Nikolay Doroxov:
"Azərbaycanda balet sənəti əmin
əllərdədir"
Artıq bir neçə ildir ki, respublikada
xoreoqrafiya sənəti
sahəsində ardıcıl
və səmərəli
islahatlar aparılır,
həm ölkə, həm də beynəlxalq səviyyəli
tədris-yaradıcılıq layihələri həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamı
ilə yaradılmış
Bakı Xoreoqrafiya Akademiyası qeyd olunan işlərin lokomotivi olmaqla yanaşı, yarandığı
gündən təkcə
xoreoqrafiya sahəsinə
deyil, həm də mədəniyyət
və incəsənətin
bir çox sahələrinə töhfələr
verməkdədir. Əlbəttə
ki, bu töhfələr
və nailiyyətlərə
beynəlxalq təcrübənin
öyrənilməsi, tətbiq
edilməsi, xarici sənət müəssisələri
və mütəxəssisləri
olmadan az
bir müddət ərzində nail olmaq çətin olardı.
Məhz
bu səbəbdən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinin,
şəxsən rektor,
Əməkdar elm xadimi,
professor Timuçin Əfəndiyevin
təşəbbüsü ilə akademiyanın 4 il aktiv fəaliyyəti
ərzində beynəlxalq
sənət arenasında
tanınmış 17 mütəxəssisin
ustad dərsi təşkil edilərək,
bu sahədə müvəffəqiyyətlər əldə edilib, ustad dərslərinin bir çoxları həm akademiyanın, həm də ölkənin ictimai-mədəni
həyatında mühüm
hadisəyə çevrilib.
Bakı
Xoreoqrafiya Akademiyası
bu dəfə tələbələrə ustad
dərsi keçmək,
müəllimlərlə təcrübə
mübadiləsi aparmaq
üçün Rusiyanın
tanınmış balet
artisti və solisti, "Bolşoy Teatr"da 20 il səhnə fəaliyyəti,
Moskva Dövlət Xoreoqrafiya Akademiyasında isə klassik və duetli-klassik rəqs üzrə 25 il pedaqoji stajı
olan Nikolay Doroxovu dəvət edib.
N.Doroxovun bu barədə fikirlərini təqdim edirik.
- Cənab Doroxov, Sizi Bakıda, Xoreoqrafiya Akademiyasında görməkdən məmnunuq.
Bildiyimiz
kimi, bu Azərbaycana ilk səfərinizdir.
Təəssüratlarınız bizə maraqlı
olardı.
- Əvvəla onu
qeyd edim ki, Azərbaycan haqqında çox eşitmişəm. Lakin eşitdiklərim və burada əyani şəkildə
gördüklərim arasında
xeyli fərq var. Xalqınızın qədim
tarixi, mədəniyyəti,
zəngin adət-ənənələri
olmaqla yanaşı, şahidiyəm ki, onu müasirlik ruhu da heç
zaman tərk etmir. Paytaxt Bakıda, Azərbaycanın
digər tarixi-mədəni
yerlərində, dilbər
guşələrində gördüklərim
məni həm valeh etdi, həm
də yaradıcı bir insan kimi
ilhama gətirdi. Yəqin bilirsiniz ki, baletlə məşğul
olan hər bir kəs təbiətlə
daim ünsiyyətdə
olur. Azərbaycanın coğrafi şəraiti,
dağları, çayları
və əlbəttə
ki, Xəzər dənizi yaradıcı insanlarda canlı obrazlar yaradır. Heç şübhəsiz ki, Qarayev, Əmirov, Məlikovun əsərləri,
xüsusilə də baletlərinin ərsəyə
gəlməsində təbii
istedadla təbii mühitin qarşılıqlı
əlaqəsinin böyük
rolu olmuşdur.
- 280 illik tarixi olan
rus balet məktəbi dünyanın
ən qocaman və zəngin sənət ənənələrinə
malik bir yaradıcılıq mücəssəməsidir.
