Fikrin sadə deyilişi və təfəkkür aydınlığı  

 

 

 

Şair İbrahim İlyaslı yeni nəşr etdirdiyi şeirlər kitabının adını "Şairlik zülümdür" qoyub əslində, "zülüm" sözünün fərdi yaradıcılıq sirri olduğunu oxucusuna açıqlayıb. Şeirə, sənətə yüksək meyarla yanaşdığı üçündür ki, şair həm hərfi, həm məcazi mənada işlətdiyi "zülüm" sözünün müqabilində, "Şeir qoşmağa var!" - açıqlamasını da verir.

Əlbəttə, şairliyin özü elə bu "zülümdən" doğulur. Asan yaradıcılıq yolu, asan yaranan sənət nümunəsi olurmu?

Biz ədəbiyyat tarixi ilə tanış olduqca da görmüşük ki, böyük sənətkarlar yaza-yaza pozduqları kimi, poza-poza da yazıblar, irihəcmli əsərlərinin üzünü dəfələrlə köçürüblər. Amma bu yaradıcılıq (yaratmaq!) "zülmü" onlar üçün böyük zövq mənbəyi olub.

Qədim Yunanıstanda adı Hesoidla, Homerlə yanaşı çəkilən böyük şair Pindar, tədqiqatçılar deyir ki, dəfələrlə balaca odalarının üzünü köçürür, bəzən pozub təzədən yazırmış.

Hələ bizim eradan qabaq, qədim Roma atalar sözündə deyilirdi ki, şairlər anadan doğulur, natiqləri isə cəmiyyət yetişdirir.

"Hamı bir körpüdən keçir", "Hamı özünün dibinə, öz zirvəsindən yıxılır", "Ürəklər eşqə atlanır, ağıl nəfsindən yıxılır" kimi müdrik fikirlər söyləyən şair, həyatda müxtəlif təzadlı xarakterlərlə qarşılaşır, insanda insani keyfiyyət, paklıq, ləyaqət, vətəndaşlıq hissi axtarır, görəndə onun şeirinin üstə gün işığı, görməyəndə bulud kölgəsi düşür.

Azərbaycanın taleyini öz taleyi adlandıran şair, Qarabağın sızıltılarını qarabağlı kimi yaşayır, vətənin yaxın tarixi günlərini eyni sızıltı ilə varaqlayır. Qədim ata-baba torpaqlarından sürgün dalınca sürgün, köç dalınca köçün törətdiyi fəlakət ağrı-acıları yaddaqalan, obrazlı dillə ifadə edir. Qələm dostuna həsr etdiyi bir şeirində dediyi kimi:

Göyçədən sürülən sazın dalınca,

Şuşadan sürülən tara bax, Elçin!

yaxud:

Ruhumun taxtında üçcə söz qalıb:

Qarabağ, Qarabağ, Qarabağ, Elçin!

Mən şübhə etmirəm ki, bu mövzuda sabah yazılacaq əsərlərimizə belə misralar gözəl epiqraf ola bilər.

İlk dəfə qardaş türk torpaqlarına ayaq basan şairin ürək çırpıntıları eyni dərəcədə bizə təsir edir.

Türkün Respublika bayrağını əbədi qaldıran Mustafa Kamal Paşanın adını (təkcə adınımı?!) qürurla anır, oxucusunu da duyğular, hisslər selində qərq etməyə çalışır.

"Ehey... nəhrlər nəhri, hey dəryalar dəryası!

necə hökm eləyərlər gördünmü dağa, daşa.

Burda sahillərində bəxtəvərlik yaşatdı,

mübarək qələmiylə Mustafa Kamal Paşa.

Çanaqqalaya həsr etdiyi şeirində şair, demək olar ki, eyni əhval-ruhiyyəni yaşayır.

"Ölüm-dirim" davası köməyə çatmayanda,

"Ölüm-dirim" vuruşu başladı Çanaqqala.

Türkün top lüləsini tarixin sinəsinə

şəhidlik zirvəsindən tuşladı Çanaqqala.

