"... Rusiya və Azərbaycan arasında mədəni körpülər" geniş müzakirə olunub

 

 

Rusiya Dövlət Dumasında keçirilmiş "Multikultural dialoqun əsasını təşkil edən Rusiya və Azərbaycan arasında mədəni körpülər" dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən incəsənət təmayüllü təhsil müəssisələrindən yalnız Bakı Xoreoqrafiya Akademiyası (BXA) iştirak edib.

 

BXA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar rəssam Sevda Sadıxbəyova və Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova tədbirlə bağlı təəssürat və düşüncələrini bölüşüblər. 

- Sevda xanım, Bakı Xoreoqrafiya Akademiyası ilk dəfədir ki, Rusiya Dövlət Dumasında belə mötəbər tədbirə dəvət alıb. Tədbirlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.

S.S: Həm Rusiya, həm də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan siyasət və mədəniyyət xadimlərinin iştirak etdiyi yüksək səviyyədə təşkil olunmuş, sözün əsl mənasında mötəbər tədbir idi. Bu tədbirdə Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin sədri Leonid Kalaşnikov, Dumanın Rusiya- Azərbaycan parlamentlərarası İşçi Qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycan Milli Məclisinin Rusiya ilə parlamentlərarası İşçi Qrupunun rəhbəri Əli Hüseyinli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər ictimai xadimlər iştirak edirdilər. Təbii ki, belə bir mötəbər tədbirə dəvət almaq Bakı Xoreoqrafiya Akademiyası üçün əhəmiyyətli bir hadisədir. Xüsusilə də, onu qeyd edim ki, Rusiya Dövlət Dumasında keçirilən "Multikultural dialoqun əsasını təşkil edən Rusiya və Azərbaycan arasında mədəni körpülər" dəyirmi masasına Azərbaycanda fəaliyyət göstərən incəsənət təmayüllü təhsil müəssisələrindən yalnız Bakı Xoreoqrafiya Akademiyası qatılmışdı. Tədbirdə Akademiyanı mənimlə yanaşı, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova da təmsil edirdi. Nəzərinizə çatdırım ki, öncədən bizə dəyirmi masada iştirakçı kimi qeydə alındığımızı məlumat versələr də, tədbirə son iki gün qalmış əlaqələndirici şəxs bizə bildirdi ki, tədris işləri üzrə prorektor çıxış etməlidir. Bununla əlaqədar mən orda "Azərbaycan qədim köklərə və multukultural ənənələrə malik ölkədir" adlı məruzə ilə çıxış etdim. Bacardığımız qədər akademiyanı yüksək səviyyədə təmsil etdik.

- Təranə xanım, bu tədbirə Bakı Xoreoqrafiya Akademiyasının dəvətini necə qiymətləndirirsiniz?

