İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

 

 

 

İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

ERMƏNİ MƏSƏLƏSİNDƏ RUS SİYASƏTİ

Məlum olduğu vəchilə Çarlıq Rusiyası əski Osmanlı İmperatorluğu daxilindəki “Erməni məsələsi”nin həllində daima mütəşəbbis olmuşdur. Rusiyanın təşəbbüsü ilə 1913 sənəsində İngiltərə, Almaniya, Avstriya, İtaliya, Fransa və Rusiya mürəxxəslərindən mürəkkəb beynəlmiləl bir komisyon təşəkkül etmiş və bu komisyon “islahat projesini” müzakirə etmişdir. Rusiya tərəfindən təklif edilən şu “islahat”ın hədəfi Osmanlı İmperatorluğunun Şərq vilayətlərində bir Ermənistan məntəqəsi ihdas etməyə (yaratmağa) mətuf idi. Məzkur vilayətlər Ərzurum, Van, Bitlis, Diyarbəkir, Harput və Sivasdan ibarət idi. Bu məntəqə bir xristiyan valiyi-ümumi tərəfindən idarə olunuyor. (Valinin Avropalılardan olması mürəccəh (üstün) tutuluyor) Əlavə olaraq proje xüsusi bir məhkəmə, polis və jandarma təşkilatı yapmayı təsəvvür ediyor və bunların idarəsini dəxi Düvəli Müəzzəmə zabitlərinin əlinə təslimini düşünüyordu.

Kəndi məmləkəti daxilində yabancı bir “dövlət” təsisindən ibarət olan bu projeyə Osmanlı Dövləti zəifcə müqavimət ediyordu. İştə bu zəif nəticəsi olaraq 8 şubat 1914 tarixində Rusiya ilə Türkiyə arasında hər iki tərəfi “məmnun” edəcək bir müqavilə imzalandı.

Hərbi Ümumi, bittəbii Ermənistanın səadətini degil, yalnız “Asiyadakı tarixi və siyasi vəzifəsini təqib edən Çarlıq Rusiyasının şu mənhus planını pozdu. Boşeviklər tərəfindən nəşr olunan vəsaiqdən bilistifadə bu mütaleənin bir həqiqət olduğunu isbat edəcəgim:

İştə Rusiya xariciyə nazirinin London və Paris səfarətlərinə kəşidə etdigi 17 nisan 1915 tarixli teleqrafı: “Erməni ricali siyasilərindən Rusiya təbəəsi Doktor Zavriyev bizcə ən iyi bir tanınmış şəxsiyyətdir. O, İngiltərə və Fransaya mütəvecühən (üz tutan) səyahət ediyor. Məqsədi səyahəti Ermənistan məfkurəsinin qövldən feilə isalı (çatdırmaq) üçün məzkur məmləkətlərin hökumətləri nəzdində təşəbbüsdə bulunmaq və əfkari-ümumiyəyi tənvir etməkdir (işə salmaqdır). O - Zavriyev kəndisini məhafili siyasiyə ilə tanışdırmaq və ona hər növi müavinət və himayə edilməsini rica eylər”.

“Ermənistan məfkurəsi”nin mahiyyəti bizcə bəllidir. Lakin bu bildiklərimizi tövsiq etmək üçün məhut (dost) Zavriyev tərəfindən Parisdəki rus səfiri İzvolskiyə təqdim olunan “Xatirat Notları”nı burada qeyd etmək faydadan xali olmaz. Zavriyevin ifadəsincə yazılar Rusiya xariciyə nəzarəti ilə yapılan mülaqatın bir nəticəsidir (7 may 1915 tarixli Rus səfiri İzvolskinin xariciyə nəzarətinə kəşidə etdigi teleqrafa diqqət edilə).

Zavriyev yazıyor ki: “Rus hökuməti, Düvəli-Müəzzəməyə Türkiyə daxilində Rusiya, İngiltərə və Rusiyanın himayəsi altında olmaq üzərə, muxtariyəti idarəyə malik bir Ermənistan təşkilini təklif etmək təsəvvüründə bulunuyor. Ermənistan hüdudu sadə Erməni vilayətlərini degil Ağ dənizə müdhəl olmaq üzrə Mersinə qədər uzanacaqdır. Müstəsna olan yalnız İskəndərun körfəzi ilə Yumurtalıqdır”.

Eyni teleqraf bu Poqos Nubar Paşa tərəfindən Londondakı Rus səfiri Benkendorfa çəkilmişdir. (10 temmuz 1915 tarixli Benkendorfun Sazonova teleqrafı) Rus səfirləri İzvolski və Benkendorf görüləcəgi vəchilə, erməni mürəxxəslərinə tamamilə də etimad etməyərək, təhqiqat üçün Peterburqa müraciət etmişlərdir.

