Erməni zülmünün Başlıbel
- "Qanlı kaha" səhifəsi
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın
ədalətli mövqeyinin müdafiə edilməsi
Qarabağ
müharibəsi tarixində elə hadisələr var ki,
haqqında ya çox az söz
açılıb, ya da ondan heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin
əsarətinə keçən Kəlbəcər rayonunun
Başlıbel kəndində baş verənlər də həmin
hadisələrdəndir.
Araşdırmaçı-jurnalist Elxan Salahovun
"Qanlı kaha" sənədli-publisistik povestində
Başlıbel kəndinin erməni quldurları tərəfindən
işğal edilməsi, bu zaman mühasirəyə
düşüb köməksiz vəziyyətdə qalan kənd
sakinlərinin dörd aya yaxın müddətdə məhrumiyyətlərlə
dolu həyatından söhbət açılır.
Başlıbelin mühasirə gündəliyi kimi
xarakterizə olunan "Qanlı kaha" kitabında nankor
qonşularımız olan ermənilər tərəfindən
Başlıbel kəndində törədilən faciə təsirli
dillə oxuculara çatdırılır. Mühasirədə
qalan uşaq, qoca, qadınların həyatını xilas etmək
üçün böyük fədakarlıq göstərən
şəxslərin şücaəti, vətən sevgisi burada
öz dolğun əksini tapıb.
Elxan Salahovun "Qanlı kaha" kitabı nədən
bəhs edir?
Tanınmış jurnalist Süleyman
Qaradağlının redaktoru olduğu sənədli povest
1993-cü ildə Kəlbəcər rayonunun işğalı
zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk
etməyən, 4 ay ərzində kahalara
sığınmış 76 dinc sakinin mühasirə həyatından
bəhs edir. Mühasirəyə düşənlər
arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların
113 gün davam edən və hər an
silahlı erməni quldurları ilə üz-üzə gəlmək
təhlükəsi ilə keçən ağır həyatı,
soyuğa, aclığa qarşı apardıqları
mübarizə Qarabağ müharibəsinin ən dəhşətli
səhnələrindəndir. Mühasirə zamanı dəfələrlə
erməni silahlılarının hücumuna məruz qalan dinc
sakinlərdən 19 nəfəri girov götürülüb,
36 sakin amansızlıqla qətlə yetirilib, 1 nəfər
itkin düşüb, 29 nəfər isə yalnız gecələr
gizli dağ yolları ilə mühasirədən
çıxa bilib. Qətlə yetirilən sakinlərin
27 nəfəri, girov götürülənlərin isə
hamısı mülki vətəndaşlardır. Qətlə yetirilənlərin 14-ü qadın, 1-i
azyaşlı uşaq, 7 nəfəri yaşı 70-dən
yuxarı qoca, o cümlədən, 3 nəfəri yaşı
100-ü keçmiş şəxsdir. Təəssüf
ki, Azərbaycan ərazisinin işğalı zamanı törədilən
ağır cinayətlərə görə təcavüzkar
Ermənistana qarşı beynəlxalq miqyasda hələ də
heç bir ciddi tədbir görülməyib.
Geniş
oxucu kütləsi üçün nəzərdə tutulan
kitabda Başlıbel kəndində kahalara sığınan,
tez-tez mövqeyini dəyişmək məcburiyyətində
qalan sakinlərin mühasirə həyatı, erməni
silahlı qüvvələrinin törətdiyi kütləvi
qətliamlar, vandalizm həmin hadisələri gözləri ilə
görmüş, həmin məhrumiyyətləri
yaşamış şahidlərin xatirələri əsasında
oxuculara çatdırılıb. Povestdə, o
cümlədən, 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər
rayonunun işğaldan azad edilməsi uğrunda gedən
döyüşlər, məşhur "Murovdağ əməliyyatı"
və onun acı nəticələri haqqında ətraflı
məlumat verilib. Başlıbel kəndi Kəlbəcərin
ən böyük və ən ucqar yaşayış məntəqələrindən
biri idi.
Başlıbel əhalisi niyə mühasirədə
qaldı?
