Buynuzsuz kərgədan
“Sındır qəfəsi,
tazə gülüstan
tələb eylə”
Nəsimi
“Var olan hər
şey beləcə ortadan bölünə bilsəydi... hər kəs korlaşmış
cahil bütövlüyündən
qurtulardı”
İtalio
Kalvino, “İkiyə bölünmüş Vikont”
I
“Biri var idi,
biri yox idi... Dünyaya bir buynuzsuz kərgədan
gəlmişdi” - yox, yox! Birinci cümlə
olaraq uğurlu deyil! Hm, yenidən başlayaq.
II
Adı Məlik
olsun. Lap nağıllardakı
kimi. Biri var idi, biri
yox idi...
Məliyin ilan kimi alnında
burulan qara, qıvrım saçları,
iri, şabalıdı
gözləri və çiynində kök salan söyüd kimi salxım qolları vardı. Elə bil,
qol deyildi, cibindən çiyninə
çəkilən eskalatordu.
Bu görkəmindən avaralıq yağan adamla heç olmasa, bir dəfə
qarşılaşsaydınız, yəqin ki, diqqətinizi ilk bu şeylər çəkərdi.
Mən -
müəllif sizə
nə onun qıvrım saçlarından,
nə iri gözlərindən, nə
də upuzun qollarından danışacam.
Bilmədiyiniz bir şey var! Məliyin xəstəliyi.
O nə vaxt barmağını
kəssə, huşu gedirdi və ayılanda qəribə şeylər danışırdı.
Məsələn, qulaqsız uşaqlar,
mürəkkəbsiz qələmlər,
buynuzsuz kərgədanlar,
bir barmağı kəsik əlcəklər,
üfüqəcən uzanan
cığırlar, arasından
gur işıq qalxan çayırlıqlar.
Bu o vaxtlar baş
verirdi ki, onda Məliyin anası da sağdı
və qadın oğlunun bu halından əməllicə
narahatdı.
Hələ xəstəliyin özünü
təzə-təzə göstərdiyi
vaxtlarda anası Məliyi psixoloq yanına aparmışdı.
Biri var idi, biri yox
idi. Psixoloqun qalın aypara
qaşları, iri eynəyi, səliqə ilə qırxılmış
polboks saçı vardı. Yanağındakı iri xal deyildi, elə bil, bəd xəstəliyə
yazılan resept idi; adamı vahimələndirirdi.
O, Məliyin önünə
bir neçə şəkil qoydu və əyilib dodağını düz qulağına yaxınlaşırdı,
pıçıltıyla dedi:
“De görüm, burda
nə kəmdi?”
Şəkillər: Qulağı olmayan
uşaq, barmağının
biri kəsilmiş əlcək, mürəkkəbsiz
qələm və bir də buynuzsuz
kərgədan.
Həkim kərgədan şəklini
Məliyin düz gözünün önündə
tutdu. Küt-küt şəklə baxan
Məlik, kəlmə
də kəsmədi, eləcə baxdı, baxdı. Həkim bu dəfə daha ucadan:
“Diqqətlə bax. Deyirsən, hər
şey yerindədi?”
Məlik həm təsdiq, həm də “əl çəkin” mənasında başını
tərpətdi. Həkimin təəccüb dolu baxışları Məliyin
yuxulu, süzgün gözlərinə dikildi:
“O birilərini keçirəm,
yəni görmürsən
ki, kərgədanın
buynuzu yoxdu?”
Məlik duruxdu və bu cümlə dilindən güllə kimi çıxıb həkimin xallı sifətinə sifətinə
dəydi. Elə bil böyüdü xal:
“Kərgədanın buynuzu
olur ki?”
(Bu yerdə müəllif bic-bic gülür)
Psixoloq anasına dedi ki, uşaqda diqqət əskikliyi, hiperaktivlik var. O elə bilir ki, kərgədanların buynuzu olmur.
“Sizə birinci məsləhətim odur ki, ona çoxlu kərgədan şəkli göstərin, başa düşsün ki, buynuzsuz kərgədan olmur”.