T.M: Rusiya Xoreoqrafiya sahəsində öz sözünü demiş bir ölkədir. Azərbaycan da 90 illik xoreoqrafiya mədəniyyətinə sahib olan ölkə olaraq, bu sferada daima Rusiya ilə əməkdaşlıq edib. Təbii ki, bu nüanslar Azərbaycan-Rusiya mədəni əlaqələrində ən vacib amillərdən biridir. 90 il əvvəl fəaliyyətə başlayan Bakı Xoreoqrafiya Akademiyası (əvvəl Bakı Xoreoqrafiya Məktəbi) dünya çapında mühüm rolu olan bir təhsil kompleksidir və Qafqaz dairəsində yeganə tam ali təhsil verən müəssisədir. Bu unikal təhsil kompleksi Qəmər Almaszadə, Xumar Zülfüqarova, Afaq Məlikova, Leyla Vəkilova, Əminə Dilbazi, Roza Cəlilova kimi peşəkar klassik və milli rəqs ustadları yetişdirib. Akademiyanın bu tədbirə dəvəti bizim üçün çox əhəmiyyətli bir hadisədir, çünki hər iki ölkə tərəfindən xoreoqrafiya sahəsindən yalnız Bakı Xoreoqrafiya Akademiyası iştirak edirdi. 2014-cü il Prezidentin Sərəncamına əsasən Akademiya statusunu almış BXA yeni doğulmuş bir uşaq kimidir. Bu dəyirmi masada iştirakımız çox vacib idi, çünki biz 4 illik qısa, lakin kifayət qədər uğurlu fəaliyyətmiz haqqında çıxış etdik. Gələcək planlarımız barəsində məlumat verdik. Məlumunuz var ki, bir çox akademiya və institutlarla əməkdaşlıq edirik. Bu fəaliyyəti yüksək qiymətləndirdilər və bizim orada iştirakımıza görə öz təşəkkürlərini bildirdilər, çünki bu gələcək nəsillərin də əlaqələrinin inkişafında böyük rol oynayacaq. Dəyirmi masa yüksək səviyyədə keçirildi, çox mühüm və qlobal məsələlər müzakirə olundu. Müzakirələr zamanı diqqətimi çəkən amillərdən biri də böyük rus şairi Sergey Yeseninin Bakıda ev muzeyinin yaradılması haqqında danışıqlar oldu. S.Yeseninin Azərbaycanı çox sevməsi və ölkəmizə tez-tez səfər etməsi hər kəsə məlumdur. Onun Bakıda yaşadığı evi gələcəkdə Yeseninin ev muzeyinə çevrilə bilər.

- Unikal təhsil müəssisəsi kimi Bakı Xoreoqrafiya Akademiyasının bu dəyirmi masada rolu nədən ibarət idi?

S.S: Bakı Xoreoqrafiya Akademiyası sözügedən dəyirmi masada çox mühüm rol oynayırdı. Akademiya 90 illik bir tarixə malikdir və bu illər ərzində hər zaman Rusiyanın xoreoqrafiya və incəsənət təmayüllü təhsil müəssisələri ilə sıx əməkdaşlıqda olub. Biz hazırda bu əlaqələri davam etdiririk. Moskva Xoreoqrafiya Akademiyası, Vaqanova adına Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu və Rusiya Teatr Sənəti İnstitutu ilə bir sıra müqavilələrimiz var. Bu yaxınlarda Kazan Dövlət Mədəniyyət Universiteti ilə də müqavilələrimizin ərsəyə gələcəyi gözlənilir. Bununla yanaşı, biz mütəmadi olaraq Akademiyaya ustad dərsləri üçün Rusiyadan mütəxəssislər dəvət edirik. BXA-nın iki müəllimi Rusiya xoreoqrafiya təhsil müəssisələrində magistr dərəcəsi alıb. Bir müəllimimiz isə Moskva Dövlət Mədəniyyət İnstitutunda təcrübə keçərək, həmin təcrübə əsasında Akademiya daxilində 12 müəllimə treninqlər keçdi. Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçısı olduğu Qəmər Almaszadə adına Beynəlxalq Rəqs müsabiqəsinin münsiflər heyətinin sədri Rusiya Federasiyasının və SSSR Xalq artisti Vyaçeslav Qordiyev olmuşdur. Rus Balet Akademiyasının rektoru Nikolay Tsiskaridzenin Akademiyaya gələrək ustad dərsləri keçməsi, akademiyanın fəxri professor adını alması və bu kimi Akademiyanın fəaliyyətləri Rusiya mədəniyyət xadimləri tərəfindən hər zaman izlənilir və hər iki ölkə əməkdaşlığı daha da genişləndirmək üçün yeni layihələr hazırlayır. Bütün bu sıraladığım proseslər Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına böyük bir təkandır. Məhz buna görə də, mən hesab edirəm ki, Akademiya bu kimi tədbirlərdə müstəsna rol oynayır. Bundan başqa, Akademiyada aparılan tədris prosesi Vaqanova adına Rus Balet Akademiyasının maketi əsasında hazırlanıb.

- Görüşlər zamanı Akademiyanın fəaliyyəti ilə bağlı hansı təəssüratlar, fikirlər bölüşüldü?