Rayonun işğalı zamanı kənd ucqar olduğuna
görə, sakinlərin ermənilərin Kəlbəcəri
üzük qaşı kimi mühasirəyə almasından
gec xəbər tutmuşdular. Kənd əhalisi inana
bilməmişdi ki, doğrudan da Kəlbəcər
işğal oluna bilər. Çoxları
bunun təxribat xarakterli məlumat olduğunu hesab etdiyindən
kimsə öz evini tərk edib getməmişdi. Aprel ayının 1-də kəndin ayağı yer
tutan sakinləri dağ yolu ilə Kəlbəcərə
doğru köç etməyə başlamışdı.
Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr
və qadınlar çıxa bilməmiş, evlərində
qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının
kəndə gəlişi ilə başa
düşmüşdülər ki, həqiqətən də
Kəlbəcər işğal olunub.
Həmin
andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə
də, onlardan 10 nəfəri düşmən tərəfindən
qətlə yetirilib, 5 nəfəri girov
götürülüb, qalan 76 nəfər isə dağlara
üz tutub. Sonda cəmi 62 nəfər qalıb.
Həmin 62 nəfər də dağlarda kahalara
sığınıb. Müəllif də
məhz o insanların 100 gündən çox birlikdə
yaşadığı zamanı qələmə alıb.
Canlı
şahidlərin dilindən danışan kitab
Başlıbel camatı inanılmaz dəhşətlər,
müsibətlərlə üzləşib. Kitabı
oxuduqca o dəhşətlər, insanların yaşadıqları
faciələr göz önündə canlanır. Başlıbel kəndində törədilmiş
soyqırımın canlı şahidlərinin fikirləri,
mühasirədə qalan uşaq, qoca qadınların həyatını
xilas etmək üçün böyük fədakarlıq
göstərmiş şəxslərin şücaəti, Vətən
sevgisi bu kitabda özünün hərtərəfli əksini
tapıb. Elxan Salahov da "Qanlı
kaha" kitabını yazmaqla ermənilərin
Başlıbeldə törətdiyi vəhşiliyi, cinayəti
şahidlərlə, faktlarla oxuculara təqdim edib.
Ermənilərin köməksiz vəziyyətdə
kahalara sığınmış dinc sakinlərə
qarşı törətdikləri vəhşilikləri
oxuduqca insanı dəhşət bürüyür.
İnsanlığa
sığmayan cinayət
XX əsrin başlanğıcında və sonunda ermənilər
tərəfindən Azərbaycanın Qarabağ bölgəsində
azərbaycanlı əhaliyə qarşı kütləvi
qırğınlar törədildiyi hər kəsə bəlli
həqiqətdir. Ermənilərin məqsədi yalnız
müharibədə qalib gəlmək yox, Qarabağ ərazisində
yaşayan müsəlman əhalisini tamamilə məhv etmək,
etnik təmizləmə siyasətini başa
çatdırmaqdır. Bu da
düşünülmüş surətdə törədilən
cinayət və soyqırımdır. Azərbaycanın
Qarabağ regionuna gəlmə olan bu ermənilərin azərbaycanlı
əhaliyə qarşı törətdiyi vəhşiliklər
tarixdə heç bir müharibədə baş verməmiş,
insanlığa qarşı yönəlmiş terrordur. Kəlbəcər rayonunun Başlıbel kəndində
də ermənilər insanlığa sığmayan cinayət,
sözün əsl mənasında, terror, soyqırım
törədib.
"Kitabın
25 ildən sonra ərsəyə gəlməsinin ən əsas
səbəbi..."
Kitab Kəlbəcərin
işğalından 25 il sonra ərsəyə
gəlib. Müəllifin fikrincə,
işğal edilən torpaqların azad edilməsi istiqamətində
görülən işlər, aparılan sülh
danışıqları uzandıqca bu hadisələrin
şahidləri azalır, faktlar, ağrılar, acılar tarixə
çevrilir. Kəlbəcər yeni
işğal olunanda deyilirdi ki, rayon tezliklə azad olunacaq.
Çünki Birləşmiş Millətlər
Təşkilatı bununla bağlı qətmanə qəbul
etmişdi. Təəssüf ki, bu siyasi
çabalar heç bir nəticə vermədi.
Elxan
Salahov nəzərə çatıdırır ki, o
özü də Qarabağ müharibəsi
iştirakçısıdır: "Həmin hadisələrdə
mən və ailəm, dostlarım, sinif yoldaşlarım
yaralanıb, döyüş yoldaşlarım şəhid
olub. İllər keçdikcə Kəlbəcərdə,
ümumilikdə Qarabağda baş verən hadisələrin
şahidləri azalır. Bu kitabı
yazmaqda məqsədim, gənc nəslə, gənclərə
bu hadisələrin təfərrüatı barədə ətraflı
məlumat verməkdir. Kitabın 25 ildən
sonra ərsəyə gəlməsinin ən əsas səbəbi
bu idi.
