Mirzə Fətəli Axundzadə və Naxçıvan Kəngərliləri

 

 

Şərqdə materialist fəlsəfənin və Azərbaycan dramaturgiyasının banisi olan, eyni zamanda, realist nəsrin bünövrəsini qoyan Mirzə Fətəli Axundovu ədəbi ictimaiyyət yaxşı tanıyır. Onun yaradıcılığı ilə yanaşı, həyatı, nəsil şəcərəsi barədə də çox yazılıb. Lakin tədqiqatçıların çoxu görkəmli mütəfəkkirin yalnız iki övladı olduğunu bildiriblər. Əslində isə mənbələrdə başqa həqiqətlər də üzə çıxır.

M.F.Axundzadənin "Seçilmiş əsərləri"ndə verilmiş məktublarının bir neçəsində onun Təbrizdə yaşayan ordubadlı kürəkəni Əsgərxanın da adı çəkilib. Məlum olur ki, böyük ədib tərtib etdiyi yeni əlifbanın layihəsini yaymaq istərkən ilkin olaraq kürəkəni Əsgərxana müraciət etmişdir. Onun 1858-ci il 8 sentyabr tarixdə yazdığı məktubunda bu barədə deyilir: "Əzizim Əsgərxan bəy! Yeni əlifba kitabı əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən - istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb saxlasınıar..." Məktublarının birində isə belə bir istək də var: "Mənim əvəzimdən Göhərsultanın üzündən öpün". Bundan başqa, M.F.Axundzadənin məktublarında Hüseyn Sultan adı da çəkilir.

Bakıda - Azərbaycan Respublikası Əlyazmalar İnstitutunda 916/401 saylı sənəddə (həmin sənəd farsca yazılıb) qara mürəkkəblə yazılmış bir avtoqraf var: "Əsgərxan Ordubadlı Hüseyn sultanın oğlu, M.F.Axundovun kürəkənidir, əsasən xəttatlıqla məşğul imiş".

Deməli, M.F.Axundzadənin məktublarında adı tez-tez çəkilən kapitan Hüseyn Sultan onun kürəkəni Əsgərxanın atasıdır. Təəssüf ki, məktublarda Hüseyn Sultan haqqında heç bir əlavə məlumat verilməmişdir. Onda sual oluna bilər: Böyük mütəfəkkirin məktublarında adını çəkdiyi kapitan Hüseyn Sultan kimdir?

Araşdırmalardan məlum olur ki, kapitan Hüseyn Sultan Lütfəli Sultan oğlu Kəngərli ömrünün çox hissəsini Ordubadda yaşayıb. Onun ata-babası II Kərim Sultan Naxçıvan xanlığının hərbi rəisi və Naxçıvan Kəngərlilərinin tayfa vəkili kimi fəaliyyət göstərib. Elə buradaca onu da qeyd edək ki, Kalbalı xan Kəngərlinin 1806-cı il tarixli hökmünə görə "sultan" titulu verilən şəxslər atlı qoşunların ancaq kiçik bir qruplarına başçılıq edirdilər. Yüz nəfər atlıdan ibarət 4 belə dəstə isə polku təşkil edirdi. Deməli, xanlıq dövründə "sultan" titulu bir hərbi rütbə imiş.

Kapitan Hüseyn Sultanın hələlikdə şəxsi işindəki fəaliyyətindən söhbət açmazdan qeyd edək ki, onun haqqında mənbələrdə xeyli yazılı məlumatlara rast gəlinir. Unutmaq lazım deyil ki, onun oğlanlarından birinə də Hüseyn Sultan adını vermişdilər.

Onun adına rast gəldiyimiz ilkin sənəd qardaşı, Kəngərli tayfasının vəkili Novruz ağanın 1843-cü ildə qraf Paskeviçə yazdığı ərizə oldu. Həmin ərizədə Novruz ağa Hacı Lütfəli Sultan oğlu bildirir ki, o, Rusiyaya dərin rəğbət bəsləyir. Buna sübut olaraq qardaşı Hüseyn Sultanın xidmətlərini nümunə göstərir. Ərizədə yazır ki, onun qardaşı Hüseyn Sultan hələ gənc yaşlarından İran, Türkiyə müharibələrində iştirak edib. Sonra Varşavada qraf Paskeviçin yanında hərbi təhsil alıb. Ordudan tərxis olunan Hüseyn Sultan Naxçıvana kapitan rütbəsində və xeyli ordenlərlə qayıdıb.

Onun haqqında başqa bir məlumata isə rus ordusunun general-leytenantı, İrəvan süvari alayının rəisi Vrangelin 1853-cü il iyulun 30-da Qafqaz ordusunun baş komandanına verdiyi raportda rast gəlirik. O, raportunda yazır: "18 iyul tarixli ilk məlumatlarımda adları çəkilən kapitan İsmayıl xandan və podporuçik Kalbalı xandan başqa, müsəlmanlardan ibarət Əli xan və Paşa xanın, 4 saylı müsəlman polkundan kapitan Hüseyn Sultanın adlarını çəkmək olar".

