İsfəndiyar Vahabzadəyə  

 

 

 

Deyəsən, bu, mətbuatda dərc olunan ilk məktubumdu. Düzünü desəm, uzun müddət “açıq məktub” janrının mahiyyətini tam anlamırdım. Axı “məktub” sözünün özündə bir gizlilik var, kağızın zərfə qoyulması da təsadüfi deyil... Məktubdursa, orda yazılanlar yalnız ünvana aiddir. Elə isə məktubu açmağın, hamının oxusuna çıxarmağın adı nədir?!

Hörmətli, İsfəndiyar müəllim! Sizin Anarın doğum günü ərəfəsində qələmə aldığınız, “525-ci qəzet”də dərc olunan “Altıncı mərtəbə” esseniz məni açıq məktub üslubunda yazmağa sövq etdi. Səbəb çox sadədi; insan onu düşündürən, narahat edən, sevindirən, yaxud kədərləndirən mövzularda nə isə oxuyanda özündən asılı olmayaraq dialoqa, bəzən polemikaya girir müəlliflə. Bu mənada, mənim üçün genetik, əbədi və həmişə aktual olan mövzuda belə həssas yazıya biganə yanaşa bilməzdim.

Yəqin bilirsiz, Anarın müsahibələrindən eşitmiş olarsız... Anar lap balaca olanda onu çox sevən, əzizləyən bibiləri sözü bir yerə qoyurlar ki, oynasınlar uşaqla. Balaca Anara baxıb “bu kimdi belə, kimin uşağıdı?” filan deyib pərt eləsinlər onu. Belə də edirlər və 4-5 yaşlı Anar onu həmişə sevən, mehriban, şən, həm də gözəl bibilərinin - gənc qızların bu münasibətindən doluxsunub deyir: “Tanımırsız məni, öz Anarınızam da?!” Necə də Anarsayağı cavabdı, deyilmi?! Həm də nə qədər pafoslu səslənsə də, taleyönlü... Məncə, indi Anarı oxuyan, əsərlərini sevən, şəxsiyyətinə heyran olan hamının öz ANARı var. Sizin də “Altıncı mərtəbə”nizdə diqqətimi çəkən əsas məqam bu idi, bizləri öz Anarınızla tanış etmək niyyəti qoymusunuz qarşınıza... Və bu səmimi təqdimat son dərəcə ciddi təsir etdi mənə.

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı və Təhminə haqqında fikirlərinizi dönə-dönə, müxtəlif paralellər keçirərək söyləyirsiz. Və Anar müəllim “bu əsər azad adamın azad olmayan cəmiyyətdə yaşaması və faciəsi haqqındadır” desə də, oxucunu təsirləndirən, tutan, düşündürən sevgidir. Təsadüfi deyil ki, əsərin bütün ekran və səhnə həllərində məhz sevgi önə çəkilib. Siz haqlısınız... Hər bir kişinin Təhminəsi olmalıdı. Onu da çox dəqiq söyləyirsiniz ki, Təhminəni “zaqsa aparıb sonra mətbəxə salmaq, bozbaş bişirtdirmək, soğan qovurtdurmaq olmaz. Necə ki, olmadı... Manaf arvad edə bilmədi onu, Spartakın pulları da cəlb etmədi, azadlığını qurban vermədi Təhminə. Təhminə bazardan ət ala bilərdi, hətta ətsatanları da tanıya bilərdi, səhər tezdən durub Təzə bazara kəllə qənd dalınca qaça da bilərdi, amma Təhminə kimi, altıncı mərtəbədən bircə pillə də enmədən! Elə ona görə də, belə olduğu üçün də “heç kim Təhminəli həyatdan yan keçməyib və keçməyəcək də. Çünki bu, mümkün deyil”. Yüz faiz razıyam... Ona görə ki, insan təbiət etibariylə  xoşbəxtliyə can atır... Təhminə isə ruhu, sevmək istedadı, qadınlıq məharəti, səmimiliyi və mərdliyi ilə, bütün varlığı ilə xoşbəxtlik idi. Amma inciməyin, bu məqamda bir sual da gəldi ağlıma; Təhminənin yaxşılığına dözə bilən, bu boyda sevinci, sevgini yaşamağa ürəyi, ciyərləri yetən, nəfəsi çatan neçə kişi olar Azərbaycanda? Bəs dünyada?! Hə, məsələ də budu... Anar kişi qıtlığı yaşayan dünyada QADIN olmağın dəhşətini yazıb. Və bir etiraf edim ki, Təhminə tanıdığım gündən bir çox qadınlar, elə mənim özüm üçün də rəqib olub... Siz təsəvvür edin, bir qadın qırmızı düyməli paltar geyinir, kaman kimi dümdüz gəzir, ekrana yaraşır, yəni çox gözəldi, amma həm də xalq mahnılarını yozur, klassik musiqiyə qulaq asır, hələ üstəgəl, sevgidən, ya da sevgisizlikdən ölməyi bacarır. Axı paxıllığından partlamayıb, neyləyəsən?! Ona görə də “mən Təhminəyəm”, “məni yazıb” - deyənlərin sayı-hesabı bilinmir. Deyəsən, axı romanın əsas uğurunu Təhminəylə bağlamaqla müəllifin haqqına girdim, hə?! Ona görə bir böyük məziyyəti də vurğulamalıyam...

