Dünyanın qırmızı günü

 

 Hekayə

 

Dünyada qıpqırmızı bir gün varıydı və bu qıpqırmızı günün qızartısı özündən dörd çərşənbə qabaq gələrdi. Bu qıpqırmızı günün qızartısı gələrdi, qıpqırmızı yumurtalar boyanardı, qıpqırmızı tonqallar qalanardı və biz bu qıpqırmızı yumurtaları döyüşdürə-döyüşdürə bu qıpqırmızı tonqalların üstündən tullanıb, bu çərşənbədən o çərşənbəyə, o çərşənbədən o biri çərşənbəyə, axırda da həmin qıpqırmızı günün özünə düşərdik. Düşərdik və görərdik ki, dünya qıpqırmızı rəngə boyanıb: Güllü xalamın üzü gülür, Fəridə xalamın üzü gülür, anamın üzü gülür və hətta, Şirin babaynan Tamaşa nənənin də üzü gülür.

Şirin babaynan Tamaşa nənənin üzü gülməliydi, Şirin babaynan Tamaşa nənə bu günün gəlişinə, dünyanı qıpqırmızı rəngə boyamasına sevinməliydilər. Çünki Şirin babaynan Tamaşa nənə neçə-neçə belə qıpqırmızı gün görmüşdülər, qıpqırmızı yumurta boyamışdılar, qıpqırmızı tonqal qalamışdılar, ancaq tək bircə dəfə bu qıpqırmızı günün gəlişinə sevinmişdilər, bu sevincin şirinliyini dadmışdılar. Ancaq bu sevincdən bizim xəbərimiz yoxuydu. Biz bilmirdik Şirin babaynan Tamaşa nənə nə vaxt seviniblər və niyə elə cəmi bircə dəfə seviniblər, daha sevinməyiblər. Kəndimizdə çox adamın bu sevincdən xəbəri yoxuydu. Deyilənə görə, heç Şirin babaynan Tamaşa nənənin özlərinin də yadında qalmamışdı ki, nə vaxt seviniblər, dünyanı qıpqırmızı rəngə boyayan həmin qırmızı günü nə vaxt gülə-gülə qarşılayıblar.

Günlərin bir günü Şirin babaynan Tamaşa nənə yenə qıpqırmızı yumurta boyadılar, qıpqırmızı tonqal qaladılar və bu qıpqırmızı yumurtalar boyanan, tonqallar qalanan günün gəlişinə hamıdan çox sevindilər...

Mən uşağıydım, ağlım heç nə kəsmirdi və heç “kişi qırığı” da deyildim. Çünki mən kişi qırığı olsaydım və ağlım bir şey kəssəydi, xalam qızı məni özüylə bir heylə qızın içinə aparmazdı və bir heylə qız elə mənim yanımdaca mənim gözlərim görə-görə sabaha kimi çilə çıxartmazdılar, mis kasanı suynan doldurub içinə iynə salmazdılar, özlərinə “ər” axtarmazdılar...

Kəndimizdəki evlərin hamısında uşaq varıydı, dilbilməz varıydı və bizim kəndin qızları çox yaxşı bilirdilər ki, uşaq olan evdə, dilbilməz olan evdə sabaha kimi çıraq yandırmaq olmaz, deyib-gülmək olmaz. O evdə də ki, çıraq yandırmadın, deyib-gülmədin o evdə heç çilə də çıxartmaq olmaz.

Kəndimizdə təkcə Şirin babaynan Tamaşa nənənin evində uşaq yoxuydu, dilbilməz yoxuydu və təkcə bu evdə sabaha kimi çıraq yandırmaq, nə vaxtadək istəsən, deyib-gülmək olardı. Amma nədənsə bu ev qızların ağlına gəlmirdi. Bu evi qızların yadına mən saldım, qaça-qaça mən gedib: “Sizin evdə uşaq yoxdu, Şirin baba, sizin evdə dilbilməz yoxdu, qoyun qızlar gəlib sizin evdə çilə çıxartsınlar”, - dedim.