T.M: Yalnız Rusiyada deyil, dünyaca məşhur şəxslərdən çox müsbət fikirlər eşitdik. Biz həmin tədbirdə Akademiyanın məzunları olmuş və fəxri ad almış Xalq artistləri, Əməkdar artistlərlə görüşdük, onlarla gələcək əməkdaşlığa dair anlaşdıq. Rusiya Teatr Sənəti İnstitutunda rus xoreoqrafları ilə müzakirələr apardıq, həm bugünkü, həm də gələcəkdə baş tutacaq əməkdaşlıqlarımız haqqında danışqlar keçirildi. Bir çox Rusiya təhsil müəssisələrində yazılmış yeni dərs proqramları ilə tanış olduq, həm rektor, həm də prorektorlarla görüşlərimiz oldu. Akademiyanın 90 illik yubileyinə məzunlarımızı, həmçinin, rus xoreoqraflarını dəvət etdik. Hazırda da akademiyada "Bolşoy Teatr"ın xoreoqrafı Nikolay Doroxov master klass keçməsi də bizim sıx əməkdaşlığımızın göstəricilərindən biridir. Bununla yanaşı, akademiyaya müasir rəqs üzrə ustad dərsləri keçmək üçün Rina Badaş gələcək. Məşhur baletmeyster, xoreoqraf dünyanın bir çox teatrlarında çalışan Silviya Tomova qonaq olacaq. Məzunlarımızı öz vətənlərinə gəlib Akademiyada çalışmağa dəvət etdik, çünki onlara təhsil verən ölkəyə öz mənəvi borclarını qaytarmalıdırlar. Məzunlarımız da öz növbəsində akademiyada pedaqoji fəaliyyət göstərmək, mütəmadi ustad dərsləri keçmək istəklərini bildirdilər. Artıq həmin məzunlarımızdan biri - Əməkdar artist Qulam Poladxanovla akademiyada master klass keçməsi üçün razılığa gəlmişik. Bununla yanaşı, Akademiyaya Marinski, Belarus, alman və türk teatrlarında çalışan məzunlarımızın gəlişi də gözlənilir.

- Bu dəyirmi masa çərçivəsində sizin Rusiyanın bir sıra mədəniyyət xadimləri ilə görüşləriniz keçirildi. Bu görüşlərinizdə əsasən, hansı mövzular müzakirə olundu?

S.S: Bu qısa, amma məhsuldar səfər çərçivəsində bizim yalnız Rusiya mədəniyyət xadimləri ilə deyil, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Akademiyanın Rusiyada fəaliyyət göstərən məzunları, eləcə də, Azərbaycan əsilli Rusiya vətəndaşları ilə də görüşlərimiz baş tutdu. Müzakirələrin əsas mövzusu mədəni əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı layihələr hazırlamaq, yeni əməkdaşlığa imza atmaq oldu. Çin Xoreoqrafiya Akademiyasından əməkdaşlıq və tələbə mübadiləsinə dair təkliflər gəldi. Bunun üçün də biz gələcəkdə akademiyada ingilis bölməsi açacağıq, hazırda bunun üzərində işləyirik. Bildiyiniz kimi, akademiyada Azərbaycan və rus bölmələrində tədris aparılır, lakin əcnəbi tələbələr üçün ingilis bölməsi çox əhəmiyyətlidir. Amma Akademiyada hələ ki, ingilis bölməsi üçün kadr azlığı var. Məzunlarımızla görüşlər çərçivəsində onların bir neçəsinin gələcəkdə akademiyada müəllim kimi fəaliyyət göstərmələri və ya mütəmadi ustad dərsləri keçmələri haqqında danışıqlar aparıldı. Hətta uzun müddət Rusiyanın "Bolşoy Teatr"ı və digər teatrlarında fəaliyyət göstərən məzunumuz, Azərbaycanın Əməkdar artisti Qulam Poladxanovun gələcəkdə akademiyada master klass keçməsi barədə müəyyən razılaşmalar da oldu. Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri ilə görüşlərdə onlara akademiya haqqında dolğun məlumat verildi və gələcəkdə akademiya tələbələrinin Rusiyada keçiriləcək tədbirlərdə daha yaxından iştirakları haqqında müzakirələr aparıldı. Azərbaycan əsilli Rusiya vətəndaşları ilə görüşlər zamanı isə onlar akademiyaya qəbul prosesi haqqında məlumat əldə etdilər. Həmin şəxslər arasında Azərbaycana geri dönmək istəyənlər və övladlarının məhz BXA-da təhsil almalarını arzu edənlər var idi.