17 Mayıs 1915 tarixli teleqrafında İzvolski: “Erməni mürəxxəsləri tərəfindən tənzim qılınan proğram zati aliləri tərəfindən təsvib edilmişmi? Nə dərəcəyə qədər, bən onları iltizam edə bilirəm?” - diyor və “bu xüsusda məlumat ifasını lütfən” rica ediyor. London səfəri Benkendorfun 15 temmuz 1915 tarixli teleqrafında da erməni mürəxxəslərinə eyni ədəmi etimad seziliyor.

İştə Sazonovun İzovskiyə çəkdigi teleqraf (18 may): “Erməni mürəxxəslərilə müdaviləyi-əfkar yalnız ümumi surətdə cərəyan etmişdir. Zavriyevə heç bir günə qəti proğram göstərilməmişdir. Kilikiyanın müstəqbəl (gələcək) Ermənistana ilhaqını ermənilər şiddətlə arzu etdikləri zaman cavabən: “Biz, orada Fransa nüfuzu hökmü-fərma olduğu üçün, bu xüsusda sizi iltizam etmək imkanında degiliz” deyilmişdir. Sazonov 20 temmuz tarixilə Londondakı rus səfiri Benkendorfa da atidəki teleqrafı kəşidə etmişdir. “Çar hökuməti tərəfindən muxtariyətli Ermənistan məntəqəsi təşkili üçün qəti bir qərar verilmədigi kibi, əvvəliyatda cərəyan edən müzakirat ümumi bir mahiyyətdə vüqu bulmuşdur”.

Nəticə etibarilə rus hökumətinin erməni ricalını sadəcə aldatdığı təbəyyun (aşkar) ediliyor. “Zira” cərəyan edən müzakiratın ümumi bir mahiyyətdə olduğu bilxassə qeyd olunuyor. Bunun sadə aldadılmaqdan başqa bir şey olmadığı məlumdur. İzvolski kəndi hökumətinin təlimatnaməsini bu surətlə anlamış və atidəki teleqrafı Peterburqa kəşidə etmişdir: “Parisə vürud edən Doktor Zavriyev və Poqos Nubar Paşa Fransa ərkani-hökuməti, siyasi ricalı və mətbuat ərkanı ilə yapdıqları mülaqatlardan aldıqları intibatlarına (təəssüratlarına) dair daima bənə məlumat veriyorlar. Məqsədləri məhafili-siyasiyə və əfkari-ümumiyyəyi Kilikiya məsələsinin erməni millətinin arzusuna müvafiq həll olunmasına iqna (razı) etməkdir. Teleqrafınıza binaən (18 may) bəndəniz Zavriyev və Nubar Paşanın arzularına müvafiqət etməkdən diqqətlə imtina etdigini arzui-müsarəət (açıq arzu) eylərəm”.

Şu surətlə görüyoruz ki: 1) Rusiya Çar hökuməti, erməni mürəxxəslərinin (nümayəndələrinin) göstərdiyi hüdud daxilijndə muxtariyətli Ermənistan məntəqəsi təşkilini kəndi müttəfiqlərinə təklif edəcəgini əvvəlcə vəəd etmiş, şu məqsədlə də Zavriyevi Paris və London səfərlərinə təqdim və tövsiyə eyləmişdir. (Belədə zikr olunan 17 nisan tarixli teleqraflara və Zavriyevin İzovskiyə yazdığı məktublara diqqət)

2) Tam bir ay sonra eyni Rusiya hökuməti London və Paris səfarətlərini iqaz (gözünü açma) ilə erməni mürəxxəslərilə vüqu bulan mülaqat və müzakiratın “ümumi bir mahiyətə haiz olduğunu” qeyd ediyor. Binaənileyh rus səfirləri (ba-xüsus İzvolski) erməni mürəxxəslərinə müzahirət (yardım) etməkdən etiraz ediyorlar (18 may tarixli İzvolskinin teleqrafına diqqət).

Fəqət Rusiya ricalı vəd etdikləri dikplomasi müzahirətindən imtina etməklə bərabər, zahirən erməni millətinin arzuları ilə mütəhəssis (hazırlıqlı) görünməklə “göz boyamayı” da ehmal etmiyorlardı. Şunu da qeyd etmək lazım gəliyor ki, erməni mütəxəssasları Rusiya xariciyə naziri ilə halı müzakirədə ikən calibi diqqət bir vaqeə hadis olmuş ki bu da Rusiya ziraət naziri Krivoşeinin Sazonova bir məktub yazaraq (13 mart 1915) “məchul erməni məsələsini büsbütün” kənara ataraq rus köylülərini bər mötad (alışmış) Ermənistan təsmiyə olunan (Ermənistan adlandırılan) Aras və Fırat hövzələrinə, Ərzurum, Van və Bitlis vilayətlərinə nəql (daxil etmə) və iskan (məskən saldırma) üçün təşəbbüs etməsindən ibarətdir.

