Ulduzun rəssamı, günəşin dostu...

 

 

BugünlərdəUlduzjurnalının redaksiyasına getmişdim. Burada çalışanulduz”ların demək olar ki, hamısı mənim dostumdu. Hər dəfə olduğu kimi, o gün onların şirin söhbətini dinlədim.

 

Ulduz”un veteranı, xətrini çox istədiyim rəssam Ədalət Həsənin söylədikləri heç yadımdan çıxmır çıxmayacaq da... “... Adam var, deyir dəyiş, başqa cür olmaq lazımdı... Düşünürəm, axı necə dəyişə bilər insan? Bir insan necə olmalıdı ki?..Həmişə az danışan, öz aləmində, bəzən sakit, bəzən daxilən narahat olan Ədalət müəllim bu gün necə danışırdı, İlahi! O danışdıqca sanki sözlərlə bir rəsm çəkirdi... Bu mavigözlü çiçəklərə bürünmüş bir yasəmən ağacıdır ki, ətrafını kol-kos basmışdı. Amma tikanlar qədər onu sancmağa çalışsa da, bu yasəmən ağacı günəşə baxıb gülümsəyirdi... Kol-kos ayağına dolaşsa da, o, günəşlə dostluq edirdi... Ədalət müəllim , bax o yasəmən ağacı kimi günəşin, işıqlı bir dünyanın aşiqidi... Əgər o dəyişib başqa adam olsaydı biz onu bu qədər çox sevərdikmi? O, elə danışıdı ki, düşünürdüm bu rəssam mənim mənəvi atamdı... Demə, Hicran Hüseynova da belə düşünürmüş. Bəlkə elə Fərqanə , Təranə Vahid ...

Ədalət Həsən kimi hər gözə görünməyən, olduqca sadə, öz yerini bilən, riyadan, boyadan uzaq olan insanlar həmişə mənə maraqlı olub... vaxt ötdükcə onlarla aramızda bir dostluq körpüsü yaranıb...

... Bu gün yenəUlduz”da hiss elədim özümü. Baş redaktor Qulu Ağsəsdən tutmuş o gün sakitcə öz otağında tək-tənha çalışan Vüsal Nuruya qədər onların hamısını düşündüm...

... “Ulduz”dan ayrılandan sonra özümü elə yüngül, elə rahat, elə xoş hisslərlə dolu hiss elədim ki... Həmin günün ən parlaq ulduzu isə rəssam Ədalət Həsən idi... O danışır, danışırdı. Birdən sözlərin qanadında ayağa qalxdı rəssam. Sanki sözlə rəsm çəkirdi o... Onu dinlədikcə illər əvvəl ona həsr etdiyim şeir sanki qəlbimdə yenidən dillənirdi... 

... Adam onun yanında

qol götürüb oynamaq istəyir,

ürəkdən gülmək,

ürəkdən ağlamaq istəyir...

Bilir ki,

olduğu kimi çəkəcək rəsmini,

olduğu kimi görəcək...

gercəyi hər kəs görmür axı,

Ədalət Həsən,

Adına yaraşan adam...

 

Mina RƏŞİD  

 

525-ci qəzet.- 2019.- 16 mart.- S.14.