- BXA-ya mütəmadi olaraq xarici ölkələrdən mütəxəssislər gəlir, ustad dərsləri keçirlər və təbii ki, hər bir ustad dərsi təcrübə mübadiləsidir. Akademiyanın xoreoqrafları bu təcrübənin qarşılığında qarşı tərəfə hansı bilikləri aşılayır?

T.M: Təbii ki, Akademiyada dünyaca məşhur, peşəkar xoreoqrafların ustad dərsləri həm müəllim, həm də tələbə heyəti üçün böyük bir bilik mübadiləsidir. Gələn qonaqlara isə bizim xoreoqraflar Azərbaycan rəqslərinin incəlikləri, tarixi haqqında dolğun, zəngin məlumat verirlər. Təəssüf ki, bizdə milli xoreoqrafiyaya aid yazılı kitablar azlıq təşkil edir. Bu boşluğa, əlbəttə ki, diqqət yetirmək lazımdır. Mən hazırda belə bir kitab üzərində çalışıram. Həmin kitabda bütün milli rəqslərimizin tarixi, ifa tərzinin ən xırda detalları haqqında ətraflı məlumat yer alacaq. Bundan başqa, gələn qonaqlarımıza Azərbaycan həqiqətlərindən də məlumat veririk. Tarixi abidələrimizə ekskursiya təşkil olunur, zəfərlərimizdən, tarixi həqiqətlərimizdən və faciələrimizdən danışırıq. Yeri gəlmişkən, onu da qeyd edim ki, səfər çərçivəsində mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli videoçarx nümayiş etdirərək, tariximiz, mədəniyyətimiz haqqında çox maraqlı və əsaslı məlumat verdi.

- Sizcə, Multikulturalizm Azərbaycana ilk növbədə nələr bəxş edir?

S.S: Danılmaz bir faktdır ki, Azərbaycan çox qədim tarixi köklərə malik bir xalqdır. Biz tarixin hər bir dönəmində Azərbaycanın siyasi xəttində tolerantlığın, humanizmin təzahürlərini görürük. Hazırda Azərbaycanda dini, mədəni, etnik fərqliliklər öz yerini tapır. Bizim dövlətimizin apardığı bu siyasi xətt o qədər düzgün, qərəzsiz icra edilir ki, ölkəmizdə mövcud olan fərqliliklər birləşdirici faktora çevrilib. Azərbaycanın apardığı  multikulturalizm siyasəti dünyanın ən çox ehtiyac duyduğu amildir və biz bir model ölkə olaraq hər zaman bunu əyani sübutlarla dünyaya xatırladırıq.

T.M: Multikulturalizm Azərbaycanda müxtəlif xalqların harmoniya şəklində bir yerdə yaşamasına nail olan siyasi strukturdur. Bu, doğurdan da, qeyri-adi nümunəvi bir haldır. Bu gün biz belə anlayışlı şəkildə müxtəlif mədəniyyətə sahib insanların birgə yaşamına nadir halda rast gəlirik. Azərbaycan bu sahədə model bir ölkəyə çevrilib. Multikulturalizm bizim xalqa tarixindən gələn tolerantlığı davamlı şəkildə yaşatmağı, bu ənənələrə sadiq qalmağı bəxş edir. Gələcəkdə hər bir nəslin nümayəndəsi bu qiymətli xəzinəni qoruyub saxlamalıdır.

 

Zeynəb ƏKBƏR

 

525-ci qəzet.- 2019.- 1 mart.- S.4.