Diqqət buyurulsun, Rusiya ziraət nazirinin nəzərində təqərrür etmiş “Ermənistan” istilahı belə mövcud degildir. O Aras nəhri ilə Fıratın yuxarı qisimlərindən bəhs ilə bu yerlərin “bər mötad Ermənistan” deyə təsmiyə edilməsindən söz gəlişi olaraq bəhs ediyor. Krivoşenin Ərzurum, Van və Bitlis vilayətlərinə rus köylülərini iskan etmək təşəbbüsü Sazanovun erməni mürəxxəsləri ilə müzakirəsinə bittəbii “ümumi və akademik” bir şəkil veriyor. Filhəqiqə İngiltərə, Fransa və Rusiyanın təhti-himayəsində muxtariyətli Ermənistan təşəkkülündən eyni zamanda da buraya rus köylülərinin iskanı təşəbbüsündən ciddiyətlə bəhs olunamaz. Bu iki məfhum yekdigərini mütəqabilən rəkz edər.

Daha iləriyə gedəlim. Ermənistan hamilərinin hirs (acgözlük) və təməi (tamahkarlığı) rus ordusunun Türkiyə Vilayəti-şərqiyəsini istila etdikdən sonra büsbütün dəgişiyor. Rusiya hökuməti bu dəfə Ermənistan təşkili xüsusundakı qərarını tətbiqdə tərəddüd ediyor. Bu əsnada Asiyayi-səğiri (Kiçik Asiyanı) xüsusən Ermənistan məsələsində ixtisas kəsb etmiş Böyük Britaniya fövqəladə mürəxxəsi ser Mark Sykes imdada qoşuyor. O, Peterburqda İngilis səfiri ser Buxanan naminə 12 mart 1916 tarixi ilə yazdığı məktubunda Rusiya xariciyə nazirinin nəzəri-diqqətini cəlb ediyor.

Ser Mark Sykesin planları qayət mühüm olduğu üçün bu xüsusda bir az müfəssəl məlumat verməyi faydalı buluyoruz. O, yazıyor ki: “Erməni məsələsinin həlli bəlkə də a) Türkiyə hüdudunda Ermənistan hökuməti təşkil etmək, ya 2-ci bir Bolqarıstan yaratmaq kibi bir şey olur ki, daima Qafqasiyada fitnə və fəsad yuvası və yaxud həyata tətbiq edilməyəcək bir şey olur. Çünki ermənilər kürdlərə müqavimət etmək istedadına malik degildirlər; b) Beynəd Düvəl kontrol və bitərəf bir iradə təhdində Ermənistan hökuməti təsis etmək daimi bir fitnə, fəsad və “məsail” yuvası təsis etmək deməkdir ki, bundan da Almaniya hökuməti ər-gec kəndi mənfəəti üçün istifadələr təmin edə bilir. Sonundan Ser Mark Sykes Rusiya hökumətini tədhiş edərək diyor ki: “Əcəba neçün və kimlərlə, ermənilərləmi təşriki-məsai etmək təsəvvüründəsiniz??!” Bu sualını iradla Ser Mark Sykes “halı ibtidaidə bulunan Ermənistanı Rusiya himayəsinə verməklə rus siyasət sisteminə, Qafqasiya və İran inqilabçıları ilə daimi rabitə və əlaqədə bulunan pək müzirr “bir inqilab amili alıyorsunuz” diyor və Rusiya mənafei ilə erməni millətinin səadəti naminə Ermənistanın Rusiya ilə Fransa arasında atidəki şəkildə təqsim edilməsini təkilf ediyor:

1) Ərzurum, Van və Bitlis vilayətlərini əsgəri miqdar (hissə) erməni səkənəsilə (sakinləri ilə) bərabər Rusiyaya ilhaq etməli.

2) Fransa nüfus məntəqəsinə Ermənistan da daxil olmalı və burasında erməni milli məfkurəsinin qaynağı təşkil edilməlidir. Bu məntəqəyə “Zeytin, Hacin, Diyarbəkir, Sivas və sairə kibi şəhərlər daxil olmalıdır.

