Zülfü Livaneli: "İstanbul
İstanbuldur - hamını köhnəldir, özü
İstanbul olaraq qalır!"
Hər dəfə İstanbula gələndə
özümü küləyə qarışmış
yağışın ortasında tapırdım. Ancaq bu dəfə
qışın soyuğunda müşahidə edilən yaz
havası lap yerinə düşmüşdü. Fikirləşirdim ki, şəhəri birlikdə gəzib,
onun gözü ilə baxıb, gördüyü kimi yazacam.
Hətta özünə belə bir yazı
yazmaq istədiyimi, bunun üçün onun bir neçə
saat ayırmağını xahiş edəndə,
düşünmədən və məmnunluqla
razılaşdı. İki gün sonraya
vaxt təyin etdik.
Həmin gün isə Tarabiya səmtindəki balıq
evində yaxın dostları ilə görüşüb
bolluca söhbət etdik. Bu vaxt mənə məlum oldu ki, 6 nəfərin
hamısı bir-birini 30-40 ilə yaxındır
tanıyır. Əksəriyyəti elə
oturduğumuz ərazidə - Tarabiyanın sahilində yerləşən
evlərdə doğulub böyüyənlərdir. Həmin məqamda masadakılardan birinin gözü
divardakı 60-70 illik ağ-qara fotolara sataşdı.
Sevinc və heyrətlə: “Bizim evimizdir. Gəncliyim orada
keçib” dedi. Bunu eşidən yoldaşlar
dönüb baxdılar, eyni yer olduğunu təsdiqləyib digər
rəsmlərdən öz evlərini axtarmağa
başladılar. Hərə öz evini
tapıb, restoranın pəncərəsindən əlləri
ilə işarə edərək mənə göstərirdilər.
Bu söhbət ürəyimcə olmuşdu.
Beynimdə planlar qururdum. Düşünürdüm
ki, birinci gələcəyimiz ünvan Tarabiyadakı qədim
köşklər, kilsə olacaq. Amma... Təyin
etdiyimiz vaxtda bir yağış yağdı, bir külək əsdi,
gəl görəsən. Gəmilərin hərəkəti
dayandırıldı, qayıqlar sahilə çəkildi, əhalinin
dəniz nəqliyyatından istifadə etməsi qeyri-müəyyən
vaxta təxirə salındı. Fikirləşdik
ki, növbəti gün bəlkə sakitləşər.
Ertəsi gün hava elə sərt idi ki, sanki
günəş küləyin həddətindən
başını götürərək, qaçıb yoxa
çıxmışdı. Ona gərə
də əlimizdəki imkanlara qane olmaq məcburiyyətində
qaldıq.
Həmsöhbətim yazıçı, senarist,
musiqiçi, siyasətçi, rejissor Zülfü Livanelidir. Mövzumuz isə
İstanbul.
Söhbətimizin ilk hissəsi Tarabiyada, növbəti
hissəsi isə Ulusda baş tutdu.
“Qəlbi
Boğazda qaldı”
- Tarabiya Boğazda köhnə bir balıqçı səmtidir. Keçmişdə
adı “Terapiya” olub, yəni müalicə mənasına gəlir.
Buradakı hava, ağaclar, çiçəklər
başqadır. Ecazkar yerdir. Tarabiyada
15 il yaşamışam.
Əlini sağa uzadır, mavi qübbəli kilsənin
arxasına işarə edərək evinin istiqamətini
göstərir.
- Bu səmtdə
yaşadığın zaman körfəzi, gəmiləri,
qayıqları o qədər görürsən ki,
İstanbulun qarışıqlığını hiss etmirsən.
O vaxtlar yunan Yorqo Zarifi var idi. İstanbulun məşhur
milyonçularından idi. Osmanlı
İmperatorluğunun çöküş dönəmlərində
ona borc verib iflasdan xilas edəcək qədər zəngin idi.
Eyni zamanda, İkinci Abdulhəmidin yaxın dostu
idi. İstanbulu çox sevirdi. Onun köşkü bax buradadır. Həmin
kilsəni də Zarifi öz adına
tikdirib. Vəsiyyət edib ki, öldükdən
sonra ürəyi çıxardılıb orada
basdırılsın. Belə də ediblər,
1884-cü ildə vəfat edib və ürəyini kilsənin
xüsusi bölümünə yerləşdiriblər. İndi onun ürəyi buradadır - Boğazda.
