"Biçmədim, zəmim qaldı..."
Gülmurad Muradov Siyəzən bölgəsində, Xəzərin
sahilində, dənizin
lap ləpədöyənindəki Balaca Həmyə adlı bir kənddə
dünyaya gəlmişdi.
Yaşıdı olan bütün oğlanlar kimi Gülmuradın da günləri dənizin sahilində keçərdi. Ancaq Gülmurad
dənizə tay-tuşlarının
çoxu kimi nə tilov atıb
balıq tutmağa gedərdi, nə də ki, sulara
baş vurub çimməyə. Bəzən şahə
qalxan dalğaların
hay-harayına, bəzən
də xəfif ləpələrin pıçıltısına
qulaq asmaq, dənizin, suların gah şaqraq, gah da həzin,
mavi nəğmələrini
dinləmək xərtinə
balaca Gülmurad saatlarla qumlu sahillərdə oturub qalardı. Ancaq burası da
var idi ki,
elə evlərində
də çox vaxt eşitdiyi zurna, tar, qarmon, nağara səsi olardı. Gülmuradın
atası Comərd kişi adlı-sanlı
el sənətkarlarından idi, qara zurnası
ilə Siyəzəndə,
ətraf kənd-kəsəkdə
neçə-neçə toy məclisləri, el şənlikləri
yola vermişdi.
Beləcə uşaq yaşlarından musiqi ilə nəfəs ala-ala böyüyən
Gülmurad klarnet adlı çalğı alətinə meyl saldı. Respublikamızın adlı-sanlı
sənətkarlarından - Əşrəfin,
Şəmsi İmanovun
lent yazılarına, vallarına
qulaq asmaqdan yorulmazdı. Gülmurad bu ustad musiqiçilərin ifalarını
dinləyə-dinləyə həm də onlardan öyrənərdi.
Tanrı
Gülmurada anadangəlmə
nadir musiqi duyumu, musiqi istedadı bəxş etmişdi.
Və elə bu fitri
istedadı sayəsində
Gülmurad çox cavan yaşlarında, ötən yüzilliyin yetmişini illərində
respublikamızda tanınan
klarnet ifaçılarından
birinə çevrildi,
məşhurlaşdı, ad-san qazandı, konsertlərə,
el şənliklərinə dəvət olundu.
Gülmuradın çalğısı həddən
artıq yanıqlı,
həzin və kövrək idi. Onu Azərbaycanın az qala yaxın-uzaq,
bütün bölgələrinə,
hətta Gürcüstana,
Dağıstana toy məclislərinə
aparardılar.
Bizim şimal bölgəsində
öz subaylarının
xeyir işlərində
iştirak etmək üçün Şəmsi
İmanovun yanına gedənlərin xahiş-minnətlərini,
hətta böyük məbləğdə pul təkliflərini bu məşhur sənətkar
qəbul etməz, cavan həmkarının ifasına pərəstiş,
həm də hörmət və ehtiram əlaməti kimi:
- Əşi, sizin ki, öz Şəmsiniz
var, - deyərdi, - Gülmurad olan yerdə daha mənə nə ehtiyac?!
Gülmuradın çaldığı "Vağzalı"
hər yerdə adla deyilirdi. Onun ifasında
el havalarımız, xalq
mahnılarımız digər
adlı-sanlı sənətkarlarımızın
ifasında dinlədiklərimizdən
tamam fərqli, bənzərsiz idi.
"Sona bülbüllər"i
klarnetdə çalanda
elə bil ki, adi musiqi
aləti deyil, o sona bülbüllərin özləri dilə, fəryada gəlib yanıqlı-yanıqlı zəngulələr
vurar, qəmli-qəmli
oxuyardılar:
Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı...
İndi otuz ildən çoxdur ki, Gülmurad ilə birlikdə o bülbüllər
də susub.
Bu da bir vaxt
Gülmuradla bir yerdə məclislər yola vermiş, indi elə özü
də haqq dünyasına qovuşmuş,
yaxın qohumu, mərhum Vidadi Muradovdan eşidib yaddaşımda qalan bir xatirə: "Görkəmli bəstəkarımız
Cahangir Cahangirovun məşhur "Ana" mahnısını
Rəşid Behbudov öz ölməz ifası ilə analarımızın şərəfinə,
adlarına layiq möhtəşəm bir abidəyə-nəğməyə çevirmişdi.
