Tamamlar, yarımlar və canlar
Yalnız iki nəfərin arasında gedən telefon yazışması - bir alımlıq nəfəs kimi dialoq, bir gerçək, sevgi oçerki. Rəvan dillə, mülayim bir emosionallıqla yazılan irihəcmli esse. İnsan həyatı, hissləri, fəlsəfi düşüncələri barədə düşünən və düşündürən müəllif yorumları ilə mənalandırılan yığcam bir traktat.
Söhbət yazıçı-publisist Əli Rza Xələflinin "Üçüncü dünyanın qorxusu" povestindən gedir. Povest epistolyar janrda - məktub (məktublaşma) şəklində yazılıb. Bu məktublar modern məktublardır. Biz başdan-başa qəhrəmanların məktub-dialoqundan ibarət olan əsərdə müasir həyatı görür, zamanın nəbzini duyuruq.
Ehtiras və səmimiyyətlə yazılan əsərdə komponentlərin azlığı əsərin kompozisiya bitkinliyinə xələl gətirmir. Süjet xətti nə qədər qısa, kompozisiyası nə qədər sadədirsə, fəlsəfi düşüncə məsafəsi bir o qədər uzun və dərindir. Mətnin ən yıxıcı-yaxıcı yerində belə mülayim, barışcıl sevgi ab-havası hakim olsa da, ana xətti gizli döyüş - insanın hissləriyə, insanın insanla və insanın onu əhatə edən mühitlə döyüşü üzərində qurulub. Əsərin bir telefon zəngi, mesajı ilə bəzən bütün günü, hətta günləri motivə olan, kiçik bir cihazla dünyanın o biri ucuyla nəinki əlaqə saxlaya, hətta intim münasibət qura bilən qəhrəmanları müasirlərimizdir. Döyüşlərdən, körpülərdən, insanlardan və ən nəhayət, özündən keçib Yaradana, yaranışa, əbədi güc və sonsuzluğa sığınan aciz İnsan da müasirimizdir.
Mətnin dili aydın və səlisdir. Obrazların
dili müəllif təhkiyəsi ilə çuğlaşaraq
onların psixologiyasını, düşüncə tərzini,
dünyagörüşünu və səviyyələrini
açan vasitəyə çevrilir. Daxili
hərəkət, arayış əsərin leymotivini təşkil
edir. Əsərin əsas qəhrəmanları
- Kişi və Qadın obrazları bəlkə, müasir azərbaycanlı
ailələri üçün tipikdirsə də, mövzu
ümumiləşdirilmiş və bəşəridir. Taleyi ilə barışmayan, qədərinə
üsyan edən, öz azadlığı və sevgisi
uğrunda mübarizə aparan obrazların faciəli taleyi
XIX-XX əsr faciə qəhrəmanlarını xatırlatsa
da, onlardan fərqli və yenidir. Buradakı
qəhrəmanlar cismən deyil, mənən ölürlər.
Onların xoşbəxt ailə tablosu - zahiri
tamlıq pərdəsi altında sürdürülən
natamam, əzablı həyatı mentalitetin sərhədlərini
zorlayan, dialektik inkişafın gətirdikləri ilə
götürdükləri arasındakı balansın
pozulması hallarının cəmiyyət həyatındakı
təzahürüdür. Haradasa bir yerdə
fərdlə cəmiyyət, şəxsi düşüncə
ilə ictimai rəy, insan ləyaqəti ilə
azadlığın toqquşmasının yaratdığı
çatlaqlar, qırılmalar düşüncə və
ruhun cəmiyyətin axışını dəyişəcək
əsas potensial olduğunu göstərir.
Əsərdəki bütün hərəkətlər və
gedişlər tərəflərin qarşı tərəfə
münasibətinin açılmasına xidmət edir, bu
nöqtə onları qərar anına götürür. Ana yetişmək
üçünsə qəhrəmanlar uzun, əzablı mənəvi
yollardan keçməli, həyatın bir sıra mətləblərinə
varmalı olurlar. Ən önəmli olan isə
onların bu yolda özlərini tapmasıdır (gəldikləri
nəticədən asılı olmayaraq). Bu yola
götürən səbəblər müxtəlif olsa da, nəticə
eynidir: İnsan mənən arınır, durulur, püxtələşir.
Bununla bitmir; O, elə bir zirvəyə
çatır ki, orada özünün və özgənin
yaratdığı sədlərdən azad olur.
Tanrının bəxş etdiyi can qəfəsi o yüksəkliyin
təzyiqinə tab gətirməyib parçalanır,
dağılır və boşluqlara yayılır
(üçüncü dünya olasılığı).