Ərzurum ilə Van vilayətlərinə gəlincə, Ser Mark Sykescə bu vilayətlər “Ermənistan tarixi milli”si nöqteyi nəzərindən heç bir gunə əhəmiyəti haiz degildir. Çünki buralarının “milli şərqiləri və ənənatı ermənilərcə unudulmuşdur” və məlum olduğu vəchilə “Kiçik Ermənistan, Qafqasiyanın mədəniləşmiş erməniləri ilə pək az mərbutdur və həqiqətən də onlarla müştərək bir şeyləri yoxdur”.

Erməni mürəxxəsləri Çar Rusiyasının himayəsinə hala istinad və onun yardımına ümid ediyorlar. Onlar ümid ediyorlar ki, yalnız Çarlıq Rusiyası böyük və müttəhid Ermənistan hökuməti təşkil edəcəkdir. Halbuki Mark Sykesdən əvvəl belə Rusiya, Ermənistanın bir hissəsini (yəni Kiçik Ermənistanı) Sivas, Harpud, Kisarna məntəqəsini fransızlara peşkeş çekiyordu. Bu hədiyyə İstanbul və boğazlar haqqında İngiltərə və Fransa ilə aralarında imzalanan müahidə müqabilində təminat qabilindən bir şey idi. İştə buna binaəndir ki, Sazonov, Rus Çarı İkinci Nikolaya “13 mart 1916 tarixli bir rapor təqdim etdi. Və bu rapor Çar tərəfindən təsvib edildi. 14 mart və 17 mart tarixində Sazonov, Ermənistanı təqsim etmək üçün bir layihə tənzim edərək Peterburqdakı fransız və İngiltərə səfirlərinə göndərdi.

Buraya qədər biz, rus xariciyə nazirinin layihələrindən bəhs etdik. Şimdi də bilümum rus hökumətinin Ermənistanı təqsim etmək üçün tərtib edilən layihələri xüsusundakı nöqteyi-nəzərini tədqiq edəlim. Baxalım, rus hökuməti erməni millətinə qarşı “tarixi vəzifəsi”ni nasıl ifa etmişdir.

Ermənilərin milli amalı rus Çarı tərəfindən ihanət tələqqi edilməsi, rus hökumətinin əxlaqından bir nümunədir. Fəqət bizcə əhəmiyətli olan şey rus nazirlərinin erməni məsələsində tutduqları yeni istiqamətlər xüsusundakı vəsaiqi tədqiq etməkdir.

30 mart 1916 tarixində heyəti-vükəla rəisi Ştiyumerin rəyasəti altında xüsusi ictima vaqe oluyor. Ruznameyi-müzakiratda Anadoluyu təqsim etmək məsələsi və məsələnin də mərkəzini təşkil edən Ermənistan məsələsidir. Sazonov orada əvvəlcə zikr etdigimiz Ermənistanın Rusiya və Fransa arasında təqsimi xüsusunda məruzatda bulunuyor. Məruzəyə kimsə etiraz etmiyor, hər kəs susuyor. Sazonov məruzəsini təsvib ediyor. Yalnız Qafqasiya valiyi-ümumisi mürəxxəsi Ermənistan təqsiminin Qafqasiya ermənilərinin etirazını mücib olacağını və müxalif bir propağandaya səbəbiyət vermək olacağını qeyd ediyor. Məzkur ictimain məzbətəsində (protokolu - qərarında) “xariciyə naziri işbu təqsimin ermənilərin məzhəbincə qruplara ayrılmalarından və məhəlli şəraiti-xüsusiyədən nəşət izah etdi deyilmişdir”. Heyəti-Vükəla ictimai xariciyə nazirinin təsəvvüratını eynilə təsvib etdi. 2 nisan 1916 tarixində rus bəhriyə naziri Şərqi Anadoluda rus hüdudu xüsusunda kəndi nöqteyi-nəzərinə aid bir təqrir (bəyanat) verdi. Bu təqrirində fövqüzzikr təqsimə iştirak etdiginin əsbabını “Erməni millətinin damarlarında axan qanın sükunətbəxş olmadığı” ilə izah ediyordu. 6 nisan 1916 tarixində hərbiyə naziri general Belyayev də xüsusi bir təqrirlə Ermənistanın təqsimində iştirak etdigini bildiriyordu. Yalnız Asiyayi-səğirdə fransızlarla həmhüdud olmaq onun xoşuna getmiyordu. Bunun da əsbabı (səbəbləri) yenə Ermənistan məsələsindən naşı idi. Təqrir pək uzun olduğundan biz yalnız mövzumuza aid olan qisimlərini ələ almaqla iktifa edəcəgiz (kifayətlənəcəgiz).

