Cəfər Cabbarlı irsi:
yaradıcılıqda üslub xüsusiyyətləri
Bu ilin mart ayında Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük şair,
yazıçı və dramaturq Cəfər Cabbarlının
anadan olmasının 120 illiyi tamam olur.
Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci
il tarixli Sərəncamı ilə ədəbiyyatımızda
unikal fakta çevrilmiş Cəfər Cabbarlının 120
illiyi ölkəmizdə geniş şəkildə qeyd ediləcəkdir.
Əlbəttə, Prezident İlham Əliyevin
imzaladığı dövlət sənədi uzun əsrlərin
tarixini yaşadan ədəbiyyat və mədəniyyətimizə
xüsusi diqqətin, həssas yanaşmanın növbəti
ifadəsi olmaqla bərabər, cəmi 35 il yaşamış
böyük bir ömrün yaratdıqlarına minnətdarlığın
nümunəsi kimi qəbul edirik. Sərəncamda C.Cabbarlı
- cəmi 35 il yaşasa da, xalqının
fikir tarixində əbədilik həkk edilmiş insan və
onun yaradıcılığı belə qiymətləndirilir:
"Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının
geniş şöhrət tapmış nadir
simalarındandır. Klassik ədəbi irs zəminində
yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini
qorumaqla bərabər, yenilik və müasirlik uğrunda
mübarizəni yaradıcılığının əsas
qayəsinə çevirmişdir. Dramaturgiyamızın
təşəkkülü və yüksəlişi tarixində
yeni mərhələnin təməlini qoyan Cəfər
Cabbarlının əsərləri milli teatrda mühüm
hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu
tamaşaçıların bir neçə nəslinin estetik
zövqünün formalaşmasında əvəzsiz rol
oynamışdır. Ədəbi-mədəni
proseslərin fəal qurucularından biri olaraq sənətkar
yaratdığı güclü xarakterlər və koloritli
obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr
vermişdir".
Bu,
böyük sənətkar ömrünə ali
dövlət sənədinin dili ilə verilən qiymətdir.
Cəfər Cabbarlının fenomenal
yaradıcılığı ilə tanış
olan hər kəs o yaradıcılıqda bədii həqiqətlərin
dolğun ifadəsini, zəruri mənəvi amilə
çevrilməsi prosesini görə bilər. Bu
elə bir amildir ki, ədibin yaşadığı dövrün,
həmin dövrə hakim ideologiyanın doğurduğu
baxışlara baxmayaraq, qabarıqlığı ilə
görünür.
1918-ci ilin martında daşnak-bolşevik silahlı birləşmələrinin
Bakı şəhərində və ona ətraf rayonlarda milli
və dini mənsubiyyətinə görə azərbaycanlılara
qarşı törədilən soyqırımı
aktının 19 yaşlı gənc şairdə
doğurduğu hisslər bütün bədii ifadə vasitələrinin
cızdığı mənzərədə canlı
görünür. "Dur, ey xar olan millət" adlı, mərsiyə
formasında yazılan həmin şeirdə Cəfər
Cabbarlı yaranmış vəziyyətdə
çıxış yolu göstərir:
Gülzari-vətən
soldu,
Millət
xari-zar oldu,
Hamı
payimal oldu,
Dur, ey xar olan millət.
Bir yanda ədu
cəllad,
Bir yan naləvü-fəryad,
Ol bu
zülmdən azad,
Dur, ey xar olan millət.
Əlçək
bu həqarətdən,
Qurtar bu əsarətdən,
Xar ol bu xəcalətdən,
Dur, ey xar olan millət.
Ümumiyyətlə
qeyd edək ki, onun yaradıcılığının ideoloji
yükü və bədii məziyyətləri haqqında
çox danışılıb, biz isə yazımızda Cəfər
Cabbarlının şeir və
yaradıcılığının əsasını təşkil
edən dramaturgiyasında deyil, onun hekayələrində diqqəti
xüsusi olaraq cəlb edən üslubi xüsusiyyətlər
haqqında söhbət açmaq istərdik. Bu
zaman böyük ədibin hələ gənc
yaşlarından Azərbaycan dilinə münasibətini
göstərən bir fakt barədə xatırlatma etməyimiz
lazım gəlir. Bu, gələcəyin böyük ədibinin
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunun arxivində saxlanılan cib dəftərçəsində
etdiyi kiçicik bir qeyd barədədir. Həmin qeydində
Cabbarlı yazır: "Dilimizdə olan ən kobud və
yaraşıqsız söz, ən gözəl yabançı
kəlmələrdən əziz tutulmalıdır". Etiraf edək ki, sonrakı bütün bədii və
publisistik yaradıcılığı müddətində Cəfər
Cabbarlı cib dəftərçəsindəki kiçicik
qeydinə sadiq qalmışdır.