“Bu şəhərdə
dəhşətli erotizm var”
- İstanbul çox maraqlı şəhərdir. Napoleon deyirdi
ki, əgər bütün dünya bir ölkə olsaydı,
paytaxtı İstanbul olardı. Əlbəttə,
keçmiş adı ilə Konstantinopolu nəzərdə
tuturdu. Dostoyevskinin bu şəhərlə bağlı
çoxlu yazıları var: “İstanbul nə barbar türklərə,
nə barbar yunanlara qalmağına imkan verilməyəcək
qədər önəmli şəhərdir, bura mütləq
rusların olmalıdır” - deyirdi. Elə rus
çarlarının da niyyəti bu idi. Ümumiyyətlə,
əsrlərdir hər kəsin gözü İstanbulda olub -
rusların, fransızların, ingilislərin...
Üç imperatorluğun paytaxtı olub. Zəngin tarixini hər
addımda hiss edirsən. “Konstantiniyyə oteli”
romanımda bunları yazmağa çalışmışam.
Bir şəhərin dinamikası asanlıqla dəyişmir.
Rejimlər, çağlar dəyişir, amma
şəhəri formalaşdıran dinamika olduğu kimi
qalır. İstanbul fərqlidir. Eyni
Sankt-Peterburqla Moskva kimi... İstanbul da Ankaradan,
İzmirdən çox fərqlidir.
Tarix boyu - istər Bizans, istər Osmanlı, istərsə
də ondan sonrakı dönəmlərdə bu şəhərdə
çox hadisələr baş verib. Böyük sərvət,
güclü intriqalar, gərgin mübarizələr, bir-birinə
nifrət bəsləyən insanlar, bir-birini yox edən ailələr
- İstanbulun gerçəyi budur. Bu şəhərdə
dəhşətli erotizm var. Böyük yunan
yazıçısı, “Zorba”nın
müəllifi Nikos Kazantakis deyir ki, işıq Yunanıstanda
müqəddəsdir, İstanbulda erotik.
“İstanbul
vəfasız sevgiliyə bənzəyir”
- Burada həmişə
fərqli hadisələr baş verir, amma sənə yenə də
əziz gəlir. “Serenad” romanımda belə bir cümlə
var: “İstanbul vəfasız sevgiliyə bənzəyir. Sənə həmişə xəyanət edir, amma sən
yenə də onu sevməyə davam edirsən”. Həqiqətən belə şəhərdir. Məsələn, Atatürkün İstanbuldan
xoşu gəlmirdi. Çünki
Osmanlının paytaxtı olduğu dönəmlərdə
çox dəhşətlərə yuva olmuşdu. Hərbini burada oxumağına baxmayaraq, Milli
Qurtuluş savaşından və dövlət
başçısı olduqdan sonra illərlə bura ayaq
basmayıb. Ankarada - Bozkırın
ortasında yeni, tərtəmiz bir şəhər yaradıb.
Ancaq köhnə şəhərin dadını
bilənlər, yeni şəhəri onun qədər sevə
bilmədi. Elə hey bura can atdılar.
“Hər səmtinə,
hər küçəsinə şeir yazılan şəhər”
- İstanbul sehirli şəhərdir. Bütün
dövrlərdə haqqında saysız şeirlər
yazılıb. Yunan ordusu ilə birlikdə türklərə
qarşı savaşan, türklərdən nifrət edən
ingiltərəli şair Lord Bayron Türkiyəyə gəlib
Boğazı görəndə heyrət etmişdi: “Belə
möcüzə ola bilməz, dünyada
ola bilməz” sözləri ilə heyranlığını
dilə gətirmişdi. Qeyd edim ki, o dövrlərdə
Boğazın suyu daha təmiz və duru idi. Eyni zamanda, Yəhya Kamal, Atilla İlhan, Nazım Hikmət
kimi böyük şairlərimiz İstanbulla bağlı
şeirlər yazıblar. Atilla
İlhanın “Ben sana mecburum” şeirində bir çox səmtlərin
adını görmək mümkündür. Ümumiyyətlə, bu şəhərin şeir
yazılmayan səmti, küçəsi demək olar ki, yoxdur.
Ən çox da Yəhya Kamal İstanbul
aşiqi idi. Onun adı həmişə
İstanbulla birgə çəkilir. Klassik
türk musiqisinin önəmli adlarından olan Munir Nurəddin
Səlcuq da bu şəhərlə bağlı xeyli əsərlər
bəstələyib.
“Kamal
Sunalın içindən Rəcəb İvedik
çıxdı”
-
Bugünkü İstanbul mənim gözümlə baxanda
başqa cür görünür. Süni şəkildə
böyüdüyü üçün şəhər,
Boğazı çıxmaq şərtilə, gözəlliyini
itirib. Şəhərin əhalisi
1960-cı illərdə 1 milyon idi. İndi
isə 15 milyondan artıqdır. Amma dəqiq say bilinmir.
