İsmayıl Şıxlı şəxsiyyəti
İSMAYIL ŞIXLI - 100
Onların hər ikisi bir elin, bir
yurdun övladları idi... Qohum olduqları
üçün fiziki
oxşarlıqları ilə
yanaşı, mənəvi
oxşarlıqları da
var idi: məğrur, qürurlu, əyilməz!..
Ölümqabağı hər ikisi oğlanlarına
"kişi olmağı"
vəsiyyət eləmişdi...
Bəli,
bütün dövrlərin
şəxsiyyətə ehtiyacı
olub. Sənətindən asılı olmayaraq
onların hər ikisi xalqın qarşısına çıxmağa
mənəvi haqqı
olan söz və əməl sahibləri idilər.
Yalnız indi mənə aydın olur ki, niyə
məhz atam haqqında İsmayıl Şıxlı belə demişdi: "Bunları qoruyun, belə cəsarətli insanlar çox azdır!"
Bu il rəhmətliklər
- İsmayıl Şıxlının
100, atam Rasim Mustafayevin 90 yaşı tamam olur.
Xalq yazıçısı
İsmayıl Şıxlınnın
100 illiyi ərəfəsində
atamın böyük
şəxsiyyət, qüdrətli
sənətkar haqında
bu xatirə-oçerkindən
bir hissəni oxuculara təqdim etməyi özümə borc bildim.
Mustafa Rasimoğlu
şair, AYB-nin Qazax bölməsinin ədəbi məsləhətçisi
Azərbaycanın görkəmli yazıçısı
və mənəviyyatca
pak bir insan
olan İsmayıl Şıxlı barədə
məndən düşüncələrimi
istədilər.
Dedim: - Özünə "Qranitdən
heykəl" qaldırmış
bir insan haqqında mənim qələmimin qüdrəti
çatarmı, bu sənətin sahibi olmayan bir şəxsə
çətin olmazmı?
Və beləcə də bir-iki kəlmə söz yazmaqdan çəkindim. Lakin
düşüncə və
duyğularımın içində
öz-özümə sual
verirdim: - Görəsən,
İ.Şıxlı şəxsiyyəti
qarşısında xalqın
bu qədər baş əyməsinin səbəbi nədir? Bu məqamda yadıma
məşhur fizik Nils
Bor haqqında bir əhvalat gəldi. N.Bora deyirlər: "Bu nə sirdir ki, ətrafınıza
bu qədər alim-insan toplanıb".
O, cavab verir: "Çox sadə, özümü onlardan fərqli və ayrılıqda təsəvvür
etməmişəm". Bəli, belə
qənaətə gəldim
ki, İsmayıl Şıxlı və Xalq sinonimdir. Onun ürəyinin döyüntüsü
xalqın ürək döyüntüsü ilə
eyni faza təşkil edir. Bunu təsdiq edən faktlardan biri kimi İsmayıl
Şıxlının İmperiyanın
kəsəkəs vaxtı,
xəfiyə orqanlarının
onu bir andaca
məhv edə biləcəyini bilə-bilə
Qorbaçov və Yazovların ünvanına
təhqiredici sözləri,
unudulmaz Qanlı Yanvar günlərindəki
mərdanə çıxışı
gözümün qabağına
gəldi.
Bu fikirlərlə yatdım və yuxuda, xəyalən İsmayıl
müəllim ilə görüşdük: - Niyə
yazmırsan, yaz! - dedi. Dedim: - İsmayıl müəllim,
qorxuram mühəndis
qələmi ilə Sizi öz səviyyənizə
qaldıra bilməyim.
Bunun üçün ədəbiyyat
və incəsənət
xadimləri var, mən kiməm ki, buna girişəm.
Dedi: - Müdrik bir kəlam var. Yaddan çıxarma, kim
nə sənət sahibi olur olsun,
onu dinləmək lazımdır, sadə görünən hər hansı şəxs və sənət sahibində bir hikmət var, orada sirlər doludur, sadələr mürəkkəbi yaradıblar.
Yaratdığımızın hamısı sadə
xalq deyilmi? Biz yalnız onları
"aranjirlərə" yığmışıq.
Bir də ki, "sözü ürək, sazı sim dilləndirir".
Susdum. Xeyli fikirləşəndən sonra
bir sual da verdim: - İsmayıl
müəllim, sizi saxlaya bilmədik, eləmi? Gərək müstəqilliyimizi əldə
etdiyimiz şəraitdə
bir az
da yaşayaydınız.
- Yox, yox, - deyib
əlavə etdi:
... Çətindir yazanın
halı,
Hər vaxt demək olmur "bəli"!
Dərdi
asan çəkər
insan,
Eşidərsə onu zaman.
Diriykən ölən dünyadır,
Necə
də yalan dünyadır,
Dirildirlər ölü kimi,
Öldürürlər diri kimi...
Sonra sözünə davam edərək dedi: - Ömrümü özüm
də olsaydım belə seçərdim, qarğa kimi yüz il
yaşamaqdansa belə
gödək ömür,
mənəviyyatlı ömür
sürmək şərəflidir.
Sonra, oyanıb, İsmayıl müəllimlə görüşümdən
yadımda nə qalmışdısa yazmalı
oldum...
İsmayıl Şıxlı şəxsiyyətinin
formalaşmasında müəyyən
rol oynamış məqamlara, onun xarakterik cəhətlərinə
toxunmaq istəyərdim. İsmayıl müəllim Qazax rayonunun Kosalar kəndinə yayda hərdən gələrdi.