Heç kim inanmırdı ki, erməni silahlı
qüvvələri Dağlıq Qarabağın sərhədlərindən
kənarda hansısa hərbi əməliyyatlar apara bilər. Düzdür, Dağlıq Qarabağla həmsərhəd
olan Laçın rayonunun işğalından sonra Kəlbəcərdə
də mühasirə ehtimalları yaranmışdı. 1992-ci ilin aprelin 7-dən 6-na keçən gecə
Ağdaban kəndinin yandırılması, 30-dan artıq dinc
insanın qətlə yetirilməsi onu göstərirdi ki, Ermənistan
silahlı qüvvələrinin Kəlbəcər istiqamətində
hücumları bir qədər intensivləşəcək.
Belə də oldu.
"Heç
kim inanmırdı ki, Kəlbəcər
işğal oluna bilər"
Müəllif
özünün də sakini olduğu Başlıbel kəndinin
mövqeyindən, orada yaşayan əhalinin məntəqəni
tərk etməsi və eləcə də mühasirəyə
düşmə səbəbindən danışıb:
"Başlıbel Kəlbəcərin ən böyük və
ən ucqar yaşayış məntəqələrindən
biri idi. 2 mindən artıq əhalisi olan
Başlıbel kəndinin 100-ə yaxın sakinin mühasirədə
qalmasının bir səbəbi var idi. Heç kim inanmırdı ki, Kəlbəcər
işğal oluna bilər. Aprel ayının 1-də
kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə
doğru köç etməyə başlayıb. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr
və qadınlar çıxa bilməyib. Evlərində
qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının
kəndə gəlişi ilə başa düşüblər
ki, həqiqətən də Kəlbəcər işğal
olunub. Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk
etmək istəsə də, onlardan 10 nəfəri
düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri
girov götürülüb, qalan 76 nəfər isə
dağlara üz tutub".
"Bunu
yazmaq mənim borcum idi"
Elxan
Salahovun sözlərinə görə, 76 nəfərdən
axıra cəmi 62 nəfər qalıb: "Həmin 62 nəfər
də dağlarda kahalara sığınıb. Mən
də məhz o insanların 100 gündən çox birlikdə
yaşadığı zamanı, o ağrıları,
acıları, dəhşəti qələmə
almışam. Yaşadıqlarım,
gördüklərim o dəhşətləri yazmaq
doğurdan da mənim üçün çox ağır
idi. Yazdıqca sanki həmin anları təkrar
yaşayıram. Asan deyildi. Bəzən bir səhifənin üzərində
günlərlə, həftələrlə işləmişəm.
Çünki kəndin sakinləri hərəsi
bir diyara səpələnib, onları tapmaq, danışmaq
çox çətin idi.
Qarabağ müharibəsi dövründə bir kəndin 100-ə qədər sakininin mühasirədə qalması ikinci belə hadisə idi. Bu 100 nəfərdən cəmi 62 nəfəri sağ qala bilmişdi. Bu, doğurdan da çox ağrılı vəziyyətdir. Bunu yazmaq mənim borcum idi".
Elxan Salhov qeyd edib ki, dövlət orqanları "Qanlı kaha" kitabına laqeyd qalmayıblar. Mədəniyyət Nazirliyi, o cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsi sənədli povestin tərcüməsi, beynəlxalq ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbirlər planı hazırlamaq fikrindədir. Bu cür mövzuların, materialların işlənməsinin həm də vicdan borcu olduğunu deyən jurnalist ümid edir ki, kitab rus və ingilis dillərinə tərcümə olunaraq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara, səfirliklərə, diaspor təşkilatlarına çatdırılacaq.
E.Salahov, həmçinin nəzərə çatdırıb ki, kitab əsasında sənədli film hazırlanır. Filmin istehsalı Kəlbəcərin işğalının növbəti ildönümü gününə, yəni aprelin 2-nə qədər başa çatacaq.
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək
üçündür
Cavid
QƏDİR
525-ci qəzet.- 2019.- 15 mart.- S.6.