O vaxtlar bura Anadoludan ardı-arası kəsilməyən
köç başladı. Bələdiyyələr
seçkilərdə səs toplamaq üçün “gəlin”
dedilər. Qanunsuz tikililər, gecəqondular,
icazəsiz məhəllələr yaradıldı. Nəticədə yavaş-yavaş şəhərin
sahibinə çevrildilər. Aktyor Kamal
Sunal mənim dostum idi. Onun filmlərində
belə bir prototip vardı.
Kənddən şəhərə gəlir,
çaşğınlıqdan başını itirir. Gah gülür, gah təəccüblənir,
göydələnlərə, qızlara baxır,
danışa bilmir, heyrətdən əli tərləyir.
Bunu Şaban obrazı ilə göstərir.
O vaxt İstanbula gələnlər həqiqətən elə
idi. Sonra nə oldu? Yavaş-yavaş
şəhərə sahib oldular, qohum-əqrabalarını
yığıb gətirdilər, daha da böyüdülər,
nəticədə o utancaq Şabanın içindən hər
kəsi söyən, alçaldan Rəcəb İvedik
çıxdı. Bu, mənim sosial
müşahidəmdir. Vaxt ötdükcə
şəhərin estetikası pozuldu. Eybəcər
binaların, plansız tikililərin sayı artdı. Şəhərin 80 faizi qeyri-qanuni tikililərlə
doludur. Bakıda, Moskvada, Romada bunu etmək
mümkündürmü? Yox! Dünyada belə
plansız şəhər yoxdur.
“Balıq
restoranlarının sayı azaldı, kababçılar
çoxaldı”
- Burada
sosial həyat çox dəyişdi. Artıq
köhnə İstanbul yoxdur. Əvvəl
bu şəhər yunanların, yəhudilərin, müsəlmanların
qurduğu bir sintez idi. Təbii ki, yunan
şəhəri idi. Son dönəmlərə
qədər xristianlar müsəlmanlardan həmişə
çox olublar. Bura dünyanın ilk
kosmoplit şəhəri olub. İndiki London, Paris,
Nyu-York kimi... Amma İstanbul bunu itirdi və təəssüf
ki, yalnız türklərin və köç edən
kürdlərin şəhəri oldu. Yemək
kültürü də dəyişdi. İndi
hara baxsan, şərq yeməklərinin hakim kəsildiyi
restoranlar, “lahmacunçu”, kababçı ilə
göz-gözə gəlirsən. Əvvəl
belə şeylər görə bilməzdin, hər tərəf
balıqçılar, balıq məkanları ilə dolu
olardı.
Əgər
şəhərləri qadın və kişi
deyə cinsə ayırsaq, mənə görə İstanbul
qadındır, Ankara kişi... Tarix boyu
İstanbula aşiq olan, heyran qalan çox olub. Doğrudur, bura acı xatirələrlə doludur,
amma şəhərlərin ömrü uzundur. Dünyanın ən böyük adları
İstanbuldan gəlib keçib. Ruslar,
bolqarlar, fransızlar, ingilislər - hamısı İstanbulun
özlərinə məxsus olmasını arzulayıblar.
Bir qızın bu qədər çox
elçisi olarsa, axırda tək qalar. İstanbul
da belə qurtuldu.
- Siz də
İstanbulu tərk edənlərdənsiniz, deyəsən...
- Tərk
etmək deməzdim. Bura gəlib gedirəm.
Nəşriyyatım, dostlarım, digər
işlərim buradadır. Amma mənim
yazmağım lazımdır. Yazmaq
üçün sükunətə ehtiyacım var. Tıxacda
vaxt itirməməyim lazımdır. Özünüz
də görürsünüz, İstanbulun tıxacı
dözülməz və həlli mümkün olmayan mərhələyə
çatıb. Bodrumda bağım, içərisində
ağaclar, çiçəklər, əsrlərlə
yaşı olan zeytunlarım, hətta heyvanlarım da var. Ona
görə də Bodruma çəkilmişəm. Ora da gözəl yerdir. Tarixin
atası olan Heredotun doğulduğu, böyük İsgəndərin
fəth etdiyi torpaqdır. O zamanlar adı Halikarnas olub.
Amma istənilən halda İstanbul İstanbuldur -
hamını köhnəldir, özü İstanbul olaraq
qalır!
Bu söhbətdən bir gün sonra Zülfü Livaneli Bodruma, mən Bakıya uçdum. Sonuncu gün yağış kəsmişdi, heç külək də əsmirdi. Hətta qaçıb gizlənən günəş buludların arasından yavaş-yavaş süzülürdü. İstanbul yenə şıltaqlığını etmişdi...
İstanbul
Türkan Turan
525-ci qəzet.-
2019.- 2 mart.- S.24.