İstanbulda "Nəsimi ili" çərçivəsində ilk tədbirlər keçirilib

 

 

Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə növbəti tədbir martın 7-də İstanbul şəhərində Türk Ədəbiyyat Vəqfinin toplantı salonunda gerçəkləşib.

Tədbir iştirakçıları öncə Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə edilən İ.Nəsiminin əski çap əsərləri, əlyazmaları, qəzələri, divanları, eləcə xarici dillərdə nəşr olunmuş əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.

Türk Ədəbiyyatı Vəqfinin müdiri şair Özcan Ünlü tədbiri açaraq, qonaqları salamlayıb.

Vəqfin başkanı Sərhat Kabaklı bütün türk dünyasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin "Nəsimi ili"nin təntənəli şəkildə qeyd edilməsinin əlamətdar hadisə olduğunu, türk ədəbiyyatşünasları tədqiqatçıları tərəfindən Nəsimi irsinə, onun yaradıcılığına xüsusi önəm verildiyini, əsərlərinin dillər əzbərinə çevrildiyini söyləyib.

TÜRKSOY-un Baş Katibinin müavini Fırat Purtaş 2018-ci il dekabrın 18-də Türkiyənin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında 2019-cu ilin TÜRKSOY tərəfindən zəngin yaradıcılığa malik böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə "Nəsimi ili" elan edilmiş bu məqsədlə türkdilli ölkələrdə bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. O, TÜRKSOY təşkilatı tərəfindən türk xalqlarının görkəmli şəxsiyyətlərinə həsr olunmuş belə tədbirlərin keçirilməsinin türk xalqları arasında qarşılıqlı mədəniyyətin inkişafına, onların ortaq mədəniyyətinin, ədəbiyyatının, eləcə tarixi şəxsiyyətlərinin tanıdılmasına yardımcı olacağını söyləyib.

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında Nəsiminin əsərlərinin Azərbaycan dilində yaranan şeirin inkişafında  mühüm rol oynadığını, çox mürəkkəb ziddiyyətli bir inkişaf yolu keçmiş istedadlı sənətkarın Azərbaycan ədəbiyyatında ana dilində fəlsəfi şeirin əsasını qoyduğunu bildirib.  "Nəsimi ili"nin xalqımızın mənəviyyatı mədəniyyəti ilə birbaşa əlaqəli olduğunu söyləyən cənab nazir ötən illər ərzində Nəsiminin adının nəinki ölkə daxilində, hətta dünya miqyasında uca tutulduğunu, dünya ictimaiyyətinin onun yaradıcılığı ilə tanış olduğunu, Prezident İlham Əliyevin "Nəsimi ili" ilə əlaqədar sərəncamının bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk təhlil etmək üçün fürsət yaratdığını söyləyib.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutmasının ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu vurğulayıb.

Daha sonra Mədəniyyət naziri tərəfindən Türk Ədəbiyyat Vəqfinin nümayəndərinə hədiyyələr təqdim edilib.

Nəsiminin yaradıcılığı haqqında 10 dəqiqəlik qısa filmin nümayişindən sonra Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili,akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan poeziyasının ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı haqqında geniş söhbət açaraq, onun yaradıcılığının dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malik olduğunu, böyük mütəfəkkirin 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlərinin, ana dilimizi bədii sözümüzü yeni-yeni zirvələrə qaldırdığını vurğulayıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov Nəsiminin əsərlərinin Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin kitabxanalarında mühafizə olunduğunu deyib. O, Çexiya Milli Kitabxanasının nadir kitablar fondunda da Azərbaycan, türkfars əlyazmalarına rast gəldiyini, lakin onların kataloqda öz əksini tapmadığını qeyd edib. Mədəniyyət Nazirliyinin dəstəyi ilə bir ay ərzində mütəxəssislər tərəfindən  həmin əlyazmaların tədqiq edildiyini və 3 dildə əlyazmalar kataloqunun hazırlandığını, yaxın zamanlarda nəşr olunacağını söyləyib.

Tədbirdə alimlərdən Esat Harmancı, Nusret Gediksöz sənətinin qiymətli incilərini meydana gətirmiş bu filosof şairin bütün türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verdiyini, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyduğunu söyləyiblər.

Sonda Nəsiminin əsərləri əsasında bədii hissə təqdim edilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 12 mart.- S.7.