Dərdlə doğmalaşan şair
SABİR SARVANIN ƏZİZ XATİRƏSİNƏ
Elə də
uzun bilmə
Ələ
düşən həyatı,
Bir
sinəlik ağrıdı,
Bir
çəkimlik
bayatı.
Gerçək
şair
ömrünü
Dörd
misraya
sığışdıra
biləndi.
Qalan
nə var
boş şeydi,
Qalan
hər şey
yalandı.
Qu quşları ömürdə bircə dəfə nəğmə
oxuyurlar, tək bircə dəfə; ölümqabağı. Şairlərsə
ömürboyu.
O da
bütün şairlər kimi, dünyaya sözün bətnindən
gəldi, yuxusunda sözü ona buta verdilər, sözə
göbəkkəsmə olub, sözə könül
bağladı. O da başqa uşaqlar kimi, hər gün bir
arpa boyda boy atdı. Günəbaxanlar boy
atdıqca günəşə boylanan kimi, o da dərdə
üz tutub, dərdə aşina oldu. Onda
sözün nə olduğunu bilmirdi bəlkə də və
sözün onu haralara aparıb çıxaracağından xəlvət,
xəbərsiz nənəli-nağıllı, bayatılı,
ağılı, ağrılı-acılı dünyada
yaşayırdı. Tez böyüyüb bu
dünyanı tanımaq, Allahla görüşüb o
qadının-nənəsinin ağrı-acılarını,
dərdlərini şeir dilində ona çatdırmağa tələsirdi:
Elə
ağlatdı ki, taleyim məni
Çeşmələr
qurutdum
hər
daşın altda.
Başıma
o qədər daş yağdı göydən
Axırda
gizləndim
bu
daşın altda.
Amma nə
bilsin ki, qarşıda onu öz taleyilə, bu dünyayla daha
betər qovğalar, daha betər qallar gözləyir:
Seçkin
bəndəyəmmiş, dərd məni tapdı,
Dost-tanış, yar-yoldaş, yaxın içində.
Yaşa
qismətinlə verib baş-başa
Ümudun gözündə, qorxun içində.
O, bu
dünyaya hamı kimi ağlaya-ağlaya, istəmədən gəlmişdi
və bu dünya adamı ola bilməməyinin
əziyyətini çəkirdi. Onu sözün
köynəyindən keçirib, sözə də övlad eləyən
Tanrı bircə özü bilirdi onu niyə
yaratdığını, ağrılara niyə simsar,
sirdaş elədiyini.
Sabir Sarvan göylərin yerə söz əmanətiydi. Öz ömrüylə bərabər,
söz ömrü yaşayıb, tanrının boyuna
biçdiyi boyundan, cüssəsindən böyük dərdləri
çiyninə alıb söz yolçuluğuna
çıxmışdı:
Düşdüm
söz sevdasına
Çalxandıqca duruldum.
Dostlarım
qaşa - gözə
Mən sözlərə vuruldum.
Heç vaxt Tanrısından, taleyindən şikayətçi
olmadı. Dünya onu sıxdıqca, dərd onu əzdikcə
dikəlib Tanrıya üz tuturdu. İnsan
Allahla bərabər günahların da quludu. O, təkbaşına
qalanda, daldaya çəkilib bilərəkdən, bilməyərəkdən
elədiyi günahlar üçün Tanrısına tövbə
də eləyirdi:
Ey ruhumun
yiyəsi,
ey uca
gerçək,
Var etdiyi
hər şeydə
bulunan Tək.
Duyduqca
könlümdə səni
yaxına
gəldim.
Dərgahına gəldim.
Gəldim
ki, ürəyim yandı ahımdan,
Olmuş
sənə şəkkim,
ya rəbb,
keç
günahımdan.
Çox
səmimi adam idi. Ürəyi
ovcunun içində, dilinin ucunda. Həmişə
əzilənin tərəfində dururdu, əzənin deyil.