Bu məktəbin nümayəndəsi olmağın
yəqin ki, ayrıca məsuliyyəti
var. Bu haqda nə deyə bilərsiniz?
- Şübhəsiz ki,
rus balet məktəbi qocaman olmaqla yanaşı, bu gün də
dünyanın ən qabaqcıl və nüfuzlu sənət məktəbidir. Bildiyiniz kimi, Rusiyada balet, rəqs və ümumiyyətlə,
xoreoqrafiya təmayüllü
ali və orta ixtisas təhsil
müəssisələri kifayət
qədərdir, lakin klassik qanunlara sadiqliyi və konservativliyi ilə seçilən A.Y.Vaqanova adına Rus Baleti Akademiyası və klassik ənənələrlə yanaşı,
müasir sənət
prosesinin nəbzini tuta bilən Moskva Dövlət Xoreoqrafiya Akademiyası bu sahədə liderliyini qoruyub saxlamaqdadır. Rus balet Akademiyası
mənim üçün
bir sənət məbəddir və onun tərənnüm etdiyi hər bir nümunə klassik ənənələrə
sadiq qalan hər bir kəs
üçün qanundur.
Bu məktəbin məsuliyyəti mənim peşəkar fəaliyyətimdə,
uğurla oynadığım
rollar və partiyalar, əldə etdiyim nailiyyətlərdə
öz əksini tapır.
- Bəs təhsilinizi harada almısınız?
- Mən Moskva Dövlət Xoreoqrafiya Akademiyasının və
QİTİS kimi tanınan
Rusiya Teatr Sənəti İnstitutunun
məzunuyam. A.Prokofyev, P.Pestov, L.Jdanov
kimi professional müəllimlərimə
sonsuz minnətdaram ki, balet sənətinin
sirlərini mənə
təhsil aldığım
müddət ərzində
öyrədib, aşılaya
bilmişlər. Aldığım baza təhsili, təbiətin verdiyi istedad və əzmkarlıq nəticəsində
balet artisti kimi yetişdim.
- Peşəkar səhnəyə
gəlişiniz necə
oldu?
-
1976-cı ildə məzun
oldum və nailiyyətlərim nəzərə
alınmaqla "Bolşoy
Teatr"a balet artisti vəzifəsinə
qəbul olundum. Bir müddət sonra teatrın repertuarına uyğun olaraq əsas partiyaların ifaçısı kimi balet solisti kimi
fəaliyyətə başladım.
20 il ərzində Bolşoy Teatrın səhnəsində ilk dəfə
səhnələşdirilmiş "Eşqlə eşq naminə" baletində,
daha sonra "Qusar balladası",
"Çippolino", "Hind poeması", "Daş
gül", "Balaca
şahzadə", "İvan
Qroznı", "Yeniyetmə"
və digər baletlərdə aparıcı
rollarda çıxış
etmişəm. 1982-ci ildə
Bolşoy Teatrın Özbəkistanda qastrol səfəri zamanı Özbəkistan Respublikasının
Əməkdar artisti fəxri adına
layiq görülmüşəm.
Bu, fəxri adların
çətinliklə verildiyi
zamana təsadüf etdiyinə görə sevincimin həddi-hüdudu
yox idi. Ümumiyyətlə qeyd etməliyəm ki, mən xoşbəxt balet artistiyəm: səhnədə görkəmli
balerina Yekaterina Maksimova ilə bir tamaşada çıxış etmək,
tanınmış balerina
Lyudmila Semenyakanın tərəf
müqabili olmaq hər kəsə nəsib olmur. Bu baxımdan bəxtim
gətirib.
- Pedaqoji fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Pedaqoji fəaliyyətim əsasən Moskva Dövlət Xoreoqrafiya Akademiyasında olub. Burada 10 il
ərzində müəllim
vəzifəsindən kafedra
müdirinin müavini
vəzifəsinə qədər
yüksəldim, bir neçə nəsil balet artisti yetişdirməyə
müvəffəq oldum.