Məlik dəymədüşər anasının qayğıkeşliyi ucbatından on beş yaşınacan kərgədan haqda sənədli filmlərə baxası oldu. Evin hər tərəfində buynuz şəkilləri asılmışdı. Az qala yuxusunda gördüyü bütün göy-çəmənliklərdə, sirklərdə, zooparklarda kərgədanlar gəzişirdi. Məlik artıq bilirdi ki, buynuzlu kərgədan dünyanın ən təbii şeylərindən biridir, ancaq yuxusunda gördüyü göy-çəmənliklərdə, sirklərdə, zooparklarda o tərəf bu tərəfə qaçışan, oynaşan kərgədanların buynuzu yox idi. Elə bil, kərgədanlar Məliyin yuxusuna buynuzlarını çıxarıb girirdilər.
Aradan bir xeyli keçdi, Məliyin anası da öldü, içində böyütdüyü aləm də yaddan çıxdı, hər şeyi ot basdı, mamır bürüdü. Hələ Məlik aşiq də oldu, qadın nəfəsini duydu, canında ağrı böyütdü, sonra o ağrını unutdu. Sonra?
III
Hə, biri var idi, biri yox idi. Məlik günlərin bir günündə, günorta vaxtı metro eskalatorunda köhnə sevgilisi Elnarəni gördü. Çillər qızın sifətinə sarı Jelly Been dənələri kimi səpələnmişdi. Elnarə ilə çoxdan ayrılmışdılar, amma o ötəri sevginin istisi Məliyin canından çıxmaq bilmirdi. İşin qəribə tərəfi o idi ki, Elnarə çoxluğun arasında çiyin-çiyinə, daban-dabana qalıb canı boğazından çıxan Məliyi nəinki seçə bilmişdi, hələ uzaqdan ona göz də vurmuşdu. Başıyla işarə eləmişdi və Məlik bunu belə başa düşmüşdü: “Bayırda gözlə! Qalxıram”.
Eskalator Məliyi yer üstü dünyaya təhvil verdi. Sahil metrosunun solğun işığı sifətinə vuranda hiss elədi ki, Elnarənin kirpik çalmağı uzun “Samsung” adapteri kimi ayağına dolaşıb. Canında güc yoxdu addım atsın. Metronun “SOS” aparatı kimi adamların arasında hərəkətsiz qalmış, sonra qəfil dəmir baryerlərin üstündən atlanmış, gözətçinin havada yellənən hədəli barmağına məhəl qoymadan pillələri iki-iki düşmüşdü. Məlik sanki göydə uçur və havasıyla ötüb-keçdiyi adamların birinin donunu, o birinin saçını, başqasının pencəyini xəfifcə tərpədirdi. Addımını platformaya atanda sifətində dəhşətli təəssüf peyda oldu. Qatarın getdikcə zəifləyən qırmızı, nazik işığı Məliyin şabalıdı gözlərinə düşürdü. Məlik gözlərini bağlamaqla tunelin içində balacalaşan, getdikcə yox olan işığı buraxmaq istəmirdi.
Məlik axşamacan metronun çıxışında gözlədi. Narın yağış yağdı, xəfif külək əsdi, gözləməkdən dabanları daş kimi bərkidi, çiynini mərmər dirəyə söykədi və dəstə-dəstə metrodan çıxan adamların arasından Elnarənin sarı çillərini seçib çıxarmaq istədi və bir də gördü ki, qutudakı sonuncu siqareti çəkir, çiynində polisin isti əlini hiss elədi. Saat? 12.
Biri var idi, biri yox idi. Məlik günlərlə həmin saatda “Sahil” metrosunun girişində gözlədi. Elnarədən bir xəbər çıxmırdı. Tutaq ki, bu gün saat on ikidə iki saat gözləmişdisə, sabah saat ikidə yenidən iki saat gözləyirdi. Sonrakı gün saat dördün qolundan yapışıb onu altıyacan dartıb saxlayırdı. Hər dəfə ona elə gəlirdi ki, uzaqlaşsa, Elnarənin bir-birilə yarışan ayaqları gözlədiyi boşluğun önündən keçib gedəcək. Günlərlə davam edən bu nəticəsiz cəhdlərdən sonra Məlik bir şeyin fərqinə vardı; səhərlər heç vaxt metronun önündə gözləməyib.
Demək, Elnarənin metro saatı səhərlər imiş...