Bu gəlişlərin birini eşitdim və "xoş gəlmişsiniz" demək
üçün yanına
getdim. O zaman Azərbaycan Yazıçılar
İttifaqının rəhbərliyindən
ərizəsilə yenicə
çıxmışdı. Mərkəzi Komitənin katibi
isə K.Bağırov
idi. Hal-əhvaldan
sonra söhbət onun işdən çıxmasından getdi
və mən sual verdim:
- İsmayıl müəllim,
Sizin kimi bir şəxsin və görkəmli ədibin Azərbaycan ədəbiyyatına rəhbərlik
etməsi çox şey verə bilərdi, nə üçün çox təkidlə ərizənizdəki
xahişinizin yerinə
yetirilməsini tələb
etmisiniz?!
- Bilirsən, MK-nın katibi ilə Azərbaycan ədəbiyyat
və mədəniyyətinin
gələcək inkişaf
planlarını razılaşıb
işə girişəndə
və ya həlli məqamlarında
xəbər tuturam ki, məsələ başqa cür həll olunub. Sual edəndə ki, bəs biz belə danışmamışıq, niyə
belə oldu, cavabı gülümsəmək
olurdu. Bir neçə dəfə
belə və buna bənzər təkrar ha-disələr olduğundan mən də sadəcə xudahafizləşmək üçün
ərizə verdim.
Katibin özü nə qədər xahiş etdisə, ərizənizi geri götürün, mən
"ərizə geri götürülmək üçün
verilməyib" - dedim.
"İndiki zamanda
Cahandar ağa kimi kişilər yetişə bilərmi? - deyə soruşdum. Xeyli sükutdan sonar: "Yox, - deyə cavab verdi
və sözünə
davam edərək, - çünki qüdrətli
şəxsiyyətlərin yetişməyi üçün
müəyyən amillər
lazımdır. Hər
şeydən əvvəl
insanı sındıran,
insan qürurunu, mənliyini tapdalayan məhdudiyyətlər olmamalıdır"
- dedi.
Buna uyğun hallar
xatirimdə çoxdur,
lakin söz yığımı çox
olar deyə yalnız bunları sizə təqdim etməyi kifayət bilirəm. Bir daha belə qənaətə gəldim
ki, İsmayıl Şıxlı vüqarı
heç vaxt, heç nəylə - vəzifə, təmənna
və şöhrətə
dəyişməyib...
Şəxsiyyət ölçüyə sığmayan
bir anlayışdır. Şəxsiyyəti şərait yaratmır, şəraitin yaratdığı
sadəcə insan olur. Şəxsiyyət xalqın məhsuludur,
onu xalq yaradır. O, saxlanc-farmaca
xalqın incisi tək daxil olur. Xalqsız şəxsiyyət yoxdur. O, iradə, istək və arzuların məhsulu deyildir. "Mən
şəxsiyyət olmaq
istəyirəm" arzusuna
yaddır. Xalqın
mənəvi varidatıdır...
Xalq onun hakimidir. O, xalqa arxadır. Xalqı onu sevdiyi üçün
o sevilir. Zamandan, mühitdən
ucadır o. Zaman, mühit onun istiqamətini dəyişə
bilmir. O, çirkabı
sevmir. Qartal kimi zirvədə
olur, azca çirkaba giriftar olsa, məhv olur, şəxsiyyət itir. Şəxsiyyəti yalnız fərdiyyəçilər
yarada bilir, fədakarlıq ləyaqət
zirvəsi olub, fərdiyyəçilərə məxsusdur. Fərdi və
fərdiyyəçiləri ictimaiyyətçilər yarada
bilməz.
Şəxsiyyətin xülasəsini verməklə
belə qənaətə
gəlmək istəyirəm
ki, heç şübhəsiz, bütün
bunlar İsmayıl Şıxlı təbiətində
kristallaşmış keyfiyyətlərdir.
İsmayıl Şıxlı şəxsiyyətinin xü-susiyyətlərini onun yaratdığı əsərlərin obrazlarından da aydınlaşdırmaq mümkündür. "Mən, mənim özümdəyəm, məni əməllərimdən sor!" məntiqinə uyğun, İsmayıl müəllimin psixologiyasını özünün əsərlərində öyrənmək daha məqsədəmüvafiqdir. Əsərlərindəki cəsarət, kişilik, mərdlik, namus təcəssümləri, obrazları elə İsmayıl müəllimin özünün psixologiyasına tam uyğundur.
Bir cəhəti də qeyd etmək istəyirəm ki, İsmayıl Şıxlını xalqa sevdirən keyfiyyətlərdən biri və ən əsası yaratdığı əsərlərdən heç bir təmənna ummamasıdır. Gələcəkdə əsərlərindən gəlir, şan-şöhrət, orden, təqaüd və sairə əldə etmək məqsədinin olmaması İsmayıl Şıxlını zirvələrə ucaltmışdı. Kimisə tərifləmək, yaltaqlanmaq, belə obrazlar yaratmaq ona yad idi.
Təəssüf ki, qədir-qiymət bilməyi sonraya saxlamağa adət etmişik. Ancaq inanıram ki, qədirbilən xalqımız İsmayıl Şıxlıya onun adına layiq elə bir abidə ucaldacaq ki, həmişə xatirələrdə yaşayacaq.
Rasim MUSTAFAYEV
Qərb (Ağstafa) Elektrik Şəbəkəsinin ilk direktoru, Texnika elmləri namizədi, dosent
525-ci qəzet.- 2019.- 1 mart.- S.8.