Yazıçının yaradıcılıq
üslubunun mozaikası üçün onun hekayələrinə
müraciət etməyimizin səbəbini onunla izah etmək
olar ki, həmin hekayələrin qələmə alınması,
əsasən, formalaşmış nasirin qələmindən
çıxmışdır. Üstəlik, Cəfər
Cabbarlı bu hekayələrində nəinki mövzu
seçimi ilə, habelə həmin mövzuların təqdimat
dili ilə seçilir. Müəllifin "Aslan və Fərhad",
"Mənsur və Sitarə", "Əhməd və
Qumru", "Parapetdən Şamaxı yoluna qədər",
"Müfəttiş", "Çocuq", "Altun heykəl",
"Qara Qənbər", "Papaq", "Firuzə" və
digər hekayələrinin hər biri ictimai məzmun
daşıdığından ədəbi dilin sərhədləri
daxilində funksional üslublar şəbəkəsini
yaradır. Cəfər Cabbarlının hekayələrində
diqqəti daha çox cəlb edən cəhət, ilk növbədə,
yazıçının nəsr dilinin xalqa daha da
yaxınlaşdırması ilə səciyyəvidir.
"Böyük bir şəhərin ən qaranlıq və
tənha küçələrindən birində olan
kiçik, birmərtəbəli evdə iki qardaş, bir
bacı yaşayırdı. Qardaşlardan biri on
altı yaşında Fərhad, o birisi iyirmi altı
yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir
qız idi. Bu kiçik ailədə baş verən
və vaxtilə mənə söylənilən olduqca mütəəssir
bir hadisə mənim qəlbimi sıxdığı
üçün bu hadisəni möhtərəm oxuculara
söyləməklə onları da öz dərdimə şərik
etmək fikrindəyəm".
Yazıçının ilk hekayələrindən olan
"Aslan və Fərhad" bu cümlələrlə
başlayır və müəllifin seçdiyi təhkiyə
üsulunda təqdim edilən hekayətin öz oxucusunu ilk
cümlələrdəncə hadisələrin sonuna qədər
arxasınca aparacağına, onları "öz dərdinə
şərik edəcəyinə" şübhə
qalmır. Beləcə, hekayənin başlanğıcından
tipik bir ailənin yaşadığı və
yaşayacağı faciələrinin nəqli davam edir, oxucu
müəllifin nə vaxtsa şahidi olduğu, "güzəranın
ağırlığından köçüb şəhərə
gəlmiş" bir ailənin qandonduran taleyi ilə
bağlı söhbətə beləcə qulaq kəsilir.
Birmənalı demək olar ki, Cəfər Cabbarlı bu
hekayəsini qələmə aldığı vaxtdan çox
sonra, Azərbaycan Yazıçılar İttifaqının I
qurultayında gənc yazıçı və dramaturqlara
tövsiyə edəcəyi "ədəbiyyatda tipiklik"
prinsipinə sadiqdir. Ona görədir ki, hekayənin başladığı
məqamdan yazıçının təqdim etdiyi əhvalat
oxucuya tanış gəlir: bu, cəmiyyət
üçün tipik olan hadisədir. Ona görədir ki,
hekayə öz oxucusunu sonacan baş verən hadisələrin
mərkəzinə atır: "Bir nəfər nifrətə
şayan olan zalımı ucaldıb bütün arzuların
fövqünə yetirdi, amma digər əhli vicdan, pak və
müqəddəs bir şəxsi xar edib ayaqlar altına
saldı, hər tərəfdən onu fəlakət
buludları çuğladı, o qədər o biçarəni
əzdi ki, axırda onu ya intihara, ya qeyri bir tövrlə
canını həyatın əzablarından qurtarıb qara
torpaq altına girməyə məcbur etdi". Hekayənin
dili canlı, canlı olduğu qədər də cazibədardır
və həmin cazibə sonacan oxucuya yoldaşlıq edir.
Ümumiyyətlə, "Aslan və Fərhad"da dil
vasitələrindən yerli-yerində istifadə olunsa da,
burada hələ fərdi üslub elementləri qabarıq
görünmür. Əvəzində, yenicə formalaşan Azərbaycan nəsri
üçün xarakterik keyfiyyət almış bədii təsvir
və ifadə vasitələrinə müraciət edildiyinin
şahidi olmaq mümkündür: burada sözün poetik
funksiyası ən çox bədii təsvir və ifadə
vasitələrində - məcazlarda özünü göstərir.
Ona görədir ki, epitet, təşbeh, metaforanın
yaratdığı imkanlardan hər məqamda yararlanan bir
söz rəssamının yaratdığı tablo ilə
üzbəüz qalırsan: "Gözəl yay gecəsi idi.