Məliyin erkən oyandığı yadına düşmürdü. Bir gün qərara aldı ki, günəşlə bərabər oyansın, səhərin təmiz havasını içinə çəksin, dünyanın bənövşəyi rəngə büründüyü vaxt Sahil metrosunun girişində Elnarəni gözləsin və onu aylar sonra yenidən görməsə, bu işdən qol götürsün. Həyat onsuz da amansızdır, kərgədanların buynuzu olan dünyada hər şey mümkündür. Ya o dünyanın gözəlliyi ilə yanaşı addımla, ya da arxasınca bax, gözəl günlər, elə gözəl günlərdir. Necə ki, bir zamanlar o günləri Elnarə ilə yaşamışdı.
Məlik evdə Elnarənin qırmızı pomadasını tapmışdı. Hələ o zamanlar ayrılığın ili çıxmamışdı. Qəfil qəribsinmiş, sonra gözündən yaş axmağa başlamışdı. Elə o cür də güzgünün qabağına keçib pomadanı dodağına çəkmişdi. Məlik öz əksinə baxanda nədənsə canında qəribə bir ağrı peyda olmuşdu. O ağrının əsəbindən dodağına bir yumruq ilişdirmişdi.
Həmin gün hər şey dəhşətli oldu. Məlik düşünürdü ki, mütləq səhər oyanmalıdır, oyana bilməsə, Elnarəni bir daha görə bilməyəcək.
“Yəqin, hekayənin müəllifi istəyir ki, biz səhər görüşək...”
Bu fikri içində gəzdirə-gəzdirə səhəri axşam elədi.
Yuxunun meyxoşluğu qanına-canına qarışır, gözləri şirin bir nəğmənin sədası altında iradəsiz bağlanır, büsbütün bədənini bürüyürdü. Məlik bilirdi ki, yatsa, sabah erkən oyanmaq getdi öz işinin dalınca! Yatmamalıdır!
Düz beş fincan qəhvə içdi. Göz qapaqları “Coca-Cola” rəngindəydi; qırmızı etiketin altında qara maye kimi qaynayırdı gözləri. Elə bil, qalın kirpiyi gözünə kölgə salırdı. Məliyin ağlından qorxunc bir fikir keçdi və tezcə də bu fikirdən bədəninə üşütmə düşdü. Hiss elədi ki, müəllif onu səhər oyanmağa qoymayacaq. Bircə yol var: müəllifi öldürmək.
Divardakı kərgədan şəkillərinin arasından keçdi, mətbəxə buruldu. Bıçağı götürdü və baş barmağını kəsdi, qan ovcunun qıraqlarından çay kimi axıb biləyinə yayıldı. Köynəyindən cırdığı yun parçanı duzlu suda saxladı, yaş-yaş barmağına sarıdı. Şiddətli ağrı Məliyin üzündə bic bir təbəssüm yaratmışdı. Məlik yaralı barmağını qarnında gizləyib qozbellərə xas yerişlə salona getdi. Barmağından axan qan da Məliyi addım-addım izləyirdi. Çiynini divara dayadı, kərgədan fotolarına baxdı və anasını düşündü. Sonra ümidsiz, qorxunc gözləri avtobus qapıları kimi asta-asta bağlandı.
IV
Məliyin gördüyü göy-çəmənlik idi və həmin göy çəmənlikdə buynuzsuz kərgədanlar otlayırdı. Onlar qalın dərilərini bir-birinə sürtür, yaşıl otların üstünə sərilir, kürəyi üstə uzanır, balaca ayaqlarını qaldırıb havadaca yellədirdilər. Bala kərgədanlardan biri gəlib Məliyin ovcunu iylədi və başını neft buruğu kimi qaldırıb yendirdi. Məlik, buynuzsuz kərgədanların arasıyla keçib getdi. Qarşıda hündür bina görünürdü. Məlik o hündür binanın kölgəsinə çatanda gördü ki, bir dəstə uşaq blokun girişində gizlənib ona baxır. Aralarından biri əl ağacına söykənə-söykənə irəli çıxdı. Məlik hiss elədi ki, uşağın qulağı yoxdu. Elə o birilərinin də. Onlar barmaqlarını Məliyə tuşlayıb gülməyə başladılar. Məlik qulağı olduğu üçün utandı və həmin an uşaqların qarışqa ayaqlarına bənzəyən barmaqlarından bulaq kimi qan fışqırmağa başladı. Çığıra-çığıra qırma kimi ətrafa səpələnən uşaqlardan biri yaxınlaşıb onun ovcunu iylədi, tez-tələsik ora nə isə qoyub dedi:
- Öldür onu, bitsin!