General Belyayev yazıyor ki: “Əgər Rusiya hər zamankı kibi kəndi hüdudi hökümranisində milliləşdirmə yəni ruslaşdırma siyasəti təqib edəcəksə Fransanın işğal etdigi yerlərdə yalnız istismar siyasəti təqib və əsri bir şəkli idarə təsisilə məhəlli muxtariyət bəxş ediləcəkdir və rus hökumətinin mənafei də qətiyən nəzəri-etibara alınmayacaqdır. Bundan maəda təsəvvür etmək mümkündür ki bir müddət keçdikdən sonra o (yəni Fransa) kəndi sahai-nüfuzunu Rusiya hüdudunda və Şimali İranda tövsi etmək üçün çalışmaq və şu təqdirdə muxtariyət və istiqlaliyət məfkurəsinin canlanmasına bilxassə ermənilər içərisində səbəb olacaqdır”.

Rusiyanın müstəqbəl Ermənistan haqqındakı siyasətini təsbit etmək müşküldür. Fəqət bu qədərini söyləmək olur ki, bu siyasət hər halda Ermənistan muxtariyat hərəkatına mane olmaqdır. Dahası var: Önümüzdə Sazonovun Qafqasiya valiyi-ümumisi (Nikolay Nikolayeviçə) yazdığı 27 həziran 1916 tarixli məktubu duruyor. Sazonov yazıyor ki: “Ordumuz tərəfindən böyük Ermənistanın işğalı və burasının Rusiya imperatorluğuna ilhaqı məzkur məntəqənin nə şəkildə idarə olunacağı məsələsini sıraya qoymuşdur”. Sazonov erməni məsələsinin tərzi-həlli xüsusunda 2 türlü cərəyan mövcud olduğunu qeyd ediyor: “Bunlardan biri erməni milliyyətpərvərinin Rusiya himayəsində muxtariyəti-tamməyə malik olmaq təmayülüdür ki, bizim tərəfimizdən 1913 sənəsində təklif olunan tənsiqata pək uyğun-dur. (Məqalənin başında bu xüsusdan bəhs edilmişdir) Digəri isə biləks ermənilərin siyasi əhəmiyətini düşürmək və sıfır dərəcəsinə endirmək və onları yerinə Türk İslamları iqamə etmək istəyən cərəyandır. (Qaliba rus bəhriyə nazirinin fikri də böylə imiş) Sazonov, bu cəırəyanların heç birisinə tərəfdar degildir. Zira ki “bunlardan heç biri Rusiya dövlətinin gərək daxili və gərəksə xarici siyasətinə müvafiq degildir”.

“Ermənilərə muxtariyatnamə verilməsinə gəlincə, xariciyə naziri diyor, unutmayalım ki, şimdilik rus ordusu tərəfindən işğal olunan böyük Ermənistanda ermənilər heç bir zaman əksəriyət təşkil etməmişlərdir. Ermənilərə muxtariyət vermək əksəriyəti əqəliyyətə tabe və əsir qılmaq deməkdir ki, bu surətlə böyük insafsızlıq yapılmış olur”. Məəhaza (bununla) Sazonov, ermənilərə müəyyən şərait daxilində muxtariyət verilməsinə tərəfdardır. Məsəla, “məktəb, kilisə, lisan və intixabat məsələsində yerli əhali ilə onlar arasında bir fərq gözətmək kibi”.

Sazonovun şu məktubuna Qafqas valisi Qranduq Nikolayeviç 16 temmuz 1916 tarixində cavab yazmış. Bu məktubun bütün möhtəviyatı (məzmunu) atidəki ifadədə mərkuzdur. “Erməni məsələsi şimdiki Rusiya imperatorluğu daxilində bənim qəti qənaətimə görə mövcud degildir. Hətta bunu xatırlamağa belə imkan buraxmamalıdır”. Anlaşılan Qafqasiya valisi düşünüyor ki, “Ermənistan muxtariyəti məsələsi bütün mövcud dəlailə (dəlillərə) binaən həyata tətbiq edilməyəcəkdir və o, Sazonovun ermənilərə “məktəb və kilisə istiqlaliyəti” verilməsi təklifinə tamamilə iştirak ediyor. Lakin lisan məsələsinə gəlincə “bütün dəvairi-rəsmiyədə rus lisanının tərcihini” tələb ediyor.

İştə Ermənistan muxtariyəti, ermənilərin Türkiyə təhdi hökümranisində bulunduqları zaman Rusiya dövlətinin siyasi mənafeinə təvafüq ediyor. Ermənistan avtonomisi üçün Rusiya Çar hökuməti daima erməniləri Türkiyəyə qarşı üsyana sövq və beynəl düvəl konferanslar dəvətinə təşəbbüs ediyor. Lakin qısa bir zaman üçün olsun, ermənilərin Rusiya hökuməti tabeyətində bulunmalarından əndişə ediliyor və onların nə kibi müzurr bir ünsür olduqları “damarlarında dolaşan fitnəkar qanlar”dan seziliyor. “Ermənistan muxtariyəti keyfiyyətinin Rusiya dövlətinin daxili və xarici siyasətinə müzurr olduğu” elan olunuyor. Əlavə olaraq “ermənilərin vəziyəti coğrafiyələri ilə dini qruplara ayrıl-maları” da böyük Ermənistan təşkilinə müsaid degilmiş.