Mən bu sözləri sevinə-sevinə dedim, gülə-gülə dedim və mənim aləmimdə gərək bu sözləri eşidən kimi Şirin baba da sevinəydi, Tamaşa nənə də sevinəydi. Sevinəydilər ki, bu gecə çıraqları keçməyəcək, ocaqları sönməyəcək və sabaha kimi evlərindən işıq gələcək, səs gələcək. Ancaq yaxşı anışdıra bilmədim ki, mən bu sözləri deyəndə Şirin baba sevindimi, Tamaşa nənə sevindimi, bircə onu bildim ki, mən heç vaxt Şirin babanı o rəngdə görməmişdim, Tamaşa nənəni o rəngdə görməmişdim və heç elə bil: “Get... get qızlara denən gəlsinlər ... qurbandı bu ev-eşik onlara” deyən Tamaşa nənə deyildi, başqa bir adamıydı. Tamaşa nənə bu sözləri dedi və əyilib taxtın altından yekə bir torba çıxartdı, taxtın üstünə qoyub açdı, əllərini qoşalayıb tut qurusuynan doldurdu, məni yanına çağırıb: “Ciblərini aç”, - dedi. Mən ciblərimi açdım, Tamaşa nənə hər cibimə bir ovuc tut qurusu töküb astadan, lap astadan: “Get qızlara denən gəlsinlər, ağrın alım, tez gəlsinlər, qaş qaralmamış gəlsinlər”, - dedi.

Əgər Tamaşa nənə bu sözləri belə pıçıltıyla deməsəydi və ciblərimə tut qurusu doldurarkən əlləri titrəməsəydi, mən onun bu xəbərə sevindiyinə şübhə eləməzdim, lap rəngi ağarsa da, səsi öz səsinə oxşamasa da, deyərdim ki, Tamaşa nənə qızların bu gecə onlara gələcəyinə, sabaha kimi onlarda çilə çıxaracaqlarına, deyib-güləcəklərinə sevinir. Bu tut qurusunu da ona görə mənə verır ki, bu bir dünya sevinci onlara qızlardan qabaq mən gətirmişəm, onları mən yada salmışam. Ancaq Tamaşa nənənin əlləri titrəyirdi, səsi öz səsinə oxşamırdı və bəlkə də elə bu “özgələşmiş” səsini Şirin baba eşitməsin deyə beləcə astadan danışırdı, pıçıltıyla danışırdı.

Mən əllərimi tut qurusu dolu ciblərimin ağzına qoyub birbaşa Güllü xalamgilə qaçdım. Qızlar burda məni gözləyirdilər və gərək belə qaça-qaça gəldiyimdən biləydilər ki, “oğlan” gəlmişəm, Şirin babaynan Tamaşa nənədən icazə alıb gəlmişəm. Gərək qızlar bunu biləydilər və sevindiklərindən məni qucaqlarına alaydılar, top kimi atıb-tutaydılar. Bəlkə də belə bir istək qızların ürəyindən keçirdi və əgər xalam qızı olmasaydı, məni doğrudan da qucaqlarına alıb xalamgilin həyətində o baş-bu başa gəzdirərdilər, bəlkə lap öpərdilər də. Ancaq xalam qızı heç kimə aman vermədi və məni görən kimi “sıyırmaqılınc” olub düşdü üstümə:

- Səni görüm vurğun vursun, İldırım, səni görüm od aparsın! Sənnən başqa uşaq yoxuydu bu kənddə, əə, qızbibi, nə düşmüsən bu qızların arasına?!

Mən xalam qızının hirsdən, qəzəbdən yaşarmış gözlərinə baxdım, bu gözlərdə Şirin babanı gördüm, Tamaşa nənəni gördüm. Bir də Şirin babaynan Tamaşa nənənin evlərinə oxşayan bir ev gördüm. Amma bu evin qapısı yoxuydu, pəncərəsi yoxuydu, bu evdən nə işıq gəlirdi, nə də səs. Şirin babaynan Tamaşa nənə öz evlərinə oxşayan bu evə baxırdılar, səssiz-səssiz ağlayırdılar və mənə elə gəlirdi ki, onlar bu evin qapısız olduğuna ağlayırdılar, pəncərəsiz olduğuna ağlayırdılar, bu evdən işıq gəlmədiyi üçün, səs gəlmədiyi üçün ağlayırdılar.

Şirin babaynan Tamaşa nənə ağlayırdılar, ağladıqca da buz parçası kimi gilə-gilə əriyirdilər, damcı-damcı kiçilirdilər. Şirin babaynan Tamaşa nənə xalam qızının yaşarmış gözlərində gilə-gilə əridilər, damcı-damcı kiçildilər və o qədər əridilər, o qədər kiçildilər ki, axırda hərəsi bircə damcı, bircə gilə olub xalam qızının gözlərindən yanaqlarına düşdülər.

- Nətər dedin, əəə?! Dedin sizin evdə uşaq yoxdu, siz sonsuzsunuz, ona görə də qızlar istəyir...