İbrahimin bu kitabını onun "Seçilmiş əsərləri" kimi qəbul etmək olar. Çünki kitabın annotasiyasında deyilir ki, buraya o əvvəlki "kitablarından seçmələri son zamanlar qələmə aldığı şeirlərin bir qismini daxil edib".

Şeirlərin əksəri demək olar ki, üç-səkkiz bənd arasındadır.

İbrahim sözə qənaət edib, fikrə geniş yer verməyə çalışan oxunaqlı şairlərimizdəndir. Bu, əlbəttə, alqışa layiq haldır.

Burada mərhum şair Əhməd Cəmili xatırlayası oldum. Bu böyük şair sözlərin üstə əsirdi. Onun müharibə illərində yazdığı şeirlərin (başqa illəri qətiyyən şübhə altına almıram), demək olar ki, hamısı seçməydi. Özü İkinci Dünya müharibəsinin - 1941-1945 alman-sovet savaşının iştirakçısıydı. İndiki kimi yadımdadı, bir dəfə deyirdi ki, kaş mənim şeirim mətbəəyə göndərilən günü çağırıb deyəydilər ki, gəl çapdan qabaq misralara bir bax, şeiri bir oxu.

Əhməd müəllim bu sözləri o vaxt deyirdi ki, artıq "Azərbaycan" jurnalının baş redaktoru işləyirdi. Adlı-sanlı şairiydi. Dahi alman şairi İ.V.Götenin məşhur "Faust" mənzum romanını bütövlüklə dilimizə tərcümə etmiş, ayrıca kitab halında da nəşr etdirmişdi. Əsərin tərcüməsi ədəbi mühitdə qiymətləndirilirdi...

İbrahimin "Turan dünyası", "Dəvəsi ölmüş ərəbin dərdi", "Ərzurumdan bir ər qopdu", " günlər eşqinə yaranan şəhər" başqa şeirləri ictimai-siyasi tutumu ilə seçilən əsərlərindəndi.

Şair qələm dostu - mərhum Xalq şairi Zəlimxanın ad günündə ona qınından sıyrılmış qılınc təqdim edir yazır ki, "...yubilyar qılıncı qınına qoymağa xeyli çətinlik çəkdi çox sonralar bundan rahatsız olduğunu dedi mənə..." Bunun da mənası buymuş ki, Qarabağ torpaqları azad oluncaya qədər qılınclar qınına qoyulmasın.

Ulusu göynəyir ana yurdların,

qaçqındı, köçkündü kamanın, tarın.

Gözünə damıb umudların,

Şuşa: gələcəksən haçan? - deyir.

yaxud:

yırtılmaz oldu tarixin toru,

qara kösöv oldu ovcumun qoru.

Pənahəli xanın çatlayır goru,

Xankəndi hələ gör kimə xan deyir?!

Bu şeir bir çağırışdı...

İbrahim İlyaslı bizim hörmətli mətbuat orqanlarının - "Ədəbiyyat qəzeti"nin, "525-ci qəzet"in, "Azərbaycan" jurnalının səhifələrində daha çox çıxış edir, əsərləri dünyanın bir neçə xarici dilinə tərcümə olunub.

İbrahim İlyaslı səmimi şairdi. Onun təfəkkür tərzi aydın olduğu üçün, fikrini sadə şəkildə ifadə edir, istədiyi oxucuda istədiyi poetik ovqatı da oyada bilir.

Şeirlərinin birində şair:

Olub keçənləri yada salan var,

İrəli gedən var, dala qalan var,

hələ ki, arada haqqı-salam var,

dünya gözəldi, -

deyir.

Şairin humanist hisslər aləmi kimi dünyanın gözəlliyi bəlkə bu "haqqı-salam" üstə qərar tutub, tarazlığa can atır?!

"Şairlik zülümdü" deyən qələm dostuma bundan sonra da belə bir "zülüm" arzulayıram ki, yeni şeirləri ilə oxucularını sevindirsin.

Bakı şəhəri, 10 mart 2019.

 

 

Nəriman HƏSƏNZADƏ

 

525-ci qəzet.- 2019.- 13 mart.- S.7.