Əcəba ermənilər, Çarlıq Rusiyası tərəfindən aldadıqlarını şimdi olsun anladılarmı? Anladılarmı ki, bütün müzakirat həp “ümumi mahiyətdə” imiş. Onların “vəhşi və fitnəkar qanları” həqiqətdə fəqət rus köylüsünü isqan üçün istila olunan yeni vilayətlərin alınması uğrunda axıdılmalı imiş?!.

Mustafa Çoqay oğlu

Paris, 31 Kanuni-sani (yanvar) 1927

“Yeni Qafqasiya”, 18 mart 1927,  ¹11-12

Qeyd: Mustafa Çokay, tanınmış qazax ictimai, siyasi xadimi, publisist,  müstəqil Vahid Türküstan uğrunda mübarizənin ideoloqudur.  1890-cı il dekabrın 25-də   Türküstan  vilayəti,  Sırdərya çayı sahilindəki Auliye-Taranqıl   kəndində,  Qıpçaq-Boşay nəslinə mənsub kübar kazax ailəsində doğulmuşdur. Babası Xivə xanlığı Sırdərya əyalətinin hakimi, atası xalq işində geniş nüfuza malik  hakim olmuşdur. İlk təhsilini  Perovsk rus məktəbində, sonra  Daşkənd gimnaziyasında almış, Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1912-ci ildə Stalıpin aqrar islahatları ilə əlaqədar rus kəndlilərinin kütləvi surətdə Qazaxstana  köçürülməsinə etirazlar başlananda hakim işləyən M.Çokay öz həmvətənlərini dəstəkləmiş, Rusiya müsəlmanlarının siyasi hərəkatlarında fəal iştirak etmişdir. Rusiya imperiyası dağıldıqdan sonra Peterburqdan vətənə qayıtmış, Türküstan Milli Şurasının və Müvəqqəti Hökumətin Türküstan Komitəsinin rəhbəri olmuşdur. Bolşeviklər Türküstanda hakimiyyəti ələ keçirdikdən sonra M. Çokay silahdaşları ilə birlikdə 1917-ci ilin noyabrında keçmiş Kokand xanlığının paytaxtı Kokandda  Türküstanın Muxtariyyətini elan etmiş, hökumət başçısı seçilmiş, daha sonra  II Ümumqırğız qurultayının qərarı ilə  Orenburqda elan edilmiş “Alaş-Orda” muxtariyyətinin hökumətinə daxil olmuşdur. Türküstan muxtariyyəti cəmi 3 aydan sonra 1918-ci ilin fevralında  bolşevik - erməni daşnak qüvvələrinin vəhşi hücumlarına məruz qalaraq devrilmiş, qədim Kokand şəhəri tamamilə dağıdılmış və talan edilmişdir. Bu kütləvi qırğınlara yerli əhali güclü milli-azadlıq hərəkatı ilə cavab vermiş, Müstafa Çokay Sovet hakimiyyətinin “öz xalqının düşməni” elan etmişdir. Böyük çətinliklə ölkəsini tərk etdikdən sonra M.Çokay Başqırd, Ural, Sibir türk-müsəlman xalqlarının mübarizəsinə qoşulmuş, bu hərəkatlar yatırıldıqda isə 1919-cu ildə əvvəl Bakıya, daha sonra Tiflisə gəlmiş, Gürcüstan sovetləşdirilənə qədər burada yaşamışdır. Geniş siyasi əlaqələrə malik, keçmiş Rusiya İmperiyası xalqlarının bütün tanınmış xadimləri ilə sıx təmasda olan Mustafa Çokay Tiflisdə bir sıra yerli qəzetlərdə ən müxtəlif mövzularda, o cümlədən Azərbaycanın sovetləşməsinin ilk aylarında burada yaranmış real  vəziyyətlə bağlı məqalələr yazmış, Türküstan milli hərəkatının tarixini qələmə almışdır. 1921-ci ildə əvvəl Türkiyəyə,  daha sonra Parisə mühacirət etmişdir. Türküstan siyasi mühacirətinin rəhbərlərindən olan Mustafa Çokay Azərbaycan siyasi mühacirətinin görkəmli nümayəndələri M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, M.Vəkilov və digərləri ilə yaxından əməkdaşlıq etmiş, Azərbaycan mühacirətinin nəşr etdiyi qəzet və jurnallara məqalələr yazmış, Qafqaz, Ukrayna və Türküstan xalqlarının Milli Müdafiə təşkilatının orqanı “Prometey” jurnalının redaksiya heyətinə daxil olmuşdur. İstanbulda “Jana (yeni) Türküstan”, Berlində “ Yaş (gənc) Türküstan”   jurnallarının nəşr etdirmiş,  Paris, London, Varşava, İstanbulda və d. Avropa paytaxtlarında  müxtəlif dillərində analitik məruzələrlə çıxışlar etmişdir. 1941-ci ilin dekabrında Berlində ağır xəstəlikdən vəfat etmiş, özündən sonra zəngin yazılı irs qoymuşdur. 2012-2014-cü illərdə Alma-Atıda əsərlərinin 12 cildliyi nəşr olunmuşdur. 