Başdan-başa
insan hiss və duyğularını, psixoloji durumlarını
sadə, aydın bir dillə təsvir edən əsər
tamlıq içində natamamlıq, çoxluq içində
tənhalıq, gözəllik içində çirkinlik, üsyan içində məğlubiyyət və
s. bu kimi təzadlarda özünü və həyatı
sorulamlarla oxucunu ilkə - əzəli və əbədi Sevgiyə
götürür.
Qadın və Kişini heç zaman tərk etməyən,
onları bir-birlərinə cəzb etdirən, görünməz
tellərlə biri-birinə bağlayan üçüncü
dünyanın daimi sakini və sahibi, "İnsan ürəyində
ən sarsılmaz güc mənbəyi SEVGİdir"
(Ə.R.Xələfli). Mətnin başında hər bir qəhrəmana
ayrı-ayrılıqda aid olan yarım Sevgi, mətnin sonunda
birləşib bütövləşir, güc qazanır.
Dərin düşüncəli, həssas ürəkli,
böyük ehtiraslı Kişi və incə ruhlu, zərif və
"xəstə" bədəni ilə həyatın
bütün ağırlıqlarına sinə gərən
güclü Qadın obrazı əslində, bir obrazda - Sevgi
obrazında ruhən birləşir, bütünləşir. Hər zaman, hər bir halda sabit qalan bu obraz mətndəki
obrazların fövqündə dayanır. Üçüncü
dünya saf, təmiz, müqəddəs sevginin
dünyasıdır. Qorxaq, etibarsız
insanların sahiblənə bilmədikləri sevgilər də
ordadır. Sevgi birinci dünyanın
"Katarsis"iysə, ikinci dünyanın cənnətinin
açarıdır.
Hadisənin mərkəzində dayanan iki əsas obraz -
Qadın və Kişi hər biri bir ailənin önəmli
fiqurlarıdır. Yazıçı mətndə təsvir
etdikləri ilə təsvir etmədiklərindən
danışmağı, oxucunu ailənin o biri fərdləri və
onların taleyi barədə düşündürməyi
bacarmışdır. Köhnə faciə
qəhrəmanlarımızdan fərqli olaraq onlar orta yaş
qrupuna daxil olan insanlardır, valideynlərdir və onların hər
biri təmsil etdikləri ailədə önəmli və
örnək olacaq fiqurlardır. Digər tərəfdən
də onların hər ikisi çalışan,
yaşadıqları cəmiyyətin ictimai həyatında
müəyyən yer tutan fərdlərdir. Bu vəziyyət onların faciəsini daha çox
qaçınılmaz edir.
Fərdlərin ekzistensial mübarizəsini
yazıçı bəzən sadə, bəzən mürəkkəb
analizlərlə təsvir edir. Modern şəraitin
ekzistensial bataqlığa dartdığı fərd, hər
şeyin alınıb satıldığı birinci dünyadan
qurtulmaq arayışına çıxır. Demək, üçüncü dünya həm də
düşüncələr diyarıdır, fəlsəfə
dünyasıdır. "Mən necə
barışa bilərəm ki, ömrümdə, bəlkə
də, birinci dəfə yalnız yuxuda sevgiylə
yaşamağın, qadınlığın nə demək
olduğunu başa düşmüşəm. Bax budur məni ağrıdan" - deyən Qadın
yalnız özünü deyil, həm də onun kimi
ömür sürən yüzlərlə, minlərlə
qadının taleyini də düşünür, narahatlıq
keçirir.
Mətndə ta başından olacaq qorxunun, fəlakətin
eşiyindən dönüləcəyinə dair, sanki bir
ümid işığı yanır. Cansız bir telefon
cihazına sığınan ürək, çarəsizliklə
çırpınıb üçüncü dünya
arayışına çıxan Ruh; dərin insani hisslərin
təlatümü və tuğyanı, hərarəti sətirlərdə
duyulan bir parça həyat reallığının canlı
təsviri oxucuya təhkiyəçinin öz
yaşantısı kimi təsir bağışlaması,
yazıçının obyektə münasibətinin şəffaflıq
dərəcəsi ilə bağlanır.
Əsərdə Kişi və Qadının münasibətlərinin
yalnız telefon vasitəsiylə olması, Kişinin
gördüyü yuxuda hərarətli qadın bədənin
buz kimi soyuq dəmir-mis heykələ dönməsi və sair
bu kimi işarələr, aşiqlərin üz-üzə
görüşmək imkansızlığından daha
çox təbiətlə ünsiyyəti azalan (bəzən
isə tamamilə qopan) insanın insandan qopma
siqnallarını da verir. Əsərdə
yazıçı fantaziyasına geniş yer verilmişdir.
Əsərin qəhrəmanları - Kişi və
Qadın tipik, ümumiləşdirilmiş obrazlardır.
Bədii idrakın aydınlığı,
insanın psixoloji təhlili, ənənələrə yeni
yöndən yanaşma əsərin əsas məziyyətlərindəndir.
