü, əsas fəaliyyətini vətənpərvərlik işinin təbliğatına həsr edib. O, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əlindən gələni edir, mahnıları çoxdandı dillər əzbəridi. Onun məktəblərdə, hərbi hissələrdə, bölgələrdə etdiyi çıxışlar hər kəsi böyük qələbəyə, vətəni, dövləti sevməyə səsləyir. İllərdir bu istiqamətdə əlindən gələni edən Şəmistan Əlizamanlının bir gün dünya masştabına çıxacağı gözlənilən idi. Onun milyonlarla dinləyicisi olan "Turan ellər var olsun!" "Zəfər bismillah" mahnıları neçə illərdir Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın təbliğat kliplərində istifadə olunur, Türkiyə televiziyalarında yayımlanır. Bu il martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində Ş.Əlizamanlının bəstələdiyi ifa elədiyi "Zəfər bismillah!" mahnısı cənab Ərdoğanın şəxsi istəyi ilə hakim AKP-nin seçim musiqisi kimi qəbul olunub.

Şəmistan Əlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin layihələri çərçivəsində Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəman oğulları haqqında sənədli filmlər hazırlayır. O, neçə illərdir bu yolda tək-tənha - kimsənin dəstəyi olmadan vətənpərvərlik yönümlü mahnılar, marşlar yazıb, yazdırıb ifa edir ki, gənc nəsil ruhdan düşməsin, vətənpərvərlik ruhunda böyüsün!

Bütün bu işləri görən, uğurlara imza atan, istər doxsanıncı illərdə, istər indi səsi ilə, ifası ilə ordunu ruhlandıran, ayağa qaldıra bilən Ş.Əlizamanlı bu günə qədər fəxri addan, dövlət təltifindən kənarda qalıb! Belə bir insanın, sənətçinin diqqətindən kənarda qalması təəssüf doğurur. Halbuki işğal altında qalmış torpaqlarımızın azad olunması, vətənpərvərliyin təbliği istiqamətində görülən işlərlə bağlı onun maraqlı təkliflərinə həmişə ciddi ehtiyac duyulur.

Daim çalışan, zəhmət çəkən, Azərbaycan mədəniyyətini, dövlətini şərəflə təbliğ edən dəyərli dostumuz Şəmistan bəyə uğurlar arzulayıram! Qardaş, yorulmayasan, uğurların bol olsun! Yaşasın Azərbaycan!

 

Rey KƏRİMOĞLU

Qarabağ qazisi, jurnalist

 

525-ci qəzet.- 2019.- 12 mart.- S.8.