HEKAYƏ: VƏTƏN QALDI...!

Mühacirətin ilk ayları idi. Mənfur istilanın müdhiş dalğası ilə Rəştə atılmışdım. Rəşt Gilanın mərkəzidir. Şəhərin ətrafını dolaşmaq məqsədilə arkadaşımla bərabər şəhər kənarına çıxmış, “Azərilər məzarını” ziyarətə getmişdik. Bu, istila hökuməti tərəfindən zorla İrana sövq edilən və burada aclıqdan, xəstəlikdən və bilxassə isitmədən ölən milli Azərbaycan nəfərlərinin bir topraq yığımından ibarət məzarıdır.

Sonbaharın son ayı idi. Buna rəğmən ortada bir bahar havası vardı. Cənub ilə Şimal-Şərqdə görünən Gilan dağları, qismən buludlardan aşağı, qismən buludlardan yuxarı olmaq üzərə rəngarəng pək gözəl bir mənzərə təşkil ediyordu.

Yaxındakı “Möhtəşəm bağı”nın ətrafı xalq ilə dolu idi. Biz “Fatihə” oxuduqdan sonra, bir qədər söyləməz olmuş, sükuta dalmışdıq. Kənardan baxanlara biz yolun kənarındakı gülləri, dağları seyr ediyor kibi görünə bilirdik. Halbuki biz, kəndi ələmimizdə, başqa ələmlərdə gəziyorduq...

Məzarlara baxdım. Yer ilə yeksan olmuş, qara topraqdan ibarət olan bu məzarların üzərində nə daş vardır, nə nişan. Bir qaç sənə sonra tamamilə tanınmayacaq bir hala gələcəkləri şübhəsiz bəlli idi. Bu məzarlar üzərində göz yaşı axıdılmamışdı. Burayı nə yaslı bir ana, nə də bir yavuqlu ziyarət etmişdi. Topraq üzərinə bir-iki damla yağmur töküldü... Arqadaşım qalxdı:

“Yağmur gəliyor. Çabuq gedəlim də bir tərəfdə saxlanalım”, - dedi. Qalxdım. Şimaldan qalxan qara, müdhiş bir bulud, Gilanın mavi və saf səmasını örtərək ətrafı tutqun, qorxulu bir rəngə bürüyərək gəliyordu.

- Bu nasıl yer canım, şimdi bahar idi, dedim. Arqadaşım yürüyərək:

Burası böylədir. Şimal yeli əsdimi yağmur hazırdır. Yağmur bitdikdən sonra da bahar başlar.

Yuxarıdakı bir qəhvəyə irdigimiz zaman müdhiş bir yağmura tutulduq. Başdan ayağa qədər islandıq. Qəhvəxanəyə girdik.

Ətrafı yonutulmamış, rənglənməmiş taxta yapıdan, siğara və afyon tüstüsündən qaralmış, qoxmuş qəhvəxanənin qaranlıq bir köşəsində birisi kirli bir yorğana bürünmüş yatıyordu. Bundan maəda bir qaç adam daha vardı. Kimisi çay, kimisi qəlyan (nargilə) içiyor, kimisi də afyon (tiryək) çəkiyordu. Qapının ağzında, bir tərəfə oturduq. Qəhvəçi bizə yaxınlaşaraq Gilanlılara məxsus yassı bir şivə ilə:

- Ərbab... Çay içərsən. Ya qəlyan istərsən!.. deyə sordu. Biz çay istədik, verdi fəqət məqsədimiz bir an əvvəl dışarı fırlamaq idi. Gözümüz dışarıda idi. Yağmur daha ziyadə şiddətlənmişdi. Arqadaşım mənə baxaraq:

- Keçər... Şimdi keçər... dedi. Buludun arxası boş idi.

