Bir adam yol gedir...

 

Köhnə dostum İnqilab Həsənli axır vaxtlar mənə tez-tez zəng vururdu. Qəzetdə yazım çıxanda isə söhbətimiz bəzən yarım saat çəkirdi. Mənim yazımı müzakirə edəndən sonra keçirdik Rüstəm Kamalın yazılarına. Rüstəmin, demək olar ki, bütün yazılarını oxuyur, əvvəlcə fikrini mənimlə bölüşür, sonra da özünə zəng vururdu. Danışanda adını çəkmirdi, sadəcə, “professordeyirdi...

Son dəfə martın 1-də zəng vurdu. Axırda ərkyana təkid elədi: “Professorla səni bazar günü evimdə gözləyirəm, - dedi. - Gəlin, xudmani bir ədəbiyyat məclisi quraq”.

Görüşümüzü qarşılıqlı razılaşma əsasında bir həftə təxirə salmalı olduq. Şənbə günü Qubaya getməli idik - şair dostumuz Ramiz Qusarçaylının oğlunun toyuna. Qərara aldıq ki, növbəti bazar günü - martın 10-da görüşək. 

Növbəti bazar gününə qədərsə İnqilabın ömrü vəfa eləmədi. Marıtn 6-da Rüstəmlə onun evinə hüzr məclisinə getməli olduq...

İnqilab Həsənli mən tələbə olanda - 1970-ci illərin sonlarında mətbuatda şeir və hekayələri ilə müntəzəm çıxış edir, ədəbiyyatımızın gələcək vəd edən gənc nümayəndələrindən biri hesab olunurdu. Radioda (onda təkcə dövlət radiosu vardı) yeniyetmələr üçün populyar bir proqramın redaktoru idi. Həmin proqrama Kamil Vəli Nərimanoğlu, Natiq Səfərov, Dilsuz, Taleh Həmid, bir qədər sonra Nizami Cəfərov kimi imzaları cəlb etmişdi. Görünür, taleyin xoş bir yazısı idi, İnqilabın proqramının müəlliflərindən biri də mən oldum. Bu, mənim həyatımı dəyişən, qarşımda yeni yol açan bir hadisə idi: ixtisasım filologiya olsa da, bu günə qədər, necə deyərlər, jurnalistikanın çörəyini yeyirəm...

İnqilab Həsənli dünya dolanmasına görə  yazıb-pozmaqdan ayrı düşdü. Ancaq həmişə ədəbiyyatın içində oldu, ədəbiyyatla, sözlə yaşadı... 

Onun arxivindən götürüb təqdim etdiyim hekayə istedadlı bir qələm sahibinin yadigarıdır. Bu hekayə mənim mənsub olduğum nəslin yaddaşının bayram rənglərini canlandırır.      

İnqilab Həsənlinin hekayəsi ilə bərabər yaşının və yaradıclığının bahar havasını yaşayan istedadlı bir tələbəmin - BDU-nun filologiya fakültəsində fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin üzvü, əslən kəlbəcərli Cəmil Cəmilbəylinin yazılarını da təqdim etməyi özümə borc bildim. Düşünürəm ki, bizdən öndə gedənlərə ən böyük sədaqətimiz arxamızca gələnlərə yol açmaqdır. Məmməd İsmayılın çox sevdiyim bir şeirində deyildiyi kimi:

Bir nurlu sahil var hələ sabahda,

Qaranlıq sulara yol açar avar.

Bir adam yol gedər bizdən qabaqda,

Amma bir adam da bizdən sonra var...

 

Məti OSMANOĞLU

 

525-ci qəzet.- 2019.- 20 mart.- S.18.