Simurqun izi ilə
YUNUS
OĞUZUN "OVÇU" ROMANINI OXUYARKƏN
Yunus Oğuzun
"Ovçu" əsəri
çağdaş ədəbiyyatımızda
2016-cı ilin aprel döyüşlərinə həsr
edilmiş ilk romandır.
Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bu dəfə
tarixi keçmişə
deyil, müasiri olduğumuz tarixi hadisələrə müraciət
edərək çağdaş
qəhrəmanlıq dastanını
qələmə almışdır. 2016-cı ilin
aprel döyüşləri
xalqımızın, dövlətimizin
gücünü, qüdrətini,
ali baş
komandanın torpaqlarımızı
düşməndən təmizləmək
əzmini bütün
dünyaya nümayiş
etdirdi. Romanın məhz belə
yaxın və şanlı tarixi hadisəyə həsr edilməsi ideoloji baxımdan olduqca önəmlidir və belə bir tarixi
məqama müraciət
edən yazıçıdan
ustalıqla bərabər
böyük məsuliyyət
tələb edir.
Əsəri oxuduqda Yunus
Oğuzun bu məsuliyyətli işin öhdəsindən məharətlə
gəldiyinin şahidi
oluruq.
Yunus Oğuzun
"Ovçu" romanında
tarix və müasirliyin vəhdətindən
bəhs edərkən
ilk diqqəti cəlb edən cəhət müəllifin tariximizin həlledici məqamlarına
toxunmasıdır. Yazıçı
Alp Arslan, Nadir şah dövründəki Azərbaycanı
çağdaş tariximizlə
yanaşı qoyaraq hər üç bölümü xalqın
və hökmdarın
qələbəsi ilə
tamamlayır. Hər üç
tarixi dövrdə Murad obrazı qələbənin qazanılmasında
mühüm rol oynayır. Murad gah tədbirli bir sərkərdə olub Nadir şahın qələbəsində mühüm
rol oynayır, gah mahir bir
usta olub kəşf etdiyi silahla Ani şəhərinin
fəthində Alp Arslana
kömək edir. Müasirimiz Murad da məhz içindəki
ruhun harayı ilə hərbçi olmaq qərarına gəlir: "Təkcə
atası Telman qərarsız idi. Oğlunun xasiyyətini bilirdi. Tərsin biri idi. Beyninə bir şey girdisə,
çıxartmaq mümkün
deyil. Hər halda cəhd
etmək lazım gəlirdi.
- Nəyinə lazımdır
hərbçi olmaq? Gecən-gündüzün olmayacaq, yuxun
ərşə çəkiləcək,
ayaq üstə yatacaqsan.
- Mən zabit olmaq istəyirəm. İtirilmiş torpaqlarımızı bir metr də
olsa geri qaytarmaq istəyirəm, ata. O zaman istəyimə çatacam.
Ermənilərlə döyüşmək istəyirəm.
O, icazə almadan ayağa durmaq istədikdə atası üstünə hirsləndi.
- Bu qədər torpağı
təkbaşınamı alacaqsan?
Telman kişinin
hirsi tez də soyudu. Başa düşürdü
ki, bu sözlərlə
oğlunu yolundan döndərə bilməyəcək.
Ancaq nə etməliydi? Oğlunun sonuncu sözləri hər şeyi yerinə qoydu. Ürəyində onun dediklərinə
təslim oldu. Murad isə artıq qərarını vermişdi,
evdəkilərə sözünü
deyib rahatlaşmışdı
və indi çox sevdiyi armud ağacının altında uzanıb göylərə baxırdı.
Muradın atasına dediyi
sonuncu sözlər isə həmişəlik
Telmanın beynində
həkk olundu. "İtirilmiş torpaqlarımızdan bir metr də geri
alsam, ata, bil ki, istəyimə
çatmışam".