Xalam qızı sözünün axırını deyə bilmədi, əlləri ilə üzünü tutub, hər il dünyanın qırmızı günü gələndə, dünya qıpqırmızı rəngə boyananda budağından yelləncək asdıqları armud ağacına söykəndi.

Xalam qızı əlləri ilə üzünü tutdu, gözlərini örtdü və daha mən o qapısız- pəncərəsiz evi görmədim, Şirin babaynan Tamaşa nənənin səssiz-səssiz ağladıqlarını görmədim. Bircə onu gördüm ki, məni xalam qızından xəlvət Şirin babagilə göndərən qızlar heykəl kimi hərəkətsiz dayanıb, xalam qızına baxırlar, mənə baxırlar.

Qızlar heykəl kimi dayanıb xalam qızına baxdılar, mənə baxdılar və birdən hərəkətə gəlib bizi dövrəyə aldılar: “Onun günahı yoxdu, Mərcan, - dedilər, - biz göndərmişik... biz ona demişik...”  

Xalam qızı əllərini üzündən götürdü, başını ağır-ağır qaldırıb, sanki ömründə ilk dəfə gördüyü yad adamlara baxdı...

***

O gün başqa günüydü, o gecə başqa gecəydi. Elə bil heç kəndimizə o qırmızılıqda gün gəlməmişdi, kəndimizdə o boyda, o rəngdə tonqal qalanmamışdı. Şirin babanın qaladığı tonqalın işığı, istisi qonşu kəndlərə də düşürdü. Qonşu kəndlərdən də bu işığa, bu istiyə sevinənlər varıydı. Bunu həmin kəndlərdə havaya atılan güllə səsləri deyirdi, bu səsə, bu hay-haraya qarışan it hürüşməsi deyirdi.

Biz Şirin babagilə Tamaşa nənənin dediyi kimi ertə, qaş qaralmamış gəldik. Elə gəlişimizlə də, çəpərdən içəri ayaq qoymağımızla da Şirin babanın ot tayasına od vurması bir oldu.

Qızlar bir-bir Şirin babaynan görüşüb, Tamaşa nənəynən öpüşüb “bayramınız mübarək” dedilər, qapının ağzına - tonqalın başına topalaşdılar. Mən isə həyətin girəcəyində, çəpərin ayağında dayanıb heyrətlə alovu göyün yeddinci qatına qalxan nəhəng tonqala baxırdım. Əlbəttə, mən ona təəccüb eləmirdim ki, Şirin baba il boyu qucaq-qucaq, şələ-şələ daşıyıb gətirdiyi ot tayasına indi birdən-birə od vurmuşdu, məni heyrətləndirən o idi ki, mən bir az əvvəl bu həyətə, bu qapıya gələndə bu taya evin arxasındaydı və mənim aləmimdə belə az vaxt içərisində onu evin qabağına daşımağa nəinki Şirin babanın, heç kəndimizdəki mənəm-mənəm deyən hər cavanın da gücü çatmazdı...

- Orda niyə durmusan, a kişi qırığı, yaxın gəl.

Şirin babanın səsini eşitdim, ancaq baxışlarımı alovlanan tayadan ayıra, yerimdən tərpənə bilmədim. Şirin baba özü mənə yaxınlaşdı və elə bil gözlərimdəki təəccübü, heyrəti aşıq-aydın oxudu;

- Hə, belə-belə işlər, a kişi qırığı, ocaq dediyin dost sözü kimi şeydi, gərək elə yerdə qalayasan işığı, istisi evin içinə düşə.

Şirin baba elə ağır, elə təmkinlə danışırdı ki, elə bil bu sözləri mənə yox, ozü kimi dünyagörmüş bir adama deyirdi.

Mən gözümü tonqaldan çəkdim. Şirin baba üzünü qızlara tutub:

- Günahdı, a bala, elə hərəkətsiz durmayın, əl-ələ tutuşun, halay gedin... Nə durmusan, ay arvad, yaxın gəl, yapış usaqların əlindən, dövrə vuraq bu ocağın başına, - dedi.

O gecə Şirin baba qaladığı tonqalın üstündən heç birimiz tullana bilmədik, “ağrımız-acımız bu tayda qalsın” demədik. Amma yüngülləşdik, əməlli-başlı yüngülləşdik. Şirin babanın gözlərinə baxdıq, Tamaşa nənənin gözlərinə baxdıq, bu gözlərdəki aydınlığı gördük, işığı gördük sevindik... tonqalın üstündən tullanmaq yadımıza da düşmədi.

 

İnqilab HƏSƏNLİ

 

525-ci qəzet.- 2019.- 20 mart.- S.18-19