Birdən qəhvənin qaranlıq bucağından ağlar, titrək, tutqun və qırıq bir səslə söylənən türkcə (Azəri türkcəsilə) bir şərqi eşitdim:

Qafqaslıyam... ayrılmışam elimdən

Qafqaslıyam ayy...rılmışam ilimdən...

Qorxum yoxdur vətən üçün ölümdən...

Səs susdu... Sonra yenə bir taqım qırıq, kəsik, rabitəsiz parçalar eşidilməyə başladı. Arqadaşım qəhvəçiyə döndü və Gilanca “bu kimdir?” mənasına gələn

İnke yu - deyə sordu. Qəhvəçi gəldi.

Qafqazi... mühacir... Marizdir burada... dedi.

Maraqlandıq. Artıq mən boğucu qaz yuvasından ibarət bulunan qəhvəxanədən çıxmaq istəmiyordum. Hətta dışarıda hava dəxi açılmaq üzərə idi. Yenə oturuyordum.

Onu görmək və qonuşmaq istərəm, dedim. Qəhvəçi yenə gələrək:

Əlan. əlan keçər... Qızdırmadır - dedi. Doğrudan da 10 dəqiqə sonra o Qafqaslı mühacir tərpəndi qalxdı:

Bəradər bir çay ver - dedi. Qəhvəçi ona yaxınlaşaraq nə isə söylədi.

Mühacir yerindən qalxdı bizə tərəf yönəldi.

- A Rəşid sənmisən deyə qucaqlaşdıq.

O saat tanıdım. Bu, məktəb arqadaşlarımdan biri idi. İyi tanıyordum. O da məni tanımış, həyəcanından gözləri yaşarmışdı. Əynində İran əskəri əlbisəsi vardı. Oturdu. Əhval sordum.

- İran ordusundayam, dedi. Ah, başıma çox fəlakətlər gəldi, deməklə bitirmək olmaz. Sən nasıl buralara gəldin?

Bir qaç kəlmə ilə anlatdım. O yenə sözünə davam etdi. Gəncə üsyanında olmuş, sonra bir növ ilə xilas olaraq Lənkərana gəlmiş, orada yaxalanmış Gilana sürmüşlər... Burada Kiçik Xan ordusuna fərar etmiş, nəhayət Kiçik Xanın məhvi üzərinə bir il İran zindanında qalmış. Şimdi də İran ordusunda “Naib” rütbəsində bulunuyor. Hekayəsini bitirdikdən sonra mənə döndü:

Şimdi söylə baxalım vətəndə nə var? Kimlər sağdır, kimlər ölmüş.

Ölən ölmüş, qalan qalmışdır, dedim.

- General Səlimov sağmıdır?

Öldürdülər.

Ah, qatillər!.. Pəki, general İbrahim Ağa?

Onu da.

Qaydabaşı?..

Onu da öldürdülər...

General Haşım Bəy nərədə?

Onu da qətl etdilər.

General Tilxas?

Onu da.

Süleyman Paşa?

Onu da, onu da...

Bir az susdu... Dərin nəfəs alıyordu...

Sonra yenə müraciət etdi.

Nəsib Bəy nərədə?

Bəlli degil...

Həsən Bəy, Fətəli Xan?..

Öldürmüşlər...

O qızdı:

Həp öldürmüşlər... Nə var öldürmüşlər... O halda kim qaldı!

Üzünə baxdım. Sitəmdən solmuş yanaqlarında gözyaşı vardı.

- Sağ qalan, dedim çoxdur.

Bütün rəisləri məhv etmişlər, bir kimsə qalmamış!

Xayır qalmışdır...

Kim?

Onları yetişdirən Millət... Milləti yaşadan Vətən!...

Şimdi həpimiz susuyorduq, həpimizi hıçqırıq boğuyordu. Artıq bir-birimizə baxmıyorduq. Hər kəs bir nöqtə bularaq oraya dalmışdı... Sonra Rəşidin tutqun səsi eşidildi.

Əvət, dedi, Vətən!... Yalnız Vətən qaldı!...

Dışarıda yenə günəş çıxmışdı. Bulud keçmiş, yağmur bitmiş, ətraf yenə aydınlanmış, bahara dönmüşdü... Biz çıxdıq. Rəşid hənuz düşünüyordu. Birdən birə Rəşid bila ixtiyar:

Əvət yalnız Vətən qaldı!... İstila bu bulud kibi müvəqqəti və keçigidir. Madam ki Vətən qalmışdır, istiqlal ümidi də qalmışdır!... - deyə mənə döndü.

Gözlərində həzin bir təbəssüm beliriyordu.

M. Mirzə Bala

“Yeni Qafqasiya”, 16 şubat (fevral) 1926, ¹8

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 20 mart.- S.20-21