Fon və fiqura...
essesi
Zəlzələ kimi oldu bu,
qəfil oldu. Uzandığım
yerdə əlimi ürəyimə sürtüb
hiss elədim ki, dostumçün bərk darıxıram.
Hər dəfə qonağı olanda “abi, qadan
alım, bir az söhbət elə” deyib tez gitarasını əlinə alan
qırışmalı deyirəm;
ilk dəfə qəşəng-qəşəng
təəccüblənmişdim də: ay qaqam, mən danışacamsa, bəs bu ifa
nə? Gitarasını
ən əziz adamı kimi sinəsinə sıxıb
qımışmışdı:
Musiqiylə dediklərin daha
təsirli olur, abi!
Sonralar bir komediya filmində
də gördüm bu priyomu; oğul
atasından maşının
istəməyə gedir,
dostunu da yanında aparır ki, bu yalvararkən
dostu atasının ən sevdiyi mahnılardan birini zümzümə eləsin;
indi siz təsəvvür edin, oğul danışır,
dostu qəmli-qəmli
mızıldıyır, oğul
yalvarır, dostu lap kədərli mızıldıyır...
nə gülürsüz,
əsas odur, axır, qoparırlar açarı.
Fon vacibdi, çox vacibdi və lap sonralar yadıma düşür ki, düz iyirmi il qabaq
mən özüm də fon-fiqura söhbəti eləmişəm;
bərk dalaşmış
balaca qardaşlarımı
barışdırmaqçün köhnə maqnitofonumuzda küçük Əmrahın
kədərli mahnılarından
birini qoyub demişəm ki, biz dalaşmamalıyıq, qardaşlarım,
axı bizim bizdən başqa heç kimimiz yoxdu!
Fon və fiqura! Psixologiyada ən maraqlı mövzulardan biridir; Fiqura - əsas olandır, fon - köməkçi
vasitə, altda qalan, kölgə və s. Məsələn,
vaizin nitqi fiquradır, ona yerləşdirilmiş musiqi
isə fon. Sizə düzünü deyirəm, biz heç bir vacib sözü
fonsuz səsləndirmirik,
bununçün ən
azı bir çay süfrəsi (fon) təşkil
etməliyik, doğru olan da budur.
Məsələn, yağışlı havada, dəniz kənarında edilən söhbətlər ona görə daha təsirli olur ki, yağış və dəniz nitqimizin təbii fonları olur.
Şəxsiyyət də fondur, nitqin, yazının, əməlin fonu. Burnunun üstündəki xalınacan
eyni əməli iki fərqli adam edər,
tamam fərqli mənalar verər, niyə? Çünki fiquraları eyni olsa da fonları
(oxu: şəxsiyyətləri)
fərqlidir. Fon deyib keçməyin, fiquranın məzmununu dəyişəcək gücə
malikdir o; məsələn,
yazırlar, bir gün şeytan həzrət İbrahimdən
“la ilahə illəllah”
deməsini istəyir,
İbrahim (ə) demir;
səhabələri təəccüblənirlər:
o ki, sizdən pis şey istəmir...
Həzrət gülümsəyir:
görün onu məndən kim
istəyir!
İşimiz, gücümüz, həyatımız
alınmırsa, bəlkə
problem fonumuzdadır? Məsələ
budur ki, fon fiquraya
uyğun olmalıdır;
münasib olmayan fon çox gözəl bir fuquranı bərbad günə qoya bilər və əksinə. Məsələn,
adi bir söhbəti
çalarlandırıb, mənalandıran
da gözəl fondur: qəfil musiqi kəsilir, ayılırsan ki, bayaqdan ləzzətlə oxuduqların adi, çox adi sözlərmiş...
Demək,
həyatı hansı
fonla yaşayırsınız
- əsas olan budur, əmma və lakin unutmayın,
fon fiquranı
üstələməməlidir. Təsəvvür edin, alimin nitqinə fon-musiqi yerləşdiriblər, musiqi
nitqdən daha ucadır, necə təsir edər? Həyatımız doludur, fonu fiqurasından möhkəm
olan məsələlərlə
və deyəsən, kələfin bir ucu da elə
burdadır.
Yəni misal üçün, ideal ailə
sistemində qadın fon, kişi
fiqura olmalıdır. Şəxsən mən
“hər uğurlu kişinin
arxasında bir qadın dayanır” ifadəsini
belə başa düşürəm. Bəli,
əzizim, fon çox
vacibdir, fuksionaldır, həyatidir... bir şərtlə ki,
fiquranı üstələməsin.
İlqar
KAMİL
525-ci qəzet.- 2019.- 16 mart.- S.24.