Və tez-tələsik bloka girib yoxa çıxdı. Məlik ovcuna baxdı: bu, xəncər idi!
Az getdi, yüz getdi, dərə-təpə düz getdi. Gəlib heç yana çıxmadı. Elə bil, yeriyən o yox, ayağının altındakıydı. Məlik yaşıl çayırlığın arasıyla addımlayırdı. Otların arasından gur işıq səpələnirdi.
Gördüyü Cahan idi. Əllərini arxasında daraqlayıb iri addımlarla o tərəf-bu tərəfə gəzişirdi. Addımlarını elə atırdı ki, qısa ayaqları uzun görünürdü. Cahan onu görəndə üzündəki ifadə dəyişdi və lap dərinlərdən qüssə dolu bir söz çıxdı: “Axır ki... İllərdir gözləyirdim”. Məliyin yadına düşməsə də, müəllif bilirdi ki, o, Cahana öz əlfəcin kolleksiyasını göstərəcək. Məliksə gəlməmişdi və Cahan günlərlə həmin yerdə onu gözləmişdi.
“Sənin gözlətdiyin adamların hamısı bura yığılıb. Ayrılmışıq ki, səni tapmaq daha asan olsun. Çox xoşbəxtəm, onlara demişdim ki, səni məndən başqa heç kim tapa bilməz. Dayan, üzünə bir də baxım”.
Cahan ona elə baxdı ki, müəllif də o baxışı ifadə etməkdə aciz idi.
“Əlfəcin kolleksiyanı hələ də görmək istəyirəm”.
Səsinin kövrək yerinə salıb əlavə etdi: “Qurban olum, onları mənə göstər”.
Məlik bu qəribə adamı xatırlamağa çalışsa da, yadına heç nə düşmədi. Cahanın üzündəki qüssə daha da dərinləşdi və cibindən çıxardığı əskiyə bükülü şeyi Məliyin əlinə dürtdü.
- Öldür onu, bitsin, hər şeyi təzədən yaz.
Məlik ovcuna baxdı: bu, qələm idi!
V
Çayırlığın arasıyla axan su topuğunu yalayırdı. Məlik balaca bir daxma gördü və addımlarını yeyinlədib ora çatdı. Qapını döydü. Tıqqıltı balaca daxmanın içinə elə yayıldı ki, divardakı hörümçək toru da əsdi. İçəri keçəndə küncdə, iş stolunda əyləşən oğlanı gördü. Oğlanın saqqalı üzündə yuva salmışdı: o yuvada gözləri gümüş sırğanın işığı kimi parıldayırdı. Gözləri uzun kirpiklərinin arasında nöqtə kimi görünürdü.
Məlik iş masasına yaxınlaşdı. Üzərində vərəqlər, kitablar, yarım içilmiş Coca-Cola şüşəsi, lampa və stəkan vardı. Adam çevrildi, Məliyin gözlərinə dik-dik baxdı:
- Sənə görə hekayənin sonunu yaza bilmirəm. - dedi - Elnarə ilə buna görə görüşə bilmədin. İkimiz də səni gözləyirdik. Axır ki, gəlib çıxdın! O, səni gözləməkdən usandı və getdi. Bilmirəm hara. Axı hansı adam qələmi mürəkkəbsiz təsəvvür eləyər? Hə? Sənin ucbatından burda qələm tapmaq mümkün deyil. Tapdıqlarım da... Bizi bu hekayəyə dustaq etdiyin üçün üzünə lənət!
Məlik yalnız indi başa düşdü ki, bu uzun saqqallı, sısqa adam baş verən hər şeyin baiskarı - hekayənin müəllifidir. O, geri çəkildi və əlini başına aparıb, içindəki ağrının velosiped siqnalı kimi cingildədiyini duydu. Müəllif Coca-Colanı başına çəkib son damlasınacan içdi. Məlik cibindəki bıçağı çıxardı və onu müəllifin sinəsinə sapladı. Müəllif hıqqana-hıqqana diz üstə çökdü. Məlik masada oturdu, cibindən qələmi çıxarıb boş vərəqə yazdı:
“Biri var idi,
biri yox idi... Dünyaya bir buynuzsuz kərgədan
gəlmişdi...” - hə,
hə!
Orxan
HƏSƏNİ
525-ci qəzet.- 2019.- 16 mart.- S.23.