Yadımdadı, qadınlığını bəyəndiyim bir xanım “mənim dilimdə danışmayan, sözümün dadını, duzunu anlamayan adamı sevə bilmərəm” - demişdi. Onda da düşünmüşdüm Anarın bu əsəri haqqında. Məncə, uğurun bir sirri də bundadır. İlk dəfə idi ki, sevgi, özüböyük sevgi bizim dildə danışırdı. Deyilə bilər ki, axı bütöv klassik ədəbiyyat sevgi haqqındadırsa, elə folklorumuz da, lap Anardan bir neçə il öncə yazıb-yaradan sənətkarlarımız da sevgidən danışıblarsa, bu fikir mübahisəlidir. Məsələ burasındadır ki, ən gözəl sevgi poemalarını lüğətlə oxumalı olurduq. Və etiraf etməliyik ki, şeir hisslərin dramaturgiyasını tam göstərmir, müəyyən fraqmenti göz önünə gətirir. Birbu əsər sevgini yeniyetmə romantikası kimi yox, cəmiyyətin parçası, yaxud ondan qopmaq istəyən ağrı kimi göstərir. Və siz söylədiyiniz kimi, hamının bu cür dərdi, bəlası var. 

Hörmətli, İsfəndiyar müəllim!

Çopur Cabbarın sizə dərs dediyini - yazırsınız. Bəxtiyar Vahabzadənin oğlu üçün bu müəllimin dərslərində oturmağın necə məşəqqət olduğunu təsəvvür edirəm. Hətta bu fikri şərti olaraq deyirsinizsə, yenə o ideya aydındır mənə. Çünki mən də Nemətin uşaqlarının səslərini lentə yazmasını gözümlə görmüşəm, Kəbirlinskinin ayağını pilləkənlərə astadan qoyub evinə qalxması da elə bil dünən olub, Dilarə ilə Qiyasın bulvarda mübahisəsini “müftə ulduzlara tamaşa etmələrini” əla xatırlayıram. Ona görə ki, Anarın qələmindən çıxan hamı, hər kəs canlıdı. Hərdən doğrusu, şübhə edirəm, bəlkə elə bizim özümüzüo yazıb, hə?! Heç xəbərimiz də yoxdur bundan... Amma elə xəbərimiz olmasa yaxşıdı, ömürdü də yaşayıb gedirik.

Bu məqamda mövzunu dəyişməyə məcburam. Çünki əminəm ki, haqqında danışdığımız yazıçı onun barəsində belə üslubda fikir söyləməyimin əleyhinədir. Siz Anarla gec tanış olduğunuzu deyirsiniz. Doğrusu, mən də eyni fikirdə idim və kitablarını dönə-dönə oxuduğum yazıçı ilə şəxsən görüşməkdən qorxurdum... Ona görə ki, ədəbi mühitə yaxınlaşanda bir çox uşaqlıq illüziyalarım dağıldı. Hər misrasını gözümə təpdiyim şairin yekəxanalığı, millətə yuxarıdan baxması, yaxud balaca vaxtımdan televiziya ekranlarından tribunada gördüyüm “ziyalının” saxtakarlığı, hələ üstəgəl, ikiüzlülük, mənsəb və şöhrətpərəstliklər məni yaxşıca əzirdi. Düşünürdüm yəqin belə olur da. Sənətini sevdiyin adam qəhrəmanın olmağa borclu deyil ki... Ona görə Anar müəllimdən adının mənasını, yaxud Yazıçılar Birliyinin növbəti qurultay vaxtını soruşmaq ağlıma belə gəlmirdi, şəkil çəkdirməyi, Təhminə kimdi - soruşmağı heç ey, heç düşünmürdüm. Amma Yazıçılar Birliyi ilə bağlılığım, birgə səfərlər, hələ üstəgəl, dissertasiya mövzum, “Anar dünyası” kitabım onu daha yaxşı görməyə, anlamağa imkan verdi. İndi bircə cümlə ilə “Anar necə adamdı?” - soruşsanız, ilk cavabım belə olar: Anar həmişə tənhadı! Ona görə yox ki, anlayanı, sevəni, dəyər verəni yoxdu... Xeyr, Anar doğulduğu gündən böyük sevgi içərisində yaşayır. Həm doğmalarının, həm də xalqının sevgisi. Ona görə ki, bütün yazdıqlarını yazmaq, gördüyü işləri görməkdən ötrü təkliyə çəkilməyə, tənha qalmağa ehtiyac var. Tənhalıq Anar üçün yaradıcı prosesdir... Birsiz çox dəqiq vermişdiniz o jurnalist xanımın cavabını. O veriliş də, cavabınız da yaxşı yadımdadı. Ziyalı Anar kimi olmalıdır - demişdiniz. Bilmirəm, bəlkə elə mənim söylədiyim tənhalıq da sizin dediyiniz ziyalılıqla bağlıdır. “Bunu mən etməliyəm” düşüncəsi, missiyası ilə. Axı elə bunun da təməli Anarın uşaqlığındadır. Məktəbdə idman dərslərində müxtəlif top oyunları zamanı Anar sinif yoldaşlarına “siz hamınız bir komanda olun, mənsə tək” - deyirmiş və “öz cəbhəsində” təkcə mübarizə aparırmış. Bioqrafiyasına nəzər salanda bu simvolik məqamın oxşarlarını çox görürəm, bəzən kədərlənir adam, amma siz demiş - Anar da axı Anardı...