Hüseyn Sultan mayor hərbi rütbəsində olsa da, Naxçıvanda və Ordubadda, Tiflisdə, həmçinin, Təbrizdə ona kapitan Hüseyn Sultan deyə müraciət etmişlər. O, Naxçıvanın ən zəngin kübarlarından olmuşdur. Arxiv sənədlərində onun sahibi olduğu kəndlər göstərilib: Mərəlik, Arınc, Qəmli-Qışlaq, Qarababa, Şahbuz, Sirab.

Həyat yoldaşı 1831-ci ilin məlumatına görə Şeyxəli xanın qızı Sara xanım (1811-ci ildə doğulub) olub.

Arxiv materiallarını araşdırarkən kapitan Hüseyn sultanın digər övladlarının da adına rast gəldik: Aslan sultan, Paşa ağa (məşhur vəkil, maarifçi-demokrat Əsəd ağa Kəngərlinin atası-müəllif), Qulu ağa, Hüseyn ağa. Qeyd edək ki Kəngərli şəcərələrini yaxşı izləməyən qələm sahibləri kapitan Hüseyn Sultanı oğlu Hüseyn ağa ilə qarışdırırlar. Ata Hüseyn Sultan məşhur hərbçi olub. Onun vəfatından sonra doğulmuş oğluna Hüseyn Sultanın adını qoymuşlar. Oğul Hüseyn ağanın arvadı Zinyət xanım Naxçıvanskayanın 1904-cü ildə yazdığı ərizə və digər məsələlərlə bağlı bir arxiv sənədi var. Həmin ərizədə oğlu Aslan sultanın da adını çəkir. Maraq üçün deyək ki, Zinyət xanım ömrünün sonuna kimi Ordubadda maarifə himayədarlıq edərək ərinin vəsiyyətinə sadiq qalmışdır.

Kapitan Hüseyn Sultan Kəngərli 1856-cı il 31 avqustda vəfat etmişdir. Onun oğlanları Hüseyn Sultan və Mənsur ağa (bu, Hacı İskəndər ağanın oğlu Mənsur ağa deyil) Ordubadda maarifə və mədəniyyətə əvəzsiz köməkliklər göstərmişlər. Hətta böyük maarifçi M.T.Sidqi də bu haqda yazıb.

Kapitan Hüseyn Sultanın nəsil davamçıları atalarının yolunu ləyaqətlə davam etdiriblər.

İndi də kapitan Hüseyn Sultanın şəxsi işində olanlara nəzər salaq.

Kapitan Hüseyn Sultan Kəngərli təxminən 1806-cı ildə Naxçıvanda məşhur hərbçi Lütfəli Sultanın ailəsində anadan olub. Abbas Mirzənin 1818-ci ildə imzaladığı fərmanda Hüseyn Sultanın da adı hərbçilərin siyahısında yazılıb. 1826-cı ildə Rusiya-İran müharibəsi başlananda o, rusların tərəfinə keçib. Hüseyn Sultan Rusiya-İran və Rusiya-Türkiyə müharibələrində iştirak edib. 11 may 1830-cu ildə birbaşa podporuçik rütbəsini alıb.

1826-1828-ci illərdə Rusiya-İran və 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsində gümüş medallarla mükafatlandırılan Hüseyn Sultan 12 sentyabr 1833-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna (bantla) ordeni ilə təltif edilib.

1828-1829-cu ildə qraf İ.F.Paskeviçin mühafizəçisi kimi onunla birlikdə Varşavaya gedib. Sonralar Polşada Zaqafqaziya müsəlman süvari polkunda hərbi xidmətə başlayıb. O, 8 iyul 1838-ci ildə poruçik, 31 oktyabr 1840-cı ildə ştabs-kapitan, 15 yanvar 1842-ci ildə isə kapitan hərbi rütbələrini almışdır.

1842-cı ilin sonunda Naxçıvana dönən Hüseyn Sultan sonralar Şərq müharibəsində (1853-1856) iştirak etmişdir. İrəvan dəstəsinin tərkibində Krım müharibəsinə göndərilən Hüseyn Sultan 12 yanvar 1854-cü ildə 4-cü Don Kazak polkuna ezam edilib. Bir müddətdən sonra isə 23-cü Don Kazak polkuna dəyişdirilib. Rusiyanın apardığı müharibədə öz şücaəti ilə fərqlənən Hüseyn Sultan 10 dekabr 1854-cü ildə mayor hərbi rütbəsini alıb və 22 sentyabr 1856-cı ildə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla) ilə təltif edilib.

Mənbələrdən məlum olur ki, maraqlı bir hərbi yol keçmiş kapitan Hüseyn Sultan ordudan ehtiyata buraxıldıqdan sonra ata-baba yurdu Naxçıvana dönmüş və Ordubaddakı mülklərində yaşamışdır. Dövrünün tanınmış ziyalısı olan Hüseyn Sultan orada əhalinin maariflənməsi üçün çalışmış və bu yolda varidatını belə əsirgəməmişdir.