Başına min cür bəlalar açan həqiqətindən
heç vaxt əl çəkmirdi, haqqa doğru gedirdi;
qarşısına çıxan yalanların, dolanların,
böhtanların, olanların, olmazların acığına.
Onun üçün ədəbiyyatda "Mən"
yox idi, "Mən"də ədəbiyyat var idi. Gözəl sözün, gözəl şeirlərin
divanəsiydi. Gözəl söz görəndə
ikiəlli dizinə çırpar, əziz-giramisi kimi
bağrının başına basıb, gözünün
üstündə gəzdirib, dilinin əzbəri edərdi.
Bütün gözəl şeirlər,
bütün gözəl şairlər onun əzizi,
doğması idi.
Nə qədər mühafizəkar idisə, o qədər
müasirdi.
O, ədəbiyyatda bir qolu, bir xətti tutub getmirdi. Amma milli-mənəvi dəyərlərimizə daha
çox önəm verirdi.
Birdən dünyadan inciyib - küsən vaxtları da
olurdu. Onda da öz dünyasına çəkilər,
sözə sığınıb, sözdə təsəlli
tapardı. Heç kəsə
ağrı-acılarından söz etməzdi. Özündən, ömründən yekə dərdləri
yumruq boyda ürəyinə sıxıb, əzizləyə-əzizləyə
heç dərdi yoxmuş kimi çıxardı adamların
üzünə. Sabir Sarvan dərddən tox adam idi, toxtamış adam idi. Dərdə
o qədər alışmışdı ki, dərd də ona
doğma olmuşdu, dərdlə
doğmalaşmışdılar. Hərdən onunla
zarafatlaşmağı da olurdu:
"Dərdi ələ salmasan, dərd səni əldən
salar" - deyirdi.
Üzünü tanıyan adamların hərdən ona bəxtəvər
kimi baxanı da olurdu, o boyda dərdi vecinə almır deyəni
də. Amma
gözünün içinə düz baxanlar gözündən,
könlündən qocaldığını yaxşı
duyurdular, anlayırdılar:
Gözümün
içinə yaxşı bax, ay dost,
Siz də
duymasanız, kim duyar məni.
Dostların
saçını ağartdı, amma,
Gözümə
ağ saldı bu rüzgar mənim, -
Gözümün içindən qocalmışam mən.
Dostcanlı
adam idi. Barışa bilmirdi dost itkiləri
ilə, heç cür alışa bilmirdi
dostların ayrılığına. Yaxın
dostu, gözəl ədəbiyyatşünas, tənqidçi
Arif Əmrahoğlunun vaxsız gedişi xətrinə yaman dəymişdi,
ürəyinə çox toxunmuşdu. Yandırıb
kül eləmişdi onu:
Əlvida,
Əmrahoğlu
Dosta
yaraşıq kişi.
Çöhrəsu
nur məskəni,
Ürəyi
işıq kişi.
Yoxsan,
düşünürəm ki,
İnsan - quru sədamı?
Fikrimdə
ad qoymuşdum
Sənə:
"Barış adamı".
Bu dünyada dərdiş deyə müraciət elədiyi,
sirrini bölüşdüyü, doğma bildiyi, kövrələndə
könlünü qubarlandıran acılarını
paylaşdığı, çox istədiyi, yaxın bildiyi
bir dostu da vardı; Məmməd İlqar. Tab gətirmədi hər
zaman güvəndiyi Məmməd İlqarın etibarsız
çıxıb, ona yad olan yaddaşsızlığına.
Dünyasını dəyişməmişdən bir ay qabaq
yazmışdı bu şeiri:
Mənim
təcnis dostum
gəraylı
dostum.
Yaddaşı
ilqarsız
ilqarlı
dostum.
Yenə səhərəcən
səni
düşündüm
Yenə
ürəyimdən
qara qan
axdı.
Sənin
yaddaşının
itdiyi gündən
Mənim
bütün dostlar
yadımdan
çıxdı.