Pedaqoji fəaliyyətimin səmərəliyi
səbəbindən xaricə
tez-tez dəvət alırdım. Odur ki, bir müddət Seuldakı Koreya Milli Balet məktəbində
və Pekin Rəqs Akademiyasında çalışmışam.
- Bu cür nailiyyətləri olan bir balet
artistinin quruluşçu-xoreoqraf
kimi fəaliyyəti də maraqlıdır.
- Bəli, haqlısınız.
Bu baxımdan ən məhsuldar və xoş əks-sədaya səbəb
olmuş işim dünya şöhrətli
xoreoqraf, Rusiya Federasiyasının Xalq artisti Yuri Qriqoroviçin
"Daş gül"
baletinin quruluşunda ustadın assistenti qismində çıxış
etməyim və həmin əsərin
2017-ci ildə Mariinsk Teatrında səhnəyə
qoyulmasında bilavasitə
iştirakım olub.
- Məlumdur ki, fevralın 18-dən Siz Bakı Xoreoqrafiya Akademiyasında 40 günlük
ustad dərslərinə
başlamısınız və
bu gün də bu ustad
dərsləri uğurla
davam edir. Akademiya haqqında fikirləriniz maraqlıdır.
- Ümumiyyətlə, xoreoqrafiya
sənəti üzrə
Şərqdə ilk çoxpilləli
unikal təhsil və sənət ocağı olan Bakı Xoreoqrafiya Akademiyasında olmağım,
buradakı professor-müəllim
və şagird-tələbə
heyətləri ilə
ünsiyyətə görə
akademiyanın rəhbərliyinə
dərin təşəkkürümü
bildirirəm. Bir tərəfdən
yüksək qonaqpərvərlik
mədəniyyətiniz, digər
tərəfdən akademiyada
yaradılmış tədris-yaradıcılıq
mühiti burada təlim-tərbiyə prosesini
də asanlaşdırır.
Müəllimlərinizin peşəkarlığına
söz ola
bilməz. Lakin müasir dövrün
tələbləri mütləq
nəzərə alınmalıdır.
Akademiyanızın dostu olaraq arzu edərdim ki, burada klassik
rəqs dərslərinə
diqqət daha da artırılsın və fənn müəllimləri aparıcı
müəssisələrdə stajçəkmə və
ixtisasartırma kurslarına
mütəmadi olaraq qatılsınlar. Bu, həm müəllimlərin,
həm də onların şagird və tələbələrində
özünü büruzə
verəcək. Tələbələriniz isə məncə, bir qədər də əzmkarlıq və çalışqanlığını
artırmalıdır. Bununla belə, xüsusi istedada malik tələbələriniz
də az
deyil. Ustad dərsləri və
metodiki təlimlər
zamanı həm müəllimlərin, həm
də tələbələrin
fəallığı xoreoqrafiya
sənətinə böyük
marağın olduğundan
xəbər verir.
Bir də, nailiyyətlərinizin daha
çox olması üçün dövlətin
dəstəyi və yaxından iştirakı da vacibdir: uzağa
getmədən bu yaxınlarda fəaliyyətə
başlamış Qazax
Milli Xoreoqrafiya Akademiyasında olduğu kimi, tələbələrin
yaradıcılıq laboratoriyası
olan tədris teatrı, yataqxana və yeni tədris
korpusları inşa edilib istifadəyə verilsə müəllim-tələbə
fəaliyyəti daha məhsuldar və geniş olar. Ən əsası, burada olduğum müddət ərzində anladım ki, Bakı Xoreoqrafiya
Akademiyası timsalında
Azərbaycanda balet sənəti əmin əllərdədir.
Əbülfəz BABAZADƏ
BXA-nın İnformasiya və
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
525-ci qəzet.- 2019.- 19 mart.- S.8.