Hava sakitdi. Ay çıxıb
bütün aləmi müzəyyən bir ziyailə münəvvər
etmişdi. Bağda olan meynələr öz
yarpaqları ilə yumşaq qumun üstünü
örtmüşdü. Təbiət olduqca
gözəl bir mənzərə almışdı.
Gülzar ipək bir köynək geymiş,
döşünü açmış və gecənin lətafətindən
məftun olaraq, bağın içində zərif yarpaqlar
arasında bir quş misalı həzin bir
halda gəzişirdi. Uzun, şəvə
saçları gəlinlərə məxsus şux çiyinlərini
qara bulud kimi bürümüş və əsən xəfif
küləkdən arabir ləpələnirdi. Hava gözəl olduğundan Gülzarın
yanaqları daha da xoşrəng olub duru-al bir rəng
almışdı" ("Aslan və Fərhad").
Hər bir yazıçının üslubu onun
ümumxalq dilindən, dil vasitələrindən necə bəhrələnməsi
ilə ölçülür və bu üslub onun
dünyagörüşü ilə ifadə formasından
meydana gəlir. Onu isə hökmən xatırladaq ki,
dil, fikrin ifadə vasitəsidir. Ona görə
də ədəbiyyat nümunələrinin üslubi
xüsusiyyətləri haqqında danışarkən
"müəllifin dili" ifadəsi "müəllifin
üslubu" ilə sinonim olaraq işlədilir.
"Hər tərəfdə ağaclar, sərvlər,
çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə
əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın
ortasında bir hovuza dörd balıq buraxılmışdı
ki, duruluğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri
ilə şad üzürdülər. Suyun
zərif şəfəqləri hovuzu əhatə edən
yaşıl ağacların üstünə düşüb
keçəndə, ildırıma bənzədiyi
üçün, bu lətafətə tamaşa edən
qüvveyi-bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər
açılıb səhneyi-asimana baxıb gülürdü.
Xəfif əsən hava ney kimi
bülbülani xoşəlhanın həzin nəvasına
qatışıb, mahir bir musiqişünasın belə
çala bilməyəcəyi lətif havalar
çalırdı" ("Mənsur və Sitarə").
Bu sətirləri oxuyarkən bədii ifadə vasitələrindən
bəhrələnən söz sənətkarının
görüb də təsvir etdiyi mənzərənin gözəlliyindən
ayrıla bilmirsən. Bu bədii üslubun yaratdığı
ovqatdır və oxucu heç də fərqində olmur ki,
sintaktik fiqurların yaratdığı mənzərəni
seyr edir. Maraqlı cəhət isə ondan
ibarətdir ki, bütün bunların yaradıcısı gənclik
illərinin ilk mərhələsində yaşayıb-yaradan Cəfər
Cabbarlıdır. İllər
ötdükcə oxucular yazıçının hekayələrində
dəyişən mövzu rəngarəngliyi ilə bərabər,
əsərlərində həkk olunmuş fərdi
üslubunun da formalaşmasının şahidi olacaqlar. Bu həmin "üslub formalaşması"dır
ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanın
fəlsəfi fikrində yer tutmuş filosof-tənqidçi
Asif Əfəndiyev onu ədəbi əsərin əsas elementlərindən
biri olduğu qənaətinə gələcək. Həmin
qənaət isə belə səslənirdi: Ədəbi əsər
"yalnız müəyyən estetik idealı yox, eyni zamanda,
yaradıcı şəxsiyyəti, onun mənəvi aləmini
bədii şəkildə təsdiq edir".
Cəfər Cabbarlının mənəvi aləminin və
həmin aləmin ifadəsi olan hekayələrinin getdikcə
püxtələşmiş dilini ötən əsrin 20-ci illərində
izləmək mümkündür. Həmin illərdə qələmə
aldığı "Parapetdən Şamaxı yoluna qədər",
"Müfəttiş", "Çocuq", "Altun heykəl",
"Qara Qənbər", "Papaq", "Firuzə" və
digər əsərlərində görmək olur. Yeri gəlmişkən, həmin dövrlərdə
yazıçının bədii üslubunda dəyişən
leksikasında epitet, təşbih və metaforadan əlavə,
satiranın ifadə forması olan kinayə, mətnaltı mənalarla
dolu sözləri də açıq-aşkar görmək
mümkündür.
"Yağır yağsın, axır kəsər; tələsməyin
lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün
deyildi: ələlxüsus, ona görə ki, köpüklənib
qıjıltı ilə axan zəhmli sellər sanki aləmə
daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl
çəkdiyini xəbər verir və hazırda millətlərin
öz müqəddəratını təyinetmə
hüququnun darmadağın edildiyi bir etinasızlıqla
küçələrə gəmirirdi. Şəhərdə
gəzən yapıncılı süvarilər sel
axımında vəcdə gələrək güllə
atır və qara camaatı təbii fəlakətdən daha
betər dəhşətə salırdılar".