Tələbələrinizin məhz Anarın əsərlərinə maraq göstərdiyini söyləyirsiniz. Universitet müəllimi kimi təəccüblənmirəm, bu, çox yaşadığım və rastlaşdığım məqamdı. Anar adı gələn kimi auditoriya dirilir. Amma əcnəbilərin də bizim ədəbiyyatımızdan məhz onu sevməsi dəqiqdir. Bir neçə il öncə Astanaya tədbirə getmişdik. Anar müəllimin tərcüməçisi qazax yazıçısı Berik Şaxanovun oğlu, özü də şeirlər yazan Qazıbəy Şaxanov lap balaca uşaq həyəcanı ilə baxırdı Anar müəllimə. Süfrə arxasında oturanda bir az da mənə xitab edərək ürək sözlərin deməyə, daha doğrusu, Anarın əsərlərindən böyük parçaları rusca əzbər söyləməyə başladı. Mən də müzakirəyə qoşulub müəyyən fikirlərimi deyirdim, məclisdə iştirak edən başqaları da. Birdən Anarın insanları birləşdirmək, müxtəlif və heç bir-birini tanımayan adamları doğmalaşdırmaq xasiyyəti haqqında düşündüm. liman” - Nemət, “Macal” - Fuad, “Otel otağı” - Kərim barəsində danışdıqca, danışırdıq və Anar müəllim təvazökar bir təbəssümlə susub baxırdı. Birdən başa düşdüm ki, biz heç müəllif haqqında danışmırıq, əsərləri və qəhrəmanları ayrı bir dünya, başqa adamlardı sanki bizlər üçün və Qazıbəyə “Siz fikir verin, müəllif bu dediyimiz müsbət fikirləri  “özünə götürmür”, qəhrəmanları haqqında fikirləşir” - dedim. Anar müəllim iti yumoru ilə, məni tərifləməyin, bir az da davam eləsəniz, özümü Türkmənbaşı hiss edəcəm - dedi və gülüşmə ilə mövzu dəyişdi. Bax bu tərifbazlar zəmanəsində, özündən deyənlər dövründə Anar o qədər qəribə görünür ki...

Doğrusu, indi də tez-tələsik yazıram ki, Anar müəllim “məni tərifləmə” deyib bir zarafatla mövzunu dəyişməsin.

Hörmətli, İsfəndiyar müəllim! Bəxtiyar Vahabzadənin oğlu olmağın mənası  haqqında çox yazmısız, danışmısız. Məncə, bu, “Altıncı məqalə” yazınızda da dolayısı ilə bundan danışmış oldunuz. Zamanında Bəxtiyar müəllim Anarın şəxsiyyətinə, yaradıcılığına böyük qiymət verib. Düşünürəm ki, bu gün hamımızın, əsl sözün, sənətin dəyərini bilən hər kəsin vəzifəsi bu ziyalıları qorumaqdı. Sizin yazınızı “vicdanlarını özünə artıq yük bilənlərə” cavab kimi də, sevdiyiniz yazıçıya səmimi təbrikiniz kimi də dəyərləndirirəm. Və ustad Anarın doğum günündə məni bu mövzuda dialoqa çəkdiyiniz üçün təşəkkür edirəm!

P.S - “Və mən dəqiq bilirəm ki, günlərin bir günü yağışlı payız axşamların birində, təxminən 50-60 ildən sonra Anarın tədqiqatçılarından, anarşünaslardan biri qəflətən Anarla küçədə üz-üzə gələcək”. - İ.VAHABZADƏ...

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 16 mart.- S.15.