Əsərdə gördüyümüz, tarixin müxtəlif həlledici məqamlarında
mühüm rol oynayan Murad obrazının
timsalında yazıçı
Azərbaycan nəsrində
az işlənən
reinkarnasiya metodunu uğurla tətbiq etmişdir. Ruhun yenidən başqa tarixi zaman və
məkanda doğulması
- reinkarnasiya yolu ilə Yunus Oğuz oxucunu Muradın ruhunun sələfləri ilə
tanış edir və bu
qəhrəmanın ruhi
gücünün mənbəyini
aşkarlayır. Müasirimiz Murad
tarixin səhifələrində
iz salmış özündən öncəki
Muradların hələlik
ən sonuncusu və ən mükəmməl variantıdır.
İşıq zərrələrin toplusu olduğu kimi kəşfiyyatçı,
döyüşçü, "ovçu" Murad da özündən öncəki qəhrəmanların
bütün spesifik və güclü tərəflərini özündə
cəmləyərək ədalət
savaşının kəsərli
silahına, bayrağına
çevrilmişdir.
Bildiyimiz kimi, "ovçu" Muradın ləqəbi, kod adıdır. Lakin əsərdə
başqa əlahiddə
ovçu obrazı da var. Sözün əsl mənasında ovçu olan bu şəxs qaçmış dovşanın
arxasınca getmir.
Onun artıq boz qurdun şikarı olduğunu qəbul edir. "Göy
guruldadı. Çiskin yağış
yağmağa başladı.
Ovçu sabahına saxladığı
ərzağın dalınca
talvara yaxınlaşdıqda
gördü ki, ayağını dirəyə
bağladığı dovşan
yoxdur. Dovşan kəndiri gəmirib
parçalamış və
çöllüyə üz
tutmuşdu. Yağan yağış
onun ləpirlərinin
hara getdiyini aydın göstərirdi.
Bu dəfə o, tüfəngini götürüb
ləpirlə yeriməyə
başladı. Amma çox
getmədi. Dovşan ləpirinə
canavar ləpiri də qarışmışdı.
Bu ləpir Boz
Qurdun ləpiri idi. Ovçu bir qədər
düşünüb geri
qayıtdı. Boz Qurdun
şikarına şərik
olmaq istəmədi".
Bu səhnə əslində,
tarixin, zamanın özünün türkə,
onun möhtəşəmliyinə,
qüdrətinə olan
münasibətinin, heyranlığının
simvoludur. Türk boz qurd kimi irəli atıldıqda, öz haqqını tələb
etdikdə Zaman-Zərvan
da onun yolundan
çəkilir, Əhrmənin
məğlubiyyətini, Hörmüzün
qələbəsini alqışlayır.
Murad obrazı mifoloji baxımdan da oxucuda maraqlı assosiasiyalar yaradır.
Mifoloji Simurqun özüdür Murad. Mifologiyada Feniks, Anka, Qaruda,
Benu adları ilə də bilinən Simurq mifoloji versiyaya görə, çox güclü, nəhəng
və qeyri-adi bir quşdur. Simurq reinkarnasiyanın, ölüb
yenidən dirilmənin,
əbədi həyatın
simvoludur. Ömrü başa
çatanda günəş
zərrələrindən alovlanan
tonqalda özünü
yandırır, külündən
yeni, gənc Simurq doğulur. Beləliklə, Muradlar da Simurq kimi xalqın
əbədiyaşar əsgərləridirlər,
vətən yolunda Simurq kimi yanaraq
yurdun keşiyini çəkirlər.
Reinkarnasiya zamanı ruh yalnız fərqli zamanda deyil, fərqli məkanda da doğulma şansına malikdir. Lakin Yunus Oğuzun qəhrəmanı Muradın ruhu tarix boyu həmişə eyni məkanda - öz torpağında zühur edir. Çünki onun bu məkanda missiyası başa çatmamışdır. Nə qədər ki vətən torpağına göz dikən yadellilər var xalqın qəhrəmanlarının ruhu rahatlıq tapmayacaq, yeni Muradların cismində geri qayıdaraq öz yurdunun keşiyində duracaq. "... Göylərə saysız-hesabsız, mavi, qırmızı və yaşıl rəngli ulduzlar səpələnmişdi... Göy üzünə min il ərzində torpaq, vətən uğrunda şəhid olanlar, Muradlar yığılmışdı. Sabah isə yeni MURADLAR, yeni ŞƏHİDLƏR doğulacaqdı!"
Elnarə
QARAGÖZOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 13 mart.- S.7.