“Balaca Şahzadə”nin
yeni səfəri
Məşhur fransız yazıçısı
Antuan de Sent-Ekzüperinin
“Balaca şahzadə” əsəri uşaqlar üçün yazılmış
böyüklərin oxumalı
olduğu alleqorik novelladır.
Bir müddətdir,
mətbuatda gedən elanlardan Azərbaycan Dövlət Musiqili Teatrında bu əsərin motivləri əsasında tamaşa hazırlandığını bilirdik
və böyük maraqla premyera gününü gözləyirdik. Nəhayət,
gözlənilən an
gəlib çatdı
və “Balaca şahzadə” Musiqili Teatrın səhnəsinə
çıxdı.
***
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət
Səlimovadır. Onun əsərlərə özünəməxsus baxış
tərzi, yozumu artıq illərdir ki, azərbaycanlı teatrsevərlərə yaxından
tanışdır. Bu dəfə də o, bizi fərqli dünyaya- hər şeylə maraqlanan, çoxlu suallar verən yadplanetli şahzadənin dünyasına
qonaq apardı.
***
Balaca Şahzadə
bir planetdə yalnız yaşayır. O, sevdiyi
qızılgülünə daha yaxşı qulluq etməyi və onu daha
çox sevməyi öyrənmək üçün
kainatı kəşfə
çıxır vəYer
planetindəki Böyük
Səhrada (Saxara) pilotla rastlaşır.
Pilot qəzaya uğramış
təyyarəsini təmir
etməyə çalışır.
Pilotla danışır, dayanmadan
suallar verərək öyrənmək istəyir.
Beləcə dostlaşırlar.
Əsər balaca şahzadənin 6 planetə səyahəti və orada qarşılaşdıqları
üzərində qurulub. O, orda yaşayan insanların həyatı, düşüncələrilə
tanış olur. Onun gördükləri, əslində, insanlığın
fərqli üzləri
idi. O, bu səyahətilə böyüklərin
dünyasını elə
onların özlərinə
təqdim edir. Hər planetdə böyüklərin,
yetişkin insanların
bir tipi təhlil olunur. Misal üçün, sərxoş çox ümidsiz, məyusdur, uğursuzluqlarını unutmaq
üçün dayanmadan
içir, incəsənət
adamı özündən
çox razıdır,
kral sadəcə hökm etmək istəyir, tam bir diktatordur və sair. Ən sonda bizim planetə -Yerə gəlir. Heç bu planet də
ideal məkan deyil.
Çünki burada insanlar
bir-birlərinə geyiminə,
görünüşünə görə qiymət verirlər.
Əsər boyunca balaca bir uşağın dilindən söylənən
hikmətamis sözlər,
kəlamlar insanlığa
ötürülən bir
mesaj təsiri bağışlayır. O, böyüklərin
dünyasındakı demək
olar ki, bütün mövzular: həyat, insan, yaxşılıq, pislik, sevgi, nifrət, ümid və s. haqqında fəlsəfi fikirlər yürüdür,
bəzən uşaqların
dünyaya, hadisələrə
yetişkin insanlardan daha açıq gözlə baxa bildiklərini sübut edir.
***
Tamaşa o zamana qədər Azərbaycan səhnəsində
qarşılaşmadığımız maraqlı və qeyri-adi səhnə tərtibatı ilə də diqqət çəkirdi. Eyni zamanda, musiqilər,
rəqslər səhnədə
dinamik enerji, hərəkətlərlə mətnin
harmonik sintezini yaradırdı. Arxa fonda iri
monitorlarda göstərilən
animasiyalarla aktyorların
və balet artistlərinin sinxron şəkildə canlandırdıqları
gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların
oyunu ilə ekrandakı hadisələrin
möhtəşəm sintezi,
həm də sənət ocağının
səhnəsində daha
bir yenilik idi.
Tamaşanın bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq
müsabiqələr laureatı
Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli,
xoreoqrafı Rusiyanın
Əməkdar incəsənət
xadimi, dünya şöhrətli baletmeyster
Sergey Gritsay, baletmeysterləri
Əməkdar artistlər
Zakir və Yelena Ağayevlər, səhnə
üçün işləyəni
Azərbaycan Yazıçılar
Birliyinin katibi, şair, yazıçı-publisist
İlqar Fəhmidir.
Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırırdılar. Digər rolları əməkdar artistlər Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirdilər.
***
Gəzdiyi heç bir planetdə istədiyi, gözlədiyi həyatı görməyən Balaca Şahzadə onların hamısından çox məyus ayrılır. O, böyüklərin dünyasını belə təsəvvür etmirdi. Bəlkə də ən yaxşısı özünün saf, qayğısız, təmiz dünyasında çiçəyini sevməklə məşğul olmaqmış...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 16 mart.- S.14.