Sabir Sarvan heç kəsə kin bəsləmirdi. Ona qarşı ən
böyük günah işləmiş adam
üçün də bir bəraət yeri tapmağa
çalışırdı və maddi nəsnələrin
fövqündə durmağı bacaran "Mərtəbəsi
hündür, nəfsi şikəstə" kişilərdən
idi.
Hələ
bu dünyada yaşaya-yaşaya bu qənaətə gəlmişdi:
Var
olmağın cəfaları çox imiş,
Yox olmaqdan gözəl heç nə yox imiş.
Sən
var ola-ola yoxluğun gözəlliyini hardan bilirdin, necə
duyurdun, zalım adam?! Şair
ruhu həssas olur, hər şeyi quruluyan kimi çəkir,
hopdurur özünə. Bəlkə də
bu göylərin hikmətiydi, göylərin işiydi, bilmirəm.
Sağlığında Vəsiyyətini də etmişdi:
Məni kəndimizdə
basdırasınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər
qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma şırşırı
arxın.
Onun qismətinə şair olmaq yazılmışdı. Şair
doğulmaq, şair kimi yaşayıb, bu dünyadan elə
şairanə köçmək.
Sabir Sarvan sözün təəsübünü çəkən,
sözün qulu, sözünün ağası idi. Sözün
üstündə yumruq davasına kimi gedib çıxa bilərdi.
Bu da onun öz həqiqətiydi. Çünki sözə o qədər simsardı
ki, söz də ona sığınmışdı, öz
sirrini ona açmış, ona
pıçıldamışdı. O, sözün
ağrıyan, əzilən, sınan yerini bilirdi. Sözün yaralarına məlhəm qoyur, tozunu
silir, sözün nazıyla oynayıb, könlünü
alırdı. Sözə biganəlik görəndə
isə ya hirslənib özündən
çıxırdı, ya da sözə ağı deyirdi:
Qalsın!
Yalanlara qalsın bu dünya,
Mən gərək urvatlı tez çıxım gedim.
Alındı
göydəki taxtı əlindən,
Salındı
ayağa söz,
çıxım
gedim.
Bəlkə ona görə bu dünyadan tez getdi,
sözü urvatsız eləyənlərin, sözü
ayağa salanların dünyasında yaşamaq istəmədi,
ya bacarmadı, ya da yaşamağa gücü, səbri
çatmadı.
O,
sözün üstündə ana balasının üstündə
əsəntək əsirdi:
Mən
sözün üstündə elə əsmişəm,
Heç
anam üstümdə elə əsməyib
- deyirdi.
Və bir
həqiqətə - sözün də ona sadiq olacağına
ölüm kimi inanırdı:
Ruhumun binəsi
yoxdu
Duracaq xanəsi
yoxdu,
Sözdən
o yanası yoxdu
Sözdən
o yana mən varam
- deyirdi.
Sabir Sarvan SÖZ ömrü yaşadı və öz
ömrünü yeddi kitablıq şeirə çevirib
söz adamlarına, dostlara əmanət qoyub getdi. Yeddi onun ən
çox sevdiyi rəqəm, bənövşə isə ən
çox sevdiyi çiçək idi.
Zamanı
gələndə,
göylərdən
gələr
Ruhuma ruzudu mənim yazdığım.
Bir azca
saralıb - solan qürubdu,
Bir az dan üzüdü mənim
yazdığım.
Sabir Sarvanın xarakterində bir ağayanalıq, bəylik, bəyzadəlik vardı. O, nəinki dərdə, heç bu dünyanın özünə, ölümə belə əyilmədi. Ölümüylə də ölümə şərəf gətirdi. Gəldiyi kimi də dünyadan ağayana çıxıb getdi. Dostları, doğmaları həsrətinə yalavac elədi...
Gülnarə
CƏMALƏDDİN
525-ci qəzet.- 2019.- 13 mart.- S.8.