Klarnetdə Gülmuradın ifasında
bu mahnıya qulaq asanlar da
onu dinləməkdən
doymazdılar.
Və
1981-ci ilin payızı
idi, Gülmuradın ölümündən az keçmişdi. Sumqayıtda yaxın bir qohumun toy məclisində idim. Siyəzəndən
olduğumu bilən məclis iştirakçılarından
bir nəfər ahıl kişi
məndən Gülmuradı
xəbər aldı, kefini-halını soruşdu.
Gözlərim yaşla
doldu və həmin kişi
Gülmuradın artıq
bu dünyadan köçdüyünü bilincə
elə camaatın gözü qabağında
ən əziz, yaxın adamının qəfil ölüm xəbərini eşidənlər
kimi başına iki əlli qapaz
vurub hönkürtü
qopartdı. Onu güclə sakitləşdirə
bildilər. Axır
ki, haçandan-haçana
toxtayıb özünə
gələn bu yad adam:
- Siz haradan biləsiniz ki, - dedi, - mən ən doğma adamımı bu gün bir daha
yenidən itirdim...
Məclis
iştirakçılarının onun bu sözlərindən
çaş-baş qaldıqlarını
görüb gözlərinin
yaşı hələ
də qurumamış
ahıl kişi
qayıtdı ki, bəs mən anamı erkən yaşlarımdan itirmişdim.
Ana laylası eşitməmişdim,
ana nəvazişi görməmişdim. Və bir gün bir toy məclisində Gülmurad adlanan bir cavan sənətkarın
ifasında klarnetdə
"Ana" mahnısını eşidəndə elə bildim ki, anam
sağdır, beşiyim
başında durub mənə layla çalır. O gündən
sonra xəbər tutanda Gülmuradın apardığı toy məclislərinə
gedər, bu mahnını ona sifariş verib qulaq asardım... Hər dəfə də elə bilərdim ki, anamla üzbəüz
əyləşmişəm. İndi isə...
Gülmurad həm də xeyirxah, gözü-könlü
tox insan idi, toy sahibləri ilə heç vaxt sövdələşməz,
pul söhbəti etməzdi. Gülmuradın ürəyi, qəlbi
kimi əli də açıq idi, səxavətli idi. Adam sərrafı
olan Gülmurad ürək qızdırdığı
dost-tanışla, yaxın
həmxanələrlə xudmani
məclislər qurmağı,
yeyib-içib pul xərcləməyi sevərdi.
Ona xidmət, qulluq etmək arzusunda olan pərəstişkarları
da çox idi. Belə məclislərdə şərəfinə
deyilən saysız-hesabsız
sağlıqlar Gülmuradın
heç demə cansağlığına, canına
düşmən, qənim
kəsilirmiş...
Gülmurad bir sənətkar kimi musiqimizi yad nəfəslərdən,
xaric səslərdən
qoruyardı, sənəti
müqəddəs, uca
tutar, qədir-qiymətini
bilərdi. Heç kimə bənzəmək
istəməz, öz çalğısının, ifasının
üstündə əsim-əsim
əsərdi.
Ancaq nə yazıqlar ki, Gülmurad sağlamlığını,
səhhətini qoruya bilmədi, öz qədrini bilmədi. Və ona qənim kəsilən "ölüm"
adlı insafsız bir düşmən Gülmuradı hələ
yaşının qırxını
tamamlamamış yaxaladı...
Biçilməyən zəmilərin dəni, sünbülü
isə itib-batmır...
Ovxalanıb tökülərək
elə torpağa qarışır və hər dəfə də yaz gələndə
təzədən boy verib
cücərir...
Həyatdan nakam getmiş bu el sənətkarının
ifasına vur-tut bircə dəfə də olsa qulaq
asanların yaddaşında
isə Gülmuradın
xatirəsi aradan illər keçsə də, həm həzin-qüssəli, həm
də oynaq, şıltaq və duyğulu bir yaz kimi, bahar
kimi indi də yaşılca qalıb...
2008
Aydın TAĞIYEV
525-ci qəzet.- 2019.- 13 mart.- S.8.