Kitabın
üz qabığında Bakının Fəvvarələr
bağındakı məşhur qadın fiqurunun şəkli
var. Əsəri oxuduqca bu foto təsirini göstərməyə
başlayır, sanki mis rəngli dəmir heykəlcik hər
gün yanından ötüb keçən, bəlkə
ömründə "qadınlıq sevgisi"nin (Ə.R.Xələfli)
nə olduğunu bilməyən, yüzlərlə
qadının simvolik obrazı kimi yenə də öz
"qadınlıq" missiyasını yerinə yetirərək
mətndə ifadə edilən insanın daxili
natamamlığını kitabın zahiri tamlığıyla
örtüşdürürdü. Baxışlarım
qadın fiqurunun qulağına tutduğu telefondan sürüşüb
kitabın arxa üzündəki bəlkə də elə həmin
yerdən bir az aralıda durub, çarəsizcə
əllərini yana açıb, üzünü yarıqaranlıq
göylərə tutan kişinin (illüziya) ovuclarına
düşəndə isə o narahat rahatlıq
dağılıb boşluğa səpələnir.
Xarakterlərin açılmasında birbaşa
psixologizmin formalarından ustalıqla yararlanmışdır. Kişi ilə
Qadın bir-birinin məntiqi davamı kimi görünən
yuxularında ruhən qovuşur, özlərini uca, əlçatmaz
SEVGİLƏRİNDƏ tapırlar. "Əsir
ürəkli qadın" qadınlığını kəşf
edib dünyanın ən bəxtəvər qadına
çevriləndə, Kişi də yaşamın ona verdiyi
pisliklərdən, kirlərdən yuyunur, təmizlənir, hər
cür dişi gözəlliyin və şəhvətin
fövqündə duran mənəvi gözəlliyə təslim
olur, ömrünün ən xoşbəxt anlarını
yaşayır. Mətnin ən oxunaqlı
yerlərindən biri olan bu epizodlar qərar anına
hazırlıq kimi də maraqlıdır.
Əsərin mövzusu köhnə olsa da, zamanı
günümüzdür. Obrazlar ölkəmiz və eləcə də,
əhalisi müsəlman olan digər xalqlar üçün
tipikdir. Fabulasının bəlkə də, bir uzun, iki
qısa cümlə ilə ifadəsi mümkün olan mətndə
yazıçı tək hadisəlilik və az
obrazlılıqla əsərin ideya-mövzu
görümlülüyünü artırmağa nail
olmuşdur. Yalnız əsərin qəhrəmanlarının
- Kişi və Qadının mesaj-məktublarından ibarət
olan mətn forma və məzmunca orijinaldır. Burada forma süni deyil, mətnin daxilindən gələn
zərurətin yaratdığı,
formalaşdırdığı formadır. Əsərin uğurlarından biri məhz mətnin
forma-məzmun sintezidir. Bu sintez mükəmməl
bir mətnə lazım olan bütün bədii məziyyətləri
barındırmaqdadır. Yazışma-söhbətin
- təhkiyənin fikir assosiasiyası və axını üzərində
- təbii bir axışla kuliminasiyaya qalxıb-enən sərtliyi
müəllifin özünəməxsus üslub-dil
şirinliyində yumşalır və S.Əhmədlinin təbirincə
desək "...Əsərin sonluğu çox nadir bir
qarşılaşma ilə qurtarır".
"- Tam razıyam. Seçim qadınlar tərəfindən
olur. Duyğulu bir baxış, xüsusi hisslə bir nəzər
bəs eləyir ki, kişinin dünyasına od
düşsün. Və bundan sonrası məlumdur... Bəli, ilk sevgi etirafları mənim tərəfimdən
olsa da, seçim bir qadın olaraq sənin idi. İndi biz körpüdən keçmişik.
Körpü isə... Yox, yox, o, hələ
yanmayıb.
-
Körpüdən keçmək hələ mənzil
başına yetmək deyil. Ancaq biləsən
ki, mənim ürəyimdə bir qorxu var.
- Bilirəm. Mənim sənə evlənmək təklif edəcəyimin qorxusu.
- Doğrudur.
- Amma biləsən ki, mənim də ürəyimdə bir qorxu var.
- Bilirəm. Mənim razılıq verəcəyimin qorxusu".
Və elə burada, qeyri-adi bədii texnikanın yaratdığı imkanlardan biriylə qarşılaşırıq: paradoksal altruzim. Ya qurban olum, ya da qurbanım ol!... Və yenə də, minbir əziyyətlə qət etdikləri yola geri dönməklə mənəvi əsarət buxovunu öz əlləri ilə yenidən boyunlarına keçirən qəhrəmanları ayaqda alqışlayan oxucu həsrətlə "Üçüncü dünya"ya açılan qapıya boylanır...
Qəndab
ƏLİYEVA
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 15 mart.- S.8.