Böyük maarifçi M.T.Sidqi 1891-ci ildə Ordubaddan Krımda nəşr edilən "Tərcüman" qəzetinə (№ 37) yazaraq bildirirdi ki, "Məktəbi-xeyriyyə"nin vəkaləsinin sədri Hüseyn ağa və qardaşı Mənsur ağa Kəngərlinskilər imtahanlarda iştirak etdilər.

Burada adı çəkilən Hüseyn ağa kapitan Hüseyn Sultanın oğludur.

Yeri gəlmişkən, Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasının dosenti, tədqiqatçı alim Ə.Qədimov da "Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığı" monoqrafiyasında Ordubadda fəaliyyət göstərən "Məktəbi-xeyriyyə"nin yaradıcılarının fəaliyyətinə dair olduqca maraqlı sənədlər üzə çıxarmışdır. Həmin sənədlərdən biri Sidqinin məktubudur. Məktubda Sidqi "Məktəbi-xeyriyyə"nin müdiri Hüseyn Sultanın məktəb və maarif üçün xeyriyyəçiliyindən söhbət açır və onun vəba xəstəliyindən vəfat etdiyini təəssüflə, ürək ağrısı ilə bildirir. Məktubda o da qeyd edilir ki, Hüseyn Sultan vəfat etməmişdən qabaq "Məktəbi-xeyriyyə"nin və yoxsul uşaqların hesabına pul qoyub ki, hər il bu pulun faizi məktəbə və fəqir uşaqlarına çatacaqdır. Sidqi məktubunda Hüseyn Siltan Kəngərlinin həyat yoldaşının da səxavət və xeyirxahlığından söz açır, onlara Allahdan rəhmət və dua diləyir. Böyük maarifçinin məktubundan məlum olur ki, Hüseyn Sultandan sonra məktəbə onun qardaşı Mənsur ağa müdirlik edib.

Xatırladaq ki, görkəmli yazıçı, tarixi romanlar ustası M.S.Ordubadi də həmin məktəbdə oxumuşdu. Onun "Məktəb xatirəsi"ndə yazdığına görə də ("Tazə həyat" qəzeti , 30 yanvar, 1908, № 25) Hüseyn Sultan 1892-ci ildə Ordubadda vəbadan vəfat edib.

Qeyd edək ki, M.F.Axundzadənin kürəkəni Əsgərxan kapitan Hüseyn Sultan kimi şücaətli bir hərbiçinin və xeyriyyəçinin ailəsində tərbiyə almışdır. Onda da ulu babalarında olduğu kimi, Vətən təəssübü güclü idi. Oğlu Hüseyn ağanin həyat yoldaşı Zinyət xanım İrzaqulu xan qızı polkovnik Nəzərəli xan Naxçıvanskinin nəvəsi idi. Ziynət xanım da dövrünün açıqfikirli ziyalı qadınlarından biri olmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Mirzə İsmayıl Qasir Səlim oğlu Axundov kapitan Hüseyn Sultanın bacısı oğludur. Ona görə də Qasirin yaradıcılığı XIX əsr Ordubad ədəbi mühiti ilə sıx surətdə bağlı olmuşdur. Qasir də ana babaları kimi elmə, maarifə böyük qayğı göstərmişdir. O, 1887-ci ildə Lənkəranda general Mirzə Sadıq bəy Mehmandarovun köməyi ilə məktəb açmış və 1896-cı ilə kimi həmin məktəbdə müəllimlik etmişdir.

Qasirə rus dilini də dayısı kapitan Hüseyn Sultan öyrətmişdir. Belə bir nəcib, yüksək mədəniyyət sahibi olan kapitan Hüseyn Sultan ıM.F.Axundzadə hələ Tiflis şəhərindən tanıyırdı və onunla qohum olmağı özünə şərəf sayırdı. Elə buna görə də böyük ədib məktublarında onun adını hörmət və məhəbbətlə çəkirdi.

Araşdırmalardan məlum oldu ki, M.F.Axundzadənin ikinci həyat yoldaşı Gəncə Qacarlarından Nazlıbəyim adlı bir xanım olub. Qacarların tarixini qələmə alan akademik Çingiz Qacar özünün rus dilində yazdığı "Kadjarı" kitabında bu faktı belə qələmə alır: "... Nisə xanımın anası Mirzə Fətəlinin ikinci xanımı Nazlıbəyim Gəncəli Ziyadoğlu Qacarlardandır". Yenə həmin kitaba əsasən, Cavad xanın kiçik oğlu Əliqulu xan qardaşı Hüseynqulu xanın dul qadını Zeynəb xanımla evlənir və 4 uşaqları olur: Həsən paşa, İsmayıl paşa, Şeyda bəyim və Nazlı bəyim (1839-cu ildə doğulub).

Deməli, Mirzə Fətəli Axundovun başqa övladları da olub ki, bunlardan biri onu naxçıvanlı Kəngərlilərlə qohum edib. Böyük mütəfəkkir M.F.Axundzadə ilə kapitan Hüseyn Sultan arasında olan sədaqətli dostluq və qohumluq həm də Şəki və Naxçıvan xanlığının tarixi dostluğunu təsdiqləyir.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 1 mart.- S.7.