Gətirilən
nümunə "Parapetdən Şamaxı yoluna qədər"
hekayəsindəndir və hesab edirik ki, əsərin dili
"Aslan və Fərhad"dan, "Mənsur və Sitarə"dən
nəzərə çarpacaq dərəcədə fərqlənir.
Əminliklə və birmənalı demək
olar ki, dəyişən ancaq nasirin dili deyil, mətnaltı mənalarla
dolu ürəyin boşalmasıdır. "Bircə
çarəmiz qalırdı: redaksiyada gecələmək. Özümüzü köhnə qəzet
qalıqlarından rahat yatacaq düzəltməyə
başladıq. Ancaq hər şeyə
şəxsi münasibətləri olan qadınlar (redaksiya həmkarlarımız)
buna qəti etiraz edib bildirdilər ki, özlərini
Bakını basmış dəniz və okean sularına
atarlar, amma azad mətbuat üstündə yatmazlar. Biz əslində, bütün aləmdən ayrı
düşmüşük və yalnız bir vasitəmiz var
idi - telefon. Nazirlərdən başlamış tanış faytonçuya qədər
yaxınlarımızda yaşayan bütün dostlara zəng
vurduq. Lakin bütün diplomatlar kimi, bizim də diplomatik
danışıqlarımızın nəticəsi qətiyyən
müsbət olmadı: birisinin elə indicə avtomobilinin təkərləri
partlamışdı, digərinin elə bu saat ayağı
burxulmuşdu, üçüncüsünün sevimli
qayınanası "ispanka" xəstəliyinə
tutulmuşdu, dördüncüsü isə təzə təşkil
edilmiş hökumət tərkibinə nazir təyin
olunmuşdu və özünə münasib ərazi tapa bilməyən
hökumətin "xüsusi ərazi" düzəltməkdən
ötrü torpaq sahəsi icarəyə götürmək
hayına qalmışdı" ("Parapetdən
Şamaxı yoluna qədər").
Burada işlədilən sözlərə yeni məna
vermək, ona emosional çalarlıq gətirmək və
bunları müxtəlif formalarda, müxtəlif məqam və
vəziyyətdə işlədildiyinin şahidi oluruq. Müəllif,
həmçinin, sözlərin məcazi məna kəsb etməsinin
qayğısına qalmaqla obrazlılığn yaranmasına
ustalıqla nail olur.
"Təhlükəli sahəyə təzəcə
girmişdik ki, hərbi paltar geyinmiş iki nəfər
faytonumuzun qabağını kəsdi. Bizə "təklif"
etdilər ki, onları da öz faytonumuzda o biri sahilə
keçirək, çünki bizim üçün qan
axıdıblar. Cəngavərlərdən qan qoxusundan
çox spirt iyi gəldiyinə baxmayaraq, biz onların
sözünə inanmalı və faytonun pilləsinə
çıxmalarına razılıq verməli olduq. Hərçənd, bizim icazəmiz olmadan, özləri
artıq bunu etmişdilər" ("Parapetdən
Şamaxı yoluna qədər").
Cəfər Cabbarlı bu məqamda da sözlərin seçimi, ifadələrin işlədilməsi baxımından məharətlə öz sözünü deyir, hədəfə yönəltdiyi atmacaların çatdırılmasını bacarır. Etiraf edək ki, Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, ədəbiyyatda az-az yaradıcı insanların müraciət edərək də uğur qazandığı manevrdir. Ümumiyyətlə, bədii söz anlayışının mahiyyətini oxşar manevrlərdə axtarmaq lazım gəlir.
Böyük nasir və dramaturq olan Cəfər Cabbarlının hekayələri təəssüf ki, tədqiqata kifayət qədər cəlb edilmədiyindən, onun üslubunun xarakterik cəhətləri dilçiliyimiz üçün hələ tam açılmayıbdır. Hesab edirik ki, tədqiqatçılar bu istiqamətdə öz sözlərini deyəcəklər.
Cəfər Cabbarlı, birmənalı olaraq, öz məzmunlu yaradıcılığı ilə haqlı olaraq təkcə Azərbaycan ədəbiyyatında deyil, Azərbaycan xalqının mənəvi dünyasında öz yerini tutmuş söz adamıdır. Onun anadan olmasının 120 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Prezidentimizin Sərəncamı isə Azərbaycan ədəbi tənqidi, dilçiliyi qarşısında yeni vəzifələr qoyur və hesab edirik ki, həmin vəzifə hər birimiz üçün borc məsələsidir.
Mahirə HÜSEYNOVA
Filologiya üzrə elmlər doktoru, professor,
ADPU-nun Filologiya fakültəsinin dekanı
525-ci qəzet.- 2019.- 19 mart.- S.6.